“Ümumdünya
tarixi” üçcildliyi
TELMAN ORUCOV: “BU
ÜÇCİLDLİK GENİŞ MÜTALİƏ VƏ
AXTARIŞLARIN NƏTİCƏSİ OLARAQ ÜZƏ
ÇIXIB”
Bu
günlərdə ictimai xadim Telman Orucovun “Ümumdünya
tarixi” adlı kitabı işıq üzü görüb.
Xatırladaq ki, son illər T.Orucov mətbuatda tirixi, fəlsəfi
və siyasi mövzularda iri həcmli məqalələrlə
çıxış edir. “Zamanın ruhu”, “Tarixdə iz
qoyanlar”, “Ömürdən fraqmentlər”, “Düşüncələr
albomu”, “Gerçəkliyin əks-sədası”, “Qədim Roma:
qüdrətin qabarması və çəkilməsi”,
“ABŞ: beşikdən zirvəyə gedən yol”
kitablarının müəllifi olan T.Orucov həmçinin
ingilis dilindən tərcümələr də edir. O, ABŞ
prezidenti Barak Obamanın “Ümidin cəsarəti”
kitabını Azərbaycan dilinə çevirib.
Telman
Orucovun “Ümumdünya tarixi” kitabı “Qədim dünya
tarixi”ni, “Orta əsrlər tarixi”ni və “Yeni tarixi” əhatə
etməklə üç cildən ibarətdir. Nəfis şəkildə
nəşr edilən kitabda bir-birindən maraqlı tarixi
faktlar öz əksini tapıb. Ustalıqla işlənən
tarixi mövzulara incəliyinə qədər nüfuz edilərək,
ən xırda məqamlara belə işıq salınıb.
Kitabın diqqətçəkici məqamlarından biri hadisələrin
xronoloji ardıcıllıqla verilməsilə yanaşı,
eyni zamanda həmin məqamların müfəssəl şəkildə
izahının diqqətə
çatdırılmasıdır. Hadisələri özünəxas
şəkildə işləyən müəllif bəşər
tarixinin yaranmasından bu günə kimi cərəyan edən
tarixi prosesləri izahlı şəkildə qələmə
alıb.
Nəzəri cəlb edəcək məqamlarından biri kitabların sonluğunda xronologiya cədvəlinin dərc edilməsidir. Burada tarixdə önə çıxan hadisələrin baş vermə illəri öz əksini tapıb.
“Ümumdünya tarixi” kitabının ilk cildində qədim dünya tarixindən bəhs edilir. 5 hissədən ibarət olan bu cilddə bəşərin yaranmasının altoranlığı, kəndlərin, ticarətin və müharibənin meydana gəlməsi, şəhərlərin və sivilizasiyanın meydana gəlməsi, irqin mahiyyəti barədə maraqlı məqamlara toxunulub. Bununla yanaşı kitabın birinci cildində qədim Mesopotamiya, Babilistan, Assuriya, eləcə də Misir barəsində maraqlı faktlara rast gəlinir. Həmçinin qədim Misir, Yəhudi, Hindistan, Çin sivilizasiyaları haqqında geniş məlumatlara yer verən müəllif həmin dövrlərdə bu ərazilərdə işlənən tayfa adları və digər adların izahını da diqqətə çatdırıb. Kitabda qədim Yunanıstan mədəniyyəti, sivilizasiyası, Afinada polis quruluşu, həmçinin o vaxtki müharibələr və Ellinist sivilizasiyası haqqında tutarlı məlumatlar əks edilib. Makedoniya imperiyası ilə bağlı dəqqətçəkici məqamların yer verildiyi kitabda keçmiş Selevkilər dövləti barədə məlumatlar əldə etmək mümkündür. Kitabın birinci cildində bütün bunlarla bərabər o vaxtkı Persiya imperiyasının yaranması, inkişafı, Roma imperiyası, mədəniyyəti, Roma ədəbiyyatı və həyatı, onun sivilizasiyası və süqutu, xiristian dininin meydana gəlməsi, həmçinin qədim Asiya sülalələri, imperiyaları barədə geniş məlumatlar verilərək, tarixi məqamlara incəliyinə qədər nüfuz edilib.
“Ümumdünya tarixi”nin “Orta əsrlər tarixi” adlı ikinci cildi dünya ölkələrinin orta əsrlərdəki inkişafından, feodal dağınıqlığından, ümumiyyətlə bu dövrlərdə cərəyan edən proseslərdən bəhs edir. İlk cild kimi burada da yetərincə maraqlı faktlara yer verilərək, diqqətçəkici məqamlara toxunulub. 12 hissədən ibarət olan bu cilddə ilk olaraq German işğalları və yaranmaqda olan yeni dövlətlərdən bəhs olunub. Germanların və digər barbarların romalılarla müqayisəsi aparılaraq, orta əsrlərə qədəm qoyan Qalliya, Almaniya, İtaliya, İspaniya və Britaniyada cərəyan edən proseslərə geniş yer verilib. Kitabın üçüncü fəsilində müəllif Qərbi Roma imperiyasının dağılmasından Böyük Karla qədər olan dövrü canlandırmaqla və Səlib yürüşlərinin başlanmasına qədərki müddəti əhatə etməklə üç əsrin mənzərəsinə yaradır. Bu dövrlər arasında baş verən müxtəlif hadisələr kitabda xırdalığına qədər verilib.
Qərbi Avropada yeni inteqrasiya dövrünə toxunularaq, Müqəddəs Roma imperiyasının yaranması, Fransada Kapetinqlər sülaləsinin meydana gəlməsi, eləcə də İngiltərə Vikinqlər və Normanlar dövründəki vəziyyəti öz əksini tapıb. Səlib yürüşlərinin epoxası, orta əsrlərin təbiəti Bizans imperiyası barədə sanballı faktlara diqqət çəkən müəllif İslam dinin meydana gəlməsi və onun dünya dininə çevirilməsi ilə bağlı geniş məlumatları qələmə alıb.
Müəllif İslam dinin özündən əvvəlki dinlərlə müqayisədə fərqli formada yarandığını qeyd edərək, əvəlki dinlərlə İslam arasındakı oxşar cəhətlərə də diqqət çəkib. Müəllif kitabda İslam mədəniyyəti barədə geniş məlumatlara yer verərək, dinimizn dağıdıcılıqla müşayiət edilən qaydada yaranmadığını bildirib. İslam dininin yaradıcısı Məhəmməd Peyğəmbər barəsində tutarlı məlumatları qələmə alan müəllif peyğəmbərimizin tarixi şəxsiyyət kimi fəaliyyəti və İslam dini uğurdakı fədakarlığından söz açıb.
Bu cilddə daha sonra feodalizmin iqtisadi və sosial xüsusiyyətlərinə toxunularaq, orta əsrlər Avropa ədəbiyyatı, incəsənəti, o cümlədən İspaniya, Almaniya və şərqi Avropa ölkələri, Renessansın meydana gəlməsi barədə maraqlı faktlar öz əksini tapıb. Kitabda yeni coğrafi kəşflərdən danışılaraq, bu kəşflər hesabına dünya xəritəsinin zənginləşdiyi, eləcə də bu məsələlərdə portuqaliyalı səyyahların mühüm işlər gördüyü qeyd edilib. Coğrafi kəşflərin dünya ticarətinə müsbət təsir etdiyi bildirilərək, İspaniya-Fransa münaqişələri barədə maraqlı faktların üzərinə işıq salınıb. Daha sonra kitabda İngiltərədə cərəyan edən hadisələr, Rusiya dövlətinin meydana gəlməsi, hunların, türklərin tarix səhnəsinə gəliş, Osmanlı imperiyası, o cümlədən Asiya ölkələri ilə bağlı nəzəri cəlb edəcək faktlara yer verilib. Kitabda Monqol işğalları, Çingiz xan, Teymur, həmçinin Cənubi Amerika barədə maraqlı faktlara rast gəlinir.
“Ümumdünya tarixi”nin “Yeni tarix” adlı üçüncü cildində Qərbi Avropada Renessans dövrünün başlanması, İngiltərənin yeni tarixə qədəm qoymasından bəhs edilərək, Katolizmin problemləri ilə bağlı maraqlı məqamlara toxunulub. Avropa ölkələrindəki, eləcə də Rusiyadakı inqilablar, elmin inkişafı, maarifçilik erası, Avropa sivilizasiyası, birinci və ikinci dünya müharibələri, Asiya dövlətləri, həmçinin dünya sivilizasiyasının problemləri barədə bir-birindən maraqlı faktlar diqqətə çatdırılıb.
“Ümumdünya tarixi” barədə belə bir sanballı əsər yazan Telman Orucov bizimlə söhbətdə kitab barəsində təəssüratlarını paylaşıb. O, belə mühüm əsərin ərsəyə gətirilməsinin haradan qaynaqlandığı barədə də fikirlərini bildirib: “Ümumiyyətlə mənim tarixə xüsusi marağım var və bu sahə ilə bağlı xeyli işlər görmüşəm. Fikrimcə, bu dövrü öyrənərkən təkcə siyasi tarix önə çəkilib, ədəbiyyat və elm unudulsa, bu, epoxanın həyatının anatomik cəhətdən öyrənilməsinə bənzəyəcək və onun mənəvi, ruhi hissəsinin unudulmasını nümayiş etdirəcək. Biz tarixin həqiqi dərk edilməsinə nail olmaq üçün varlığın məqsədini müəyyən etməliyik. Çünki tarix canlı, əlaqəli və üzvi olan bir şeydir. Tarix həm mürəkkəb, həm də sadə elmdir. Mürəkkəbdir ona görə ki, öz tərkibinə müxtəlif elmləri də qəbul edir, çünki çoxtərəfli baxış tələb olunur. Sadədir ona görə ki, sadə baxış, qərəzsizliyi, saxta təsvirlərin olmamasını tələb edir. Hər dövrə onun nöqteyi-nəzərindən baxmaq lazımdır. Bu, keçmiş zamanın tarixinin açarıdır. Tarixdə fəaliyyət göstərən insan olduğundan onun heç şübhəsiz, həm ləyaqətləri, həm də nöqsanları vardır. Biz keçmişi bilmədən heç hazırki dövrü də anlaya bilmərik. Tarix əslində bəşəriyyətin müxtəlif qruplarının, xalqların üzləşdiyi böhranlar salnaməsidir. Böhranlar isə həm igid insanları, həm də xainləri, xəyanətkarları üzə çıxarır və böyük işlər əmələ gətirir. Çapdan çıxmış on kitabımdan biri böyük şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr edilib. Bu sahədə bir neçə kitab yazmışam. Qədim Romanın tarix barədə, sonra isə Amerika Birləşmiş Ştatlarının tarixindən bəhs edən “ABŞ: beşikdən zirvəyə gedən yol” adlı kitab yazmışdım. Bunlardan əlavə mən qədim Yunan tarixi ilə bağlı da xeyli işlər görmüşəm. Məhz bütün bu araşdırmalarım “Ümumdünya tarixi” adlı belə bir kitab yazmaq barədə fikrə düşməyimə səbəb oldu. Bu kitabın yazılması üçün geniş ədəbiyyatdan istifadə etdim. Əsasən ingilis dilli ədəbiyyatlardan faydalandım. Kitab geniş axtarışın, mütaliənin nəticəsi olaraq üzə çıxıb”.
Bu kitabın hələ ki, satışda olmadığını deyən T.Orucov gələcəkdə “Ümumdünya tarixi”nin satışa çıxarılacağını da söyləyib. O, kitabın Axundov kitabxanasına veriləcəyini bildirib.
Aqil LƏTİFOV
525-ci qəzet.-
2012.- 19 may.- S.18.