Örnək
jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi
Ötən ilin elə bu vədələri idi. Orta məktəbin 7-ci
sinfində oxuyarkən ilk yazısının
çıxdığı, daha sonralar – 2000-2007-ci illərdə
baş redaktoru olduğu “Şərq qapısı” qəzetinin
nəşrə başlamasının 90 illiyinə həsr
etdiyi “Mənim həyat məktəbim” kitabı üzərində
işləyirdi. Amma Allahın məsləhət
bildiyi ömür bitmişdi. Hər
gün yorulmadan yeni bir yazı üzərində işləyən
Məmməd müəllim əbədi dünyaya, hamıdan
çox sevbdiyi anasının yanına getmək
üçün yola çıxmışdı. Bu qədər yorğunluqdan sonra ana qucağı
çəkmişdi onu, ana dizlərinə başını
dayayıb ömrünün acısını çıxarmaq
keçmişdi könlündən.
Bu gediş onun həyat məktəbi
adlandırdığı “Şərq qapısı”
haqqındakı kitabının çapını yubatdı. Məmməd
müəllim o dünyada ana dizlərində yatmaq istəyəndə
gözü arxada qalmasın deyə bəndənizin
redaktorluğu ilə böyük oğlu həmin kitabı
çap etdirdi. İndi artıq Məmməd
müəllimin şirin bir yuxuda olduğuna hamıdan çox
mən inanmaq istəyirəm. Hətta bəzən
Məmməd müəllimsiz günlərin özünün
də yuxu olduğuna inandırıram özümü. Neyləsən də, bu həyat o qədər də
adil deyil axı.
2003-cü ilin avqust ayı idi. Əsgərlikdən yenicə gəlmişdim
və yaradıcı adam üçün
münasib olacaq iş yeri axtarırdım. Hələ
tələbəlik illərində qəzet və jurnallarda nəşr
olunan şeirlərimə, yazılarıma görə Azərbaycan
Jurnalistlər Birliyinin üzvü olmuşdum. Həmin
üzvülük vəsiqəsini də götürüb,
Xalq yazıçısı, o vaxt Naxçıvan
Yazıçılar Birliyinin sədri olan Hüseyn
İbrahimovun məsləhəti ilə yollandım “Şərq
qapısı” qəzeti redaksiyasına. İş
üçün gəlmişdim. Birbaşa
açıq qapıdan baş redaktorun otağına
keçdim. İş axtardığımı, şair
olduğumu bildirib bir az da təkəbbürlü
şəkildə sarı rəngli Azərbaycan Jurnalistlər
Birliyinin üzvülük vəsiqəsini
çıxardım. Redaktor isə masasının
aşağı sürməsini çəkərək həmin
vəsiqədən birini də qabağıma uzatdı və
elə beləcə dedi: “Bu vəsiqələr yazı
yazmır. Qəzetdə işləmək istəyirsənsə,
get ürəyin istəyən mövzuda 2-3 yazı yaz gətir.
Əgər qabiliyyətin varsa, bu qapını
döymədən içəri gir”. Mən
də elə etdim. Bir həftə ərzində
elə üç yazı ilə qayıtdım redaksiyaya.
Yazılarıma baxan Məmməd Məmmədov
mənim ilk müdirim, əmək fəaliyyətinə
başladığım müəssisənin rəhbəri,
sonralar isə şef redaktorum olacaqdı. “Şərq
qapısı”nı özünün həyat
məktəbi adlandıran Məmməd Məmmədovun özü
isə mənim “həyat məktəbim”ə çevriləcəkdi.
Mənə
hədiyyə etdiyi kitablarının birinə belə bir
avtoqraf yazmışdı: “Mənim arayıb-ərsəyə
gətirdiyim, yetişdirdiyim qələm sahiblərindən
biri olan, həmişə də nazı və
şıltaqlığı ilə oynadığım, amma gələcəyinə
böyük ümidlər bəslədiyim Elxan Məmmədova
ən xoş arzularla”.
Doğurdan da bu gün əlimdə qələm varsa onu
Məmməd müəllimə borcluyam, yazdığım
yazıların hamısında ondan bir parça var. Mənim
üçün nöqsan sayılsa da bir etiraf eləmək
istəyirəm. 2003-cü ildən 2007-ci ilə kimi
yarımştat müxbirlikdən məsul katibliyə kimi
yüksəldiyim “Şərq qapısı” qəzetinə
dörd dəfə işə girmişəm. İşdən sonrakı zamanda həddindən
artıq səmimi, dostcanlı, qayğıkeş olan Məmməd
müəllim işdəki tələbkarlığından qətiyyən
güzəştə getməzdi. Və bu
tələbkarlıq qarşısında bəzən məsuliyyətsiz
olan mən, bəzən də ilk əmək fəaliyyətinə
başlamağın, işə girməyin çətinliyini
çəkmədən birbaşa işə
götürülən gənc kimi, şairliyin verdiyi dəlisovuq
və küsəyənlikdən də qaynaqlanaraq ərizə
yazıb masamın üstünə qoyub getmişdim. Hər dəfə də tez əsəbləşən,
hirslənən baş redaktorum, hirsi soyuyandan sonra dostumuz
Allahverdi Aqilə məni tapmağı
tapşırmışdı. Əminəm ki, elə bu
cür də demişdi: “Allahverdi, Elxanı tap, de ki, gəlsin
otursun işinin başında yazısını yazsın. Bunu onun şairliyinə bağışlayıram”.
Hər gəlişimdə də vəzifəmi
qaldırmışdı. Yarımştat
müxbirlikdən tamştat müxbirliyə, müxbirlikdən
şöbə müdirliyinə, şöbə müdirliyindən
məsul katib müavinliyinə, məsul katib müavinliyindən
də məsul katibliyə. Çoxları
üçün qeyri-adi davranış olan bu cür alicənablığı
və bir işçini, həm də yazı qabiliyyəti
olan bir işçini nəyin bahasına olur-olsun qəzetdə
saxlamaq üçün ancaq Məmməd Məmmədov edə
bilərdi. Bax, elə buna görə də
mənə bağışladığı kitabının
aftoqrafında “həmişə də nazı və şıltaqlığı
ilə oynadığım” yazmışdı.
O əsl
mətbuat fədaisi idi. Harda yaxşı yazan
birini görürdüsə, imzasına rast gəlirdisə
mütləq arayıb-axtarırdı. İstər
universitet tələbəsi olsun, istər hansısa rayonun
ucqar dağ kəndində müəllim işləyən biri
olsun, istərsə də sadə bir vətəndaş olsun.
Bu cür mətbuat fədaisi olmaq
üçün isə həqiqi qəzetçi olmaq lazım
idi. Akademik İsa Həbibbəylinin Məmməd Məmmədovun
“Şərqin qapısı” adlı kitabına
yazdığı ön sözün son cümləsini
xatırlatmaq istəyirəm: “Məmməd müəllim ifadəsini
təbii olaraq işlətdiyimiz kimi “qəzetçi Məmməd”
sözünü də rahatlıqla bəyan etmək
mümkündür”.
Uşaqlıqdan jurnalistikaya maraq göstərib Məmməd
müəllim.
7-ci sinifdə oxuyan kənd şagirdinin qəzetdə
yazısının çıxması heç də təsadüfü
deyilmiş. Universiteti qurtarıb kənddə
tarix müəllim işləyə-işləyə daim
respublika mətbuatında yazılarla çıxış
edib. Bunun nəticəsində də 1990-cı ilin
ortalarında “Dialoq” jurnalından gələn iş təklif
onun üçün göydəndüşmə olub. Daha sonralar “Sovet kəndi”, “Həyat”, “Bərəkət”
qəzetlərində Naxçıvan haqqında müxtəlif
mövzulu yazılarla çıxış etməsi onu
ölkəmizin ən böyük qəzetinə—“Azərbaycan”a
gətirib. Burdakı yazıları isə “Şərq
qapısı”na aparıb
çıxarıb. Üç dəfə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
seçilib. 2005-ci ildə Naxçıvan
MR-in əməkdar jurnalisti, 2010-cu ildə isə Azərbaycanın
əməkdar jurnalisti fəxri adlarına layiq
görülüb. Naxçıvandakı
ictimai-siyasi hadisələri təhlil edən
dissertasiyasını müdafiə edərək tarix elmləri
namizədi alimlik dərəcəsi alıb.
Ölümündən 3 gün əvvəl isə dossent elmi adına laytiq görülmüşdü. 9 kitabın müəllifi id. Yaş
ötdükcə, uğurlar artdıqca Məmməd müəllim
bar verən ağac kimi başını aşağı əyib.
İnadcıl və qətiyyətli biri olsa da,
heç vaxt qürurlu və təkəbbürlü
olmadı. Qazandıqları
üçün isə həmişə yediyi çörəyin
halallığına şükr elədi. Həmişə
də dilində bir ifadə var idi. “Həyatımda
qazandığım bütün uğurlara görə
özümü ilk növbədə Muxtar Respublika Ali Məclisinin
sədri Vasif Talıbova borclu sayıram”. Bəziləri
başqa don geydirməsinlər deyə Məmməd müəllimin
ölümündən sonra “Azərbaycan” qəzetində
“İş yoldaşımızın xatirəsi” adlı
yazıdan bir cümləni sitat gətirmək istəyirəm:
“Məmməd həm də təbii insan idi. Necə var idisə,
elə də görünürdü, özünü başqa
cür təqdim etməyi heç fikirləşmirdi də... Fikirləşdiyi dilində, dilindəki əməlində
idi”.
O, həm
də həmişə haqqın tərəfində
dayanardı. Gəlişigözəl söz
deyil bu. Çoxlarından fərqli olaraq güclünün
yanında olmağı yox, gücsüzün, haqqlının
yanında dayanmağın tərəfdarıydı. Buna görə də bir istəyəni var idisə,
bir də istəməyəni var idi. Bu da təbiidir.
Axı bir nəfəri hamı çox istəyirsə, yaxud əksinə
heç kim sevmirsə bunun özü də
bir mövqesizlikdi, çatşımazlıqdı. Amma Məmməd müəllim elələrindən
deyildi. Sevənləri də var idi, sevməyənləri
də. Buna baxmayaraq 2011-ci ilin may ayının 21-də
aramızdan sürətlə sıyrılıb keçən
və fərqində olmadığımız əbədi
gedişindən sonra sevənləri də, sevməyənləri
də məzarının başında idi, onu son mənzilə
yola salanda ağlayırdılar. Çünki yaxşı
bilirdilər ki, Məmməd müəllim sözünü
deyən adam idi. Vaxt gələrdi
ki, haqqlı idisə ona daş atanların, onu sevməyənlərin
də sözünü dəstəkləyərdi, tərəfini
saxlayardı.
Düz
bir ildi ki, iş otağımda onun
böyüdülmüş portreti və Təbrizdə birgə
çəkdirdiyimiz şəkli ilə üz-üzəyəm,
göz-gözəyəm. Çünki “Şərq
qapısı”ndan çıxandan sonra həmişə birlikdə
olmuşduq, işdə də, işdən sonra da. Çayçıda da, yeməkxanada da. Toyda da, yasda da. Belə olan halda
onsuz birgə günün nə demək olduğunu inanıram
ki, hamı yaxşı anlayar. Naxçıvanın
hər qarışını birgə gəzmişik,
bütün kəndlərində birgə olmuşuq. “Şərq qapısı” qəzetindən sonra yenidən
“Azərbaycan” qəzetinin Muxtar Respublikadakı təmsilçisi
ikən hardan yazı hazırlayırdısa mən də onun
yanında idim. Qəribə jurnalistlik
keyfiyyətləri var idi. Müsahibindən
faktı elə alırdı ki, bəzən
qarşısındakı demək istəmədiyini də səhərisi
gün qəzetdə görəndə təəccüblənirdi
ki, axı mən bunu deməyi unutmuşdum. O unuda bilərdi,
amma Məmməd müəllim hansı sahədən nələrin
yazılması gərəkdiyini çox yaxşı bilirdi. Həm qəzetin istədiyini, həm də oxucunun
istədiyini özünə verirdi. Son bir
ildə mərkəzi mətbuatda Naxçıvan Muxtar
Respublikası haqqında onun qələmə aldıqları
kimi yazılar, demək olar ki, getmir. Artıq “Azərbaycan”,
“525-ci qəzet”, “Kaspi” və digər mərkəzi mətbuat
orqanlarında onun Naxçıvan yanğılı,
Naxçıvan sevgili yazılarına rast gəlmirik. Bir boşluq var bu sahədə. Bu
boşluq isə Məmməd Məmmədov yoxluğu, Məmməd
Məmmədov qələminin yoxluğudur. Amma bu
yoxluğun özündə də görünən bir şəxs,
bir jurnalist, publisist, bir qələm var. Çox yaxın dostu
olan jurnalist Xalid Niyazov haqlı olaraq deyir ki, “Hərdən mənə
belə gəlir ki, Naxçıvan barədə daha heç kim Məmməd kimi sevgi ilə, təndirdən
təzəcə çıxmış lavaş tək isti, ətirli,
kövrək yazılar yazmayacaq”.
Bax belə bir qələm sahibini itirmək çox
ağır bir itkidir. Təkcə onu tanıyanlar üçün, ailəsi,
dostları, qohumları, tanış-bilişləri
üçün yox, həm də Naxçıvan
üçün, Azərbayan üçün, qəzetçilik
üçün, mətbuat üçün bir itkidir Məmməd
Məmmədovun yoxluğu.
İnanıram
ki, Naxçıvanı hamıdan çox öz
yazılarında təbliğ etmiş, Bakıdan və Azərbaycanın
digər rayonlarından gələn dostlarına, qələm
adamlarına Naxçıvanı bir əziz balası kimi sevə-sevə
tanıdan, gəzdirən Məmməd Məmmədov bu əməyinin
qarşılığını nə vaxtsa daha da gözəl
şəkildə alacaq. İnanıram ki,
Naxçıvan haqqında yazılan yazıların müəlliflərinə
bir gün “Məmməd Məmmədov mükafatı” veriləcək.
İnanıram ki, Naxçıvan Jurnalistlər
Birliyi, bəlkə də hətta Azərbaycan Jurnalistlər
Birliyi bir gün belə bir mükafatın təsis olunması
təklifi ilə bizləri sevindirəcək. Məmməd Məmmədovun unudulmaz xatirəsini elə
Məmməd Məmmədov kimi ölümsüzləşdirəcək,
əbədiləşdirəcək.
P.S. İyun ayının 4-də Məmməd Məmmədovun
50 yaşı tamam olacaqdı. Yubileyində sədaqətli
dostları başına yığacaq, doyunca deyəcək,
güləcək, əylənəcəkdik. Olmadı. Amma biz iyunun 4-də sənin
başına yığışacağıq, Məmməd
müəllim. Əylənə bilməyəcəyik,
gülə bilməyəcəyik, fəqət içimizdə
sevgiylə xatırlayacağımız bir əzizimiz olacaq.
İnanırıq ki, o gün siz də hardasa bizi
düşünəcəksiniz... Bəlkə siz tələsdiniz,
bizdən qabağa düşdünüz, amma sizi görmək
üçün mütləq yanınıza gələcəyik,
həm də əbədi ayrılmamaq üçün...
Elxan YURDOĞLU
525-ci qəzet.-
2012.- 19 may.- S.16.