Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması təhsildə
vacib sahələr kimi
Strateji
təhlil, planlaşdırma və kadrların idarə
olunması sahələrinin prioriteti Təhsil Nazirliyinin
strategiyasını müəyyənləşdirmək,
dövlət təhsil siyasətinin və prioritetlərinin
formalaşdırılması üzrə təkliflər
hazırlamaq, təhsil sisteminin əhatə dairəsi, səmərəliliyi
ilə bağlı məlumatları təhlil etməkdir.
Nazirliyin, təhsil sisteminin bütün struktur bölmələrinin
və təhsil müəssisələrinin strateji və illik
fəaliyyət planlarının hazırlanması prosesində,
eyni zamanda vahid inkişaf strategiyasının, kadr siyasətinin
formalaşdırılmasında iştirak etmək, təhsili
idarəetmə orqanları, təhsil müəssisələri
tərəfindən mövcud qanunvericiliyin yerinə yetirilməsinə
təşkilati-metodik rəhbərliyi həyata keçirməkdən
ibarətdir.
Strateji
təhlil, planlaşdırma və kadrların idarə
olunması sahələri Təhsil Nazirliyinin struktur bölmələri,
idarəetmə orqanları və təlim-tərbiyə müəssisələri
tərəfindən təhsil qanunvericiliyinin icrası vəziyyətinin
monitorinqinin aparılması, nəticələrin təhlil
edilməsi, müvafiq təkliflərin hazırlanması,
hesabat dövründə strateji təhlil və
planlaşdırmanın müasir metodlarından istifadə edərək
idarəetmə mexanizminin təkmilləşdirilməsi sahəsində
yerli təhsil orqanlarının fəaliyyətinin istiqamətləndirilməsi
məsələlərinin həyata keçirilməsini təmin
edir. Eləcə də, təhsil siyasəti və
strategiyasının işlənməsi, təhsil sistemində
yeni hesabatvermə mexanizminin tətbiqinə nail olunması,
nazirliyin kadr siyasəti və strategiyası üzrə
funksiyalarının həyata keçirilməsi, davamlı
inkişaf naminə təhsil strategiyasının, həmçinin,
QHT və beynəlxalq təşkilatların layihələrinin
həyata keçirilməsi, aparılan təhlillərin nəticələrinə
əsasən strateji sənədlərin, hesabatların, islahat
layihələrinin hazırlanması proseslərinin həyata
keçirilməsini, ümumi fəaliyyətin səmərəliliyini
əks etdirir.
Müvafiq
sahələrin funksiyaları sırasına təhsil sistemində
yeni idarəetmə modelinin, hesabatvermə, qərarçıxarma
sisteminin yaradılması və tətbiqi işinin həyata
keçirilməsi, əks-mərkəzləşdirməyə
əsaslanan yeni idarəetmə mexanizminə keçilməsinin,
kadrların idarə olunmasının prioritetlərinin müəyyən
edilməsi və müvafiq strategiyanın hazırlanması,
eyni zamanda, təhsil sistemində kadr siyasətinin
formalaşdırılmasında iştirak etmək, kadrlara
ehtiyacın müəyyənləşdirilməsi məqsədilə
təhlillərin həyata keçirilməsi, mövcud
ehtiyacları nəzərə almaqla peşə-ixtisas təhsili
sahəsində təhlillərin aparılması, ölkənin
sosial-iqtisadi inkişaf perspektivlərini və əmək
bazarının tələblərinə uyğun olaraq tələbə
qəbulunun planlaşdırılması üçün
proqnozların hazırlanması məsələləri
daxildir.
Təhsil
naziri Misir Mərdanovun sözlərinə görə,
nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsinin əsas vəzifə və
funksiyaları nazirliyin kollegiya, müşavirə,
konfransları ilə əlaqədar təqdimatların
hazırlanması, hesabatların hazırlanması, hesabatvermə
ilə əlaqədar digər zəruri məlumatların
işlənməsi, kadr təminatı, kadrların idarə
olunması, dövlət qulluğu məsələlərinin
tənzimlənməsi, əlavə təhsilin təşkili,
bununla əlaqədar məsələlərin tənzimlənməsi,
şöbə əməkdaşlarının peşəkarlıq
səviyyəsinin inkişafı və sairdən ibarətdir.
Nazir deyir ki, müasir dövrdə menecment, başqa sözlə
fəaliyyətin təşkili və idarə olunması
müstəsna əhəmiyyət kəsb edən amillərdən
biridir. Səmərəli idarəetmə isə
planlaşdırma, təşkil etmə, rəhbərlik və
nəzarət funksiyalarının necə yerinə yetirilməsindən
daha çox asılıdır: “Son illərdə ölkədə
təhsilin idarəolunması sahəsində bir sıra əhəmiyyətli
addımlar atılıb, Nazirliyin mərkəzi
aparatının idarəetmə potensialı xeyli gücləndirilib.
Bununla əlaqədar dünyanın 50-dək ölkəsində
təhsilin idarəolunması təcrübəsi öyrənilib,
beynəlxalq məsləhətçilərin iştirakı
ilə geniş təhlil olunmuş, müvafiq struktur dəyişiklikləri
ilə bağlı tədbirlər planı hazırlanıb.
Nazirliyin mərkəzi aparatının strukturunda əhəmiyyətli
dəyişikliklər edilib, bir sıra yeni şöbələr
və sektorlar yaradılıb. Nəticədə 1999-cu ildən
başlayaraq Dünya Bankının yaxından dəstəyi
ilə həyata keçirilən layihələr çərçivəsində
Strateji təhlil və planlaşdırma, Monitorinq və qiymətləndirmə,
Təhsilin idarəolunmasının məlumat sistemləri,
Akkreditasiya şöbələri, Təhsil sənədlərinin
tanınması, Məktəbəqədər təhsil, Əlavə
təhsil sektorları yaradılıb. Bu yeni strukturların
yaradılması müvafiq sahələrdə təhsil siyasəti
və strategiyasının daha məqsədyönlü
hazırlanması və çevik həyata keçirilməsinə
zəmin yarıdıb. Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi təhsil siyasəti
və strategiyasını müəyyənləşdirir,
prioritetləri nəzərə almaqla inkişaf proqramları
hazırlayır, təhsil sistemi ilə bağlı məlumatları
təhlil edir və müvafiq təkliflər hazırlayır,
təhsil sistemində strateji planlaşdırmanı və
hesabatverməni həyata keçirir, vahid inkişaf
strategiyasının və kadr siyasətinin
formalaşdırılmasında iştirak edir, təhsili idarəetmə
orqanları və təhsil müəssisələri tərəfindən
mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik
rəhbərliyi həyata keçirir. Monitorinq və qiymətləndirmə
şöbəsi dəqiq qiymətləndirmə
standartları əsasında hazırlanmış beynəlxalq
(ölkədə təhsilin səviyyəsinin müxtəlif
aspektlərdə ölçülməsi və digər
ölkələrlə müqayisəli təhlilinə imkan
verən və beynəlxalq təşkilatlar tərəfindən
aparılan qiymətləndirmə), milli (təhsildə
proqnozlaşdırma və perspektivləri, təhsil siyasətini
müəyyənləşdirmək üçün təhsilin
vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi
və müzakirəsi tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək
məqsədilə 4-5 ildən bir təhsilin bir pilləsindən
digərinə keçid zamanı aparılan qiymətləndirmə)
və məktəbdaxili (diaqnostik, formativ, summativ) qiymətləndirmə
sisteminin ümumtəhsil məktəblərində həyata
keçirilməsi, müasir qiymətləndirmə
metodlarından istifadə edilərək şagird nailiyyətlərinin
obyektiv qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin
təhlili, təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqi, təhsilin bütün pillələri və səviyyələrində
keyfiyyətin idarəedilməsi və digər bu kimi
funksiyaları yerinə yetirir.
Təhsilin
idarəolunmasının məlumat sistemləri şöbəsi
təhsil sistemində bütün pillələr və səviyyələr
üzrə məlumat bazasını formalaşdırır və
daim yeniləşməsini təmin edir, müvafiq hesabatlar
hazırlayır, təhsil müəssisələrinə
TİMS-lə bağlı təşkilati-pedaqoji və metodik
köməklik göstərilməsini, təhsilin
inkişafı sahəsində proqnozlaşdırmanın
aparılmasını, milli təhsil resurslarının
formalaşdırılmasını və inkişaf etdirilməsini
təmin edir.
Akkreditasiya
şöbəsi təhsil prosesinin təşkilinin, təhsil
infrastrukturunun və maddi-texniki bazanın, təhsil
proqramlarının, kadr potensialının, maliyyə
resurslarının qəbul olunmuş dövlət
standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə
təhsil müəssisələrini akkreditə edir və onun
statusunun müəyyən edilməsi üzrə, eləcə
də yeni yaradılan təhsil müəssisələrinin fəaliyyətinə
lisenziya verilməsi ilə bağlı təhlillər
aparır və təkliflər hazırlayır”.
Nazir
bildirib ki, idarəetmənin səmərəli təşkili
bir sıra şərtlərdən asılıdır, əsas
şərt isə, əlbəttə, etibarlı məlumatların
olmasıdır. Etiraf etmək lazımdır ki, əvvəllər
Nazirlik belə məlumatlara malik deyildi, yaxud da əldə
olunan məlumatlar subyektiv yoxlamalar əsasında
formalaşmış mülahizələrə əsaslanırdı.
Hazırda isə Təhsil Nazirliyində çevik idarəetmə
sistemi yaradılmışdır. Belə ki, idarəetmə
üçün zəruri olan məlumatlar, əsasən, iki mənbədən
daxil olur.
İlk
növbədə, təhsilin idarəolunmasının məlumat
sistemləri bazasından: “Milli və beynəlxalq qiymətləndirmənin,
IX və XI siniflərdə mərkəzləşdirilmiş
yoxlama və buraxılış imtahanlarının nəticələri
nəinki şagirdlərin nailiyyətləri, eləcə də
fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi,
müəllimlərin fəaliyyəti, kurikulumun, dərsliklərin
səviyyəsi barədə etibarlı mənbə rolunu
oynamaqla bilavasitə keyfiyyətin idarə olunmasına zəmin
yaradır.
Bunlarla yanaşı, Nazirliyin nəzdində Təhsilin informasiyalaşdırılması, De-institutlaşdırma və uşaq müdafiə sistemi idarələrinin yaradılması ölkə səviyyəsində adıçəkilən istiqamətlərdə proqramların daha səmərəli idarəolunması imkanlarını genişləndirib. Təhlil göstərir ki, təxminən 10 il bundan əvvəl Nazirliyin strukturu, fəaliyyətinin təşkili və təhsil sisteminin idarəolunması ilə bu günkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş verib. Bu dəyişiklikləri aşağıdakı kimi ümumiləşdirmək olar:
Nazirliyin strukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilib, strateji təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, məlumat sistemləri, akkreditasiya, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılıb. Belə strukturların yaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətinin işlənməsi və həyata keçirilməsinə öz töhfəsini verib. Nazirliyin Mərkəzi aparatında kadr tərkibinin keyfiyyətcə yeniləşdirilməsi istiqamətində ciddi addımlar atılmış, Dövlət Qulluğu Məsələləri Komissiyası tərəfindən böyük rəqabət şəraitində keçirilən müsabiqə nəticəsində Nazirliyə gənc, perspektivli və xarici dilləri bilən mütəxəssislər işə götürülüb. Nazirliyin Mərkəzi aparatında çalışan əməkdaşların 90 faizi ölkədə və xaricdə təşkil olunan treninqlərdə, seminarlarda, stajkeçmə tədbirlərində iştirak etmiş, xaricdə magistratura təhsili alıb və öz bacarıqlarını təkmilləşdirib. Nazirlik tərəfindən strateji təhlillər əsasında çoxlu sayda dövlət proqramı hazırlanıb, ölkə prezidenti və hökumət tərəfindən təsdiq edilib və həyata keçirilməkdədir. Proqramlarla idarəetmə Təhsil Nazirliyinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edib, yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Tarixən Təhsil Nazirliyi heç bir proqram reallaşdırmadığı halda, qısa müddət ərzində təhlillərin aparılması, proqramların hazırlanması və həyata keçirilməsi sahəsində zəngin təcrübə toplanıb, bu təcrübə sonradan ölkəmizin digər dövlət strukturları, nazirlikləri üçün nümunə rolunu oynayıb”.
M.Mərdanovun dediyinə görə, əvvəllər Təhsil Nazirliyinin fəaliyyəti, əsasən yuxarı təşkilatlardan daxil olan direktiv sənədlərin icrası, yoxlama xarakterli tədbirlərin həyata keçirilməsi, vətəndaşların müraciətlərinə baxılması məsələləri ilə məhdudlaşırdısa, hazırda bu qurumun fəaliyyəti daha çox təhsil sektorunun bütün sahələri üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi, məqsədli proqramların hazırlanması və reallaşdırılması, keyfiyyətə nəzarətin müasir modellərinin tətbiqi, davamlı inkişaf və insan kapitalının formalaşdırılması və digər bu kimi əhəmiyyətli məsələlərə yönəlib. Əvvəllər Təhsil Nazirliyi yalnız birbaşa onun tabeliyində olan müəssisələr üçün nəzərdə tutulan maliyyəni idarə edirdisə, hazırda bütün ölkəni əhatə edən irimiqyaslı investisiya layihələrini, dövlət proqramlarını, əvvəlkindən yüz dəfələrlə artıq maliyyə vəsaitini idarə edir ki, bu da Nazirlik üçün tamamilə yeni funksiyalar, təcrübə və məsuliyyət deməkdir. Əvvəlki dövrlərdə Nazirliyin fəaliyyətində əsas yerlərdən birini tutan yoxlamalar əvəzinə, keyfiyyətə nəzarətin müasir mexanizmi olan monitorinq sistemi tətbiq edilməyə başlanılıb: “Monitorinq müasir idarəetmə sistemində ən mühüm sahələrdən biridir. Təhsil sahəsində monitorinqin məqsədi təlimin məzmununun təkmilləşdirilməsi, təhsil alanlara nəyin və necə, hansı təlim metodlarından istifadə etməklə öyrədilməsinin müəyyənləşdirilməsi, dövlət standartlarının mənimsənilməsi səviyyəsinin aşkara çıxarılması, nəticələrin qiymətləndirilməsi və onlara uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Monitorinq vasitəsilə təhsil müəssisəsinin fəaliyyətinin səmərəlilik səviyyəsi aşkar olunur və qiymətləndirilir. Bu zaman müəssisənin fəaliyyətinin faktiki nəticələri və onların son məqsədlərə uyğunluğu təhlil olunur. Ənənəvi təcrübədə son nəticələrin qarşıya qoyulmuş məqsədlərə bu və ya digər dərəcədə uyğun gəlməməsi praktik təhsil işçiləri tərəfindən heç də həmişə nəzərə alınmır. Həmin səbəbdən də monitorinqin vəzifəsi məhz fəaliyyət prosesində yol verilmiş kənaraçıxmaların dərəcəsini, istiqamətini və səbəbini düzgün müəyyənləşdirməkdən ibarətdir.
İdarəetmənin hər bir funksiyası monitorinqin əsas təhlil obyekti kimi çıxış edir, yəni monitorinq fəaliyyətin məqsədlərinə, planlaşdırılmasına, təşkilinə və icrasına, habelə kommunikasiya və korreksiya proseslərinə sirayət edir. Başqa sözlə, monitorinq məqsədlərin və planların həyata keçirilməsinin qiymətləndirilməsi vasitəsidir. Monitorinqin vəzifələrindən biri də məqsəd və planlaşdırma arasındakı fərqi azaltmaqdan ibarətdir. Bu baxımdan, müasir dövrdə aşağıda göstərilən istiqamətlərdə monitorinqin keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “təhsil alan – təhsil verən” sistemində, “təhsil müəssisəsi – müəllim” sistemində, “təhsili idarəetmə orqanı – təhsil müəssisəsi” sistemində və sair. Düşünürəm ki, gələcəkdə monitorinqlərin aparılmasında tamlıq, relevantlıq, adekvatlıq, obyektivlik, dəqiqlik, fasiləsizlik, sadəlik, anlaşıqlılıq, müntəzəmlik prinsiplərinə xüsusi diqqət yetirilməli, müvafiq şöbənin fəaliyyət dairəsi genişləndirilməli, kadr potensialı gücləndirilməlidir.
İnkişaf etmiş ölkələrin təcrübəsində monitorinqin aşağıdakı növləri mövcuddur: təhsil məqsədlərinin miqyası üzrə (strateji, taktiki, operativ); təlimin mərhələləri üzrə (başlanğıc, yaxud qəbulolunma dövrü üzrə, təhsilalma, yaxud aralıq dövrü üzrə, çıxış, yaxud yekunlaşma dövrü üzrə); vaxt şəraiti üzrə (retrospektiv, xəbərdaredici yaxud qabaqlayıcı, cari yaxud planauyğun); təkrarlanma şəraiti üzrə (birdəfəlik, dövri, müntəzəm); müşahidə obyektinin əhatəliliyi üzrə (lokal, seçmə, kompleks); təşkilati formalar üzrə (fərdi, qrup, frontal); obyekt-subyekt münasibətlərinin forması üzrə (xarici, yaxud sosial, qarşılıqlı nəzarət, daxili, yaxud özünüqiymətləndirmə); istifadə edilən vasitələr üzrə (standartlaşdırılmış, qeyri-standart və sair).
Keyfiyyətin idarə olunması təhsil prosesinin nəticələrinin mərhələlərlə müşahidə edilməsi (monitorinqi), bununla da hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerinə yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə həyata keçirilir. Bu baxımdan təhsilin keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması ilə nəticələnir, çünki hər iki proses respublika, rayon və təhsil müəssisəsi səviyyələrində sistemli və müntəzəm şəkildə müvafiq məlumatların toplanmasını nəzərdə tutur.
Müasir idarəetmə şəraitində keyfiyyət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Keyfiyyət mədəniyyəti o deməkdir ki, təhsilin keyfiyyətinə həlledici qiymət istehlakçı tərəfindən verilir. Təhsil sistemində istehlakçı şəxsində ilk növbədə təhsilalanlar və onların valideynləri, işəgötürənlər, həmçinin dövlətin özü çıxış edir. Təcrübə göstərir ki, təhsilin istehsal sahəsi kimi deyil, xidmət kimi qəbul olunması ona münasibətdə əsaslı dönüş yaradır və səmərəsini xeyli artırır. Belə olan halda xidmətin keyfiyyətinə verilən tələblər həm onu göstərən, həm də ondan istifadə edən tərəfindən müəyyən olunur.
Strateji planlaşdırma təhsilin keyfiyyətinin idarə olunması sistemində ən başlıca tələblərdən biridir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizdə ilk dəfə olaraq strateji planlaşdırma təhsil sistemində həyata keçirilməyə başlanmışdır. Beynəlxalq ekspertlərin iştirakı ilə ilk dəfə olaraq 2004-2006-cı illəri əhatə edən üç illik strateji plan hazırlanmış və həyata keçirilmişdir. Sonradan 2007-2009-cu və 2010-2012-ci illəri əhatə edən strateji planlar hazırlanıb. Strateji planlaşdırma ənənəvi planlaşdırmadan bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, ənənəvi planlaşdırma tədbirləri, onların icra vaxtı və icraya məsul şəxsləri əhatə edir. Əksər hallarda müəyyənləşdirilən tədbirlər abstrakt xarakter daşıyır, onların icra vəziyyətinin yoxlanılması mümkün olmur, beləliklə tədbirlər ildən-ilə planlarda təkrarlanır. Strateji planda isə hər bir tədbir ötən ilin hesabatlarının və nəticələrinin təhlili əsasında müəyyənləşdirilir, hər bir tədbirin icasını yoxlamaq üçün dəqiq indikatorlar işlənir, əvvəlcədən gözlənilən nəticələr dəqiqləşdirilir. Belə planlaşdırma hesabatverməni və icraya nəzarəti də xeyli asanlaşdırır. Onu da qeyd edim ki, hər ildə iki dəfə strateji planın icra vəziyyəti barədə hesabatlar hazırlanır, plan təhlil edilir, lazımi korreksiyalar olunur. Bununla yanaşı, planlaşdırılmış məqsədlərə nail olma səviyyəsi müntəzəm ölçülür, onların nəticələrinin qiymətləndirilməsinə diqqət yetirilir”.
Təhsil naziri vurğulayıb ki, təhsilin keyfiyyətinin planlaşdırılması təhsil müəssisələrinin fəaliyyətinin ümumi planlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda təhsil müəssisələrinin fəaliyyətinin perspektiv planlaşdırılmasında əsas nöqsanlar ondan ibarətdir ki, gələcəkdə əldə olunacaq nəticələrə verilən tələblər perspektiv nöqteyi-nəzərindən deyil, bugünkü mövqedən müəyyənləşdirilir və bu səbəbdən planlarda arzu olunan nəticələr öz dəqiq əksini tapmır. Həmin planlarda tədbirlərin uzlaşdırılması və əlaqələndirilməsinə ciddi əhəmiyyət verilmir, onlar əlaqəsiz, əsasən müstəqil tədbirlər kimi nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, mövcud təhsil müəssisəsinin başlıca məqsədi uzun müddətdən bəri yuxarıdan dəqiq müəyyənləşdirilmiş qaydalara uyğun fəaliyyət göstərmək və həmin sahədə funksiyalarını sabit şəkildə həyata keçirməkdir. Müasir təhsilin innovasiya mühitində idarə olunmasında ən vacib məsələ təhsil müəssisəsinin funksional rejimdən inkişaf və inkişafetdirici rejimə keçirilməsidir.
Təhsil müəssisəsinin inkişafı – onun məqsədlərinin, idarəetmə sisteminin, pedaqoji prosesin məzmunu, təlim metodları və üsullarının qanunauyğun, məqsədyönlü, idarə olunan şəkildə, bir qayda olaraq təkamül yolu ilə pozitiv dəyişilməsi deməkdir. Nəticə etibarı ilə həmin dəyişikliklər təhsilalanların təlimində, tərbiyəsində və inkişafında keyfiyyətcə yeni nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. Habelə bu proses əvvəlki keyfiyyət vəziyyətindən innovasiyaların tətbiqi yolu ilə yeni keyfiyyət vəziyyətinə keçidi şərtləndirir: “Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar. Belə ki, təlimatlandırma və nəzərdə tutulan, planlaşdırılan tədbirlərin mərhələlər üzrə səmərəli həyata keçirilməsi məhz onlardan asılıdır. Bu o deməkdir ki, dünən “mənə tapşırıldığı kimi” sxemi üzrə düşünən rəhbər bu gün mütərəqqi ideyaların təşəbbüskarına çevrilməlidir.
Onu da qeyd etmək vacibdir ki, lider dedikdə yalnız təhsil orqanının, təhsil müəssisəsinin rəhbərliyi nəzərdə tutulmur. Keyfiyyətin idarə olunması sistemi ənənəvi idarəetməni və iyerarxiyalar funksiyasını kökündən dəyişir. Bu zaman nəinki idarəedənlərin, eyni zamanda müəllimlərin rolu xeyli artır və təşəbbüskarlıq, yaradıcılıq üçün onlara geniş imkanlar açılır. Müəllimlər qərarların qəbul olunmasında iştirak edir və bu sahədə böyük məsuliyyət daşıyırlar. Onlara daha çox fəaliyyət hüquqları və müstəqillik verilir, habelə innovasiyaları həyata keçirən yaradıcı qrupların işinə rəhbərlik etmək üçün buna qabil müəllimlər cəlb olunurlar”.
M.Mərdanovun sözlərinə əsasən, təhsil sahəsində fəaliyyət göstərən liderin əsas funksiyalarına aşağıdakılar daxildir. Müəssisədə təhsil keyfiyyətinin gözlənilən ümumi səviyyəsini proqnozlaşdırmaq, keyfiyyətin yüksəlməsi prosesinin həyata keçirilməsinə görə məsuliyyət daşımaq, keyfiyyətlə bağlı görülən işlər barədə müntəzəm məlumat vermək, təhsil xidmətlərindən istifadə edənlərin tələbatlarını nəzərə almaq, müəssisə əməkdaşlarının ixtisasının artırılması prosesinə rəhbərlik etmək, innovasiyaların tətbiqinə rəhbərlik etmək, təşkilati strukturlar arasında vəzifə funksiyalarının maksimum dərəcədə dəqiq bölüşdürülməsini təmin etmək, səmərəli fəaliyyət göstərən komanda yaratmaq, müşahidə etməyə və proseslərin nəticələrinin qiymətləndirilməsinə imkan verən daxili monitorinq mexanizmi yaratmaq və onları inkişaf etdirmək: “ Təqdirəlayiq haldır ki, hazırda bir sıra təhsil müəssisələri inkişaf planlarının hazırlanmasına daha çox üstünlük verir. İnkişaf planlarında müəyyən müddət ərzində (3-5 il) təhsil müəssisəsinin əsas hədəfləri, bu hədəflərə nail olmanın yolları və gözlənilən nəticələr müəyyənləşdirilir. Bu təcrübə isə fəaliyyətin strateji planlaşdırılmasına zəmin yaradır. Düşünürəm ki, təhsil orqanları və təhsil müəssisələri səviyyəsində strateji planlaşdırmanın tətbiqi hazırda qarşıda duran əsas vəzifələrdəndir. Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin keyfiyyətinin idarə olunması sisteminin tətbiqi müəssisənin idarəolunmasına yeni yanaşmanı aktuallaşdırır. Bu gün dərindən dərk olunmalıdır ki, müəllimlər və təhsil prosesinin digər iştirakçıları daha öz funksiyalarına şəxsi nöqteyi-nəzərdən yanaşmamalı (“mən və mənim ixtisasım”, “mən və mənim uşağım”, “mən və mənim sinfim” və sair), öz rollarını birgə məsuliyyət və əməkdaşlıq kimi (“biz və bizim müəssisə”) qəbul etməlidirlər. Müəssisənin idarə olunmasında birgə fəaliyyət, orada təhsilin təşkili məhz təhsil prosesinin müxtəlif iştirakçılarını öz tərkibində birləşdirən vahid “təhsil komandası” şəklində həyata keçirilməlidir. Təhsil komandası xarici mühitə, təhsil ictimaiyyətinə (ailə, təhsili idarəetmə orqanları, icra hakimiyyəti orqanları, biznes aləmi və sair) açıq olmalıdır. Problemə belə yanaşmanın bir üstünlüyü də ondadır ki, təhsil komandasının hər bir üzvü, hər bir şəxs ümumi işin xeyrinə öz bacarığını sərf edir”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 31 mart.- S.10-11.