ORALARDA KİMLƏR VAR:Nadir Hüseynov-60

 

UZAQ KƏNDİN NADİR AKTYORU

 

Nəzərə alsaq ki, indi 2012-ci ildi ( hər dəfə bu sözləri yazanda kompüter sarsaqladı və eyni şeyi düz üç dəfə yazmalı oldum, bu da o demək idi ki, yazı çətin gedəcək,baxaq görək) incəsənət dünyasında bu gün üçün nadir sənətlərdən biri olan bədii qiraət- səhnə danışığı sənətinin bizim ölkəmizdə tanınmış nümayəndələrindən biri Nadir Hüseynovun altmış yaşı tamam olursa, təxminən on il öncə onun əlli yaşı olub və o zaman mən onun haqqında bir yazı yazmışdım. Həmin yazını yenidən oxudum və onu yenidən çap etmək istəyəndə yazını Nadir bəyə göndərdim və Nadir bəy yazını bəyənmədi, hətta dedi: məni biabır eləmisən. Təbii biabır sözünü elə dedi ki, mən incimədim, amma düşündüm ki, bu yazını çap eləməkdən vaz keçim.

Və elə də elədim. Sonra çox böyük ürək genişliyi ilə yazılmış istedadlı yazar Etibar Cəbrayıloğlunun Nadirlə bir söyləməsini ƏDALƏT qəzetində oxudum görüm ki,bu on il ərzində Nadir bəy nə qədər dəyişib,nələri eləyib? Gördüm ki, mənim o yazımda olmayan bir neçə məqam var ki, mənim bunlardan xəbərim olmayıb :

1.Salyan rayonunun Qırmızıkənd orta məktəbindəki radio qovşağı bu istəyimi, arzumu reallaşdırmaq üçün münbit şərait yaratmışdı. Məktəbin radio qovşağından səslənən şeirlərin, xəbərlərin əksəriyyətini mən oxuyurdum.

2.Deyəsən belədi. İndi Tofiq abi hər yerdə kəndimizin adını Xarabakənd kimi hallandırır, amma mən gözümü açandan oranı Qırmızıkənd kimi görmüşəm.

3.1975-ci ildə istedadlı tələbə kimi o zamankı Leninqrad şəhərində bədii qiraətçilər arasında keçirilən Vladimir Yaxontov adına Ümumittifaq festivalına göndərildim. Həmin festivala SSRİ-nin hər yerindən, o cümlədən kommunist düşərgəsinə rəğbəti olan ölkələrdən iştirakçılar gəlmişdi.Festivalda Robert Rojdestvenskinin “Rekviyem” əsərini doğma dilimizdə, Konstantin Simonovun “Gözlə məni” şeirini rus dilində ifa etdim. Festivalın qalibi olduğunu xatırlatsam, sualın cavabı aydın olar. Uzun illərdən sonra tələbələrim həmin festivalda iştirak edib qalib gəldilər.

5.Sizi yaxından tanıyan insanlardan biri deyir ki, Nadir Hüseynov televiziyaya çəkilişlərə gələndə xanım əməkdaşlar ona həsədlə baxırdılar. 60 illik yubileyiniz ərəfəsində o günlər üçün təəssüf hissi keçirmirsiniz?

– Kim təəssüflənməz ki? Amma 60 yaşımın tamam olmasını da özümə dərd eləmirəm. O günlərin öz, bu günlərin də öz gözəlliyi var.

Nadirin ömründəki mənim xəbərim olmayan bu detallar böyük ürəklə yazılan və adı da çox cəzbedici, yəni NADİR USTAD, USTAD NADİR söyləməsindən alınmışdır. (bax: “Ədalət” qəzeti 21.04.2012).

Təbii ki,necə baxılırsa baxılsın bu detalar mənim on il əvvəl yazılmış yazımda yox idi və mən o yazını çap etdirə bilsəm də, təkrar edirəm ki, vaz keçdim və Nadiri də qınamıram ki, o yazı onun niyə xoşuna gəlməyib.

Asan iş deyil, doğrudan da vaxtilə çox böyük mədəniyyət mərkəzi kimi tanınan Xarabakənd (Qırmızıkənd) sən demə bizdən sonra radio qovşağına da sahib olub və Nadirin özünün dediyi kimi o qovşağda lovğa-lovğa xəbərlər və şeirlər də oxuyub.

Nadirlə yazımın yenidən çapı söhbətində soruşdum: sən müəllimsən, de görüm kimləri yetişdirmisən? O da İlham Əsgərov, məsələn dedi. Düzü İlham bəyin Nadirin emalatxanasında oxuduğundan xəbərim olmayıb, amma məncə indiki məqamdan baxanda bu faktın özü də kifayət dərəcədə deyil.

Əslində Nadir elə bizim birimizdi, yəni müəyyən bir yaşa gələndən sonra düşünürsən ki,sən bu məmləkət üçün bir şeylər eləmisən.Eləmisənsə nədir bu məmləkətdən bunun cavabı?

Bu cavab yoxdur və ola bilməz.

Bax, bu tale işidi.

Nadirin etirazına, mənim yazımı bəyənməsinə baxmayaraq, yazımdakı sonluğu çap edirəm :

“Amma hər halda sənə son söz olaraq bunu deyim : bu dünya dəyişib, çox dəyişib və məni də yandıran odur ki, bir neçə il əvvəl Əlibəy Hüseynzadə haqqında film çəkməyə gedən qrup Salyanda o qədər soyuq qarşılanıb ki,onlar gecə gedib Cəlilabadda qalıblar...Və o qrup mənə deyəndə ki, bəs gəl bizimlə gedək, mən imtina etdim və dedim: mənim qonağım olacaqsınızsa gedə bilərəm.Allahdan maşında yer olmadı, mən də getmədim, çünki elə Salyanın özündə də bizim kimi adlara yer tapılmır, Qəribağa oğlu Nadir!

Özün bilərsən və özləri bilərlər.

Lətifəsi bizdən uzaq: böyük türk şairi Nazim Hikmətin unudulmaz misralarını xatırladım sənə : TƏSƏLLİSİZ YAŞAMAĞI BACARDIM,TƏSƏLLİSİZ ÖLMƏYİ DƏ BACARARAM...

Belə-belə işlər: əski adı Xarabakənd olan və yeni adı Qırmızıkənd olan, mənim də doğulduğum bir eldən çıxan Qəribağa kişinin oğlu aktyor Nadir Hüseynov...

Bağışla ki, bu dəfə AÇMASI məndən oldu...Bağışla...Çünki artıq indi nə o televiziya var, nə də sənin səsində bulutları aşan AÇMASI sözləri havalanır göy üzündə...  

NOT: bütün yazı boyu ancaq və ancaq atam Məhərrəm kişini xatırladım, bunu bilməni istərəm. Atan atamla eyni peşə və eyni tale sahibləri idi. Bunu da bilməni istərəm.

 

ONLAR NƏ DEDİLƏR

 

ƏNVƏR İMANOV

Pedaqoji elmlər namizədi

 

TOFİQ ABDİN ZƏNG ETMİŞDİ

 

Hal-əhval tutandan sonra Nadir Hüseynov haqqında bir qranka yazıb-yaza bilməyəcəyimi soruşdu. Mənsə qarşılığında “Neçə günə sizə çatdırmalıyam?” – deyə soruşdum. Cavab: “Bir həftəyə” oldu. Sağollaşdıq.

Doğrusu Nadir Hüseynovun 60 illik yubileyi haqqında yazını qələmə almaq təklifinin T.Abdindən gələcəyini gözləmirdim. Amma bu təklif bəlkə də ən gözlənilən olmalı idi. Çünki mənim uşaqlıq illərindən tanıdığım, dostluq etdiyim Nadir Hüseynovun yaradıcılığı barədə qələmə alınacaq yazının uzun illər boyu sənət və sənət aləmində çalışan bir insan, Tofiq Abdin tərəfindən ərsəyə gəlməsi daha uğurlu olar, qənaətinə gəldim. T.Abdin istər öz yaradıcılığı, əsərləri, istər digər sənətkarlar haqqında yazıları, üstəlik Azərbaycanın “Qobustan” ədəbi-bədii, incəsənət toplusunun naşirlərindən biri olaraq Nadir Hüseynovun Azərbaycan teatr sənətinə verdiyi töhfələri, səhnə yaradıcılığının sirlərini gələcək aktyorlara tədrisindəki uğurları, Azərbaycan televiziyasındakı uzunmüddətli silsilə çıxışları ilə tamaşaçı alqışları qazanmasını oxucuya çatdırmaqda daha önəmlidir deyə düşündüm.

Mənsə bu yazıda hörmətli Tofiq Abdinin indicə qeyd etdiyim zəngindən sonraya yox, ondan əvvəlki zamanları qələmə almağa çalışasıyam.

2012-ci ildə həmyaşıdlarımın, uşaqlıq və gənclik yoldaşlarımın və dostlarımın demək olar ki, çox böyük əksəriyyətinin 60 illik yubileyidir. Onların sırasında yaradıcı ziyalımız, peşəkar müəllim, natiqlik məharəti ilə seçilən və sevilən Nadir Hüseynov fərqlənənlərdəndir. Nadir müəllim haqqında saydığım bu keyfiyyətlər barədə fikir və rəylər sənət dostlarının və həmkarlarının öhdəsinə qalır. Mənsə uşaq yaşlarımızı, birinci sinfə qədəm qoyduğumuz günlərindən söz açmaq istəyirəm. Həmin dövr üçün mürəkkəbqabı, qələm, karandaş yeri oyulmuş, qatlama üstlüyünü qaldırmaqla çantalarımızı yerləşdirdiyimiz qara rəngli partalar arxasında eyni gündə, eyni saatda əyləşdiyimiz Nadiri sənətə, səhnəyə, müəllimliyə aparan mühit haqqında qeydlərimi Sizinlə bölüşürəm.

Nadir Hüseynov 60 il bundan öncə Salyan rayonunun Qırmızıkənd kəndində dünyaya göz açıb. Onun ailəsi zəhmətsevərliyi, halallığı ilə bütün kəndi, eli-obanı təmsil edəcək qədər sadə və səmimi idi.

Nadirin dil açdığı ailədə ilk oğlan övladı olması onun daim qayğı ilə əhatə olunmasına bir səbəb olub. Anası Nənəbacı ana şirin laylalarını oğul balasına sevə-sevə ürəkdən oxuyub. Beşiyin başında eşitdiyi laylalar Nadirin yaradıcılığında qanına, canına hopub və sonralar folklora olan sevgisinin başlanğıcı olub. Atası Qəribağa kişi zəhmətsevər olub. Alın təri, əlinin qabarı ilə qazandığı çörəklə ailəsini dolandırıb: Nadirdəki sənət adamına xas əməksevərlik atasından bir irs olaraq keçib.

Nadirin yaşadığı kənd Muğan düzünün həm özünəməxsus gözəlliyi, təbii genişliyi, həm də insanlarının saf mənəvi dünyasını özündə ehtiva edən bir kənd idi. Birbaşa Bakı-Astara dəmir yoluna söykənən kəndin 4 km Cənubi Şərqə doğru uzanan məhlələrində o zamanlar bir kimsədən pis bir söz, ifadə eşidilməzdi. Belə bir mühitdə Nadirin insanlardan eşidib öyrəndiyi əxlaqi saflığı özündə əks etdirən təmiz, ləziz və incə Azəri türk dili, Azərbaycan dili idi. İnsanın özünüdərk etməsi üçün ilk növbədə öz daxili dünyasını və ətraf mühiti dərk etməsi gərək olur. Nadir bu məsələləri uşaq yaşlarından kompleks dərk etməklə, həyatın mənasını həm də kəndin ictimai mühitindən öyrənmişdi.

Ötən əsrin 30-cu illərində quruculuq, əkinçilik və digər kənd təsərrüfatı sahələrində uğurlarına görə zəhmətkeş insanların əməyi sayəsində Qırmızıkənd bu adı almış və mədəni inkişafını təmin etmişdi. Həmin illərdə kənddə planlı şəkildə məktəb,mədəniyyət evi, kitabxana, xəstəxana, dəyirman və digər ictimai obyektlər tikilərək kənd camaatının ixtiyarına verilmişdi. Kəndin təxminən 1,5 km-dən keçən bala Kürün üstündə elektrik stansiyası qurulmuş, kəndə lazım olan qədər elektrik enerjisi vermişdir.

Dövrünə görə tikilmiş mədəniyyət evinin klubunda böyük səhnə qurulmuşdu. Bu səhnədə bir çox görkəmli sənətkarlar çıxış etmişdilər.

80-ci illərə qədər istifadədə olan bu səhnədə kənd məktəbinin özfəaliyyət dərnəyinin üzvləri də çıxış edərdilər. Həmin səhnənin ağır pərdələri Nadirin gözü önündə dəfələrlə açılıb bağlanmışdı. Nadirin sənətə gəlişində Qırmızıkənd məktəbinin, rəhmətlik Abuzər müəllimin məktəbi həlledici olmuşdu. Nadir bu məktəbdəki təhsil illərində sinif və məktəb şagird kollektivində yaxşı nə var idisə onların hamısını əldə etmişdi.

Nadir sinfin əlaçısı, ictimai işlərin təşkilatçısı və icraçısı, məktəb rəhbərliyinin və pedaqoji kollektivin sevimlisi idi.

Aldığı təhsil, əlavə dərnək məşğələləri onun natiqlik sənətinə yiyələnməsində əvəzsiz rol oynamışdı. İctimai işlərin təşkili, nitq mədəniyyəti dərnəyində müntəzəm iştirakı, özfəaliyyət dərnəyi, məktəbin radio qovşağında hər gün bir neçə dəfə təşkil olunan verilişləri, bu radio vasitəsi ilə ədəbi əsərlərin qiraəti və s. Nadirin aktyorluğa marağının artmasının kökündə duran məsələlərdən idi. Bəzən bütöv bir dram əsərinin məktəb və kənd klubunun səhnəsində tamaşaya qoyulması, həmin tamaşalarda Nadirin oynadığı baş rollar onu böyük səhnəyə doğru aparan bir yol idi.

Beləliklə, Nadir Hüseynovun aktyorluq sənətinə yönəlməsində ailə tərbiyəsinin, ictimai mühitin və məktəbdə aldığı təhsil və tərbiyənin əhəmiyyətini tezislərlə də olsa qeyd etdik.

Bütün bunların və gənclik illərində müqtədir sənətkarlardan aldığı dərs, mükəmməl ali təhsil Nadir müəllimin sənət taleyinə yazıldı. O, bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dossenti olaraq yetişən gənc aktyor nəslinə səhnə danışığının sirlərini öyrədir, onların nitq mədəniyyəti sahəsində biliklərinin səviyyəsini artırır.

Hörmətli və əziz dostum Nadiri 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları, övladlarına xoşbəxt həyat arzulayıram.

Hörmətli Tofiq müəllim, bağışlayın ki, yazının həcmi çox alındı; bir arzum da Nadirin gələcək yubileylərinin birində bu yazıda qeyd etdiyim tezislər əsasında geniş təhlillə oçerk hazırlamaqdır.

Sağlıq olsun!

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2012.- 19 may.- S.23.