Cəfər
Cabbarlının həyatı və mühiti
yeni təfəkkür
işığında
ASİF RÜSTƏMLİNİN
BÖYÜK DRAMATURQA HƏSR OLUNMUŞ MONOQRAFİYASI HAQQINDA
QEYDLƏR
Azərbaycan
ədəbiyyatının, xüsusən
dramaturgiyasının ən görkəmli nümayəndələrindən
olan Cəfər Cabbarlı qısa ömür sürsə də,
dövrünün ən qüdrətli qələm sahibi kimi
xatirələrdə qalmışdır.
Cəmi 35
il ömür sürmüş, 20 il ədəbi
yaradıcılıqla məşğul olmuş C.Cabbarlı
lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri,
dram əsərləri ilə ədəbiyyatımızda
böyük şöhrət qazanmışdır.
Sovet
dövründə C.Cabbarlının əsərləri,
xüsusən dramaturgiyasının təhlilində müəllifin
mövqeyi, məramı, əsərlərinin alt
qatındakı dərin məna üzə
çıxarılmamış, ideyası
açılmamışdır. Müstəqillik
dövründə ədəbi tənqid bu qiymətli əsərlərə
yenidən müraciət etməli olmuş, onun əsərləri
hərtərəfli və obyektiv təhlil obyektinə
çevrilmişdir. Bu sahədə
ədəbiyyatşünasların yeni nəsli
xüsusilə fərqlənmişdir.
C.Cabbarlının arxiv künclərində saralmış vərəqləri
və bütün əsərlərinin gənc
tədqiqatçılar tərəfindən yeni
təfəkkür işığında təhlil olunması
və dəyərləndirilməsi, yazdıqları və çap etdirdikləri məqalələr və
kitablar ədəbiyyatşünaslığa
layiqli töhfə olmaqla
bərabər, ədibin şəxsiyyətini bütün
incəliklərinə qədər aşkarlamışdır.
Bu baxımdan istedadlı alim, tanınmış ədəbiyyatşünas
Asif Rüstəmlinin uzun
illik tədqiqatlarının nəticələrini
“Cəfər Cabbarlı: həyatı və mühiti”
adlı sanballı monoqrafiyada ümumiləşdirib
nəşr etdirməsi ayrıca qeyd
olunmalıdır. Səkkiz fəsildən ibarət monoqrafiya zəngin ədəbiyyat
siyahısı ilə tamamlanmışdır.
Monoqrafiyanın başlıca məziyyəti
C.Cabbarlının həyatı və
yaradıcılığının yeni təfəkkür
işığında araşdırılması və qiymətləndirilməsidir.
Monoqrafiyanın “Cəfər
Cabbarlı: yaradıcılığın sübh
çağı” adlanan I fəslində ədibin
həyatının ilk çağları
– doğulduğu, böyüdüyü
mühit, təhsil illəri, şagird dostları, müəllimləri
haqqında söhbət açılmışdır. Çünki sovet
dövründə C.Cabbarlı haqqında
aparılan tədqiqatlarda və nəşr olunan
kitablarda, o cümlədən
dərsliklərdə müəyyən dəqiqləşdirmələrə
ehtiyac var idi. Belə ki,
C.Cabbarlının sinif
yoldaşlarından, ona dərs demiş müəllimlərdən birinin tərcümeyi-halında sovet ideologiyasına uyğun
gəlməyən adi bir
fakta görə onları ya
çap etməmişlər, yaxud da lazımi “düzəlişlər”
aparmışlar. Ona görə də
A. Rüstəmli ilk növbədə bu təhrifləri düzəltməli olmuşdur.
“Müşahidələrin
obyektivliyinə kölgə salmamaq şərtilə
qeyd olunmalıdır ki,
“gözlərini açanda dünyanı
qaranlıq görənlər” (M. Cəlil),
“Qaranlıq gecədə səni gözləyib, durmaqdan yoruldum, ey dan ulduzu”
(C.Cabbarlı) – deyənlər cəmiyyətdə müəyyən
bir təbəqəyə çevrilmişdi
və onların mədəni həyatdakı siyasi
alatoranlıqdan darıxdığı, mənəvi
bürküdən boğulduğu, bezdiyi, qaranlıq mühitə
ədəbi aydınlıq gətirə biləcək “dan ulduzu”nun,
istiqlal ulduzunun həsrətilə
alışıb-yananların nigarançılıq və
narahatlıq ilə müşayiət olunan
ümid dolu
baxışları yeni epoxanın, yeni eranın, yeni əsrin
üfiqlərinə, dan yerinə dikilmişdi. XX yüzilliyin
sübh şəfəqləri qürub etməkdə olan
əsrin qatı dumanlığından boy
göstərməkdə idi...”
A.Rüstəmli ilk öncə
Cəfər Cabbarlının doğum tarixini göstərən fərqli sənədlərin
mövcudluğuna baxmayaraq
dəqiqləşdirmələr aparmış, 1899-cu il tarixinin düzgün
olduğunu təsdiq etmişdir.
Onun
axtarışları nəticəsində məlum olmuşdur ki, C.Cabbarlının
ilk şeirləri 1915-ci ildə yox, “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il tarixli sayında dərc edilən “Eşidənlərə”
və “Şücaətim” adlı satiralarıdır. “Eşidənlərə”
şeiri on beytdən
ibarətdir. “Şücaətim” şeiri
6 misradır. Burada özünü
“ustadı-kamil”, “ülumi-ələm” (elmlərin alimi) adlandıran bir
lovğanın obrazı yaradılmışdır... Şeirdə
natamamlıqla yanaşı, sənətkarlıq
baxımından təcrübəsizlik, sadəlövhlük də
özünü göstərir. Buna baxmayaraq 12
yaşlı Cəfərin ilk mətbu satirik şeiri
“Şücaətim” maraq doğurur”.
Monoqrafiyada “Vəfalı
Səriyyə” əsərinin yazılma tarixi
də dəqiqləşdirilmişdir. Yəni əsər
müəllifin qeydlərindən aydın olduğu
kimi 1915-ci ildə deyil,
1912-ci il noyabrın 1-də, Qurban ayının 3-də
tamamlanmışdır.
Birinci fəsildə
“Ulduz”, “Ədirnə fəthi” dramları
ilə bağlı bəzi şəxsiyyətlərin adı Sovet dövründə çəkilmədiyindən
müəllif bu məsələlərə
geniş yer vermiş, şərhlər, izahlarla
onları təqdim etmişdir.
“Cəfər Cabbarlı
Cümhuriyyət dönəmində” fəslində 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini
bərpa etməsi haqqında istiqlal bəyannaməsinin
elan olunması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
xalqımızın çoxəsrlik tarixinin
ən əlamətdar hadisələrindən biri
kimi qiymətləndirilmişdir.
Həvəskar oxucuların “Ulduz”
və “Ədirnə fəthi” əsərlərinin köçürdüyü surətləri indi müxtəlif muzeylərdə
saxlanılmaqdadır. 1919-cu il
sentyabrın 19-da qələbənin bir illiyi münasibətilə “Bakı müharibəsi”
tamaşaya qoyulsa da, onun əlyazması itirildi. A.Rüstəmli bu əsərlərə
yüksək qiymət verərək yazırdı:
– “Bakı müharibəsi” – Azərbaycanın
XX əsrin əvvəllərində ən ağır, ziddiyyətli
dövrünü bədii çalarda
və dramatik tonda
özündə əks etdirən tarixidir.
– “Bakı müharibəsi”- Zalım və qatil erməni hərbi bandalarının, onlara arxa, dayaq
rus bolşevizminə qarşı
amansız mübarizə aparan Nuru paşaya, Mürsəl
paşaya, Məhəmməd Tofiq bəyə minnətdarlıq çələngidir.
– “Bakı
müharibəsi”- Azərbaycanın azadlığı,
müstəqilliyi, bütövlüyü
uğrunda rəşadət və qəhrəmanlıq
göstərərək şəhid olmuş
qardaş türk məhmətçiklərinin
şərəfinə ucaldılmış ilk
bədii abidədir.
– “Bakı müharibəsi” – Türkiyə – Azərbaycan
dostluğuna tarixi
nümunə, əvəzsiz yardım üçün
ikincisinin birinciyə ehtiramıdır.
– Və nəhayət, “Bakı
müharibəsi” – əzəli və ədəbi qardaş Türkiyə xalqının yaxın
keçmişinə gənc dramaturq Cəfər
Cabbarlının həsr etdiyi trilogiyanın
– “Ulduz” və “Ədirnə fəthi”ndən
sonra üçüncü
dəyərli hissəsidir”,
Sovet
dövründə 1918-20-ci illərin ədəbi mühiti, o cümlədən
bu dramlar haqqında
ötəri yazılmış qeydlərdə hər üç dramın ideyası və sənətkarlıq
məziyyətləri təhrif olunmuş
şəkildə oxuculara çatdırılmışdır.
A.Rüstəmli bu
faktları konkret nümunələrlə
göstərir: “Öz burjua-mülkədar
ağalarına və Türkiyədəki hamilərinə
nökərçilik edən millətçi şairlər qəsbkar
türk əsgərinin silahını mədh
edir, Zaqafqaziyanın qardaş
xalqları arasında ədavət salır, dini
təəssüb və fanatizm təbliğ
edərək xalq kütlələrinin siyasi şüurunu
kütləşdirmək istəyirdilər. ... Bu qaragüruhçu, əksinqilabi
təbliğat o zaman
bəzi gənclərin şüurunu zəhərləyə
bilmişdi. Bu gənclərin
arasında Cəfər Cabbarlı da
vardı”,
1919-cu il martın 4-də
Azərbaycan teatrının ən müqtədir sənətkarı
olan Hüseyn Ərəblinski
faciəli surətdə qətlə yetirildi.
Gənc C.Cabbarlı bu hadisəni mədəniyyətimizə,
incəsənətimizə, teatrımıza qarşı ən
amansız zərbə hesab edərək
yazırdı: “Qarşıdan bir cəlladın
sapandından atılan bir daş
Ərəblinskini çocuqdan (yəni teatrdan-Y.A) ayırdı”.
A.Rüstəmlinin
yazdığına görə C.Cabbarlının bu ağır itkidən sonra
pyes yazmağa əli
gəlmirdi. 3 ildən sonra o,
“Oqtay Eloğlu”
dramında H.Ərəblinskinin mühitini,
mübarizəsini, düşüncələrini səhnəyə
gətirdi. Oqtay Eloğlunun
prototipi Hüseyn Ərəblinski
idi”.
A.Rüstəmli C.Cabbarlının istiqlal mövzulu şeirlərini
toplamış və “Azadlıq nəfəsli şeirlər”
adlı ayrıca məqalə yazmışdır (“Ədəbiyyat”
qəzeti, 19 iyun 1992, ¹ 25).
O illərdə gənc Azərbaycan dövlətinin
milli atributları – milli
himni, dövlət bayrağı, gerbi haqqında onlarla
şeirlər yazılmışdır. A.Rüstəmli qeyd edir ki,
“... üç boyalı, ay
və səkkiz guşə ulduzlu milli bayrağın simvolika
açımını ilk dəfə poeziyaya gətirən Cəfər
Cabbarlıdır”.
A.Rüstəmli C.Cabbarlının parlamentdə
gedən mübahisələrdən vəziyyətin gərginliyini
gördüyünü və şeirlərində
olan qəm, kədər, qüssə
motivlərinin də bunun təsirilə
yarandığını yazır. Tədqiqatçı monoqrafiyada yeni hakimiyyətin
ilk uğurları ilə yanaşı
qarşılaşdığı çətinliklər
haqqında da ətraflı məlumat vermiş, Bolşevik
Rusiyasının gənc müstəqil Azərbaycana
qarşı qərəzli mövqeyini
şərh etmişdir.
Monoqrafiyanın “C.Cabbarlı və
milli istiqlalçılar” adlı III fəslində
cümhuriyyətin süqutundan sonra həmin gecə bir qrup vətənpərvərin
C.Cabbarlının şəhərdən kənar evində toplanaraq gizli fəaliyyətə
keçməyi qərara aldıqları barədə məlumat
verilir.
C.Cabbarlı ilə birlikdə həbs olunmuş Rəhim bəy Vəkilov 25 aprel 1924- cü ildə 3 il müddətinə Yaroslavla
sürgün edilmiş,
sonralar məşhur Solovki
adasındakı ölüm düşərgəsinə
göndərilmişdir.
A.Rüstəmli C.Cabbarlı ilə Rəhim bəy
Vəkilovun MTN arxivində olan 30 iyun 1923- cü ildə
aparılmış üzləşdirmə protokolunu
ilk dəfə oxuculara
çatdırır. Burada R. Vəkilov C.Cabbarlının
Tiflisdən gələn menşevk
partiyası MK-nin nümayəndələri
ilə danışıq apardığını təsdiq etsə
də, Cabbarlı onun dediklərini qəbul
etməmişdir.
Monoqrafiyada C.Cabbarlının
məhbəsdə ikən “Maarif və mədəniyyət”
jurnalının 1923-cü il 4-5-ci
sayında “Qız qalası” poemasından bir
parça çap olunduğu qeyd edilmişdir.
“Bədii həqiqətlər
axtarışında” fəslində C.Cabbarlının həbsxanada
yazdığı “Olsun qoy”
şeiri “C” imzası ilə “Maarif və mədəniyyət”
jurnalının 1923- cü il noyabr tarixli
15-ci sayında nəşr olunmuşdur.
Bu şeiri
1991-ci ildə tərtibçilər T.Mahmud
və R.Həsənov Ə.Cavadın “Sən ağlama,
mən ağlaram” kitabına
salmışlar. Bir il
sonra prof. Əli Saləddin
də bu şeiri səhv
olaraq Ə.Cavadın ikicildlik
“Seçilmiş əsərləri”ndə
çap etdirmişdir.
C.Cabbarlının “Olsun qoy” şeirinin dərc olunduğu “Maarif və mədəniyyət”
jurnalının eyni sayında Ə.Cavadın
“Ayə” şeiri də öz
imzası ilə çap olunmuşdur.
Bu fakt da
“Olsun qoy” şeirinin Ə. Cavada məxsusluğunu
inkar edir.
A.Rüstəmlinin ədəbi məhkəmələr
barədə şərhləri də C. Cabbarlı
yaradıcılığının yeni təfəkkür
işığında tədqiqində bir
vasitə idi.
Monoqrafiyada C.Cabbarlının
gizli imzaları ilə bağlı müəllifin
tədqiqatında da yeni
tapıntılar diqqəti cəlb edir.
“Mütərcim Cəfər Cabbarlı” fəslində
mövzu haqqında ətraflı bəhs edilmişdir. Ədibin rus
və Avropa ədəbiyyatının ən
qiymətli nümunələrindən edilən tərcümələrin
üstünlükləri qeyd olunmuşdur.
Bu fəsildə ən
maraqlı fakt C.Cabbarlının
“Rövşən bəy Koroğlunun
atlanışı” şeirinin ingilis dilindən etdiyi uğurlu tərcümədir.
“Həyat və
yaradıcılığının son dövrü” fəslində tədqiqatçı
öz axtarışlarını
tamamlayır. Bu fəsildə onun dram əsərlərinin
adi gözlə görünən üst qatı yox, daxili mənası, siyasi
qayəsi, əsərlərinin əsl ideyası ustalıqla təhlil
süzgəcindən keçirilmişdir.
A.Rüstəmli yazır: “Cəfər
Cabbarlı Azərbaycanın müstəqilliyinə
qarşı bolşevizmin siyasi
istilasının bədii mənzərəsi kimi
“Od gəlini” tarixi
faciəsini yaratdısa, Solmazın gen və
qan qohumu olan “Sevil”i
mədəni təcavüzün faktı kimi
ortaya qoydu. “Od gəlini”nin ardınca “Sevil” tamam başqa
qiyafədə, özgə əhvali- ruhiyyədə Azərbaycan
tamaşaçılarının qarşısına
çıxdı. Solmazın Odlar yurdunda cismani məğlubiyyəti
onun mənəvi qələbəsi, Sevilin Moskva təhsilindəki
“qələbəsi” isə onun yeni ideoloji mühitdə mənəvi
məğlubiyyəti idi”.
Bu, C.Cabbarlı
yaradıcılığının yeni təfəkkür
işığında obyektiv, bənzərsiz
şərhinin bariz nümunəsidir. Bizim ədəbiyyatşünaslıq elmi və ədəbi tənqiddə də
indiyə kimi bu əsərin
əsas ideyasının ərəb istilasına qarşı
mübarizə olduğu və İslam dini əleyhinə
yazıldığı göstərilirdi.
A.Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı
və mühiti” monoqrafiyası
bütövlükdə son illərdə milli ideologiya əsasında
yazılmış, dərin elmiliyi, obyektiv təhlili ilə seçilən dəyərli
tədqiqatdır. Monoqrafiyanın bir üstünlüyü
də C.Cabbarlı yaradıcılığının əsl
mahiyyətinin açılmasında müəllifin 1920-ci ildən
əvvəl Azərbaycanda, 1920-ci ildən sonra
isə xaricdə, əsasən Türkiyədə qələmə
alınan zəngin irsdən hərtərəfli bəhrələnməsindədir.
Sonda bir daha müəllifi – filologiya elmləri doktoru Asif Rüstəmlini ciddi tədqiqatına
görə ürəkdən təbrik edir,
ona daha yeni və yüksək uğurlar
arzulayıram.
Yavuz AXUNDLU,
Professor
525-ci qəzet.- 2012.- 19 may.- S.29.