Ana dilimizin fədakar
təəssübkeşi – professor Qara Məşədiyev
Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunun Onomastika şöbəsinin müdiri, Milli Məclis
yanında Toponimiya komissiyasının üzvü, filologiya
elmləri doktoru, professor Qara Məşədiyev uzun illərdir
Azərbaycan dilinin keşiyində dayanan fədakar alimlərimizdəndir.
O, Azərbaycan onomastika sahəsində öz məktəbini
yaratmış alimdir. Bu məktəb doğma xalqına, onun qədim
və zəngin mədəniyyətinə, dilinə, tarixinə,
ədəbiyyatına, mifologiyasına, milli təsdiqinə əvəzsiz
xidmət göstərir. Dilçi alimlə ömrünün
73-cü baharında görüşüb ötən illərə
nəzər saldıq.
...Yol...
– Qara müəllim, elmə uzaq bir dağ
kəndindən gəlmisiniz. İstərdim, söhbətimizə
də elə o uzaq kənddən, o uzaq illərdən
başlayaq...
– Gədəbəy rayonunun ucqar bir yerində,
Şınıx bölgəsinin Düzrəsullu sovetliyinin
Göyəmli kəndində anadan olmuşam. O kənddə
ki, cəmi 8-9 ev vardı. Birinci sinifdə oxumaq
üçün kəndimizdən 20 kilometr aralıda yerləşən
Zamanlı kəndinə gedirdik. Səhər yola
düşüb günorta məktəbə
çatırdıq. Balaca uşaqlar idik, çox əziyyət
çəkirdik, buna baxmayaraq, biz o kəndin uşaqlarından
daha yaxşı oxuyurduq. Yeddinci sinfi bitirəndən sonra
yolumuz bir az da uzandı. 30 kilometr aralıda yerləşən
Çayrəsullu kəndindəki orta məktəbə getdik.
Məktəbi əla qiymətlərlə bitirdim. Bakıya gəlib
sənədlərimi Azərbaycan Pedaqoji Dillər
İnstitutuna verdim, üç beş aldım, Azərbaycan-alman
dili fakültəsinə daxil oldum.
İnsan böyüdükcə, yolları
kimi arzuları da böyüyür. Arzuları onu
böyük, işıqlı şəhərə gətirdi.
O zaman ağlına da gəlməzdi ki, ömrünün 56
ilini bu şəhərdə yaşayacaq, dilçi alim olacaq,
ancaq gözünü açanda qavradığı dialekti, ləhcəni
heç vaxt unuda bilməyəcəkdi...
Qara Məşədiyev 1961-1966-cı illərdə
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil
alır. Sonra iki il Gədəbəy rayonunun Maarif kənd səkkizillik
məktəbində müəllim işləyir. 1968-ci ildən
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunda çalışır. 1974-cü
ildə “Müasir Azərbaycan ədəbi dilində adlıq
cümlə” mövzusunda namizədlik, 1991-ci ildə
“Qafqazın ərazi və tayfalarının təsviri
materialları məcmuəsi”ndə (SMOMPK) qeydə
alınmış Azərbaycan (türk) mənşəli
toponimlərin tarixi-linqvistik təhlili” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edir.
– Doktorluq dissertasiyasını 17 ilə
yazmışam. Çünki mövzum geniş bir sahəni əhatə
edirdi. Toponimika xalqımızın tarixidir, sərhədlərimizdir,
yurdumuzdur. Dilçilik baxımdan bu toponimləri
araşdırarkən tarixin qaranlıq qatlarından türk
tayfalarının izləri, mədəniyyəti, kökləri
haqqında dəyərli məlumatlar əldə etdim.
Əjdər Fərzəli Qorqud “Professor
Qara Məşədiyev öz məktəbini
yaratmışdı” məqaləsində yazır: “...Qara
müəllim bütün qayğılarını kənara
qoyub yenidən arxivlərə baş vurdu. 1881-ci ildən
1929-cu ilə kimi Tiflisdə nəşr olunmuş, toplu halda 46
cilddən ibarət “Qafqazın ərazi və
tayfalarının təsviri məcmuəsi”nin fundamental təhlilinə
başladı.
Sözügedən mənbənin tədqiqi
ilə daha çox rus, erməni müəllifləri məşğul
olurdular. Onlar məcmuədə – onun bütün 46 cildində
Azərbaycan mənşəli toponimləri, hidronimləri, və
antroponimləri – onların rus dilində
yazılışına əsaslanaraq “erməni mənşəli”
qələmə verməyə
çalışmışdılar. Qara Məşədiyev bu
yozumların əsassızlığını, elmlə
heç bir əlaqəsi olmayan uydurmalar olduğunu
gördü, elmi həqiqəti nağıldan
ayırmağın vacibliyini və
mümkünlüyünü sübuta yetirməyi
qarşısına məqsəd qoydu”. Və buna nail oldu.
Əsl müəllim
– Bir gün Platondan soruşurlar ki,
atanı çox istəyirsən, yoxsa müəllimini? Platon
deyir ki, atam məni göylərdən yerə endirdi, müəllimim
məni yerdən göylərə qaldırdı. Bu səviyyəyə
gəlib çıxmağınızda müəllimlərinizin
rolunu necə qiymətləndirirsiniz və onlardan kimləri
daha çox xatırlayırsınız?
– Müəllimlərimlə bağlı
xatirələrim çoxdur. Orta məktəbdə oxuyanda Mirzə
adlı yaxşı bir tarix müəllimimiz vardı. Bu
müəllimdən dörddən artıq qiymət almaq
qeyri-mümkün idi. Mən gecə-gündüz oxudum, Mirzə
müəllim haradan sual verdisə, oradan cavab verdim. Axır ki,
Mirzə müəllimdən beş aldım. Beş alandan
sonra Mirzə müəllim qohumum Qədir kişiyə deyir
ki, bu uşağın yeyəsi olsa, professor olar. İllər
keçsə də, o söz yaddaşımda ilişib
qaldı. 1998-ci ildə professor adını alanda birinci müəllimimi
xatırladım. Onun uzaqgörənliklə dediyi sözü,
bəlkə də arzusunu gerçəkləşdirdiyim
üçün ömrümdə heç vaxt keçirmədiyim
qəribə bir sevinc hissi keçirdim.
Tələbə vaxtı da yaxşı
müəllimlərim olub. Biz təqaüdlə dolanan tələbələr
idik. Ancaq əsl müəllimlərimizin
qayğısını, diqqətini həmişə hiss
edirdik. Cəfər Mehdiyev, Əminə Əliyeva, Tofiq
Hacıyev, Yusif Seyidov, Ağamusa Axundov mənim ən
yaxşı müəllimlərimdən olublar. Ağamusa
Axundov həm də mənim doktorluq dissertasiyamın məsləhətçisi
olub. Bax, bu müəllimlərimi görəndə,
başımda papağım olsa, bu yaşımda da
papağı götürürəm, onların
qarşısında düz dayanıb, baş əyirəm.
– Çin filosofu Konfutsi deyirdi ki, əgər
birillik planın varsa, taxıl ək, əgər 10 illik
planın varsa, bağ sal, əgər 100 illik planın varsa,
insanları öyrət. Siz də müəllimlərinizin
yolunu – 100 illik yolu seçdiniz...
-
Doktorluğu müdafiə edəndən sonra mənim də
dissertantlarım, aspirantlarım oldu. Yaxşı kitabxanam
vardı, o kitabxananı onların ixtiyarına verdim,
yazılarını gecikdirmədən oxudum, əlimdən gələn
köməyi etdim ki, onlar bu yolu axıra kimi getsinlər. Bu
günə kimi 20 elmlər namizədi və elmlər doktorunun
elmi rəhbəri olmuşam. Hazırda 2 doktorantım, 1
aspirantım, 3 dissertantım var.
“Ana dilim ölən
deyil”
– Qara müəllim, hər bir xalqın
dili həm də onun mədəniyyətidir. Dilçi alim
kimi dilimizin bugünkü səviyyəsi sizi qane edirmi?
- Dünya dilləri arasında Azərbaycan
dili qədər saf, gözəl, oynaq, musiqili, başqa dillərə
daha asan tərcümə olunan dil yoxdur. Çox incə,
musiqili dilimiz var. Biz dilimizin qayğısına
qalmalıyıq, onu kənar təsirlərdən
qorumalıyıq. Müstəqil ölkəyik,
qapılarımız dünya ölkələrinin üzünə
açıqdır. Ölkəmizdə xarici şirkətlər
fəaliyyət göstərir. Təəssüf ki, şəhərimizdə
çox adları ingilis dilində yazırlar ki, bu da dilin
qanunlarını pozur. Düzdür, dünya dilləri ilə
əlaqədə, münasibətdə olmalıyıq, beynəlxalq
sözlər istər-istəməz dilimizə daxil olur.
Onları qəbul etməliyik. Ancaq çalışıb
dilimizə daxil olan sözlərin
qarşılığını tapmalıyıq. Biz dilimizin
qayğısına qalmalıyıq və onları kənar təsirlərdən
qorumalıyıq.
Bu yerdə
böyük şairimiz Məmməd Arazın dilimizin himninə
çevrilən “Ana dili” şeiri yada düşür:
Azərbaycan – mənim elim!
Azərbaycan – mənim dilim!
Doğransam da dilim-dilim,
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!
– Qara müəllim, institutda sizə “Əsas”
– deyə müraciət edirlər. Demək, bir növ ombudsman
missiyasını yerinə yetirirsiniz.
- (gülür) Məni sakit adam kimi
tanıyırlar. Şikayəti, dərdi-səri olan mənim
yanıma gəlir. İmkanım daxilində köməyə
ehtiyacı olanlara həmişə əl uzatmışam.
Bu yerdə
mütləq bir haşiyə çıxmalıyam. Filologiya
elmləri doktoru, professor Məsud Mahmudovun Qara Məşədiyev
haqqında “Allah adamı” adlı maraqlı bir yazısı
var. Məsud Mahmudov yazır:
...Onun haqqında ilk cümləni qələmə
alarkən xəyal məni 1978-ci ilə çəkir. Onda Azərbaycan
Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda yenicə işə başlamışdım.
Günlərin birində indiki Sankt-Peterburq şəhərinə
bir neçə illik elmi təcrübəyə göndərilməyim
barədə qərar qəbul olundu və elə həmin
gün o, Dilçilik İnstitutunun dəhlizində məni
bir kənara çəkib gözlənilmədən bir qom pul
uzatdı: “Uzaq yol gedirsən, yad yerdə pul gərəyin
olar. Nə qədər lazımdır götür”.
Özünəməxsus uşaq təbəssümü ilə
gülümsündü: “Mən bunu sənə borc kimi vermirəm
ki. Təki sən oxuyub yüksələsən. Pulu qaytarmasan
da olar”.
Qara müəllim səmimiliyi,
mehribanlığı, insanpərvərliyi ilə ətrafındakıları
yaşamağa, yaratmağa həvəsləndirir. Onunla gələcək
planlarını müzakirə edən hər kəs
özünü məqsədləri önündə daha
güclü, daha qətiyyətli hiss edir.
– Aza qane olan insan kimi deyə bilərsinizmi
ki, insanın ən böyük bəlası nədir?
– İnsanın başına nə gəlsə
nəfsindən gəlir. Həmişə
çalışmışam nəfsimə qalib gəlim. Aman
verməmişəm ki, nəfsim məni yoldan
çıxarsın. Bu cəhətdən özümü
xoşbəxt sayıram.
Qara Məşədiyev həm də
gözəl ailə başçısıdır.
Böyüyə hörmət, ədəb-ərkan, İslam
dininə ehtiram, halal süfrə, halal çörək bu ailənin
əxlaq norması, yazılmamış qanunudur. Ailə
üzvləri ona böyük ehtiram bəsləyir, müdrik nəsihətlərinə,
öyüdlərinə canla-başla əməl edirlər.
Bu, daxildən gələn bir sevgi, hörmətdir.
–
Övladlarım oğul-uşaq sahibləridir. Günün bu
günündə də mən qapıdan içəri ayaq
qoyanda onlar ayağa dururlar, bir dəfə üzlərinə
baxanda nə demək istədiyimi bilirlər. Nəvələrim
yaxşı oxuyur. Deyirəm, kim daha yaxşı oxusa,
kitabxanamı ona bağışlayacağam.
Nikbin xarakterli Qara müəllim
sözünə davam edir:
– Necə ki, ömür var, işləməliyik,
xalqımıza xidmət etməliyik, öyrənib bildiklərimizi
gənc nəslə öyrətməliyik. Bir də Allah bizə
kömək etsin, sərhədlərimiz bütövləşsin,
işğal altında olan torpaqlarımız azad olsun. Bu,
xalqımızın ən böyük arzusudur.
“Dörd şey geri gəlməz: deyilən
söz, atılan ox, keçən zaman, qaçırılan
imkan”. Ömər Xəttab belə deyirdi. Amma insanlar min illərdi
ki, bu həqiqəti bilə-bilə söz deyir, ox atır,
keçən zamana baxır, imkanı qaçırır.
Vaxtdan ucada dayananlar isə zamanın içində vaxt
tapıb elm ziyasında nurlanır, başqalarının da
ömrünü işıqlandırır. Qara Məşədiyev kimi...
Təranə
VAHİD
525-ci qəzet.-
2012.- 18 may.- S.6.