“Tələbə-məzun
dövlət elektron məlumat sistemi” təqdim olunub
Dünən
Bakıda Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun
dövlət elektron məlumat sistemi”nin təqdimatı
keçirilib.
Təqdimat mərasimində
çıxış edən TQDK sədri Məleykə
Abbaszadə bildirib ki,
“Tələbə-məzun dövlət elektron
məlumat sistemi”nin
istifadəyə verilməsi təhsilin daha
səmərəli istifadə edilməsinə və dövlət
orqanları arasında informasiya mübadiləsinin
xeyli dərəcədə sürətləndirilməsinə
xidmət edəcək. Tələbə və məzunlar
haqqında məlumatlardan bir sıra
dövlət orqanları, o cümlədən
Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya, Maliyyə, Təhsil,
Müdafiə nazirlikləri və digər qurumlar
istifadə edəcək: “TQDK-nın
ünvanına hərbi komissarlıqlardan, şəhər və
rayon təhsil şöbələrindən
Azərbaycan vətəndaşlarının qəbul
imtahanlarında iştirak etmələri,
tələbələr sırasında olub-olmamaları
haqqında minlərlə sorğu daxil olur. Bu sorğuları cavablandırmaq vaxt itkisinə gətirib
çıxarırdı. Əsasnaməyə əsasən,
sistemə 12 dövlət qurumu
qoşulmalıdır. İlkin olaraq pilot layihə kimi sistemə Maliyyə Nazirliyi
qoşulub. Bütün
ali məktəblərin sistemə
qoşulması məcburidir”. Komissiya sədri bildirib ki,
Azərbaycanda dövlət qulluğuna qəbulla
bağlı imtahan vermək istəyən
664 nəfərin Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən keçirilən
test imtahanında iştirak
etmədiyi aşkarlanıb. Onun sözlərinə
görə, müxtəlif idarə və təşkilatlar,
nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında
ali məktəbi bitirdiyini
bildirən, lakin TQDK tərəfindən
keçirilən qəbul imtahanlarında iştirak
etməyən 734 nəfər müəyyən olunub. TQDK sədri vurğulayıb ki, 2005-ci ildən TQDK magistraturaya
qəbul imtahanı keçirir: “Magistraturaya sənəd verən şəxslərin
sənədləri araşdırılan zaman
sənəd verən 2917 nəfərin TQDK tərəfindən
bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali
məktəbə daxil olmadığı
aşkarlanıb”. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası Azərbaycanda saxta
diplomu olan şəxslərin
sayını açıqlayıb. M.Abbaszadə qeyd edib ki,
1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın qara bazasına düşsə də,
onların əlində diplom var. Hazırda ölkə prezidentinin
sərəncamı ilə TQDK tərəfindən
hazırlanmış ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndə 1992-2011-ci illər
ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var.
Onlardan 615 582 nəfər tələbə
adını qazanıb. M.Abbaszadə hesab edir ki, bu
ildən saxta diplomlarla
bağlı faktlar olmayacaq:
“Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom olanda
onların əmri bu bazaya daxil
olacaq”. Komissiya sədrinin dediyinə görə, TQDK Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil
alan Azərbaycan
vətəndaşları haqqında
məlumatları “Tələbə-məzun
dövlət elektron məlumat sistemi”nə daxil etməyi təklif edib. Xaricdə təhsil alaraq diplomları tanınmış Azərbaycan
vətəndaşları haqqında
TQDK-da məlumat yoxdur: “Diplomları tanınmış şəxslər
haqqında da məlumatları bu sistemə daxil etmək mümkündür.
Həmin
məlumatları daxil
etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər
haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini
bitirdikdən sonra diplomların tanınması
proseduru Təhsil Nazirliyi tərəfindən
aparılır. Bizdə bu
barədə məlumat
yoxdur”. M.Abbaszadə
deyib ki, öz maliyyə vəsaitləri hesabına
xarici ölkələrdə
ali təhsil
alan Azərbaycan vətəndaşları da
sonda diplomlarını
tanıtmaq üçün
Təhsil Nazirliyinə
müraciət edirlər.
Buna görə də həmin şəxslər barəsində
də məlumatlar Təhsil Nazirliyində toplanır.
Təhsil
nazirinin müavini Qulu Novruzov isə
qeyd edib ki, Azərbaycanın ali məktəblərində
elektron idarəetmənin
tətbiqinə başlanıb.
Bu, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin daha səmərəli istifadə edilməsinə
səbəb olacaq: “Dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış ”Tələbə-məzun
dövlət elektron məlumat sistemi”ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz
hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların
bu sistemdə yerləşdirilməsi məsələsi
birgə müzakirə
edilməlidir”.
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının
Məlumat bazalarının
aparılması və
elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov bildirib ki, Azərbaycanda
növbəti tədris
ilindən təhsil müəssisələri akademik
müvəffəqiyyətlər haqqında məlumatları
da ”Tələbə-məzun
dövlət elektron məlumat sistemi”nə daxil edəcəklər. Onun sözlərinə əsasən,
təhsil müəssisələri
tərəfindən xarici
ölkələrə köçürülmüş
tələbələr, təkrar
təhsil almış
şəxslər haqqında
məlumatların bu sistemə daxil olunması məqsədəuyğundur.
Sistemdə sorğuların aparılması
üçün axtarış
sistemi də nəzərdə tutulub.
Sistemdə hər hansı
tələbənin anketini
almaq imkanı yaradılıb. Bu da həmin tələbə
haqqında tam məlumat
almağa şərait
yaradacaq.
Qeyd edək ki, TQDK ölkə prezidentinin sərəncamı ilə
hazırlanmış “Tələbə-məzun
dövlət elektron məlumat sistemi”nin
təqdimatını keçirib.
Sistemdə 1992-2011-ci illər
ərzində ali məktəblərə
imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 29 mart.- S.2.