Məcid Məcidinin filmləri və
ya əqidənin təntənəsi
Məcid Məcidi 1959-cu ildə
doğulub Tehran Universitetinin incəsənət fakültəsini
bitirib. 1980-ci ildən aktyor kimi fəaliyyətə
başlayan, rejissor kimi çəkdiyi “Partlayış”,
“İmtahan günü”, “Sonuncu kənd” və sair filmlərindən
sonra öz ssenarisi üzrə 1996-cı ildə ərsəyə
gətirdiyi “Allah gələcək” adlı qısametrajlı
filmində kənddə yaşayan kasıb ailədə cərrahiyyə
əməliyyatına ödəniləcək pulun yoxluğu səbəbindən
ananın ölüm ayağında olması əsas problem
kimi göstərilir. Pul tapmaq üçün şəhərə
yollanan atanın bacısı Zəhradan muğayat
olmağı tapşırdığı on-on iki yaşlı
Möhsenin ördək ovuna getməyə icazə alması gələcək
hadisələrin məkanını bədirləyir. Qonşu
qadınların gəlişi ilə xəstənin vəziyyətinin
ağırlığının vurğulanması, dua edən
nənənin Allah haqqındakı söhbətindən sonra
uşaqların çıxış yolu tapmaları əsas
hadisəni nizamlayır. Çıxış yolu kimi
Möhsenin dükandan zərf və marka almaqla bacısı ilə
birgə Allaha yazdığı məktubun mətninin meşə
ilə yol kənarındakı poçt qutusuna doğru gedən
uşaqların mətninin üzərindən səslənməsi
vəziyyətin düzələcəyinə ümid
yaradır.
Bizim eradan əvvəl 1600-cü ildə
qədim Krit şəhəri Fetdə Allaha ünvanlanan ilk
yazılı mətndən başlayan sonrakı tarixi dövr ərzində
müxtəlif ədəbiyyat və sənət nümunələrində
təkrarlanan bu üsuldan Məcid Məcidi yetərincə bəhrələnə
bilir. Möhsenin bacısı Zəhra ilə həyətlərindəki
toyuq hinindən yığdığı yumurtaları bazarda
satması kasıbçılığın mənzərəsini
yaradır. Həyətlərindəki ev ördəklərini
gölə buraxmaqla qurduqları tora vəhşi ördəklərin
düşəcəklərini gözləyənlərin də
ümidlərini Allaha bağlamaları mövzunu səfərbər
edir. Poçt idarəsində uşaqların arasına
xırda çiçəklər qoyub göndərdiyi
açıq zərfdəki məktubu oxumaqla Deraksan adlı
örpəkli qadının göz yaşlarına qərq olması,
işçilərin yığışaraq cərrahiyyə əməliyyatının
ödənişi üçün pul toplamaları problemin həllini
səciyyələndirir. Finalda təcili yardım furqonunun kəndə
yaxınlaşması ilə paralel olaraq vəhşi ördəklərin
gölə gəlişi iki hadisəni uğurla birləşdirə
bilir. Tutduğu və əlindən qəsdən
buraxdığı ördəyi səmada izləməklə
Allahla ünsiyyətin təzahürünü yaradan
Möhsenin ideya daşıyıcısına çevrildiyi bu
film gələcəkdə müəllifinə geniş
şöhrət gətirəcək “Səma uşaqları”
ekran əsərinin eskizinə çevrilir.
Məcid Məcidinin öz ssenarisi
üzrə 1996-cı ildə çəkdiyi “Ata” filmində
şəhərdə dükanda çalışmaqla
qazandığı pula bacılarına hədiyyələr
alan Mehrullanın gəldiyi doğma kənddəki çayda
yuyunarkən vaxtilə motosikldə yük avtomaşını
ilə toqquşub dünyasını dəyişən
atası ilə çəkdirdiyi fotoşəklin suya
düşməsi gələcək hadisələrin
rüşeymi kimi dağılan keçmişin simvoluna
çevrilir. Biçənəkdə
rastlaşdığı, uzaq kənddən gəlib yeznəsinə
çobanlıq edən dostu Lətifdən anasının
polisə ərə getdiyini, uşaqlarını da
götürüb onun evinə köçdüyünü
öyrənən Mehrullanın düşdüyü psixoloji
durum anasını yad kişiyə qısqanması,
bacılarının halına acıması namus problemini
ortaya qoyur. Əslində halal adam olub dörd azyaşlı
uşaqla qalan qadını himayəsinə götürən
polisin Mehrullanı yola gətirmək cəhdləri maraqlı
epizodlar zəncirində birləşir. Anasının göndərdiyi
yeməklərdən dadmasa da, dostu Lətiflə birgə
xaraba qalmış ata mülkünü təmir edib əhənglə
ağardaraq burada yaşayan Mehrullanın polisi cəzalandırmaq
niyyəti hadisələrin hərəkətverici qüvvəsinə
çevrilir. Mehrullanın bacılarını xəlvəti
ata yurduna gətirməklə keçmişi bərpa etmək
istəyi təbii görünsə də,
yağışlı gecədə onun polisin pəncərəsini
daşla sındırması və xüsusən
gül-çiçəyi məhv etməsi dramaturji əhəmiyyət
daşımır.
Atalığının
tapançasını oğurlayaraq sevincindən bizim
“Nar-narı” mahnısını oxuyan Lətiflə birgə
şəhərə qaçan Mehrullanın vaxtilə
çalışdığı, ləyaqətli adam olan
dükanın sahibinin qalan borcunu tələb etməsi, onun
seyfini açmaq cəhdi lüzumsuz görünsə də,
dostu ilə birgə Polis tərəfindən qovalanıb izlənilməsi
filmin dinamikasını artırır. Nəhayət,
uşaqları ələ keçirib Lətifi
arzuladığı doğma kəndinə göndərən
Polisin Mehrullanın əlini qandallayaraq motosiklə
bağlayıb geriyə yola düşməsi filmi macərə
janrı istiqamətinə yönəldir. Motosikli ələ
keçirib qaçmağa cəhd edən Mehrullanın
peşəkarlıqla ram edilməsi macəra effektini
artırır. Səhrada xarab olan motosiklın atılması,
suyu qurumuş quyu ilə rastlaşan, qum qasırğasına
düşən Polislə Mehrullanın təbiətin
amansızlığına müqaviməti Tanrının iradəsinin
təzahürünə çevrilməklə dini motivi
artırır. Nəhayət, həyat eşqi tükənməyən
Mehrullanın artıq taqətdən düşmüş,
yarımcan Polisi min bir əziyyətlə səhrada
tapdığı içməli su mənbəyinə
doğru sürüməklə həyata qaytardığı
atalığının cibindən düşən fotoşəkildə
onun anası, bacıları ilə birgə təsvirinin suda
üzməsi yeni bir ailənin doğulmasını yaratmaqla bədii
çərçivəni qapayır. Müəllif kinosunun
imkanlarını göstərən bu filmdə sanki Mehrulla sənətkarın,
polis isə hakimiyyətin timsalına çevrilir. Və sənətkarla
dil tapmaq istəyən hakimiyyətin ram edilməsi və sonda
ümumi dəyərlər naminə birləşmələri
müəllif qayəsini səciyyələndirir.
Məcid Məcidinin
öz ssenarisi ilə 1999-cu ildə çəkdiyi “Cənnətin
rəngi” filmi dünya işığına həsrət
qalaraq Allaha toxunmaq istəyini dilə gətirən,
yuvasından düşmüş quş balasını
pişiyin caynağından xilas etməklə təbiətin
bir parçası olduğunu sübuta yetirən Məhəmməd
adlı balaca oğlanın ətraf mühitlə münasibəti
üzərində qurulub. Xüsusi internatda uşaqların
hamısı evlərinə tətilə getsə də,
beş il əvvəl arvadını itirmiş, özü ilə
gətirdiyi əşyaları sataraq evlənmək istədiyi,
əlavə iki qızı da olan xanım üçün hədiyyələr
alan atasının Məhəmmədi kəndə aparmaq istəməməsi
ilkin ziddiyyəti yaradır. İpəkçiliklə məşğul
olan kənddə Məhəmmədin daşıdıqları
yaşıl tut budaqları içində itən
bacılarının sevincli çöhrələri, daim ibadətlə
məşğul olub tarlada, həyət-bacada
çalışan Əziz nənənin gəlişinə
sevindiyi nəvəsini şəlaləli bulaq
başındakı İmamzadə ziyarətgahına aparmaqla
dini motivi gücləndirməsi real boyalarla əksini tapır.
Beləliklə, nənəsi Əzizin və
bacılarının nəvazişi ilə qızınan,
üzərində ölkəsinin bayrağı görünən
balaca, xudmani məktəbdə belə mehribanlıq görən
Məhəmmədin guya gələcəyini düşünərək
qonşu kənddəki kor dülgərin yanına şəyirdliyə
qoyan atanın elçiliyə gedərək, başlıq
ödəyərək, çiy kərpicdən olan köhnə
evini təmir edib ağardaraq yeni həyata
hazırlaşması Tanrıya asilik kimi təqdim olunsa da, ata
üzünü qırxarkən meşədən gələn
əcaib səslər, Məhəmmədin daim təkrarladığı
ağacdələn taqqıltısı, qəflətən kəndi
basan duman, pəncərəni açan külək kimi təzahür
edən səmavi qüvvələr istər-istəməz
mücərrədləşir. Və hind melodramalarına məxsus
sentimentalizm ruhundakı bu mücərrədləşmə
audiovizual balansı pozmaqla ziddiyyətin tərəfini
neytrallaşdırır. Bununla belə, əsrarəngiz təbiət
mənzərələri; dərədən qalxan duman, çəməndəki
rəngbərəng çiçəklərlə, alabəzək
kəpənəklə harmonik görünən Məhəmmədlə
kömürçü atasının ağ-qara mühitin təsvir
ziddiyyətini yarada bilir. Nəvəsindən
ayrılığa üsyan edərək evdən gedən Əziz
nənənin yağışlı bir gündə sahildə
çırpınan xırda balığı çaya
atması, oğlunun yalvarışları ilə evə
qayıtsa da, xəstələnib dünyasını dəyişməsi
və hədiyyələrin, başlığın geri
qayıtması Tanrı cəzasını səciyyələndirir.
Məhəmmədi kəndə qaytararkən atın
ağırlığına tab gətirməyən körpünün
sınması ilə kor uşağın çaya düşməsi,
onu xilas etmək istəyən atanın səmərəsiz cəhdləri
və sonda qumlu sahildə bir-birlərini tapmaları,
uşağın yaşam əlamətli əlinin iri plana gətirilməsi
istənilən halda həyatın davamını səciyyələndirir.
Məcid Məcidinin
öz ssenarisi üzrə çəkdiyi “Asiman
uşaqları” (1997) filmində üstü kəpənəkli,
cırılıb-dağılmış xırda qız
ayaqqabılarının göz önündə təmir olunub
Əli adlı balaca bir oğlana verilməsi bu aparıcı əşyanı
diqqət mərkəzində saxlayır. Çörək
aldıqdan sonra təmir olunmuş ayaqqabıları
dükanın qarşısındakı yeşiklərin
arasında gizlədərək, ailəsinin borclu olduğu Əkbər
ağanın təkidi ilə ucuz kartof topasından mal
seçən Əlinin başı qarışaraq əl
arabasında köhnə əşyalar, quru çörək
yığan kəsin atılası torbalarla birgə təmir
olunmuş köhnə ayaqqabılarını da
götürüb aparması əsas hadisənin mexanizmini
işə salır.
İtirdiyi
ayaqqabıları axtararkən özü də bilmədən
dükanın qarşısına yığılmış
yeşiklərdəki ərzaqları dağıtmaqla
arzuolunmaz vəziyyətə düşən Əlinin
Tehranın dar küçələrinin birindəki həyətdə
kirayə yaşayan ailənin beş aylıq mənzil
haqqını verə bilməməsinin, anasının xəstəliyinin
bəlli olması müşkülləri ortaya
çıxarır. Ayaqqabılarının itirildiyini öyrənən
balaca Zəhranın sabah məktəbə necə gedəcəyini
eşidib kövrəlməsi, dar küçələrin
ortasından uzanıb gedən su arxı boyunca qaçan Əlinin
oğrun-oğrun yaxınlaşdığı dükandan yenidən
qovulduqdan sonra doğramaq üçün atasına
çatacaq kəllə qəndləri evə gətirməsi
bu kasıb ailədə halallığın hökm
sürdüyünü gözönü təsdiqləyir. Belə
ki, evdə çayı yavan içməyə hazır olub məscidin
qəndindən istifadə etməyən ata
halallığın təcəssümünə çevrilir.
Palaz üstündə oturub dərs oxuyan
bacı-qardaşın valideynlərindən xəlvət
bir-birilərinə məktub yazmaqla hər ikisinin sabahdan Əlinin
ayaqqabılarından istifadə etməklə məktəbə
getməyi qərarlaşdırmaları hadisələrin
inkişafına təkan verir. Beləliklə, məktəbdə
müxtəlif növbələrdə oxuyan
bacı-qardaşın ikisinin bir cüt ayaqqabıdan istifadə
etmələri problemin məğzini yaradır.
Qardaşının ölçüsü böyük olan
ayaqqabılarını ayaqlarına keçirib küçəyə
çıxan balaca Zəhranın köhnə əşyalar,
quru çörək yığan əl arabası ilə
rastlaşması problemin vizuallığını gücləndirir.
İdman dərsində qızların sifətlərinin deyil,
ayaqlarının nəzərdən keçirilməsi ilə
bir addım geriləyən Zəhranın diqqət mərkəzində
saxlanılması mövzunun bir an belə unudulmasına imkan
vermir. Dərsdən çıxan Zəhranın
qaça-qaça arx boyunca evlərinə üz tutaraq
ayaqqabıları səbirsizliklə onu gözləyən Əliyə
ötürməsi məkanı diqqət mərkəzində
saxlayır. Bacı-qardaşın həyətdəki xırda
hovuzdakı qızıl balıqları yemləmələri,
yuduqları şərikli ayaqqabıların üzərində
sabun köpüyündən şarlar yaratmaları
müşkül anında belə uşaqlıq
qayğısızlığının mənzərəsini
yaradır. Ayaqyalın olduğundan uşaqlarla futbol oynamayan Əlinin
ailəsindəki televizorun ekranında belə yeni model
ayaqqabıların təsvirinin görünməsi diqqətin
yayınmasına imkan vermir. Gecə güclü
yağışın yağması ilə çöldə pəncərə
önündə islanan ayaqqabıların görünməsi
isə vəziyyəti daha da kəskinləşdirir. Yaş
ayaqqabıları ayağına geyinib dərsə gedən Zəhranın
mağaza vitrinindəki rəngbərəng çəkmələri
nəzərdən keçirməsi nisgili artırır. Verilən
tapşırığı tələsik yerinə yetirib məktəbdən
evə qaçarkən Zəhranın ayaqqabısının
bir tayının su arxına düşməsi, yaşlı
kişinin köməyi ilə xilas edilməsi bu cansız əşyaya
dramaturji status verir.
Daim dərsə
gecikdiyinə görə əli çubuqlu müəllimin qəzəbinə
düçar olan Əlinin vəziyyətinin
çıxılmazlığı ona rəğbət hissini
artırır. Sinifdəki üç nəfər əlaçıdan
biri kimi Cəfər müəllimin hədiyyəsi olan qələmi
ona plov gətirmiş qonşu Kübra xalanın
qablarını qaytarmağa gedən Zəhraya
bağışlaması Əlinin həsasslığını
gözönü nümayiş etdirir. Kasıb evlərində
xəstə anasının bişirdiyi şorbadan daha
imkansız qonşu Kövkəb xala üçün Əlinin
pay gətirməsi islami dəyərin ekran həllini verir. Məktəb
həyətindəki qızlardan birinin ayaqlarında
özünün itirilmiş, üstü kəpənəkli
köhnə ayaqqabılarını tanıyan Zəhranın dərsdən
sonra uşaqların ayaqlarını nəzərdən
keçirməklə tapdığı həmin
qızcığazı izləməsi maraqlı süjetə
keçid edir. Dərsə gecikərkən çubuqlu müəllimin
qarşısını kəsdiyi Əlinin Cəfər müəllimin
hesabına xilası və Zəhra ilə birgə köhnə
ayaqqabını geyinən qızın ardınca gedərək
onu kor atası ilə görmələri dramatizmi
nizamlayır. Dostu ilə məscidə gələn Əlinin
atası Kərimə verdiyi dərmanlayıcı aparat
hesabına çörək pulu qazanmaq imkanının
yaranması problemin həllinə yönələn yeni bir
hadisəyə keçid etməklə mövzunu istiqamətləndirir.
Böyük şəhərin geniş küçələrində
velosipedlə hərəkət edən ata ilə oğulun
xırda fiqurları sadə adamların problemini
vizuallaşdırır. Şəhər kənarındakı
zəngin həyətlərin qapısını döyərkən
fağır atanın fikrini daha səlis bildirən oğluna
heyranlığı savada rəğbəti səciyyələndirir.
Atası Kərimlə çox qapılar döyməkdən
bezən Əlinin nəhayət, darıxan bir uşaqla
ünsiyyət tapması üçün körpü rolunu
oynayır. Uşağın babasının görülən
işin, çəkilən zəhmətin pulunu
artıqlaması ilə ödəməsi kasıb-zəngin
ziddiyyətini deyil, haqq-ədalət prinsipini önə
çəkir. Nəhayət, pul qazanmaqla ailənin problemlərini,
o cümlədən, Zəhranın ayaqqabı məsələsini
sanki həll etmiş ata ilə oğulun velosipedlə qəzaya
uğramaları uğurlu dramaturji maneəyə çevrilir.
Zədə aldığından yatağa düşən
atanın dava-dərman, xəstəxana xərclərinin ailənin
vəziyyətini daha da acınacaqlı etməsi
tamaşaçı hissiyatını artırır. Dərsdən
çıxarkən Zəhranın təsadüfən yerə
saldığı qələmi onun köhnə
ayaqqabılarını geyinmiş qızcığazın
tapması bu personajları yaxınlaşdıran amilə
çevrilir. Məktəbin həyətinə toplaşan
uşaqlara gözlənilən qaçış
yarışında üçüncü yeri tutana mükafat
olaraq ayaqqabı veriləcəyini bildirən idman müəllimi
az qala unudulan problemi yeni kontekstdə gündəmə gətirir.
Əli əsalı, kor atanın mağazaya girərək
qızına yeni ayaqqabılar aldığı məqamda
küçədəki Kərimin bu dükanın vitrinini seyr
etməsi problemin həlli yolunda uğurlu saspensə
çevrilir. Kor kişinin xanımının köhnə
ayaqqabıları küçədən keçərkən əl
arabasına atması problemi göz önündə
fırlatmaqla attraksionların montajını davam etdirir.
Atasının
aldığı yeni ayaqqabıları geyinib forslanan
qızın köhnələrinin atıldığını
bildirdikdə artıq rəfiqəsinə çevrilmiş Zəhranın
hirslənməsi, Əlinin var gücü ilə dərsə
qaçması, qaçışda iştirak edənlərin
siyahısına düşmək üçün ağlayaraq
müəllimə yalvarması müşkülü yenidən
vizuallaşdırır. Nəhayət, qaçış
yarışına qoşulan Əlinin gözü önündə
əldə etmək istədiyi ayaqqabını gözləyən
Zəhranın məktəbə qaçmasının və
müvafiq mətninin xatırlanması dramatizmi artırır.
Daim üçüncü yerdə qalmağı istəsə
də, həlledici məqamda özünü toplayıb birinci
yerə çıxan Əlinin göz yaşlarına qərq
olması problemin bədii həllini analogiyasız edir. Belə
ki, Əlinin qarşısına qoyduğu məqsədi
unudaraq birinci yerə çıxması müəllifin bənövşə
kimi gizlində qalan daxili azadlığını üzə
çıxarır. Donuqluğa, ətalətə
qarşı üsyan kimi qəbul edilən, sərhədsizliyin,
azadlığın mahiyyət daşıyıcısına
çevrilən “qaçan adam” fenomeni müəllifin sanki
kül altındakı oda bənzər fərdi üslubunu
üzə çıxarmaqla fimin dramaturji strukturunda yüksək
bədii dəyər qazanır. Unutmaq olmaz ki, qapalı cəmiyyətlərdə
yaranan əsərlərdə dağ zirvələrinin, okean dərinliklərinin
fəthi kimi təzahürünü tapan “qaçan adam”
fenomeni A.Vaydanın “Kül və almaz”, L.L.Qodarın “Son nəfəsdə”,
“Akkatone”, P.P.Pazolininin, F. Tryuffonun “400 zərbə”, Robert
Zemekisin “Forest Qamp”, Tom Tikorun “Qaç, Lola, qaç”, F.Fellininin,
V.Hersoqun demokratik mühitə xas müəllif kinosunda
cilalanmaqla audiovizual strukturda müstəsna əhəmiyyət
kəsb edir. Mağazadan ərzaq alan Kərimin velosipedin
arxasındakı səbətdəki bazarlıqların, ərzaqların
arasında bir cüt uşaq ayaqqabısının da görünməsi
problemdən çıxış yolunun yalnız Tanrı tərəfindən
yerinə yetirilməsinin bədii həllini verir. Evə
çatan Əlinin uzun məsafəli qaçışda
cırılmış ayaqqabılarını
çıxarıb atması və yapışmış
corablarını çıxararaq suya saldığı
ayaqları üzərindən xırda qızıl balıqların
üzməsi dünyanın yalnız ulu Tanrı tərəfindən
idarə olunduğunu göstərir.
1998-ci ildə ən
yaxşı xarici film kimi Oskara namizəd olub 2011-ci ildə
25-ci Monreal film festivalında əsas mükafatı qazanan
“Asiman uşaqları” filminin bədii təsir qüvvəsi tamaşaçını
heyran etməklə İran kinosunun beynəlxalq uğurunu bir
daha təsdiqlədi.
Moskvada filmlərinin
retrospektivini keçirərkən kino tənqidçisi Sergey
Anaşkinə “Asiman uşaqları” filmini Tehranda kasıb
uşaqlığının keçirdiyi məhəllədə
çəkdiyini bildirməklə fərdi üslubunu bəyan
edən Məcid Məcidinin: “Filmlərimdə gördükləriniz
uşaqlıq xatirələrimlə bağlıdır.
Yoxsulların problemləri mənə yaxındır.
Düşünürəm ki, ekran dramaturgiyasında
kasıbların yaşam tərzləri, qayğıları
yüksək zümrənin vurnuxmalarından daha məhsuldardır.
(Aristotelin yazıqlıq doğmadır tezisi yada
düşür.A.D.) Əsrarəngiz olmayan yoxsulluq bizi qorxutsa
da, onlar ən çətin şəraitdə belə ləyaqəti,
insanlığı qoruya bilirlər. Həyatda pul əsas
deyil. Filmlərimdəki kasıblar məğrur, alicənab,
mehribandırlar. “Asiman uşaqları” filmindəki bacı ilə
qardaş da kasıblıqdan usanmırlar. Filmin əvvəlində
qardaş bacısının ayaqqabısını itirsə də,
finalda itgilərini daha kasıb ailənin
qızcığazında görən uşaqlar itgidən vaz
keçirlər. Mənim qəhrəmanlarımın
yoxsulluğu da gözəldir”. Fikirləri daxili qanunlarına,
kredosuna sədaqətli, zaman-zaman dəyişməyən,
islamda dini deyil, kulturoloji faktoru önə çəkən sənətkarın
haqq səsidir.
Məcid Məcidinin
öz ssenarisi üzrə 2001-ci ildə çəkdiyi
“Yağış” filmi Taliban rejimi ucbatından İranda
yaşayan, çox zəhmət çəkib müqabilində
az əmək haqqı ilə təmin olunan, qeyri-qanuni işləyərək
ailəsini saxlamağa çalışan əfqan
qaçqınlarının acınacaqlı yaşam tərzindən,
həyatından bəhs edir. Rejissorun bu filmində əfqanlara
qarşı qoyulmuş qaçqın düşərgələrindən
başqa digər məkanda qalmalarına qadağa, işləmək
üçün belə əldə edilməsi çox
çətin olan icazə kartlarına ehtiyac şəraitindəki
hadisələr əsasən tikinti meydançasında cərəyan
edir. İlk epizodda tikinti fəhlələrini ərzaqla təmin
edib xörəklərini hazırlamaqla ağır işdən
azad olan hazırcavab, gənc Lətifin (Hüseyn Abidini) ikinci
mərtəbədən yıxılıb ayağını
sındıran və acınacaqlı vəziyyətə
düşən əfqan fəhləsini
“paraşütçü” adlandırmaqla yersiz zarafata yol verməsi,
daha sonra isə aylardan bəri qazandığı məvacibinin
Memarda (Əmir Naci) qaldığını vurğulaması
pul məfhumunu dramaturji struktura qoşur. Davranışı ilə
kütbeyin, əbləh təsiri bağışlayan Lətifin
tədricən insaniləşməsi, mükəmməlləşməsi
filmin əsas inkişaf istiqamətini səciyyələndirir.
Sınmış ayaqları ilə işləyə bilməyib
qayğıya ehtiyacı olan, evin bir küncünə
qısılıb qalan Nəcəfin əvəzinə
azyaşlı “oğlu” Rəhmətin (Zəhra Bəhrami)
Memar tərəfindən sınaq müddətinə işə
götürülməsi ekspozisiyanı yaradır.
Texniki Nəzarət
müfəttişlərinin yağışlı havada tikintiyə
gəlişi ilə kimlikləri bilinməyən, müqaviləsiz
çalışan əfqan fəhlələrinin gizlədilməsi
dövlət strukturunu da ziddiyyətin tərəfinə
çəkməklə, total sistemdə belə müəllif
yozumunun qismən azadlığının təzahürünə
çevrilir. Rəhmətin ağırlığına
dözməsə də, çiynində yuxarı
qaldırdığı kisədəki sementi başına təsadüfən
boşaltdığı ustanı bu vəziyyətdə
görüb qar adamına bənzədib çay təklif edən
Lətifin yaratdığı qovğa attraksionların
montajına çevrilir. Memarın Rəhmətin yerinə
keçirdiyi Lətifin yenidən ağır işə yollanılması
bu iki personaj arasındakı ziddiyyətə zəmin
yaradır. Dəryanın ərzaq dükanını
tanıtmağa gedərkən Lətifin Rəhmətə sillə
vurması, işdə ona gətirdiyi çayı acıqla
çəlləyə tökməsi isə ziddiyyəti daha
da vizuallaşdırır. Dağılmış mətbəxi
sahmana salaraq divarı ağ rənglə suvayan və mətbəxin
pərdəsini təzələməklə qadın
sahmanını üzə çıxaran Rəhmətin Lətifi
heyrətləndirməsi gələcəkdə ehtimal olunacaq
ünsiyyətə zəmin yaradır. Növbəti epizodda
Soltanla işə gələn Rəhmətin başına əhəng
tökən Lətifin bu məqama qədər oğlan bildiyi
Rəhməti saçlarını darayarkən izləməsi
islam qadağaları ilə təzahürünü tapan təsviri
məhdudiyyət hesabına qüvvələri səfərbər
etməklə obrazlaşdırır. Qarlı, şaxtalı
bir gündə özünə sığal vurub yeni libasla
işə başlayan Lətifin Rəhmətin müdafiəsinə
qalxması, onu hər kəsə qısqanması sevginin təzahürünü
attraksionların mövzusunda yaradır. Yağışlı
bir gündə ərzaq torbası çiynində dükandan
gələn Rəhmətin əmək müfəttişləri
tərəfindən tutularkən qaçması “Səma
uşaqları” filminin estetikasının təkrarlanmasına
meydan verir. Az qala Rəhmətə çatacaq müfəttişləri
qabaqlayaraq onlardan birini yerə yıxıb qovğaya girən
Lətifin münasibətini onu kənardan izləyən Rəhmətin
anlaması ünsiyyətdə keyfiyyət dəyişikliyi
yaradır. Daha sonra Memarın polis idarəsindən çıxardığı
Lətifi tənbehləyərək ardınca aparması
epizodu tamamlayır. Üç-dörd günlüyə
işdən icazə alıb itmiş Rəhməti axtaran Lətifin
qızı işə düzəldən Soltanın
yaşadığı kəndə gəlməsi,
qaçqın əfqanların acınacaqlı həyat tərzinin
şahidi olması əslində mühitin təqdimatını
yaradır. Təsadüfən
qarşılaşdığı yük
avtomaşınının banında oturmuş Soltanla söhbətində
Rəhmətin işlədiyi məkanı öyrənən Lətifin
oraya gələrək onun çaydan daş çıxarmaq
kimi ağır bir işlə məşğul olduğunu izləməsi
ifadəli bir epizodun təqdimatına şərait yaradır.
Çoxsaylı qadınların arasında çarəsiz
olaraq çaydaşlarını bağrına basıb apararaq
qəfil halsızlaşan, suya yıxılan Rəhmətin bu
məqamda ayyaqabılarının belə axıb getdiyini
görən, bütün bunları kənardan izləyən Lətif
əfqanların düçar olduğu ağır bəlaların
şahidinə çevrilir. Və bundan sonra Memarın
yanına qayıdaraq bacısının xəstə
olduğunu uyduran, əslində ayağını
sındıran Nəcəfə kömək etmək
üçün bir il ərzində qazandıqlarını
götürərək Soltan vasitəsi ilə ona
çatdırmaq istəyən Lətifin pullarının altı
aydan bəri vətəndə xəstə yatan arvadı
üçün Əfqanıstana dönən usta tərəfindən
yoxa çıxması dolaşıq ziddiyyəti yaradır.
Daha sonra vaxtı ilə tikintidə gizlətdiyi qəpik-quruşunu
da götürərək qardaşı rəhmətə gedən
Nəcəfə qoltuq ağacı alması rəhmdilliyin vizual
tərənnümünə çevrilir. Uzun müddətli
fasilədən sonra tikintiyə gələrək Memardan
yardım istəyən, lakin ala bilməyən Nəcəfə
kömək məqsədi ilə haradan
qazanıldığı müəmmalı qalan daşı,
kimliyini (şəxsiyyət vəsiqəsi) dəyər-dəyməzinə
sataraq Memarın adından Nəcəfə verməsi və bu
ailənin köçüb Əfqanıstana gedəcəyini
öyrənən, üzərinə Rəhmətin saç
sancağını taxdığı papağını
daşın üstünə qoyan Lətifin kiçik
çarhovuzda əl-üzünü yuması finalı bir qədər
mücərrədləşdirir. Qızın yol
üçün nəzərdə tutulan azuqəni
dağıtması və yerə səpələnən ərzaqları:
soğan, yumurta və digərlərini yığmaqda kömək
edən Lətifin qarşısında Rəhmətin
çarşabını üzünə atmaqla yalnız
barmaqlıqlar arasından ona baxması daha sərt islami
qaydanın hökm sürdüyü əfqan mühiti
problemini gündəmdə saxlayır. Filmin finalında isə
güclü yağışın yağması və yerdə
Rəhmətin ayaq izlərindən qalan nişanənin təqdimatı
ümid yaradır.
Sosial problemləri
önə çəkən İtaliya neorealizmi ruhunda
başlayıb filmin yarısından romantik komediyaya meyl edən
bu ekran əsərinin 2001-ci ildə Monreal Film Dünyası
Festivalında “ən yaxşı film” kimi mükafat
qazanmasından sonra Məcid Məcidinin əfqan mövzusunu sənədli
filmdə davam etdirməsi ustadın dünyəvi vətəndaş
mövqeyinin təsdiqinə çevrildi. Əfqan mövzusuna
daxilən bağlılığını 2002-ci ildə
çəkdiyi “Herata qədər ayaqyalın” adlı
tammetrajlı sənədli filmində təsdiqləyən Qərbin
bir zaman ruslar əleyhinə yaratdığı taliban hərəkatına
qarşı hərbi müdaxilə nəticəsində
evsiz-eşiksiz, soyuq çöllərdə məhv olan
uşaqların problemlərinin reportaj metodu ilə ekrana gətirilməsi
Məcid Məcidinin jurnalist peşəkarlığını
da üzə çıxarır. Bu filmin finalında ac-yalavac
uşaqların atılmış boş gilizləri
dodaqlarına yaxınlaşdıraraq çaldıqları
fitin səsi dünyanı lərzəyə gətirəcək
haraya çevrilir. Filmləri ilə Moskvada qonaq olarkən
jurnalist İqor Potapova müsahibəsində: “Hələ ki, əfqanların
düşdükləri vəziyyəti göstərə bilən
öz kinoları yoxdur, biz onların həyatını çəkib
problemlərini dünyaya çatdırmalıyıq.” – deyən
Məcid Məcidi kinorejissorluğun bəşəri
missiyasını dilə gətirir.
Məcid Məcidinin
çəkilişləri İranda və Fransada aparılan
“Ağlayan söyüd” (ssenari müəllifləri Məcid Məcidi,
Fuad Nahas, Naser Haşımzadə.2005) filminin ilk epizodunda
görmə qabiliyyətini itirən universitet professoru Yusifin
azyaşlı qızı Məryəmlə, poeziyaya
yaxından bələd olub Şəms Təbrizi, Rumi
yaradıcılığını dərindən bilən
arvadı Röya ilə ünsiyyəti, korlara məxsus
üsulla sevimli ailəsinə qaytarılmasını xahiş
edərək Allaha yazıb “Məsnəvi-mənəvi”
kitabının arasına qoyduğu məktubda gözləri
üçün şəfa diləməsi, qoca
anasının yaxasına sancaqladığı duanı daim
üzərində gəzdirməsi hadisələrin
inkişafını səmavi qüvvələrə yönəldir.
Müalicə üçün təyyarə ilə Fransaya gələn
Yusifi dayısının dostu həkim Karşaninin
qarşılayaraq xəstəxananın yanındakı pansiona
düzəltməsi hadisələri yeni məkanda davam etdirir.
Yusifin müayinəsi zamanı tibbi terminlərdən
xüsusi yoxlayıcı texnologiyadan istifadə fonunda
qızı Məryəmin lent yazısına yazaraq göndərdiyi
şeir parçasını maqnitofon xarab olsa da, təkrar-təkrar
səsləndirməsi işıqlı gələcəyə
ümidi səciyyələndirir.
Xəstəxananın
həyətindəki bağda rastlaşdığı,
vaxtı ilə müharibədə başından
aldığı zədələr, çıxarılması
çətin olan qəlpələr səbəbindən
görmə qabiliyyətini itirmək təhlükəsi ilə
üzləşən Murtuzanın lenti çıxan maqnitofonu
düzəltməsi, həmsöhbətini cibindən
çıxartdığı ləpəyə qonaq etməsi,
quşların uçub gəldiyi yaxınlıqdakı
meşədə qoz ağacının olmamasından gileylənməsi
ilə Yusifin hələ korlar məktəbində oxuyarkən
qayğısını çəkdiyi, böyüyüb onu
keçən söyüd ağacını axtarması hadisələrin
rüşeymini və filmin adını
obrazlaşdırır. Söhbət əsnasında hələ
beş yaşı olarkən atəşfəşanlıq
zamanı yaranan qığılcımın gözünə
düşməsindən görmə qabiliyyətini itirməsi
üzə çıxan Yusifin otuz səkkiz ilin zülmətindən
sonra sağalmaq ehtimalı fonunda onun Allaha
ünvanladığı məktubunun mətninin səslənməsi
ümid qığılcımları yarada bilir. Yusifə qoz ləpəsi
yedizdirə-yedizdirə “Aman ovçu” xalq mahnısını
oxuyan Murtuzanın onun sağalması şansını bildirməsi
bu qığılcımları alovlandırır. Beləliklə,
cərrahiyyə əməliyyatından sonra gözündəki
sarğısının açılmasından bir gün əvvəl
Allaha yazdığı məktubunun cavablandırılması
sayəsində yem daşıyan qarışqanı görən,
gözündən qan yaş axa-axa sevinclə geniş dəhlizləri
gəzən, şüşədə əksilə
qarşılaşan Yusifin dünya nurunu yenidən tapması
ümidi reallaşdırır.
İranda hava
limanında təntənə ilə qarşılanan Yusifin
yaxasındakı duanı çıxardıb göstərməklə
anasını, onun yanındakı xanımını və
qızını tanıması xoşbəxtliyin mənzərəsini
yaradır. Avtomaşınla şəhərə gələrkən
dayısı Mahmudun baldızı Pərinin çəkdiyi
fotoşəkillər, gecə Yusifin küçələri,
evləri ilə tanışlığı, qarlı gündə
ailəvi gəzintiyə çıxması, qızından rəngləri
öyrənməsi, doğulub böyüdüyü mənzilə
gəlişi, onun şərəfinə verilən ziyafətdə
xörəklərin rəngini duyması xoşbəxtliyin mənzərəsini
genişləndirir. Elə bu ziyafətdə Yusifin
tanış olduğu gənc Pəriyə meyl etməsi ilə
dayısının zərgərlik müəssisəsində
eynəkli gözlərinə qığılcımların
çırpılması ilahi xəbərdarlığın
simvoluna çevrilir. Yusifin metro qatarında gördüyü
cibgirliyə göz yumması, tələbələrindən
üz döndərməklə müəllimliyə xəyanəti,
arvadının hazırladığı tingləri, dibçəkləri
apardıqları, vaxtilə oxuduğu korlar məktəbindən
qaçması, evdə Pərinin telefon səsli
mesajını təkrar-təkrar dinləməsi mənəvi
günahın təzahürünə çevrilir. Beləliklə,
qismətinə naşükürlük edib ailəsindən
üz çevirərək aldığı
qızılgüllə Pərinin görüşünə gələrkən
yağış altında islanan Yusifi idarə etdiyi
avtomaşınının güzgüsündən görən
Röyanın qaynanası ilə vidalaşaraq qızı Məryəmi
də götürüb evdən getməsi, dörd ay ərzində
çıxmadığı evdəki kitab
Aydın
Dadaşov
525-ci qəzet.-
2012.- 31 mart.- S.20-21.