Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

 

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR

 

Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...

...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Allahsız Mirzə Fətəlinin ədəbi əsərlərində onlarca Allahlı insan olması, təsadüf sayılmaz. Müsəlman qadınlar da, erməni cütçülər də, fransız təbiətşünas – Müsyö Jordan da Allahlı, saf insanlardır. Mirzə Fətəlinin yaradıcılıq dühası bu insanları necə varsa, elə verməyə yönəlmişdir.

Bu anlamda da Mirzə Fətəlidə iki başlanğıc var: biri, əslində birincisi ilahi başlanğıcdır. Bu başlanğıc onun ədəbi əsərlərində təcəlli tapmışdır. İstərsən ona realizm de, istərsən tənqidi realizm de, istərsən də heç bir şey demə. Bu ədəbi əsərlər modern Azərbaycan ədəbiyyatının təməlidir. İkincisi, Avropavari fəlsəfi ictimai-siyasi arayışlardır, mühakimə və qənaətlərdir ki, bunlar... Mirzə Fətəlinin sosial fəlsəfəsidir ki, onlardan qəbul etdiklərimiz (totalitar, avtoritar idarəçiliyə qarşı qəti mövqe, çoxdüşüncəlilik, plyuralizm, sağlam maarifçilik, cəhalətə, mövhumata qarşı barışmazlıq, inqilabi qətiyyət, reformist baxış və s.) də qəbul etmədiklərimiz (islam dininə, ümumən dinə qarşı önyarqı və düşmənçilik, ədəbiyyat tarixinə subyektiv və yanlış baxış, bidətçilik (apokrifçilik), ifrat Batı heyranlığına yol açacaq fikir toxumları və s.) də var. Məncə, bu baxışlar sistemi arayış, axtarış kimi dəyərləndirilə bilər ki, onlar ilahi deyil, dünyəvi, yerə, günə bağlıdır və bir xeyli dartışma mövzularıdır.

Erkək toxumu başqa-başqa millətlərin zərif cinsinin bətninə can atar, qadın bətni isə öz millətinin toxumunu sevməyə və seçməyə üstünlük verər. İstisnaları olsa belə bu qanunauyğunluq təbii canatma, təhtəlşüurla deyil, adət-ənənə ilə, dini dünyagörüşlə tənzim olunur. Belə olmasaydı Sovetlərdə yaşayan biz türklər rusların uyqurlarçün mədəsində çoxdan əriyib getmişdi. Ana bətnə ocağı tərcih edirsə, Ata toxumu daha uzaq yurdların, ellərin qadınlarının bətninə cumar. Qan qanı çəkdikcə, qan qana qarışdıqca, gizli güzlər ortaya çıxmış olur. Bətn çəkər, toxum atılar. İmperiya qanunlarından biri də budur. Bu bioloji amil sosial dəngələri də idarə edər. Biososial güc toplumu zəlzələ kimi yerindən oynadar, imperiyaları böyütdükcə böyüdər, kiçiltdikcə kiçildər. Və imperiyalar da uşaqlar kimidir. Doğular, böyüyər və ölüb gedər.

Mirzə Fətəli bu biososial qanunauyğunluqları bilirdi.

O, iqtisad qanunlarını da oxumuş, cəmiyyət həyatında iqtisadi qanunların rolunu dərindən öyrənmiş və yaradıcı şəkildə dərk etmişdi.

Üstqurumun bazisə təsir yollarını və əhəmiyyətini gözəl bilir, ideoloji, humanitar elmlərə, gözəl sənətə dərindən bələd idi.

Texnikanın, texnolojinin, dəqiq elmlərin xoşbəxt gələcək üçün açdığı imkanları hərtərəfli anlayırdı.

Bu universal təfəkkürün kökləri Qərb-Şərq sintezinə də nəşət tapmışdı. Bu sintezdə Aristoteldən, Platondan üzü bəri, İbn Sina, Fərabi, İbn Xəldun, Rumi də var idi. İspinoza, Kant, Hegel Volter, Didro, Montəskyö, Tard, Dürkhaym, Molyer, Puşkin kimi....

...Söz uçar yazı qalar,- deyib müdriklər. Mirzə Fətəli sələfləri ilə xələfləri arasında elə bir canlı körpü idi ki, o körpü olmasa Şərqin dünyagörüş bütünlüyü təsəvvür olunmazdı.

Əslində Qərb və rus ictimai-siyasi elmi-fəlsəfi, ədəbi-estetik fikir sistemi Axundzadəyə yer ayırmadıqça, o tarix həmişə yarımçıq qalacaq.

Təəssüf avropasentrizm, xristian klubçuluğu, Avropaya xas eqoizm və özünə vurğunluq, müsəlman dünyasına ikinci sinif insan müamiləsi, Mirzə Fətəlidən bugünə heç nəyi dəyişmədi ki, dəyişmədi. Nə demokratiya, nə insan haqları, nə Avropa Birliyi Şərqi sömürü və ekzotika dünyası hüdudlarını söküb dağıda bilmədi. Bu da üzümü Mirzə Fətəlinin ruhuna tutub söylədiyim bir həqiqətdir. Dünən də, bugün də, sabah da...

...İnsan bəzən işığı dışarıda, yaxın və uzaq ətrafda arayır. Mən işığın insanın öz içində olduğuna inananlardanam. Yenə məncə, Mirzə Fətəli buna inanmayanlardandır. Ancaq bu, sadəcə inanmaq kimi yorumlana bilməz.

Çünki Mirzə Fətəli inanmaya-inanmaya o işığı tapanlardandır. Mənim kimi inananlarsa hələ böyük bir şey tapmayıb. Bu da bir qəribə paradoksdur. Bunu da diqqətə alın ki, mən dahilər plyedasından deyiləm.

Allahın verdiyi və insanın özünün qazandıqları nə qədər nisbi olsa da müqayisə etmək olar. Mirzə Fətəliyə Allah yaratma vergisi vermiş, Mirzə Fətəli bu vergini zəhməti, bədahəti ilə cilalamışdır. Universal təfəkkür və çoxyönlü fəaliyyət hər kəsə müyəssər olmur. Mirzə Fətəlinin əlyazmalarına baxsanız, ədəbi, elmi, publisistik əsərləri üzərindəki işini incələsəniz, məktublarını diqqətlə oxusanız, bir ucu Tiflis, Bakı, o biri ucu İstanbul, Peterburq, Tehran... olan fəaliyyət sahəsini diqqətlə öyrənsəniz heyrətə gələrsiniz. İnsanın nə qədər böyük enerjisi, iradəsi, əzmi olarmış...

Bir şeyi də demək məcburiyyətindəyəm.

İslamı heçləşdirmək, təsirsiz hala gətirmək siyasəti Qərbin və rus rejiminin əsas strateji məqsədlərindəndir. Bunun birbaşa zorbalıqla edilməsi məqsədəuyğun sayılmamışdır. Batı və rus missionerləri ilə bərabər müsəlman olan yerli seçilmişlərdən də gərəyincə istifadə edirdi. İlminskinin, Radlovun (böyük alim olduqlarını inkar etmirik – K.V.) və b. Elm adamlarının raportlarında bu, açıq-aydın şəkildə öz əksini tapıb.

Xalqının taleyini Rusiya və ya Qərbə bağlamış ziyalılar bu xidməti səmimiyyətlə etmişlər. Mirzə Fətəlini də müəyyən mənada bu sıraya daxil etmək olar. Mirzə Fətəlinin manevr siyasətini də görməzlikdən gələ bilmərik. Burada yuxarıdan seçimlə xalqına xidmət üst-üstə düşür. Əlifba və islam dini “Parçala, hökm sür” siyasətinin sərbəst keçə biləcəyi körpü olduğu üçün missioner fəaliyyət də o istiqamətə yönəldilmişdir. Mirzə Fətəlinin maarifçilik idealı ilə üst-üstə düşən missioner fəaliyyətini bir-birindən ayırmaq çətindir və bəlkə də imkansızdır.

Həqiqətə yaxın olan yalan ən dəhşətli yalandır. İslam dini ilə cəhalətin eyniləşdirilən təşəbbüsləri bu yalanı dəhşətli edən əsas faktorlardan biri idi.

Qərbin və rusların terror deyə damğaladığı islami dirəniş zülm, sömürüyə qarşı mücadilənin yollarından biridir. Zülmün zülm, zorbalığın zorbalıq doğurması da təbiidir.

İslam həm də elə bir ictimai ideologiyadır (və ya müəssisədir) ki, orada zalıma və zülmə qarşı amansız mücadilə formulu var və bu formulu Qərb heç vaxt anlamaq gücündə olmayıb. Bu prosesləri möhürləmək deyil, etnik, psixoloji, tarixi səbəbləri araşdırmaq, diqqətə almaq, hesablamaq Domokl qılıncı kimi Qərbin başının üstündə durduğu gerçəyini də nəzərə almamaq olmaz.

Bunları deməkdə məqsədim Mirzə Fətəlidən din düşməni obrazı yaratmaq deyil, məsələnin mürəkkəbliyini vurğulamaq, Şərq-Qərb kontekstində bəzi gəzişmələrlə bugündən dünənə, dünəndən də bugünə işıq salmaqdır. Bunu da bilək ki, qaranlıq işığın içində deyil, işıq qaranlığın içindədir.

Doğrusu mən Hangdinqtonun mədəniyyətlərin savaşına deyil, dialoquna ümid bəsləyənlərdənəm. Dünyanın ən mükəmməl sistemi kimi də liberal demokratik baxışı görmürəm. Daha çox mühafizəkar-demokratik baxışın tərəfdarıyam. Amma onu da ehkam saymıram. Qərbin sonunun gəldiyinə, hüquqi cəmiyyətin və hüquq diktaturasının diktatura hüququna qalib gələcəyinə inananlardanam. Hətta ürəyimin bir yerində demokratiyadan üstün və kamil bir baxışın nə vaxtsa doğacağına da “dəli bir ümid”im var.

Və bu baxışlardakı bizim söykənəcəyimiz, hər zaman araşdıracağımız baxışların, düşüncələrin baş ucunda dayananların birinin, bəlkə birincisinin Mirzə Fətəli Axundzadə olacağına inanıram. Hər daşın içində mükəmməl bir heykəlin, rənglərin içində ən gözəl şəklin, sözlərin içində möcüzəli bir şeirin olduğuna inam bəsləyənlərdən biri də mənəm, əziz oxucum.

Allah bəzən susur və yaratdıqlarını izləyir. Onların əməllərini sadəcə müşahidə edir. Cəza vermədən yaratdıqlarının pislik və yaxşılıq hüdudlarını, gözəllik və çirkinlik, ədalət, insaf, səbr və zülm, sitəm, dözümsüzlük sərhədlərini bəlirləməyə çalışır.

Allahın belə heyrətdən donub qaldığı, inanmadığı anlar az olmur. İnsanın hüdudsuz gözəlliyi Allahı sevindirdiyi, razı saldığı kimi, yenə insanın hüdudsuz eybəcərliyi, vəhşiliyi Allahı ümidsizləşdirir, küsdürür.

Qiyamətə doğru atılan addımlar Allahın deyil, insanın seçimidir.

Təəssüf ki, Mirzə Fətəli və Mirzə Fətəli kimi seçkinlər hər şeyi təbiətə, maddəyə bağladıqları üçün ilahi olanı unudur, hər şeyi yerə, yer qanunlarına bağlamağa çalışırdılar. Hər şeyin kökünün yerə deyil, göyə bağlı olduğu düşüncəsində, şüurunda deyil, hissiyyatında, duyğularında tapanlardan biri də Mirzə Fətəli idi. Onun ədəbi-bədii yaradıcılığı deyilənlərin təsdiqidir. Gördüyümüz, hətta tanıdığımız insanlardan təbii gerçək xarakterləri, münasibətləri Allaha da xoş gəlir, bəndəyə də. Çünki göylərə bağlı olan hər insan, hər davranış, hər addım, hər kəlmə yerdə də diri və canlıdır, təbii və doğrudur. Diri, canlı, təbii və doğru olanlarla, yenidən göylərə ucalmaq mümkündür.

Mirzə Fətəli ədəbi yaradıcılığı bu mümkünlüyün təsdiqidir.

...İdealı üçün hər cür vasitəni məqbul görənlərdəndir Mirzə Fətəli. Mirzə Fətəli fikirlərin, ehkamların fanatiki deyil, öz idealının fanatikidir.

Ağıl hər şeydən üstündür. Dekart kartezianlığının öyrətdiyi bu idi.

Təəssüf ki, Mirzə Fətəli Quranın ağıl və elm ölçüsünü heç görmədi, sadəcə görmək istəmədi.

Mürtətlik (Məşədi İbadın məclisdə “mürtəd oğlu, mürtəd” deməsini yadınıza salın) adlı bir anlayış var. Mən bunu Mirzə Fətəliyə aid etməzdim. Bu bir az din pərdəsi arxasında cahilin arifə sataşması, təhqir etməsidir. Mirzəyə babı, zındıq, məlun... demək də vicdana sığmaz.

Heç unutmayaq ki, Allahlı Allahsızı nə qədər sevmirsə, Allahsız da Allahlını ən azı o qədər sevmir.

Yanlış xatırlamıramsa Volterin bir sözü var: “Allah yox isə də onu yaratmaq lazımdır”. Bu fəlsəfə naqisdir və gerçək, səmimi başlanğıcdan məhrumdur. Mən Quranın “Yalançılar bizdən deyildirlər” hökmünü qəbul etdiyim üçün bədii yalan dışında heç bir yalanı qəbul etmirəm. Mən Allahı vardan əvvəl var olan sayıram. Yəni teistəm, Allahlıyam. Digər teistlərdən fərqli olaraq mənim kosmosumda hakimi-mütləq, hər şeyin səbəbi olmaqla bərabər, dostdur, qardaşdır, həmdərddir, əzizdən əzizdir, xilaskardır. İbadət Allahla söhbətdir, ucalmaq və təmizlənməkdir. Göylərə baxıb bir kəlmə söyləmədən ürəyindəkiləri Allahla bölüşmək dünyanın ən böyük xoşbəxtliyidir.

Mirzə Fətəli namuslu bir ateistdir. Onun könül dostu vicdanıdır, kitablarıdır, təbiət və cəmiyyət qanunlarıdır. Dindarla dinsizin fərqi başlanğıcı nə şəkildə qəbul etməyindədir. Həyat fəlsəfəsi bu başlanğıcdan doğanlardır.

Əslində bir namuslu teistlə namus, vicdan sahibi ateistin dostluğu daha səmimidir, nəinki namussuz “dindarla” namussuz, vicdansız dinsizin.

Mirzə Fətəlinin faciəsi dinsizlikdə deyil, dinsizliyi ideologiyaya çevirməkdədir, cəmiyyətin bütün naqisliklərini dində axtarmaqdadır, din ilə cəhaləti bir-birindən ayırmamaqdadır.

Mən əgər Allaha inanmayan ayrı-ayrı məsələlərdə Mirzə Fətəliyə inanıramsa, bu, mənim Mirzənin qəbul etmədiyi və ya qəbul etmək istəmədiyi Allahına olan inamından irəli gəlir.

Bir düşüncəmi də söyləməyə ehtiyac duyuram. Məncə, şeytan elmi yaradıcılıqdan daha çox bədii yaradıcılıq dünyasında olur. İnsanlığın ən böyük əsərləri Allah-şeytan-insan üçbucağında cərəyan edir. Və bu mürəkkəbliyi ədəbiyyat sanal (xəyali, virtual) şəkildə mətnləşdirir (və ya ifadə edir). Şeytanın əməlləri sənətdə, ədəbiyyatda daha çox öz təcəssümünü tapır. Elm daha çox təcrübəyə, müşahidəyə, isbata söykənir, daha çox maddidir və şeytanın fəaliyyət sahəsinin məhdud olduğu fəzadır.

Mirzə Fətəlidə müəyyən mənada şərti olan bu bölgü tərsinədir. Onun bədii əsərləri Allahın nəfəsi ilə yazılmış sənət əsərləridir, onun elmi və ya elmi-publisistik yaradıcılığı şeytanın daha çox əl qatdığı müstəvidədir. Bu yazının məğzi bu dediyimizi isbat etməyə deyil, göstərməyə çalışmaqdır. İman isbat istəməz.

Və bir də elə həqiqətlər var ki, o metaforik şəkildə ifadə olunur.

 

(Ardı var)

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2012.- 31 mart.- S.22.