Ağsuda Aşıq Şakir
Günü
USTAD AŞIĞIN 90 İLLİK
YUBİLEYİ GENİŞ MƏRASİMLƏ QEYD OLUNUB
AMEA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin Aran Regional şöbəsi növbəti dəfə
saz-söz həvəskarlarını Ağsu rayonunda bir araya
topladı. Soyuq, çiskinli hava, dumana qərq olmuş
Ağsu dolayları qonaqların vaxtında məkana
çatmağına əməlli-başlı mane oldu.
Qonaqların gecikməsi tədbir təşkilatçılarını
narahat edirdi. Ancaq dörd saat davam edən tədbirin sonunda bir
nəfərin belə zalı tərk etməməsi
narahatçılığın əsassız olduğunu,
ağsuluların saza, sözə, sənətə məhəbbətini,
rayonlarına təşrif buyurmuş qonaqlarına nə qədər
hörmətlə yanaşdıqlarını bir daha sübut
etdi.
Nəhayət,
təyin olunmuş vaxtdan bir az gec qonaqlar və tədbir
iştirakçıları Uşaq Bədii
Yaradıcılıq Mərkəzində, Aşıq Şakir
Otağında yığışdılar. Otaqda
Aşığın sazı, geyimi sərgilənir, ifa etdiyi
mahnılardan parçalar səsləndirilirdi. Sonra tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin
abidəsi önünə çiçək dəstələri
qoyub, tədbirin keçiriləcəyi məkana- Ağsu
şəhər mədəniyyət sarayına üz tutdular.
Beləliklə, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi və
Ağsu rayon icra hakimiyyətinin təşəbbüsü ilə
əməkdar mədəniyyət işçisi, aşıq
sənətinin görkəmli nümayəndəsi
Aşıq Şakir Hacıyevin 90 illik yubileyinə həsr
olunmuş tədbir açıq elan edildi. İlk sözü
tədbirin aparıcısı AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor
Rafael Hüseynov dedi. Qonaqları salamlayaraq bu günün nə
qədər əlamətdar olduğundan danışdı,
sonra sözü Ağsu rayon icra hakimiyyətinin
başçısı Ənvər Seyidəliyevə verdi. Ənvər
Seyidəliyev Aşıq Şakirin həyat və
yaradıcılığı haqda ətraflı
danışdı, qonaqlara xoş arzularını bildrib
çıxışını yekunlaşdırdı.
Sonra Milli Məclisin deputatı Ərəstun Cavadov, akademik, əməkdar elm xadimi Vasim Məmmədəliyev, professor Nizaməddin Şəmsizadə, AMEA folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli çıxış etdilər. Çıxışçılar arasında daha çox yadımda qalan Nizaməddin Şəmsizadə oldu. Şirvan aşıq məktəbini çox sevdiyini qeyd edən professor bir xeyli sürən çıxışında tədbirlə bağlı, aşıq sənəti barədə ikinci bir söz demədi. Əvəzində çıxışını “Qubada hansı qapını döysən, qabağına bir “dövlət” çıxar” – sözlərilə və bizi Qubaya dəvət etməklə bitirdi. Rafael Hüseynov: “Bu çıxışdan sonra mən ancaq Aşıq Əlini səhnəyə dəvət edə bilərəm” – deyib, boylu-buxunlu Əlini səhnəyə dəvət etməsi məclis iştirakçılarının marağına səbəb oldu. Tədbirin bədii hissəsi məclisin ab-havasını tamamən dəyişdi. Xalq artisti Mələkxanım Əyyubova, Xanəndə Mirələm Mirələmov, Nigar Şabanova, Aşıq Yanvar Bədəlov, Aşıq Ağamurad Mərzəngəli, Aşıq Əhliman Şirvanlı, Aşıq Əli Tapdıqoğlu, Aşıq Məhəmməd Şirvanlı bir-birinin ardınca gözəl çıxışlar etdilər. Sonda Aşıq Şakirin oğlu Ağaməhəmməd Hacıyev və nəvəsi Aşıq Babək Şakirli məclis təşkilatçılarına – AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direkoru Rafael Hüseynova, Aran Regional şöbəsinin müdiri Yaqut Bahadurqızıya, Ağsu rayon icra hakimiyyətinə təşəkkürlərini bildirdilər.
Məclis Aşıq Şakirin
ifasında səsləndirilən “Şirvan şikəstəsi”
ilə sona çatdı.
Nərmin HÜSEYNZADƏ
525-ci qəzet.- 2012.- 31 mart.- S.25.