“Molla
Nəsrəddin” jurnalı və dövri
mətbuata münasibət məsələsi
IV YAZI
Düşməni
dostundan çox olan mühərrirlər
Mətbuatın qərəzsizliyi prinsipinə sadiq qalan “Molla Nəsrəddin” həqiqətin söylənildiyi məqamda istənilən mətbu orqanın tərəfini saxlayıb. Bu fikrin təsdiqi üçün belə bir fakta diqqət yetirək. Jurnalın 07 iyul 1906-cı il tarixli 14-cü sayının “Qafqaz xəbərləri” bölməsində “Cüvəllağı” imzalı “Gəncə” başlıqlı yazıdan aydın olur ki, “İrşad”ın 143-cü sayında Gəncə ruhani məktəbinin illik imtahanı haqqındakı məqalə məktəb müəllimlərinin xoşuna gəlməyib və onlar “İrşad”a təkzib yazaraq mətbuatda çap etdirmək istəyiblər. Lakin heç bir qəzet və jurnal redaktoru müəllimlərin təkzibini çap etməklə razılaşmayıb. Bu məlumatı yayınlayan “Molla Nəsrəddin” o dövrdə şəxsi mənafe naminə çalışan mətbuat nümayəndələrini də gülüş hədəfinə çevirib. Prinsipcə Cüvəllağının xahişi mollanəsrəddinçilərin estetik dünyagörüşləri ilə üst-üstə düşür. Jurnalın və onun redaktorunun ədəbi-estetik prinsiplərini ifadə etmək baxımından isə Ə.Haqverdiyevin aşağıdakı xatirələri xüsusi əhəmiyyət daşımaqdadır: “...Mirzə ilə bahəm əyləşib söhbətə məşğul olduq. Jurnalın məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu. Mirzə deyərdi:
–Adını mühərrir qoyub ortalığa çıxan gərək bir-bir vəziyyəti nəzərdə tutsun. Yəni mühərririn düşməni dostundan çox olacaq; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərririn qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta olümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar mənim dostum düşmənimdən çox olar, mən ona əminəm” (Ə.Haqverdiyev “Seçilmiş əsərləri”).
Qeyd edək ki, “Molla Nəsrəddin”in obyektivliyi çox zaman mollanəsrəddinçilərin tənqidinə məruz qalan digər qəzet və jurnal redaktorları tərəfindən də təsdiqlənib. Məsələn, Q.Məmmədlinin məşhur salnaməsindən məlum olur ki, Yaxın Şərqin ilk satirik məcmuəsi Bakı birinci rus-müsəlman məktəbi müəllimlərinin qeyri-pedaqoji hərəkətlərini tənqid edərkən həmin müəllimlər öz etiraz məktublarını “Həyat” qəzetinə göndəriblər. Qəzetdə müəllimlərin məktubu çap olunsa da, onlara cavab da verilib, “Molla Nəsrəddin”in mövqeyi dəstəklənib. Göstərilən cavabda redaktorun aşağıdakı şərhləri artıq ictimai şüurda mollanəsrəddinçiliyin qələbəsi deməkdir: “Molla Nəsrəddin” mədhiyyə, mədhü-səna yazmaq üçün çıxmır. Bu vəzifəni İran şairlərinə tərk edir. O, ancaq həcv ilə, istehza ilə, xəndə ilə qüsurlarımızı tənqid və islah yolunu tutmuşdur!.. Bundan kimsənin dilgir olmağa haqqı yoxdur. Sabah əgər məni də həcv etsə təşəkkürdən başqa əlimdən bir şey gəlməyəcəkdir”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Dövri mətbuatla əlaqədar “Molla Nəsrəddin” müntəzəm surətdə oxucu məsələsinə də toxunub. Başqa sözlə, informasiya, oxucu və jurnalist bağlılıqları çağdaş jurnalistikanı düşündürdüyü kimi mollanəsrəddinçiləri də məşğul edən əsas məsələlərdəndir. “Jurnalistlərin məlumat kitabı”nda eyni problem belə şərh olunur: “Məlumatlı olmağa cazibə. İnsanların əksəriyyəti qəzeti oxuyurlar ki, öz ölkələrində və xaricdə nə baş verdiyini bilmək istəyirlər. Təəssüf ki, elələri də var ki, onlar özlərinin məlumatı olmamasından əziyyət çəkmirlər. Jurnalistlər, öz təbiətləri etibarı ilə informasiya uducudurlar. Belə adamların varlığı ağlasığmaz görünür. Oxucunun məlumatlı olmağa çalışmasını nəzərə alaraq, qəzet ona özünün informasiya bazarındakı yerinə uyğun olan mövzuların geniş seçimini təklif edir. Yadda saxlayın ki, “ortabab” oxucu olmur. Ona görə də qəzeti cürbəcür yeməkləri olan kafeyə oxşatmaq lazımdır. Təzə xəbərləri öyrənmək istəyənlər adətən vaxt azlığından əziyyət çəkdiklərinə görə, materialı yığcam şəkildə vermək lazımdır (bu heç də o demək deyil ki, bütün materialları qısaltmaq lazımdır”.
Nəzərə alaq ki, “Molla Nəsrəddin”in nəşr olunduğu dövrdə məlumatsızlıqdan, elmsizlikdən “əziyyət çəkməyən” oxucular kifayət qədər idi. “Ortabab” olmayan oxucu axtarışı jurnalın əsas vəzifələri sırasına daxil edilməmişdi. Cəlil Məmmədquluzadə, ümumiyyətlə, oxucu kütləsinin mətbuata biganəliyini Azərbaycanda hər bir mətbu orqanın poblemi kimi qələmə alıb. Məsələn, “Molla Nəsrəddin”in 1906-cı il tarixli 17-ci sayında guya Ağdaşda qəzet satan bir şəxsin oxuculardan gileyləri çap olunub: “Ay Molla Nəsrəddin əmi! Sən allah bizim Ağdaşın adamlarına bir tamaşa elə. Mən burada qəzet satıram. “Həyat”, “İrşad” və qeyrilərindən hərəsindən yüz nüsxəyə kimi gətirdirəm. Oxuyan şəqiqətdə çoxdu, amma axırda başlayıram pulları saymağa, görürəm ki, əvvəl-axır gündə iyirmi iki qəpiklik qəzet satmışam: bir dənə “Həyat” 5 qəpik, “İrşad” 5 qəpik və “Molla Nəsrəddin” 12 qəpik. Sözün vazehi budur ki, Ağdaşda tək bircə nəfər nəğd müştərim var, qalanları nisyədirlər”.
Qətiyyətlə demək olar ki, “Molla Nəsrəddin” öz satirasında Azərbaycanda nəşr olunan digər mətbu orqanlardakı yazılardan yüksək səviyyədə, həm də yetərincə faydalanıb. Hətta müəyyən mənada belə demək mümkündür ki, məcmuə özünün bir çox materialları üçün mövzuları məhz başqa qəzet və jurnallardan alıb. Daha doğrusu, “Həyat”, “İrşad” və qeyri nəşrlərdəki yazılar “Molla Nəsrəddin”in söz meydanına şərait yaradıb. Əlbəttə, bu heç də Cəlil Məmmədquluzadə və onun mübariz əqidə dostlarının digər mətbu orqanlara qarşı olmaları demək deyildi. Əksinə, mollanəsrəddinçilərin digər mətbuat səhifələrində də yazılar çap etdirdiklərini görürük. Məsələn, mollanəsrəddinçi şairlər sırasında birincilik qazanmış Mirzə Ələkbər Sabirin şeirləri “Molla Nəsrəddin”lə bərabər “Həyat”, “Dəbistan”, “Rəhbər” və “İrşad”da da nəşr olunub, böyük şair “Səda” qəzetinin mətbəəsində, eləcə də “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyalarında çalışıb. “İrşad”ın, “Tərəqqi”nin, “Açıq söz”ün, “Yeni iqbal”ın müəllifləri sırasında Ömər Faiq Nemanzadəni də görürük və sair. Bütün bunlarla bərabər, “Molla Nəsrəddin” sanki o dövr mətbuatının bələdçisi funksiyasını da yerinə yetirib.
“Müsəlman
dünyasında durğu işarələrinin
özünəməxsusluğu”
Budur, jurnalın 1906-cı il tarixli 19-cu sayında “Filankəsə cavab” başlıqlı yazı maraqlı bir süjet üzərində qurulub. “Filankəs” Üzeyir Hacıbəylinin imzasıdır. Məlum olur ki, oxucular “İrşad”a yazaraq qəzetdə işlənən bəzi işarələrin mənasını öyrənmək istəyiblər. Filankəs həmin işarələrin məktəb və mədrəsədə öyrədildiyini bildirməklə yanaşı, mətndə nöqtənin, sual işarəsinin, mötərizənin işlənmə məqamlarına dair məlumat da verir. “Filankəsə cavab” müəllifinin fikrincə isə, müsəlman dünyasında durğu işarələrinin özünəməxsus mənaları vardır: “Yazırsınız ki, hər qurtarmış mətləbdən sonra nöqtələr qoyulur, məsələn, “Bu gün bazarda iki nəfər müsəlman dalaşıb bir-birini öldürdü, bu mətləb qurtardı, bundan sonra nöqtə qoymaq lazımdır”. Amma “Molla Nəsrəddin” lüğəti lap özgə cür məna edir: “Lüğətimiz yazır ki, əgər bazarda iki nəfər müsəlman dalaşıb bir-birini öldürdülər, burada nöqtə qoymaq böyük səhvdir, çünki hələ mətləb qurtarmayıb, burada tərs-püş qoymaq lazımdır, məlumdur ki, tərs-püşlər təkrar əlamətidir”.
Göründüyü kimi, bu yazı heç də “İrşad”ın tənqidi deyil, sadəcə Şərq aləminin özəl keyfiyyətlərinin əksidir.
“Molla Nəsrəddin”in dövri mətbuatdan bəhrələnməsini jurnalın ilk ilinin 20-ci sayında da izləyirik. Göstərilən saydakı həm “Teleqraf xəbərləri”, həm “İfratın mənfəəti” başlıqlı mətnlər, həm də sonda yazılan bir neçə cümlə mətbuata aiddir. Belə ki, “Teleqraf xəbərləri”ndə “Qoç-Dəvət”in pulsuzluq səbəbindən 19 nömrədən sonra öz ömrünü “Kaspi”, “Əl-hədidə”, “Müzəffəri” kimi qəzetlərə bağışladığı bildirilir. Beləliklə, həm də dolayısı ilə adıçəkilən digər qəzetlərin kimlərinsə maddi təminatından asılılığı yada salınır. “İfratın mənfəəti” felyetonu isə “Həyat”ın 176-cı nömrəsini oxuyanlar ilə bir balaca söhbət” cümləsi ilə başlayır. Məlum olur ki, qəzetin əməkdaşlarından cənab H.K. “İfratın məzərrəti” adlı məqalə çap etdirərək hüzn və qəmin millətin tənəzzülünə səbəb olduğunu təsdiqləməyə çalışıb və bu istiqamətdə Napalyon, Pyotr kimi dövlət adamlarının radikal islahatlarını da diqqətə çəkib. Lakin “İfratın mənfəəti” felyetonunun müəllifi kinayəli şəkildə cənab H.K.-nin fikirlərini təkzib edir, prinsipcə isə ilin on iki ayı müsəlmanları hüznə, ələmə çağıran mərsiyəxanların əsl məramını xalqa çatdırır.
Qətiyyətlə demək olar ki, “Molla Nəsrəddin”in saylarında müntəzəm surətdə bu və ya digər dərəcədə dövri mətbuat məsələsinə toxunulub. Hətta jurnal öz səhifələrində “Həyat”ın bağlanmasından bəhs edərək, qəzetin qapanmasının əsas səbəbi olaraq bu mətbu orqanın zərərlə işləməsini vurğulayıb. Təbii ki, bu vəziyyət də oxucu qıtlığı ilə əlaqədar idi. Fikrimizcə, jurnalın 15 sentyabr 1906-cı il tarixli sayında “Həyat”ın bağlanmasına ayrıcja yazı həsr edilməsi təsadüfi sayılmamalıdır.
“Molla Nəsrəddin”in 5
may 1906-cı il tarixli 5-ci sayının sonunda maraqlı bir elan diqqəti
cəlb edir. Əslində həmin yazı
mətbuatda elanın satirik publisistika janrına çevrilməsini
ifadə etmək baxımından da əhəmiyyətlidir. Guya
elan İranda nəşr olunan “Təməllüq” qəzetinin
abunəsi ilə əlaqədardır: “Təməllüq”
ruznaməsinin abunə
dəftəri açıqdır.
“Təməllüq” ruznaməsi
zalımları mədh,
cabirləri vəsf, vəzirlərə təməllüq
edən qeyri-ədəbi,
qeyri-siyasi və ümumə faydalı altı yüz ildən bəri yövmiyyə çıxan
senzorsuz fars
lisanında azad ruznamədir. İllik abunəsi məlum
deyil. Sətri mövqufdur kəlama.
Adres: İran-İdareyi-mübarikeyi-ruznameyi-şərifeyi-“Təməllüq”
Müdir
və mühərriri:
Cənab müstətab
Mirzə Medvedquluxan Miqrazüd-dövlə”.
Ərəb sözü olan “təməllüq” yaltaqlanma,
yaltaqlıq anlamındadır. Əlbəttə ki, “Molla Nəsrəddin”
redakrorunun tənqid hədəfi açıq-aydındır.
Daha doğrusu böyük Mirzə Cəlil Məmmədquluzadə “Təməllüq”
elanı ilə İran mətbuatının
yalnız tərif, yaltaqlıq yolu tutmasını lənətləyir.
Mirzə
Cəlilin fikrincə,
bu yol əslində
mətbuatın özünü
xalqın düşməninə
çevirir.
Məcmuədə “Təməllüq”lə bağlı
yazıların vaxtaşırı
yer tutduğunu görürük. Daha doğrusu, “Molla
Nəsrəddin”in redaktoru
və əməkdaşları
Cənubi Azərbaycanda
baş verən prosesləri daim diqqətlə izləyib, İranda şah tərəfindən elan edilən azadlığın
əsil mahiyyətini açıqlamağa çalışıblar.
Mollanəsrəddinçilər öz yazılarında
dönə-dönə vurğulayıblar
ki, İranda Millət Məclisi də şah rejiminin əlində bir alətdir və bu qurumun
fəaliyyəti gülüş
doğurmaqdadır. Əlbəttə, Millət Məclisin istibdada xidmət etdiyi bir məmləkətdə
mətbuatın yalnız
yaltaqlıqla məşğul
olması tamamilə təbiidir. Eyni səbəbdən məcmuə
İran mətbuatının
şah üsuli-idarəsini
mədh etməsini “Təməllüq”lə əlaqədar
ümumiləşdirilmiş şəkildə tənqid
hədəfinə çeviribdir:
“Təməllüq” ruznaməsi
1295-ci nömrəsində belə
yazır:
İran
mətbuatında Azərbaycan
dilinə ögey münasibət
“Cənab müstəmab... Xərguşüd-dövlə həzrətlərinin
ədalətpərvərliyindən və Yəmən təvəccöhatından bu
il çox
nafe yağışlar
yağıb və bağları və bostanları dolu vurmayıb. Xiyar, badımcan və
pamador firavandır.
Tiryək məsulatı
çox olub, inşaallah bu il axıra
kimi tiryək ucuz olacaqdır. Allah-taala Xərguşüd-dövlə
həzrətlərinin ömrünü
tulani eləsin, günbə-gün izzətini,
şövkətini, cəlalını
artırsın”.
Göründüyü kimi, “Molla Nəsrəddin”dəki
bu mətnlər yalnız kinayədən ibarətdir.
“Molla Nəsrəddin” jurnalının 16 iyun
1906-cı il tarixli 11-ci sayındakı
“İran” başlıqlı
yazıda “Azərbaycan”
qəzetinin bir xəbərindən söz
açılır. Maraqlıdır ki, guya “Molla
Nəsrəddin” “Azərbaycan”da
oxuduğu bir yazını öz səhifəsində təkrar
çap edib. Həmin mətndə isə bir söz belə
Azərbaycan dilində
deyil. Əslində jurnalın redaktoru
bu yolla İran mətbuatında Azərbaycan dilinə ögey münasibət bəslənildiyini diqqətə
çəkir.
Əlbəttə ki, “Molla Nəsrəddin”in
dövri mətbuata müraciəti bütün
məqamlarda məcmuənin
ədəbi-estetik prinsipləri
ilə bağlı olub. Başqa sözlə, mollanəsrəddinçilər
mövhumata, xürafata,
cəhalətə qarşı
mübarizədə digər
qəzet və jurnallarda çap olunan materiallardan da gərəyincə bəhrələniblər.
Mövhumat əleyhinə mübarizə aparan böyük Mirzə Cəlil Məmmədquluzadə və onun əqidə dostları din nümayəndələrinin ikili mövqe tutmasını, onların milləti dünyəvi elmlərdən uzaqlaşdırmalarını, bu istiqamətdə yenitipli məktəblərə qarşı radikal çıxış etmələrini daim qəzəblə qarşılayıblar. Daha doğrusu, dünyəvi elmlərin təkzibi çox zaman “kafər” anlamında “rus” məfhumunun nəzər nöqtəsinə çəkilməsi formasında həyata keçirilib. Bəli, mollanəsrəddinçilər “rus məktəbləri” adı altında yalançı ruhanilərin “kafər məktəbləri” deyərək həmvətənlərini elmlərdən uzaq tutmalarını, bununla belə, rus çarına və məmurlarına yaltaqlanmalarını daim nifrətlə qələmə alıblar. Bu tipli ifşalardan birini “Əbdürrəhim əfəndi” yazısında izləyirik. Yazının əvvəlində “Bürhani-tərəqqi”, “Həyat”, “İrşad” və “Noğareli” qəzetlərinin adı çəkilir və bu qəzetlərin hər birində Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndinin imperator Nikolaya mədhnamə göndərməsinə dair məqalələrin çap edildiyi bildirilir.
Rufik İSMAYILOV,
Bakı Dövlət Universitetinin
doktorantı
525-ci qəzet.- 2012.- 17 may.- S.6