Sitatlar Ramiz Qusarçaylıdandır

 

M.Füzuli demişkən, dərd çoxdur. Yazmalı dərdlər lap çoxdur.

 

– O qədər çoxalıb yazmalı dərdlər

Deyən dərd əlindən kefə düşübsüz.

 

Dərdin çoxluğu tək-tək dünyaya gələn insanların çoxluğudur. İnsan dünyanın dərdinə-sərinə yarıyır. İnsan dərddən macal tapmaz:

 

– Dərdini quzu tək qırpıb gedəsən

Bu mizan-tərəzi mən daşı çəkməz

Özünü daşlara çırpıb gedəsən.

 

Qrammatikada “dərd “ sözü mücərrəd anlayışı ifadə edir. Ədəbiyyatda da belədir. Məsələn, Füzuli şeirində olduğu kimi. Lakin insanın həyat tərzində dərd ünsürü çox aktual olduğuna görə ədəbiyyatda dərd həm də “maddiləşdirilir”.

 

– Yaxşı ki var dərd qapısı

 

Bu qapıdan əliboş qayıtmaq ağlına gəlməsin. Beləliklə, dərdin ən doğru təsviri poeziyada reallaşa bilir.

 

– Qeyrət başı bağlı, dərd başı açıq

Səhər ürək götür dərd başına çıx.

 

Maddiləşən dərd işləkdir, fəaldır (fədakardır)

 

– Ələyir, sovurur qəm bu torpağı.

İnsanın dərdi böyükdür.

 

Birincisi, ona görə ki, adam kimi doğulur,fəqət, adam kimi yaşaya bilmir.

 

– Aşağı, yuxarı qulbeçələrdi

Camaat nə gəzir, adam nə gəzir.

 

Dərdin fərdiləşən və ümumiləşən məqamları var.

Gedən (ölən) üçün ağlayarlar. İnsan ölümündən doğan kədər adamı ağladır. Oğlunu itirən ana öz dərdini – həyatda olmayan oğlunu ağlamaqla “yad edir.”

 

– Oğlunu torpağa tapşıran ana

Dərdini heç kəsə tapşıra bilmir.

 

Bu, əbədi ayrılıq dərdidir, insan itkisindən gələn ağrıdır. Bu cür kədərlənmək daha çox fərdi məzmun daşıyır.

 

Xalq, millət dərdi də var:

– Çırmalanıb yasında

Yallı gedən millətim.

 

Yaxud:

– Bircə nəfsinizdi, bir də bu xalqdı

Ağalar, bağlayın ciblərinizi.

 

Bir xalq müharibə nəticəsində torpağını itirə bilər. Ancaq bu, dərd sayılmaz. Onun adı məğlubiyyətdir. Xalqın mənəvi sərhədlərinin pozulmasından dərd yaranar.

Səngərdə məğlubiyyət hələ dərd deyil. Məmur tərəfindən basılmış, aşağılanmış, təhqir olunmuş, yəni məğlub edilmiş camaatın dərdi həm də bəşəriyyətin dərdidir.

 

– Kimin qəbuluna gəlmisən, qağa,

Kimin qapısına atıblar səni?

Gör kimin yolunda ölmüsən, qağa,

Gör kimin kefinə satıblar səni.

 

Torpaq işğalı isə millətin faciəsidir. Onun da tarixi qədimdir:

 

– Bu dünya mənim də qəbul otağım

Hələ çox qapını bağlar içimdə.

Təbrizli, Dərbəndli əlil torpağın

Arazı, Samuru ağlar içimdə.

 

Dərd həm də milli səciyyə daşıyır:

 

– Molla iştahalar hücrə başında

Millət cibdən keçir icra başında.

 

“ Milli “ dərdlər çoxdur:

 

– Bizi dağıdınca “milli” vəhşilər

“Milli” yırtıcılar bizi yeyincə.

 

Milli ləyaqətsizlik var:

 

– Bu adamlar yaltaqlığın uğrunda gizlənib

Nə yuxarı yerindədir, nə aşağı yerində.

 

Məsələn, köləliyin milli fəsadları çox uzun çəkir.

 

– Əlahəzrət köləliyin cığırında gizlənib

Nə şairi yerindədir, nə aşığı yerində.

 

Riyakarlıq dərdi var:

 

– Nə qədər...

...Yüz şeytan bəsləyib içində, ancaq

Gedib bir şeytanı daşlamaq olar...

 

Vətəndə ola-ola vətənsizlik dərdi var:

 

– Bu yerin Vətəni cibində imiş,

Bu Vətən quyunun dibində imiş.

Boğazım qurudu Vətən deməkdən,

Boğazım gör kimin ipində imiş.

Vətəni sevməyə qoymurlar məni.

 

Xocalı,Şuşa kimi şüşələnib qalan dərdlərimiz lap çoxdur.

 

– Doyub alın yazım alın tərimdən

Qarası ağıyla qoşa tökülür.

Asmışam Vətəni kirpiklərimdən

Gözümdən Xocalı, Şuşa tökülür.

 

Dərd çoxdur.Bir yerdə Qusarçaylı insanlığın kədərini bu cür dilə gətirir:

 

– Boylanır şehlənən gözümdən indi

Kədərin Füzuli qızılgülləri

 

Bu da kədərin daha bir rəsmi.

 

– Əzizlə bu dərdi, əzizlə, gələr...

 

“Əziz dərd”deyə müraciət etsək,necə olar...Məsələn,belə:

 

Əziz dostlar!

Əziz xanımlar!

Əziz analar!

Əziz balalar!...

Əziz Vətən!

 

– Bilirəm Allaha qalıb əlacın

Hər günün taleyin gizlənpaçıdır.

Səni süründürən çörək ağacı,

Səni dik saxlayan əl ağacıdır.

 

Bu sözlər Qarabağ əlilinə müraciətlə yazılıb.

Saymazyana mühit, insan qanacaqsızlığı və biganəliyi də qəm, qüssə gətirir, adamı qayğılandırır:

 

Qeyrət saçaq-saçaqdı ki,

Minnət qucaq-qucaqdı ki,

Tanısa nolacaqdı ki

Bu kənd məni tanımadı.

 

“Yazmalı dərdlər”in içində siyasət dəllallarının və aşpazlarının payı lap çoxdur.

 

– Bu bazar kimindi, bu mal kimindi,

Tapılır yandan da sür-sümük atan.

Sən kimin əlində qalmısan indi,

Mən kimin əlinə baxıram, Vətən?

 

Yaxud:

 

– Yellənir Bakıda dilənçi əllər.

Yellədir Vətəni yalançı əllər.

 

– Və bu oyunlar

Və Qarabağlar.

 

Tənhalıq dərdi

 

Tənhalıq insanı təkcə fərdiləşdirmir, bir az da qəmləndirir.Tənhalıq insanın öz insanlığını qoruyub saxlamağı üçün heç vaxt qurtarmayan bir güc, enerji mənbəyidir.Yer kürəsinin özü kimi dünyanın sirri insanın özü ilə tək-tənha qala bilməsindədir. Bu təklik, bu sirr Allahla bəndənin arasında qeyri bir bəndənin ola bilməməsi sirri kimidir.

Tənhalıqdan doğan kədər əslində insanın dünyadan təcrid olunma zərurətindən irəli gəlir.

 

– Torpağın üstünə minnəti yoxdur.

Torpağın altında rahatdı yerim.

 

Tənhalıq cövründən yaxa qurtarmaq üçün insan ictimailəşir. Məsələn, ictimai televiziyalar yaranır. Həyatın televiziyalaşması adamın dərddən uzaqlaşması üçündür. Şairlər ictimailəşə bilmirlər. Şairin şeir yazması isə onun dərdə tab gətirə bilməsi üçündür.

 

– Çıxarıb köynəkdən aşıqlar kimi

Dərdi sinəsinə sıxar şairlər.

 

Poeziyada dünya tənhalaşır.Yer kürəsi kimi insan da tənhalaşır,ancaq təkcə poeziyada yox:

 

– Dağdan da ağırdır daş tənhalığı,

Ürək tənhalığı, baş tənhalığı.

 

Adam cəmiyyətləşəndə “maddi dəyəri”ni itirir.

 

– Bir ovuc torpaqdı, üstdə min yazı

Hər iki adamın bir cəmiyyəti

Nə bir oyunu var, nə partiyası

Torpağın hər yerdə birdi niyyəti.

 

Şairin tənhalığı sözdən başlayır:

 

– Mənim arılarım xalqı bəsləməz,

Mənim arılarım söz acı, Ənvər.

 

Söz şair üçün dərdinin üstünə dərd qoymaq sərbəstliyidir. Şair tək deyil.Tək Allahdır.Poeziya tənhalıq dərdindən müvəqqəti qurtulma “xoşbəxtliyidir”. Şair yalnız şeir yazanda xoşbəxtdir.

Şairin şeir yazması onun ictimailəşə bilməməsidir.

 

– Bilməyib gəlmişəm dünyaya mən də

Elə sənin kimi tənhayam mən də.

 

İnsan ictimailəşəndə eybəcərləşir. İctimailəşmə çoxluqdur.

 

– Çoxalır abrında küləş döyənlər.

 

İcmalaşan insan ürəyini heç kəsə (həm də özünə) aça bilmir və yaxud şeir yaza bilmir

– Bizə tərgitdilər ürək açmağı.

 

ictimailəşir:

– Hələ qəbullarda kağız açırıq.

 

İctimailəşə bilməyən adam sevincə – icmalara kənardan baxmağa başlayır:

 

– Sevincə kənardan baxar şairlər.

 

Kədər, yəni dərd ibrətdən axıb gəlir. Dünyaya gəlib-getmək ən böyük ibrətdir. Kədər həmişə nəyinsə qonşuluğundadır. İnsanın bu dünyayla tanışlığından başlayan böyük kədər iki hiss və duyğunun – sevincin, kədərin həyatiliyindən zühur edir. Sevincin nəyəsə qoşulub getməyi, nəyinsə sevincə, nəşəyə qoşulmağı nə qədər ağlabatandırsa, dünyayla kədərin qonşuluğu bir o qədər realdır(Kədəri heç nəyə qoşmaq olmur, o həmişə nəyinsə qonşuluğundadır):

 

– Artır kədərimin qonşu atları,

artır sevincimin qoşqu atları.

 

Dünyanın nəşəsinə, kefinə qatıla bilməyənlər tənhalaşır.

Dünyanın kefinə soğan doğrayanlar dünyadan təcrid olunurlar.Dünyadan təcrid olunmaq (bax: tənhalıq) bir az şair olmaqdır:

 

– Bu elə dövrdür, bu elə, atam,

Şair olduğuna utanır adam.

 

Dünyadan təcrid olunmaq insanın özündən üz döndərməsidir:

 

– Ürəyim nə doğur, ölür başımda

Ölməsəm, tapılmaz əlacı, Ənvər.

 

Dünyadan təcrid olunmaq onun insan haqlarının, məsələn,Vətən haqqının əlindən alınmasıdır:

 

– Çox endim dünyanın dərinliyinə,

Çox endim –

ağlımın dayazlığından...

Aya beşik dedim,

ulduza yüyrük.

Nə Araz əl çəkdi Arazlığından,

Nə dərd var dünyada Samurdan böyük.

 

Söz haqqının əlindən alınmasıdır.

 

– Söz azadlıq çabasında-

İnsanın din və imanının əldən getməsidir.

 

– Din siyasi əbasında-

 

Və sair və ilaxır.

 

Siyasi cəmiyyətlər insan bicliyinin yeni ixtiralarıdır.Buna ironiya çox yaraşır:

 

– Hər kənddə bir partiya

Azadıq, bəy, azadıq.

 

İnsan bicliyi artdıqca, düzlük “işə keçmir” və düzlər dünyadan təcrid olunur, yəni tənhalaşır:

 

– Yağış yaşıllığı çürüdən kimi

Çürüdür ömrümü düzlüyüm mənim.

 

Tənhalıq dərdindən xilas olmağın ən doğru yolu tənhalığa çəkilməkdir. Tənhalığa çəkilməyin bir üsulu şeir yazmaqdır.

Şeir, poeziya bəşəriyyətə həmişə lazım olacaq. Elə dərdin özü kimi.

 

 

Zakir MƏMMƏD

 

525-ci qəzet.- 2012.- 31 mart.- S.16.