Yarımçıq
Dayılarımın ən balacası Şəmildir.
Vallah düz sözümdü, Şəmil mənim balaca
dayımdır. Deyirlər ki, igid oğul dayısına
oxşayar, bilirəm ki, mən igid oğulam, amma ona heç
oxşamıram.
Nə uşaqlıqda, nə də böyüyəndən
sonra heç vaxt oxşamadım ona...
Onunla aramızda cəmi üçcə
yaş fərq var. Babamla nənəmin son birgə
yaradıcılıq məhsuludur o. Şəmil Allahın bəlasıdır,
amma nənəm onu çox istəyir. Şəmil
doğulandan bir il sonra babamı maşıb vurub və Şəmilə
dərman almağa gedən kişi evə tabutda
qayıdası olub... Amma nənəm Şəmili yenə
çox istəyir.
Dayılarım arabir Şəmilin
qulağının dibini qızdırırlar, çünki bəzən
hamının içində elə tərbiyəsizlik eliyir
ki, qulaq qızdırmaq o hərəkətə görə
mükafat kimi bir şey olur. Şəmil də
gözünün suyunu burnunun suyuna qarışdıra-qarışdıra
ağlasa da, dayılarımı nənəmlə
qorxutsa da, nənəmə heç nə demir. Şəmilin
bu xasiyyəti, yəni xəbərçilik etməməsi mənim
xoşuma gəlir. Çünki dayılarımdan
hansınınsa arvadlarının yanında təhqir
olunmalarını istəmirəm. Nənəmsə qəhrəmandır,
əlindən hər şey gəlir. Onunçün kimi kimin
yanında danlamağın qətiyyən fərqi yoxdur.
Dayılarım yaşca böyükdür, amma
nənəmdən it kimi qorxurlar. Nənəm qəhrəmandır
axı... Filan qədər orden-medalı var. Amma mən nənəmdən
qorxmuram, çünki evin tək oğluyam, nənəm məni
də Şəmil kimi çox istəyir.
Ortancıl
dayımla Şəmilin arasında on bir il
fərq var. Arada nənəmin bir-iki uşağı da olub,
amma böyüməyə ərindikləri üçün
ölüblər. Bunu Şəmil deyir. Deyir ki, bilsəydim mən də uşaqlıqda
ölərdim, böyüməyə həvəsim yoxdur, indi
də ölmək istəmirəm.
Amma
Şəmil yaşayır. Və nənəm də hələ
ki, onu çox istəyir.
Böyük
dayımın arvadı urusdu. Siz biməzsiz rusla urusun fərqini.
Dayım
əsgərlikdən gələndə, Saratovdan vurub
qoltuğuna gətirib onu. Adı Anyadır. Amma nənəmdən
və məndən başqa hamı ona nədənsə Ənyə
deyir. Nənəmsə ona müsəlman adı qoyub –
Ayna! Mənsə onu öz adıyla çağırıram-
Anya!
Uzun
müddət hamımız elə bilirdik ki, nənəm gəlininə
doğrudan da müsəlman adı qoyub. Amma mən böyüyəndən, nənəminsə
qəhrəmanlığından bir şey qalmayandan sonra
başa düşdüm ki, arvadın dili yatmırmış
Anya deməyə, ona görə də “N” hərfiylə “Y” hərfinin
yerini dəyişib deyirmiş.
Bir
gün Şəmil neyləmişdisə Anyanın
qışqırığı həyəti başına
almışdı. Gəlin başqa heç nə demirdi, bircə “da on
nedonoşennıy”- deyib çığırırdı.
Dayım nə qədər elədisə Anya
Şəmilin nə etdiyini heç kəsə demədi.
Mən Anyanın “ne donoşennıy”
sözünü anlamasam da, nəsə yaxşı söz
olmadığını başa düşmüşdüm.
Şəmilsə elə bilirdi ki, Anya ona
yaxşı söz deyir. Sonradan, Şəmil əsgərlikdən
gəlib onu özüylə birlikdə Saratova aparana qədər
Anya ona elə nedanoşennıy dedi və hamı da bu sözə
alışdı.
Hə,
Şəmil neyləmişdi? Yəqin o gün mənə
rahatlıq verməyən maraq sizi də narahat edir indi.
Qoyun deyim... Amma siz heç kəsə deməyin,
çünki Anya daha Şəmilin xətrini çox istəyir.
Hə... Anya hamamda çimərkən Şəmil
ayağının altına nərdivan qoyub ona
baxmışdı, Anya da bunu ancaq çimib qurtaranda,
paltarlarını geyinəndə görmüşdü.
Mən bunu lap sonralar eşitdim. Anya qocalanda, danışdı bunları mənə.
Bir gün Şəmilin həyətdəki taxtının
üstündə oturub rus ləhcəsiylə
danışa-danışa dedi ki:
– Şəmil
yaxşı oğlan idi.
Uşaqlıqda nə qədər dəcəl, nə qədər
tərbiyəsiz idisə, böyüyəndən sonra tamam dəyişmişdi,-dedi.
Sonra da Anya gözlərini alça
ağacının çiçəklərinə zilləyib
bir qədər fikrə getmişdi, yadına nəsə
salıb gülmüşdü, o güləndə mən hiss
etmişdim ki, Anya qocalıb. Çünki
bir vaxtlar hamımız Anyaya vurulmuşduq. Ondan qəribə, əvəzsiz bir ətir iyi gəlirdi.
Mən arada xəlvətə salıb bir-iki dəfə
onun bənövşə rəngli donunu iyləmişdim.
Bizim qadınların heç birindən elə
iy gəlmirdi. Hətta anamdan da çox
vaxt yağ-soğan iyi gəlirdi və bəzən mən istəyirdim
ki, mənim anamdan da Anyanın ətri gəlsin.
Düz
sözümdü vallah, Anya qocalmışdı. Mırıq dişləri,
sallanan yanaqları, qırışmış dərisi onun
qocalığını adamın gözünə soxurdu.
Sonra
Anya qəfildən hönkürməyə başladı. Əli ilə Şəmilin
taxtını oxşaya-oxşaya ağladı. Mən
hiss edirdim ki, Anya darıxdığından ağlayır. Təkliyindən ağlayır.
– Şəmil
yaxşı oğlan idi. Otuz
bir il dayınla yaşadıq, bir dəfə
də ağlından keçmədi ki, mən qəribəm,
mənim də vətənim var... anam var,
atam var... Amma Şəmil əsgərlikdən gələn
kimi məni də götürüb zornan Saratova apardı.
Anamın səksən yaşı vardı,
atamsa ölmüşdü. Arvad məni tanmadı ki... –
Anya susub üzümə baxdı:
– Çox dəyişmişəm?- deyib, elə soruşdu ki, mən sadəcə
yalandan:
– Yox,- dedim,- mən səni necə
görmüşəmsə elə də qalmısan.
– Yalan deyirsən,
– dedi Anya, mənsə gözlərimi döyüb:
– Niyə elə
fikirləşirsən?- soruşdum. O da:
–
Çünki yalan danışa bilmirsən,-
cavab verdi.- O dəqiqə qızarırsan. Uşaqlıqda da
eləydin...
Sonra
Anya Şəmilin o çiməndə hamamın balaca pəncərəsinə
dırmaşıb ona baxdığını
danışdı. Amma
daha əsəbləşmədən,çığırmadan
danışdı. Hiss edirdim ki, o anları xatırlayıb ləzzət
alır:
–Yaxşı
günlər idi, vallah,- Anya dedi,- hamı
bir-biriynən qaynayıb-qarışırdı. İndiki kimi olsaydı, mən bir gün burda qala biləzdim.
Hamı başıma and içirdi.
–
Yadımdadı...- mən dedim.
– Sən onda
balacaydın.
– Amma hər
şey yadımdadı.
Anya
fikrə gedib susdu. Sonra mənə
baxıb:
– Şəmil
mənə baxmağını sizə danışmışdı
o vaxt? – maraqla xəbər aldı.
– Yox,- dedim,- amma o gündən sonra hər gün dəniz
sahilində qumdan qadın düzəldirdi, sonra özü də
uzanırdı onun üstünə.
– Şəmil
mənə vurulmuşdu,- Anya nəsə
bir dövlət sirri açırmış kimi
pıçıltıyla danışdı.- Saratova gedəndə
yol boyu mənim cavanlığımdan danışdı. Mən
onda hiss elədim ki, mənə vurulubmuş. Amma
Şəmil sənin dayılarıvın arasında ən
yaxşısıydı. Nənən ərköyün
böyütmüşdü onu. Yoxsa onun
kimi oğlan yox idi ki, bu kənddə.
Dayım
öləndən sonra Anya tamam tək qalmışdı. Övladları
olmadığından, dayım başqa arvad alıb rayon mərkəzində
yaşamışdı. O arvaddan bir oğlu bir
qızı vardı dayımın. Amma dayım
Anyanı sevdiyi kimi heç kəsi sevmirdi. Bunu hər kəs bilirdi.
Anyaya mən
baxırdım... Baxırdım deyəndə
ki, anamın vəsiyyətini yerinə yetirirdim, arvad öləndə
mənə tapşırmışdı onu. Ona görə mən də məcbur idim ki,
bayramdan-bayrama da olsa ona baş çəkəm.
– Nə
deyirdin Şəmilə?- Anyadan xəbər
aldım.
– Nə
deyirdim ki?-gözlərini döyə-döyə mənə
baxdı.
– Ad
qoymamışdın ona, nə deyirdin hamam söhbətindən
sonra Şəmilə?
Anya
çiyinlərini çəkdi:
– Bilmirm.
Yadımda deyil...
– Ne
donoşennıy demirdin ona?
– Hə...
–Anya uğunub getdi özündən.- Onu
deyirsən?
– Düz
deyirdin... Yəni sənin dediyin oldu.
Basdıranda mən qoydum onu qəbirə... Yarısı yox
idi... Nedanoşennıy idi...
lll
Gecə
saat üçdə telefon zəng vuranda anamın tir-tir əsdiyini
gördüm. Arvad mənə
baxa-baxa:
–
Götürmə,- dedi, – yuxumu
qarışdırmışam, yaxşı xəbər
olmayacaq.
Telefonsa
susmurdu ki...
– Eşidirəm...
Kimsə
ağlayırdı xəttin ö üzündə.
Anamın
xatirinə dəstəyi yerinə qoyub telefonu xətdədn
ayırmaq keçdi beynimdən, elə bil mənimlə
danışmaq istəyən adam bunu hiss
etdi və tez də danışmağa başladı:
– Şəmil
minaya düşdü. Allah rəhmət
eləsin... – Sonra ani bir pauza oldu xətdə, sonra adam yenə danışdı. – Sabah səhər
saat doqquzun yarısında Zabrat aeroportunda olun,
qarşılayın... Çoxlu yaralı, şəhid var...
Getdi uşaqlar, getdi...
Adamın
göz yaşları telefonun dəstəyindən üzümə
sıçradı sanki.Yoxsa mənim gözümdə yaş
nə gəzirdi... Mən ağlaya bilmirəm ki...
Dəstəyi
sinəmə sıxıb anama baxırdım. O heykələ dönmüşdü. Məndən heç nə soruşmurdu. Gözləri də yaşarmamışdı, amma
içindən ağladığını dəqiq bilirdim.
Çünki onun mənim yanımda ağlamağını
bu vaxta qədər görməmişdim... Və görmədim
də...
Yaxşı
yadımdadır... 1991-ci ilin 20 Yanvar səhəriydi. Metro pulsuz... Çayxanalarda ehsanlar... Bakı hüznlü və dolmuş. Bakı da anama oxşayırdı o gün.
İçindən ağladığını hiss edirdim onun
da.
Zabrat
aeroportunda adam əlindən tərpənmək
olmurdu. Helikopter altı saat gec gəldi və bu
altı saatda Allah bilir burda olanlar hərəyə neçə
dəfə ölüb dirildilər.
Helikopterdən
qan iyi gəlirdi...
Şəhidlərin
içində Şəmil yox idi.
Helikopterlə
gələn zabitlərdən biri dilucu dedi ki, axşama
yaxın bir helikopter də gələcək, yəqin Şəmili
onunla gətirəcəklər.
Şəmil
o axşam da gəlmədi. Anamdan qaçırdım.
Altı gün idi ki, evə gecədən xeyli
sonra gəlirdim. Gecələrin birində anam mənə:
–
Qardaşımın meyidini qurda-quşa yem elətdirmə,- dedi. Cavab verməsəm də,
qərara aldım ki, səhər açılan kimi cəbhə
bölgəsinə yollanım.
Yuxudan
telefonun səsinə oyandım. Anam evdə yox idi. Dəstəyi
qaldırıb yuxulu və kal səsimlə:
– Eşidirəm,
–dedim.
Tanımadığım
səs:
– Şəmil
Abdullayev adlı qohumunuz var?- soruşdu.
– Var,- dedim və altı gün əvvəl
eşitdiyim xəbərdən necə ölüb
dirilmişdimsə, bir də eynən eləcə ölüb
dirildim.
– Ayna
Sultanovadakı hospitalda, cərrahiyyə şöbəsindədir. Ailəsinə xəbər
verin.
Nə
baş verdiyini yenə anlamadım. Amma telefon susurdu.
Tələsik
üz-gözümə su vurub hospitala yollandım. Cərrahiyyə şöbəsindəki
56-cı palatadaydı Şəmil... amma yarısı yox idi.
Bilmirdim
sevinəm, yoxsa kədərlənəm. Onun başının
üstünü alıb uşaqlıq illərinin xoş
anlarını xatırladım. Xalamgilin
iti məni dişləyəndə Şəmil məni
çiyninə alıb tibb məntəqəsinə qədər
qaça-qaça aparmışdı. Amma
məni tibb məntəqəsinə qədər aparan o ayaqlar
daha yox idi. Şəmil balaca uşaq
boydaydı. Mənim yaddaşımda qalan
xatirələrdəki Şəmil boyda.
Əsgərlikdən
gələndən sonra nənəm Şəmili polisə
işə düzəltmişdi. Müharibəyə də
polisdən getdi Şəmil, sonra qayıtmaq istəmədi.
Nənəm nə qədər elədisə,
istəmədi.
–
Uşaqlardan ayıbdır,- dedi,- onnar orda
vuruşsunnar, mən evdə yorğan altda necə gizlənim?
Sonradan Şəmil
bir dəfə üç günlük məzuniyyətə gələndə
mənə dedi ki:
–Qaqaş (mənə
elə deyərdi), orda hamı bir-birinə görə
qalıb vuruşur... Bir-birimizə görə
olmasaydı, heç kəs evini-eşiyini atıb getməzdi
oralara.
Səkkiz
ay əvvəl yaralananda Gəncədəki hospitala baş
çəkməyə getmişdim yanına. Vəziyyəti
yaxşıydı. Deyib-gülürdü.
Sonra adama bir siqaret “öldürmək” üçün dəhlizə
çıxanda yenə əlini çiynimə qoyub:
–Yadıva gəlir,- dedi,- sənə deyirdim ki, orda hamı
bir-birinə görə qalıb vuruşur, yadındadı?
Mən
başımı tərpədib xatırladığımı
bildirdim. O da siqareti
bir dəfəyə çəkib kötüyünü
atandan sonra dedi ki:
–Bax elə Vətən
odu da... Bir-birimiz bütövlükdə vətənik.
Demək
istədiyi cümləni axıra qədər qura bilməsə
də mən onun nə demək istədiyini yaxşı
başa düşürdüm.
Vətən
yarımçıq gəlmişdi üstümüzə ...
Anyanın dediyi kimi nedonoşennıy gəlmişdi.
Şəmil
hospiltaldan çıxanda gördüm ki, onu bizdən də
çox istəyən cəbhə dostları, səngər
yoldaşları var. Çoxunun da ayağı axsaq, qolu yox...
Amma
Şəmil yarımçıq çox yaşaya bilmədi. Cəbhədən, vətəndən
yarımçıq qayıdandan sonra həyətdəki
alça ağacının altında özünə taxt
düzəltdirib onun üstündə oturdu, onun üstündəcə
yatdı... O vaxtlar çoxlu kitab oxuyurdu... Kitabların
çoxunu da ona mən alıb göndərirdim. Televizora qətiyyən baxmıdı. Deyirdi ki, hər şeyi yalan danışırlar
orada. Arabir də Anyaynan
zarafatlaşırdı.
Dayım,
yəni Anyanın əri bir gün səhər yuxudan duranda
Şəmili taxtdan yıxılmış
görmüşdü.
Şəmil
dözə bilmədi yarımçıq yaşamağa...
Ürəyiynən danışa-danışa bir müddət
zülüm elədi ona və bir gün də o ürək bu
qədər zülmə dözə bilməyib bezdi Şəmildən...
lll
– Anya, Şəmil
yarımçıq getdi bu dünyadan... Sən necə
demişdinsə elə də oldu... Sənin
ağzın fal imiş.
Bu
sözləri çoxdan demək istəyirdin Anyaya, anamın
xatirəsi olmasaydı onu döyərdim də, bir vaxtlar Şəmilə
elə dediyinə görə. Mənim sözüm tutdu onu,
üzünü əlləri ilə örtüb
ağladı, sonra da üzümə baxıb az
qala yalvararaq dedi ki:
– Məni
onun yanında basdırarsan, nə olar!
2011-ci il
Əyyub QİYAS
525-ci qəzet.- 2012.- 31 mart.- S.30.