Türklər, Türkiyəlilər... Və Türkiyə

 

Türkçülük ideologiyasının tarixində çox böyük rol oynamış Türk Ocaqlarının 100 yaşı tamam oldu. Və bu möhtəşəm yubileyin ilk məclisləri Bakıda keçirildi. Baş bakan yardımçısı Bəkir Bozdağın başçılığı ilə böyük bir nümayəndə heyətinin iştirak etdiyi bu məclislərdə çox şeylərdən danışdıq.

Mən bir daha gördüm ki, türklər bir yerə toplaşanda, məsləhətləşəndə (gənəşəndə!) ağıllı qənaətlərə gələ bilir, müdrik qərarlar qəbul etməyi bacarırlar.

Həmişə olduğu kimi, bu dəfə də millət vəkili Qənirə Paşayevanın bütün məsələlərə toxunan emosional çıxışları məclislərə ton verirdi... Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cəzmi Bayram təmkinli (ancaq içi enerji ilə dolu olan!) çıxışları ilə mənə Türk Ocaqlarını quran böyük kişiləri (o zaman hərçənd çox gənc idilər!) xatırladırdı. Osmanlının süqut dövrünün başlandığını görən bu əsl türk ziyalıları orta əsrlər zehniyyatına qarşı çıxaraq Türkiyənin (və türklüyün!) gələcəyi barədə düşünməyə qərar vermişdilər ki, onların içərisində osmanlı türkləri ilə yanaşı Qafqaz, Volqaboyu, Mərkəzi Asiya türkləri də vardı.

...Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə türklüyünün xilaskarı Mustafa Kamal Atatürkün müxtəlif dönəmlərdə müxtəlif münasibətlərdə olduğu Türk Ocaqları, əslində, atatürkçülüyün milli ideya mənbələrindən ən mühümü idi. Türkiyə Cümhuriyyəti möhkəmləndikcə Atatürk məsələnin bu tərəfinə daha çox diqqət verir, türkçülüklə (Türk Dünyası miqyasında!) Türkiyənin ayrılmazlığını, üzvü vəhdətini qeyd edirdi.

I Dünya müharibəsi illərində Türk Dünyasının birliyi uğrunda mübarizə aparan Ənvər paşa və tərəfdarlarının romantik arzularını bölüşməyən Atatürklə əsarətdə olan türklərin münasibətində bir anlaşılmazlıq da vardı. Və belə çıxırdı ki, Atatürk üçün yalnız Türkiyənin taleyi önəmlidir, halbuki Ənvər paşa bütün Türk Dünyasını düşünürdü... Məğlub olsa belə...

Əlbəttə, Atatürk nə qədər qeyri- adi miqyasda düşünsə də, tamamilə realist idi. Onun arzularını Ənvər paşanın xəyalları ilə müqayisə etmək olmazdı... Odur ki, Türk Ocaqlarının fəaliyyətinə (eləcə də əsarətdə qalmış türklərin taleyinə!) Atatürk təmkinlə yanaşırdı, çünki bütün məsuliyyət onda idi. Və səhv edə bilməzdi.

Ancaq xüsusilə 30- cu illərin əvvəllərindən etibarən Türkiyənin Türk Dünyası ilə əlaqələrinin, mənəvi- mədəni körpülərinin sağlam saxlanmasını tələb edirdi.

Ənvər paşanın romantizmi onda idi ki, qədim türk babaları kimi Avropaya bir daha Mərkəzi AsiyadanTürküstandan gəlmək istəyirdi; Atatürkün realizmi isə onda idi ki, istinad üçün Şərqi Anadolu ilə kifayətləndi... Bununla belə hər iki lider, hərəkətə haradan başlasalar da, məqsədləri İstanbulu yenidən fəth etmək idi.

Hər dəfə İstanbulda olanda, qədim şəhərin küçələrini dolaşanda duyduğum qürur hissinin ləzzətini heç nə ilə müqayisə etmək mümkün deyil. Türk qılıncının, türk dövlətçilik- idarəçilik məharətinin və türk mədəniyyətinin qüdrətini ən inkarçı mövqedən belə təkzibolunmaz bir şəkildə əsrlərdir ki, dünyaya nümayiş etdirən bu şəhər- məmləkət olmasaydı, bəlkə də, nə türklərin, nə türkiyəlilərin, nə də Türkiyənin bugünkü şöhrəti olardı... Türkiyənin bir dövlət olaraq formalaşması Anadolu (Kiçik Asiya) yarımadasının fəthi ilə başlayıb İstanbulun fəthi ilə bitir. Və ona görə də İstanbulun (ümumən Türkiyənin!) tarixinin fəlsəfi məzmununu “fəth” anlayışından kənarda təsəvvür etmək çox çətindir.

Mən nəinki Mərkəzi Asiyada, hətta Altaylarda yaşayan (və İstanbulda bir dəfə də olmamış!) türklər tanıyıram ki, İstanbulun fəthi barədə elə ehtirasla danışır ki, sanki həmin fəthdə özü də bilavasitə iştirak edib... Bu, tamamilə təbiidir... Arxa möhkəm olmasaydı, Altaylardan Avropanın içərilərinə qədərki hərəkat bütöv bir orqanizm təşkil etməsəydi, davamlı fütuhat da olmazdı. Odur ki, İstanbulun fəthində bir Türkiyəli qədər bir Altayın, qazağın, qırğızın, özbəyin... də tarixi iştirakı, məncə, mübahisə törətməməlidir.

Bugün türk adını bütün sosial- siyasi, mənəvi- mədəni (və ideoloji!) kompleksi ilə özündə ehtiva edən xalq (və dövlət) türklər (və Türkiyə)dir. Bütün türk xalqlarının Türkiyənin tarixi quruluşunda birbaşa, yaxud dolayısı ilə iştirakı olduğu kimi, dünya türklərinin ən böyük dövlətinə ehtiyacları vardır. Ona görə də Türkiyə rəhbərliyi, haqqında söhbət gedən bu zərif məsələyə həmişə həssas olmalıdır və ümumiyyətlə, olmaqdadır. Əlbəttə, heç bir türk xalqı , bir qayda olaraq, həmin ehtiyac barədə danışmağı özünə sığışdırmayacaqdır. Və Türkiyə tərəfi də belə bir iddiaya düşməyəcəkdir. Birona görə ki, türk xalqlarının çoxu rusların, çinlilərin, farsların və s. şəxsində “böyük qardaş” təzyiqinin nə demək olduğunu görmüş və hətta modernliyi, demokratizmi, insan hüquqlarına ehtiramı ilə öyünən bugünkü dünyada da görməkdədir.

Türk ocaqlarının, ümumən Türkiyə ictimai- siyasi, mədəni- mənəvi şüurunun formalaşmasında Azərbaycan türklərindən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu kimi görkəmli şəxsiyyətlər birbaşa iştirak etmişlər. Türkiyə Cümhuriyyətinin qurulmasında onların xüsusi rolları vardır.

Və mən “Türk yurdu” dərgisinin baş redaktoru Prof. Dr. Çağatay Özdəmirin belə bir fikri ilə tamamilə razıyam ki, Türk milliyyətçiliyi XX əsrin əvvəllərində Türk dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısındakı əndişədən yaranmış, həmişə milli hisslərdən, duyğulardan dövləti ayaqda tutmaq üçün yararlanmışlar (bax: 100 Yılda daha büyük ve güclü Türkiye özlemi. – Türk yurdu, Aralık 2011, s. 7-8). Bu isə o deməkdir ki, Türkiyə Cümhuriyyətinin ideoloji əsaslarının təşəkkülündə bütün Türk dünyasının milli düşüncə enerjisi iştirak etməli olmuşdur.

Atatürkün göstərişlərinə əsasən türk dilinin, ədəbiyyatının və tarixinin Türkiyə Cümhuriyyəti coğrafiyasından çox- çox kənara çıxan qədim dövrlərinin araşdırılması, dünya türkologiyasının ən mühüm əsərlərinin incələnməsi, Mahmud Kaşğari “Divan”ının türkcəyə çevrilməsi və s. də o demək idi ki, Cümhuriyyət ümumtürk ideoloji təməlləri üzərində qurulacaqdır. Orta əsrlərdə qazanılmış (və dövrü üçün kifayət qədər mütərəqqi olan!) Osmanlı idarəçilik (və yaşam!) təsisatlarının ləğv edilməsi də müasirliklə yanaşı türkçülüyə xidmət edirdi.

...Türkiyənin son illərdə Avropa Birliyi üzvlüyünə, ümumiyyətlə, Avropanın içərilərinə can atması nə qədər populyar olsa da, Şərqdə gördüyü böyük işlər barəsində nə isə az danışılır. Halbuki istər Qafqazlarda, istərsə də Mərkəzi Asiyada Türkiyənin nüfuzu get- gedə artmaqdadır. Təsadüfi deyil ki, ABŞ- ın keçmiş prezidenti Bill Klinton 1999- cu ildə TBMM- dəki çıxışında demişdi: “XX əsri anlamaq üçün Türkiyənin tarixi bir açardır, ancaq mən inanıram ki, Türkiyənin gələcəyi önümüzdəki minilliyin ilk yüzilinin şəkillənməsində son dərəcə önəmli bir rol oynayacaqdır”.

Ən mühüm məsələlərdən biri odur ki, Türkiyə, ilk növbədə, Türk dünyası coğrafiyası üzərindəki mənəvi- mədəni nəzarəti öz əlinə almağı və “böyük güclər”lə – ABŞ, Avropa Birliyi, Rusiya və Çinlə bu məsələ ilə bağlı dil tapmağı bacarmaqdadır... Hər şeydən əvvəl ona görə ki, Türkiyə ilə türk dünyası arasında tarixi bir vəhdət mövcuddur ki, münbit şərait yarandıqda dərhal daha güclü şəkildə təzahür edir.

...Türk Ocaqları İdarə Heyətinin sədri Nuri Gürgür göstərir ki, “milli məktəb” olan Türk Ocaqları Ziya Gökalp, Yusif Akçura və Əhməd Ağaoğlu kimi dərin təfəkkürlü, intellektual şəxsiyyətlər hesabına yarandı (bax: Yirmibirinci Yüzyılda Nasıl Bir Türk Ocağı? – Türk Yurdu, Ekim 2011, s. 9). Həmin mütəfəkkirlərin birincisi Türkiyədən, ikincisi Azərbaycandan, üçüncüsü isə Volqaboyundan idi... Tarix (və tale!) onları Türkiyədə birləşdirmişdi ki, Türk dünyasının müşküllərini bir yerdə həll etsinlər, türklərin gələcəyini müəyyən edən ideya layihələri versinlər...

Bugün yalnız Qərbə can atan bir Türkiyə yox, həm də Şərqə – Azərbaycana, Türküstana, Altaylara arxalanan bir Türkiyə vardır.

 

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2012.- 31 mart.- S.14.