“Ölümlərin ucuz
vaxtı”nın qiymətli poeziyası
ƏJDƏR
OLUN “YAŞA” ŞEİRLƏR KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏR
Təyyarədə Naxçıvana
uçuram. Uçuşun nə vaxt bitdiyini bilməmişəm.
Elə bil ovsun içindəyəm. Əjdərin
“ağır qranit sinə daşının altında qiyamət
günü də ayağa qalxmağa gücü
çatmayacaq” Namiq Abdullayevin həyatını anladan
şedevri məni ovsunlayıb. İçim danışır
mənnən: Bax böyük mənada ədəbiyyat budu,
yazı budu, sənətkarlıq budu...
Və bir də adamlara adamdan
danışmaq budu... 33 il bundan əvvəl
tanıdığım Əjdəri elə bil təzədən
kəşf elədim.
Adamlara adamdan danışmaq, adamlara aydan,
ulduzdan, əbədiyyətdən, ölümdən,
danışmaqdan qat-qat çətindi. Bu zor və çətin
işin öhdəsindən Əjdər sənətkarcasına
gəlib.
“Adamlar onu öləndən sonra da başa
düşməmişdilər” – deyir Əjdər. Ancaq Əjdərin
özü anladılması zor olan şeyləri anlatmaq
gücündədi.
Mən Əjdərin son kitablarını
oxuyandan sonra anladım ki, o hamının gördüyü və
heç kimin tanımadığı böyük bir qələm
sahibidi.
Əjdərin tanınmağından
(1982-ci il gənc şairlərin ümumrespublika müşavirəsindən)
düz 30 il – bir qərinə keçib.
Bir qərinəyə sığan bu
müddətdə bir qərinəyə sığmayacaq
işlər görüb Əjdər. O, bu gün şair,
yazıçı, dramaturq olmaqdan çıxıb
böyük düşüncə və fikir adamına
çevrilib. Bütün bunlara baxmayaraq, o mənim
üçün ilk dəfə tanıyıb sevdiyim
şairdi. Əjdərin adı çəkiləndə ilk
ağlıma onun 1982-ci ilin fevral ayının soyuğunda
kiçik bir otaqda ayaq üstə şeir oxumağı, yəni
şairliyi gəlir. Əjdər nə yazırsa yazsın o, mənim
üçün ilkin olaraq şairdi. Və ona görə də
stolumun üstündə onun son şeir kitabı – “Yaşa”
durur.
Şeir – təkbaşına dua
oxumaqdı. Əjdər dua eləmir.
Şeir – etirazdı. Əjdərdə
etiraz yoxdu.
Şeir – insanın ölümlə, əbədiyyətlə,
Allahla qarşılaşma anından doğan heyrətdi. Əjdər
heç nəyə heyrət eləmir.
Əjdərdə dua da, etiraz da heyrət də
bircə sözlə ifadə olunub- səmimiyyət. Əjdərin
sözlərə hopdurduğu səmimiyyət və sadəlik
duanı da, etirazı da, heyrəti də ifadə eləyir:
Ruhum şehli çəmənlikdir
Heyim, gücüm Vətənlikdir
Bələklikdir, Kəfənlikdir
“Vətən” dedim, Vətən, Vətən.
Burda nə təsbeh, nə mübaliğə,
nə mücərrədlik, nə də hay-küy var. Vətən
onun üçün bələkdə başlayıb kəfəndə
bitən və ikisinin arasında yaşanan bir şeydi. Sadə,
möhtəşəm və gözəldi.
Kim nə deyir qoy desin,
Səni sevib seçmişəm.
Aranına düşmüşəm,
Yaylağına köçmüşəm.
Əlimə dəryaz alıb
İki vər ot biçmişəm,
İyini alım Vətən,
Bir az yumşalım, Vətən !
Bu misralar keçmişdə
yaşadığım günlərim kimi əzizdi mənə,
bu misraların sözlərindən biçilmiş ot qoxusu,
yovşan ətri gəlir.
Mən həmişə
düşünmüşəm ki, nə azadlıq, nə Vətən,
nə də istiqlal “yaşasın” sözündə
yaşamır. Əjdər bunu hay-küy salmadan
pıçıltıynan, sənətkarcasına deyir:
Vətəni hürr olanın fikri,
sözü
hürr olacaq,
Özünü hürr edənin
oğlu-qızı
hürr
olacaq.
Ən azı şax gəzəcək,
lap ən azı hürr olacaq,
Söyləyim mənmi daha
neyləyəcək
İstiqlal?!
Əjdər Oldum, bizi biz
eyləyəcək
istiqlal!
Görüntü yaratmaq, özünü
gözə soxmaq bu günki Azərbaycan cəmiyyətinin bəlasıdı.
Əjdər bunu o qədər gözəl ifadə eləyir
ki:
Lazım deyil
Gözə kül üfürüb,
çirkli pula
Beş-on qaçqın
Yetim-yesir saxlamaq.
Nə “Şuşa”, “Laçın” deyib
zarıyırsan,
Keçmir ağlamaq.
Mənim fikrimcə, bütün bəşəri
dəyərlər aralıq mahiyyət daşıyır.
Çünki onların heç biri “özü-özündə”
bir şey deyil. Haqq-ədalət, azadlıq, xeyirxahlıq, qəhrəmanlıq
kimi bəşəri dəyərlər, özünün də
aralıq mahıyyət daşıdığı sevgidən
doğur. Əjdər bu böyük fəlsəfi fikri ikicə
misra ilə ifadə eləmək gücündədi:
Yurda məhəbbətim də
Bu saf sevgidən gəlir,
Deyirlər insaflıyam,
İnsaf sevgidən gəlir.
Yuxarıda sadaladığım bəşəri
dəyərləri tək bir sözlə – insafla ifadə eləmək,
onun da sevgidən doğduğunu söyləmək hər
şairin işi deyil.
Mən atam və anamla keçirdiyim
ömrü nə vaxtsa nağıl adlandırmışam. Və
mənə elə gəlir ki, onların biri olmayanda bu
nağıl bitir.
Atasına, anasına həsr elədiyi
şeirlərdə Əjdər bitən o nağılın
baş qəhrəmanıdır. Bütün nağıl qəhrəmanlarından
fərqli olaraq Əjdər bu nağılın sonunda Tanrı
yazısına məğlub olur. Hüzn və kədər
dolu bu şeirlərdə məğlub olan Əjdərin məğlubiyyəti
sonradan sözbəsöz onun qələbəsinə
çevrilir:
Səpmişdi barmaqları –
Getdi əlində xına.
“Ağrıyıram” deməzdi,
Qoymazdı qəlbim sına.
Vida vaxtı üzümü
Dayadım buz alnına
Anamı xatırladım...
Bu misraların hüznü, kədəri
öldürür adamı. Bu misralar sözlərlə
ölümün şəklini çəkməkdi, çəkib
sonradan onu əzizləməkdi, əzizləyəndən sonra
da o dərdi sevməkdi.
Sənə “qağa” deyirdim,
Hərdən qardaş olurduq.
Anam xəstə yatanda,
Yaşıd, sirdaş olurduq.
Od-alova dönürdük,
Alıcı quş olurduq,
Atam,ay atam....
Oxuduğum və tanıdığım
şairlərdən heç birinin yazmadığı, yaza
bilməyəcəyi səhnədi bu. Ölüm
yatağındakı bir ananın başı üstündə
ər və oğulun psixoloji vəziyyətini bu şəkildə
adi sözlərlə, füsunkarcasına söyləmək hər
şairin işi deyil.
Dərdi dərd kimi çəkməyin
ustasıdı Əjdər:
Başdan eləyirəm, başdan əkirəm,
Kim, doğan səhərə
şükür eləmir.
Əzabı mən elə gözəl
çəkirəm,
Bir kimsə dərdimdən fikir eləmir.
Mən olmuş bir hadisəni şeir
mövzusuna çevirməyin qəti əleyhinəyəm.
Şeir, olmuşlardan daha çox, olacaqların, olacaqlardan da
daha çox, yaşanan anların psixoloji və ruhi durumudu. Əjdər
baş vermiş hadisəni belə şeirə çevirməyi
bacaran şairdi.
Onun fantast yazıçı N.Abdullayevin
xatirəsinə həsr elədiyi şeir baş vermiş hadisə
olsa da, hadisədən daha çox psixoloji, ruhi
yaşantıdı:
Yasına gəlmədim,
Ovsuna gəlmədim.
Bircə şərtlə gələrdim,
Bilsəydim oturmusan,
Məclisinin başında
Bir kimsəyə baxmadan
Ehsanından yeyirsən,
Arabir də lələsinə vurub
Özün də özünə rəhmət
deyirsən.
Bu son iyirmi ildə “ölüm adiləşib,
ucuzlaşıb” ifadəsi az qala qulaqlarımızı
yağır eləyib. Ancaq bütün hallarda “niyə”, “nə
üçün” deyib bunun mahiyyətinə
varmamışıq:
Ölüb getdi ata-anam
Ölümlərin ucuz vaxtı.
Yerin-göyün bizə yağı
Yağıların quduz vaxtı.
Onlar adi insan idi,
Nə şəhid, nə qurban idi.
Ağ kəfənlər al qan idi,
Yaşımızın otuz vaxtı.
Bu kiçik şeirdə analitik
ağıl və poetik düşüncə bir-birini elə
tamamlayır ki, şərhə ehtiyac qalmır.
Mən həmişə fikirləşmişəm
ki, “şair kimdi” sualı varsa, onunla yanaşı “şairlik nədi”
sualı da olmalıdı mütləqa. Uzun illərdən
sonra düşünmüşəm ki, əslində
şairlik bütün həyatın boyu özünəbənzər
bir adam axtarmaqdır. Və sonda onu tapmamaqdır. Əjdər
bunu bilməmiş deyil. Bəlkə ona görə, Əjdər
Allahın şairə baş qoşmamasının səbəbini
belə gözəl açır və oxucusunu
inandırır.
Cənab Əzraili kim tanımır, kim,
Onun nə birliyi, nə dirliyi var.
Baş qoşmur şairə Allah müəllim,
Çünki Allahın da şairliyi var.
Əjdər həyatın və zamanın
kiçik və heç kimin fərginə
varmadığı detallarını iti gözü və fəhmi
ilə gözdən qaçırmayan, onları şeir
mövzusuna çevirən şairdi:
Can bacı, qanlı yanvar,
Bizlərə gör neylədi?!
Bakı qərənfilini
Yas çiçəyi eylədi.
...Yasa gedir qərənfil,
Üçə, yeddiyə, qırxa.
Qız, gəlin qucağından
Boylanır qorxa-qorxa.
Qısa zaman ölçüsündə
zamanın və hadisələrin təsiri ilə əşya
və predmetin öz ilkin mahiyyətini dəyişməyin və
başqa bir mahiyyət kəsb eləməyin poetik ifadəsidi
bu. Əjdər bu şeirdə bir az da irəli gedib hadisənin
çiçəyin başına gətirdiyi dəyişilməni,
faciəni sənətkarcasına anladır:
Yas tuturam mən ona,
Neçə ildi Bakıda.
Ən çox şəhid verən də
Qərənfildir Bakıda.
Bütün zamanlar üçün
yaşayacaq şeirdi bu.
Mən həmişə fikirləşmişəm
ki, dua bağışlanmanın insan əlində olan tək
və ümidsiz yoludur. Dua Əjdərin anlamında
dualıqdan çıxıb həm də Tanrıdan insan
adına nəsə istəməyin bir yoluna – vasitəyə
çevrilir:
Çiçəyə verən tək təravətini
Yerdən aldığını yerinə
göndər.
Qənim olduğunun səadətini,
Min-min bədbəxtin var,
Birinə göndər.
Axı tanıyırsan hamını
üzdən,
Görürsən əlimə baxanları
da.
Sən ki xəbərdarsan ürəyimizdən,
Unutma yadından çıxanları da.
Yenə də şərhə ehtiyac yoxdu.
Mənim üçün istənilən
yazının fəlsəfi yükü adi sözləri
söz olmaqdan çıxarıb onu sənət nümunəsinə
çevirmənin ilk və bəlkə də başlıca əlamətidir.
Heç nə almadan, əvəz istəmədən hər
şey verən Tanrının da nəyisə nəyin əvəzində
verdiyinin sirrini bilirmiş Əjdər:
Bu ay, il yığınına,
Heç ömür demərəm mən,
Qəlbimdən keçən arzu
Gözümdə qalacaqsa.
Verdiyinə min şükür
Heç nə istəmirəm mən,
Tanrı birini verib
Birini alacaqsa.
Bütün zamanlar üçün sirr
kimi qalacaq ölümün mahiyyətini və sirr pərdəsini
Əjdər bir neçə misrası ilə qaldırmağa
çalışır:
Həm zorun var, həm də zərin,
Allah, ölsəm, nədi xeyrin,
Tutular bir qəbir yerin,
Bir adam yerin açılar.
Ölümün üstünə
yazılmış, oxucuya təskinlik verəcək gözəl
şeirdi. Bir adamın ölümü ilə başqa bir adam
üçün yer açılması fikri orijinal və
inandırıcıdır.
Mənim əziz dostum Əjdər artıq
elə yaşındadır ki, özü də sözü
kimi kamilləşməyə doğru gedir. Belə
olmasaydı o, aşağıdakı misraları nə cür
söyləyə bilərdi:
Nə fikir əlindən avara qaldım,
Nə saldım özümü boş əziyyətə.
Həmişə, həmişə mən
hazır oldum,
Qələbə qədər də məğlubiyyətə.
Əjdəri oxudum və sevdim. Anladım
ki, bütün söz və sənət adamları kimi Əjdər
də əbədiyyət deyilən zaman
ölçüsündə, gələcəkdə
yaşamaq istəyir və yaşayacağına inanır:
İndi gələcəkdə
yaşayıram mən,
Adəmin Həvvanın gələcəyində.
Körpələr doğulur, qönçələr
açır,
Atamın, babamın gələcəyində.
Əzizim, qardaşım Əjdər! Sən
də bilməmiş deyilsən ki, gələcək bizim
içində olmadığımız indiki zamandı əslində:
Yatanlar yuxuya inanır indi,
Bircə mən bilirəm yalandır yuxu.
Uşaqlıq şəklim də baxır
divardan,
Neçə il sonrakı özünə
baxır.
Mən tam əminliklə deyə bilərəm:
– Əzizim Əjdər! Sən doğrudan da nə vaxtsa bizim
içində olmayacağımız gələcəkdə
yaşayacaqsan! Sənə bir daha sevgimi və ehtiramımı
bildirirəm!
Rüstəm
BEHRUDİ
525-ci qəzet.-
2012.- 19 may.- S.22.