Bir daha Mirzə Fətəli
Axundovun dəfni haqqında
Böyük müasirinin toxunduğu məsələlərin
hamısından “qan iyi” gəldiyinə diqqət çəkən
Mirzə Cəlil həm Firudin bəy Köçərlinin, həm
də özünün Mirzə Fətəlinin dəfni ilə
bağlı mülahizələrini şübhə altına
alan aşağıdakı sətirləri yazmağa da tərəddüd
etməmişdi: “Aşkardır ki, Mirzə mərhumun cəmi
söylədiyimiz “günahları” kafi ola bilməzdi ki, onun
dost və əqrəbası onu mürtəd və laməzhəb
hesab edib, onun dirisindən də, ölüsündən də
üz çöndərsinlər: çünki Mirzənin əsrində
onun təb olunub intişar tapan əsərlərinin heç
birində dindən və etiqaddan bəhs olunmur”.
Xalqın Mirzə Fətəlidən
üz döndərməsinin ikinci səbəbi kimi onun müqəddəs
Quranın yazıldığı ərəb əlifbasını
islah etmək, yaxud dəyişdirməklə bağlı
çağırışları, bu istiqamətdə
dörddə bir əsrdən çox sürən mübarizəsi
hesab oluna bilərdi. Lakin sıravi insanların, Tiflis müsəlmanlarının
bu mübarizədən xəbər tutduqlarını, əlifba
məsələsinə görə böyük dramaturqa
düşmən kəsildiklərini (əgər həqiqətən
də belə bir şey vardısa!) düşünmək sadəlövhlük
olardı. Çünki o dövrdə heç bir ictimai
tribuna, ana dilində mətbuat və elmi müəssisələr
olmadığından Mirzə Fətəlinin niyyətlərindən
yalnız məhdud sayda adamlar, əsasən məktublaşdığı
şəxslər xəbər tuta bilmişdilər. Onların
sırasına Qafqaz canişinliyinin məmurları və bəzi
rus şərqşünasları, Osmanlı və
İranın dövlət adamları, ayrı-ayrı
tanınmış ziyalılar və açıq
düşüncəli insanlar daxil idilər. Digər tərəfdən,
əlifbanın bilməyən adamların onun islahı kimi
qeyri-real niyyətə görə Mirzə Fətəliyə
düşmən kəsiləcəklərini düşünmək
də imkan xaricindədir.
Mirzə Fətəli
və Şeyxülislam
Mirzə Fətəlinin layiqli şəkildə
dəfninə maneçilik törədənlərin
sırasında ilk növbədə ruhanilərin, din xadimlərinin
adı çəkilir. Həm də aydındır ki, söhbət
səlahiyyət sahibi olan din adamlarından gedir. Kəmalüddövlənin
dili ilə “Ey Cəlalüddövlə, bu sözlərdən
sən güman eləmə ki, mən bəlkə başqa din
və məzhəbi islama mürəccəh tuturam. İş
ona qalsa, genə islam dini sair ədyandan bərgüzidə
(dinlərdən seçilmiş olanı – V.Q.) və mənim
məqbulumdur. Bu qədər var ki, mən külli-ədyanı
puç və əfsanə hesab edirəm. Onların heç
birinə axirətdə qurtuluş ümidi ilə mail deyiləm”
–deyən M.F.Axundovun islama münasibəti birmənalı
olmamışdı.
Bunu oğlu Rəşid haqqında
1870-ci ilin dekabrında İranın Parisdəki səfiri, dostu
və həmfikiri Mirzə Yusif xan Müstəşarüddövləyə
yazdığı aşağıdakı sətirlər də
sübut edir: “Rəşid Boklun, Renanın əsərlərini
oxumuşdur. Fəlsəfəni məndən pis bilmir.
Fizikanı və təbiətşünaslığı məndən
yaxşı anlayır. Lakin bu ramazan ayını bütün
şərtləri və əməlləri yerinə yetirməklə
oruc tutdu. Deyirdi ki, istəyirəm hamı məni təmiz
müsəlman və xalis şiə kimi tanısın. Mən
də mane olmurdum. Ramazan ayında hər gün namaz
qılır, dua oxuyurdu”. Göründüyü kimi, hətta
doğma oğlunun inancına müdaxilə etməyən ədibin
çevrəsindəki müsəlmanları açıq mətlə
din və Allah yolundan çəkinməyə səsləyəcəyini
düşünmək inandırıcı deyil.
M.F.Axundovun islama münasibətini müəyyənləşdirən
mühüm sənədlərdən biri onun
ölümündən az əvvəl “Əkinçi” qəzetində
şiə təəssübkeşliyi və şəbihgərdanlıq
ideyasının qızğın tərəfdarı kimi
çıxış edən kapitan Sultanova məktubudur. Sovet
ideologiyasının dönməz ateist kimi təqdim etdiyi Mirzə
Fətəli bu yazısında islam müqəddəsləri,
ilk növbədə isə ideyası uğrunda ölümə
getməkdən çəkinməyən İmam Hüseyn
haqqında böyük ehtiramla söz açır, “biz gərək
oylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr
edək”- deyirdi. “Ateist Axundov” islam əzabkeşlərinə
ehtiramı yas və ağlamaqda görən fanatik şiələrə
İmam Hüseynin xatirəsini yaşatmağın daha millət
üçün daha səmərəli və faydalı yolunu
da göstərirdi: “Əgər biz istəyirik ki, bir gunə əmal
ilə (belə əməllərlə – V.Q.) İmam
Hüseyni özümüzdən razı və xoşnud edək
və öz iradətmizi ona nisbət sübuta yetirək, gərək
onun təziyədarlığından əl çəkib təziyədarlığa
sərf olunan pullar ilə hər şəhərdə o həzəratın
şiələrinin ətfallarına (uşaqlarına – V.Q.) tərbiyət
vermək üçün məktəbxanalar açaq və hər
məktəbxananın qapısında yazıb
yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın
eşqinə bu məktəbxana bərpa olunubdur”.
Nə qədər paradoksal görünsə
də, xalqın gələcək taleyi və tərəqqisi
ilə bağlı bu mühüm məsələdə Mirzə
Fətəlinin ən yaxın müttəfiqi Qafqaz müsəlmanlarının
dini lideri, gələcəyin böyük
türkçüsü Əlibəy Hüseynzadənin
babası Şeyxülislam Axund Əhməd Salyani –
Hüseynzadə (1812-1887) idi. Doğrudur, Ə.Haqverdiyev 1928-ci
ildə rus dilində yazdığı “Axundovun faciəsi” məqaləsində
tamamilə fərqli mənzərə təqdim edirdi: “Ətraf
zülmət və cəhalət, bir nəfər də olsun
dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə
sürən ruhanilər – başlarında Şeyxülislam
Molla Əhməd olmaq üzrə – Zaqafqaziyada təkcə
yanmaqda olan bu çırağın (Axundovun – V.Q.)
işığının qabağına qalın pərdə
çəkirdilər”. Lakin faktlar, ilk növbədə isə
Mirzə Fətəlinin müasirlərinə
yazdığı çoxsaylı məktublar bunun qətiyyən
belə olmadığını göstərir.
Qacar xanədanından olan şahzadə
Cəlaləddin Mirzəyə 20 may 1871-ci il tarixli məktubunda
o, Şeyxülislamla dostluğundan söz açaraq
yazırdı: “Yuxarıda qeyd etdiyim şəniyüksək
dostum Qafqazın Şeyxülislamı Axund Molla Əhməd
Hüseynzadədir. Müxtəlif elmlər və fənlər
sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix,
hikmət (fəlsəfə nəzərdə tutulur –V.Q.) və
xüsusilə fiqh elmi sahəsində bütün Qafqazda
Şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla
belə o, filosof təbiətli və liberal məsləkli bir
adamdır. Onun fəzilətləri haqqında əzəmətli
ağamız Mirzə Yusif xandan soruşa bilərsiniz. Hər
gecə Şeyxülislam cənabları ilə bir yerdə əyləşərək
söhbət edirik”. Aralarında yaranmış
qarşılıqlı inam və etibar Axundova dini və
dünyəvi məsələləri Şeyxlə müzakirə
etməyə, islam dünyasının ehtiyac duyduğu zəruri
islahatlarla bağlı fikir mübadiləsi aparmağa imkan
verirdi.
1862-1885-ci illərdə Qafqaz müsəlmanlarının
Ruhani idarəsinə rəhbərlik edən Axund Əhməd
Hüseynzadə açıq fikirli, tərəqqipərvər
din xadimi idi. 1879-cu ildə Qori müəllimlər
seminariyasının Azərbaycan şöbəsinin
açılmasında onun da əməyi vardı. Azərbaycan
və Qafqaz tarixinə dair “Bəsail-nasi fi-məmləkəti-Qafqaz”
(“Qafqaz ölkəsinin tarixi keçmişindən”), Azərbaycan
ədəbiyyatına dair “Tarixi-ədəbiyyati-türki”
(“Türk ədəbiyyatının tarixi”), təlim və tərbiyə
məsələlərinə dair “Tərbiyətül-ətfal”
(“Uşaqların tərbiyəsi”) və digər əsərləri
Şeyxülislamı Mirzə Fətəlinin də qeyd etdiyi
kimi, dövrün ensiklopedist ziyalıları sırasına
daxil etməyə imkan verirdi.
Mirzə Fətəli yüksək qiymətləndirdiyi
orta əsrlər ərəb tarixçisi İbn Xəldunun
“Tarix” əsəri ilə Şeyxülislamın vasitəsi ilə
tanış olmuşdu. Maraqlıdır ki, Şeyx ərəb
əlifbasının islahı məsələsində də
müəyyən məqamlarda M.F.Axundovla həmfikir idi. Bunu
böyük ədibin Mirzə Yusif xana 17 dekabr 1870-ci il tarixli
məktubundakı bu sətirlər də sübut etməkdədir:
“Ruhul-qüdsun (ermənidən dönmə İran
maarifçisi Mirzə Melkum xan– V.Q.) əlifbanı dəyişdirməyin
lazım olmasına dair yazdığı kitabçasını
münasib gördüyünüz və mümkün
saydığınız hər kəsə verin oxusun.
Kitabçanın məzmunu və əqidəsi haqda
oxucuların fikrini zəhmət çəkib bizim
üçün yazın ki, mənim və cənab
Şeyxülislamın arasında müzakirə vasitəsi
olsun”.
Mirzə Melkum xana həmin il iyunun 8-də
göndərdiyi məktubda isə M.F.Axundov onun tərtib etdiyi
əlifba layihəsini Şeyxülislamla birlikdə nəzərdən
keçirəcəklərini xəbər verirdi: “Mən də,
cənab Şeyxülislam da xahiş edirik ki, mükəmməl
tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini
çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə
yazılmış halda çox zəhmətə səbəb
olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb
bizə göndərəsiniz ki, nəzərdən keçirə
bilək”.
Ərəb əlifbasının islahı
ilə bağlı yollandığı İstanbuldan əli
boş və nəticəsiz qayıdan dramaturq Mirzə Melkum
xana 2 iyun 1871-ci il tarixli məktubunda bu mübarizədə
özünün ən yaxın müttəfiqi kimi
Şeyxülislamı isnad verirdi: “Cənab Şeyxülislam
İstanbul nazirlərindən çox-çox
narazıdır. Bu gündən etibarən o, sünnilərin
öz kitablarında köhnə islam əlifbasının dəyişməsinin
şəriətə müxalif olmadığına dair bir
fitva axtarmağa başlamışdır”. Əlifba məsələsində
Mirzə Melkum xanı prinsip və mövqeyindən çəkilməməyə
çağıranda da Mirzə Fətəli
özünün və
Şeyxin adından danışırdı: “Özümün
və cənab Qafqaz Şeyxülislamının dilindən sizə
yazıram ki, İstanbul nazirlərinin hərəkətlərindən
pərişan və bədbin olmayın”.
Mənşəcə Azərbaycan
türkü olan İran dövlət xadimi, ölkəsinin
Parisdəki səfiri Mirzə Yusif xan Müstəşarüddövlə
(1823-1895) fransız konstitusiyasının müddəaları əsasında
hazırladığı və 1905-1907-ci illər İranda Məşrutə
inqilabının əsas sənədlərindən birinə
çevrilən “Yek kəlmə” əsərini tanış
olmaq və fikir bildirmək üçün ilk növbədə
Şeyxülislamla Mirzə Fətəliyə göndərmişdi.
Kifayət qədər inqilabi xarakter daşıyan bu əsər
İranda din də daxil olmaq da bütün sahələrdə
ciddi islahatlar aparılmasını nəzərdə tuturdu. Əsərlə
Şeyxlə birlikdə tanış olan M.F.Axundov hər
ikisinin rəyini ifadə edərək müəllifə məktubunda
yazmışdı: “Tiflisdə mənim və cənab Şeyxülislamın
oxuyub həzz aldığımız və üzünü
köçürdüyümüz risalənin tərtibində
çəkdiyiniz zəhmət hədər getmədi”.
Ən maraqlısı isə Axund Əhməd
Hüseynzadənin yüksək dini post tutmasına baxmayaraq
İranda ruhanilərin nüfuz və səlahiyyətlərinin
azaldılmasına yönələn islahatları müdafiə
etməsi idi. İstinad olunan məktubda bu barədə
deyilirdi: “İndi mən və cənab Şeyxülislam sizə
belə məsləhət görürük ki, bütün
İran ərazisində məhkəmə işlərini
tamamilə ruhanilərin əlindən alaraq Ədliyyə
Nazirliyinə tapşırasınız ki, ruhanilər bir daha məhkəmə
işlərinə qarışa bilməsinlər. Qoy onlar da
Avropa ruhaniləri kimi təkcə dini məsələlərlə
məşğul olsunlar”.
Həsən bəy Zərdabi “Əkinçi”
qəzetini nəşr etmək fikrinə düşəndə
və nəşr elanlarını Tiflisə göndərəndə
Mirzə Fətəli Şeyxülislam və Müftini bu təşəbbüsü
dəstəkləməyə inandıra bilmişdi. Bu isə
bir tərəfdən böyük dramaturqun həmin ali ruhanilər
yanında yüksək nüfuz və etibarından, digər tərəfdən
isə onların özlərinin mütərəqqi
görüşlərindən xəbər verməkdədir.
Böyük ədibin məktublaşdığı
Mirzə Yusif xan, şahzadə Cəlaləddin Mirzə, Əli
xan, Mirzə Melkum xan, Manekçi Sahib və başqaları
onun Şeyxülislama verdiyi son dərəcə yüksək
qiymət sayəsində qiyabi surətdə bu
tanınmış din xadimini özlərinin yol göstərəni,
ağsaqqalı və mənəvi atası kimi qəbul edirdilər.
Aydın məsələdir ki, ateist əqidəli adam
Şeyxin həmfikiri və yaxın dostu ola bilməzdi.
M.F.Axundovla Şeyxülislamın ictimai məzmun
daşıyan və məqsəd ümumiliyinə əsaslanan
dostluğuna bu qısa rakurs Ə.Haqverdiyevin
aşağıdakı sözlərinə şübhə ilə
yanaşmağa əsas verir: “Mirzə Fətəlinin
ölümünü Şeyxülislam Molla Əhmədə xəbər
verdikdə o dedi: “Mən Mirzə Fətəli ilə tez-tez
söhbət etmiş, dini və başqa mövzularda
mübahisələr aparmışam. Mən onun din haqqında
olan nöqteyi-nəzəri ilə tanışam. Buna görə
də onun namazını qılmaqdan imtina edirəm”. Başqa
mollalar da Şeyxülislamın ardınca gedərək onun cənazəsi
üstündə namaz qılmaqdan imtina etdilər. Uzun minnətdən
sonra Şeyxülislam məscid xadimlərindən Molla
Hüseynə tapşırdı ki, gedib Mirzənin nəşi
üzərində bir neçə söz desin”.
Hətta bir anlıq Şeyxülislamın
uzun illərin səmimi və yaxın münasibətlərinə
arxa çevirdiyini güman etsək belə onun Mirzə Fətəlinin
nəşi üzərində “bir neçə söz deməyə”
göndərdiyi şəxsin bilik və nüfuz
baxımından kifayət qədər seçkin din xadimi və
şəxsiyyət olması fikri ilə
razılaşmalıyıq. Burada haqqında söz
açılan Molla Hüseyn gələcək Qafqaz müftisi
Hüseyn Əfəndi Qayıbov (1830-1917) idi. O, Axundovla birlikdə
Adolf Berjenin Azərbaycan şairlərinin əsərlərindən
ibarət məşhur müntəxəbatının tərtibində,
Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının Azərbaycanla
bağlı hissələrinin hazırlanmasında iştirak
etmişdi.
Ümumiyyətlə, istər
sağlığında, istərsə də vəfatından
sonra Mirzə Fətəlinin müsəlman üləmaları
ilə ciddi bir problemi olmamışdı. Tiflis ədəbi
mühitinə yaxından bələd olan görkəmli
ziyalımız Həsən Həsənov da bu fikri təsdiq
edərək yazır: “İstər məndən əvvəl,
istər sonra, istərsə də mənim Tiflisdə
yaşadığım dövrdə Mirzə Fətəli
Axundovun adı yerli azərbaycanlılar arasında müqəddəs
tutulurdu”.
Yalnız sadə insanlar deyil, Qafqaz
Şeyxülislamı və Müftinin timsalında
gördüyümüz kimi, tanınmış din xadimləri
də onun şəxsiyyətinə böyük ehtiramla
yanaşmışdılar. Təsadüfi deyil ki, 1911-ci ildə
ədibin 100 illik yubileyi ilə bağlı Tiflisdə
keçirilən silsilə tədbirlər Şah Abbas məscidində
camaat namazının qılınması ilə
başlanmış, dövrün məşhur üləmalarından
və açıq fikirli şəxslərindən sayılan
Şeyxülislam Məhəmmədəli Pişnamazzadə
M.F.Axundovun islam dünyası qarşısındakı
böyük xidmətlərindən danışmış və
ruhuna dualar oxumuşdu.
Mirzə Fətəli tək
deyildi!
Mirzə Fətəli Axundovun nəşinə
hörmətsizlik göstərilməsi, həm Vaso
Çaçanidzenin, həm də Ə.Haqverdiyevin iddia etdikləri
kimi, meyitinin üç gün ortalıqda qalması ilə
bağlı versiya haradan meydana çıxmışdı?
Doğrudanmı həyatının son günlərinə qədər
yüksək çinli məmur kimi Qafqaz canişinliyində
xidmət edən, təkcə Qafqazda, Yaxın və Orta Şərqdə
deyil, Avropa ölkələrində də milli
dramaturgiyanın banisi – “müsəlman Molyeri”,
yazıçı və tənqidçi, filosof və ictimai
xadim, əlifba islahatçısı və maarifçi kimi
tanınan görkəmli şəxsiyyət öldükdən
sonra bir an içərisində hamı tərəfindən
unudulmuş, tərk edilmişdi? Razılaşaq ki, rəsmi
dairələr azərbaycanlı sənətkarın
ölümünə etinasızlıqla
yanaşmışdılar (vaxtı ilə Mirzə Fətəlinin
əsərlərinə səhifələrində geniş yer
ayıran hökumət ofisiozunun – “Kavkaz” qəzetinin
kiçik bir nekroloq da çap etməməsi bunun nişanəsi
idi). Bəs M.F.Axundovun yaxınları, qohumları, dostları
harada idi?
Doğrudur, böyük ədib vəfat edəndə
oğlu Rəşid vətəndən uzaqda – Belçikada
idi. Brüsseldə ali mühəndislik təhsil
alırdı. Lakin bu Mirzə Fətəlinin tam tənhalığı
təsəvvürü yaratmamalıdır. O, Tiflisdə
qohumları, yaxınları və doğmaları arasında
yaşayırdı. Şəhərin mərkəzində,
Kür çayının kənarında, indi Tbilisi azərbaycanlılarının
Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən
böyük mülkü vardı. Mülkün birinci mərtəbəsində
kirayənişinlər, ikinci qatda isə ailə üzvləri
yaşayırdılar. Bir sözlə, fəlakətdən xəbər
tutacaq, kədəri bölüşəcək adamlar yetərincə
idi.
Onların başında heç
şübhəsiz, bəzi sənədlərdə M.F.Axundovun
“qardaşı” kimi təqdim olunan Mirzə Mustafa Axundov
(1834-1903) gəlirdi. Əslində Mİrzə Mustafa onun
qaynı, arvadı Tubu xanımın qardaşı idi. Sənədlərdə
həm Mirzə Fətəli, həm də Mirzə Mustafa Axund
Hacı Ələsgərin oğlu kimi göstərildiyindən,
habelə eyni soyadı daşıdıqlarından rəsmi
dairələrdə onları doğma qardaş
sayırdılar.
M.F.Axundovun Tiflisdə fəaliyyətə
başladığı il Şəkidə doğulan Mirzə
Mustafa əvvəlcə yerli qəza məktəbində
oxumuş, sonra isə bacısının ailəsində
yaşayaraq təhsilini Tiflis gimnaziyasında davam etdirmişdi.
Rusca mükəmməl savadı ilə birlikdə üç
Qafqaz və üç Şərq dilini – Azərbaycan, erməni,
gürcü, ərəb, fars və türk dillərini də
yaxşı bildiyindən uzun illər canişinliyin hərbi-inzibati
aparatının əvəzsiz tərcüməçilərindən
olmuşdu. Bunu ilk növbədə M.F.Axundovun qayğı və
himayəsi ilə əlaqələndirən Mirzə Mustafa rəhbərliyə
ünvanladığı rəsmi məlumatlardan birində
yazırdı: “Yaxın qohumum, Baş idarə dəftərxanasının
mərhum tərcüməçisi polkovnik Mirzə Fətəli
Axundov kiçik yaşlarımdan etibarən Şərq dillərini
öyrənməyimi xüsusi nəzarətdə
saxlamış, türk, ərəb, tatar (Azərbaycan – V.Q.) və
fars dillərinə mükəmməl yiyələnməyim
üçün bilikli və təcrübəli müəllimlər
tutmuşdu”.
O, 1854-cü ildə canişin dəftərxanasında
kiçik məmur kimi fəaliyyətə başlamış,
44 il ərzində mülki və hərbi idarələrdə
tərcüməçi olmuş, polkovnik rütbəsinə
yüksələrək qüsursuz xidmətinə görə
Rusiya və İranın bir sıra ordenləri ilə təltif
edilmişdi. Ayrı-ayrı vaxtlarda vacib və məxfi sənədlərin
tərcüməsi, habelə 1873-cü ildə Avropa səfərinə
yollanan Nəsrəddin şahın Qafqaz ərazisində
müşaiyət olunması ona
tapşırılmışdı. Mirzə Fətəlinin
ölümündən sonra Qafqaz hərbi dairə qərargahındakı
tərcüməçi vəzifəsi də M.M.Axundovun
üzərinə düşmüşdü. Mirzə Mustafa həyatının
sonuna qədər Axundovlar ailəsinin ağsaqqalı
sayılmışdı. Bacısı Tubu xanımın
adından Qafqaz canişininə yazdığı məktublarda
Mirzə Fətəlinin “müxtəlif ədəbi əsərləri
ilə Avropa şöhrəti qazandığını”, bu əsərlərin
ölkənin “gənc nəslinin təlim-tərbiyəsində
ən qiymətli vasitələrdən biri” olduğunu
xüsusi qeyd etmişdi. Bütünlükdə o, XIX əsr
Azərbaycan ədəbi-ictimai mühitində M.F.Axundov irsinin
ilkin qiymətləndirən və imkan daxilində təbliğ
edən milli düşüncəli ziyalılardan biri idi.
Sual oluna bilər: Mirzə Mustafa yaxın
qohumunun meyitinin üç gün ortalıqda qalmasına,
yaxud küçədən tutulmuş hambalların
çiynində qəbiristanlığa aparılmasına, zəruri
dini ayinlər icra olunmadan dəfninə yol verərdimi?
M.F.Axundov böyük qızı Seyrabəyimi
(1849-1873) İrandakı saray çəkişmələri nəticəsində
1848-ci ildə Rusiyaya pənah gətirən və Şuşa
şəhərində məskunlaşan Bəhmən Mirzənin
oğlu Xanbaba xan Qacara (1842-1926) ərə vermişdi. Sonralar
rus ordusunun polkovniki rütbəsinə yüksələn və
ömrünün axırına qədər Tiflisdə yaşayan
Xanbaba xan Abbas Mirzənin nəvəsi, Fətəli
şahın isə nəticəsi idi.
Seyrabəyim çox gənc yaşda
öləndə Mirzə Fətəli onun iki az yaşlı
körpəsinin yad əllərə düşməsini istəmədiyindən,
eyni zamanda bir insan kimi Xanbaba xanı yüksək qiymətləndirdiyindən
kiçik qızı Nisə xanımın onunla izdivaca girməsinə
razılıq vermişdi. Hindistan zərdüştilərinin
tanınmış nümayəndələrindən
Manekçi Sahibə 18 may 1876-cı il tarixli məktubunda ədib
ikiqat kürəkənini yalnız müsbət cəhətdən
səciyyələndirərək yazırdı:
“Qızımın əri bizim imperator ordusunda xidmət edir.
Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah
işlərin və bəd əməllərin yanından belə
keçməz. Mənim kimi o da qətiyyən şərab
içməz, həmişə Tiflisdə yaşayır.
Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil
ayırmışam. Qızımdan və həmin Xanbaba xandan
iki nəvəm vardır. Böyüyü oğlandır.
Adı Mənsur Mirzədir. Altı yaşı vardır.
Kiçiyi isə Mələksima xanım adlı qız
uşağıdır”.
(1912-ci ildə Bakıda baş verən və
ümumrusiya miqyasında əks-səda doğuran bir insidentdə
– mühəndis Lutfəli bəy Behbudovun ağır şəkildə
təhqir olunmasında və döyülməsində Mirzə
Fətəlinin nəvəsi, rus ordusunun podpolkovniki Mənsur
Mirzə Qacarın da adı keçirdi. L.Behbudov məşhur
milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin mədənlərində
çalışırdı. Şəhərdə onunla Hacının
həyat yoldaşı Sona xanım arasında “roman”
yaşanması barəsində şaiyələr
yayılmışdı. H.Z.Tağıyev mühəndisin cəzalandırılmasını
istəmişdi. Mənsur Mirzənin icraçılardan biri
olması da təsadüfi deyildi. Bacısı Mələksima
xanım Hacının gəlini, yəni onun birinci nikahdan
doğulmuş oğlu Sadıq Tağıyevin həyat
yoldaşı idi. Beləliklə, Axundovlar ailəsi yalnız
Qacar sülaləsi ilə deyil, məşhur milyonçu ilə
də qohum olmuşdu).
İran hökmdarı Nəsrəddin
şah 1873-cü ildə Tiflisdən keçib Avropa səfərinə
yollananda Şuşada yaşayan əmisi Bəhmən Mirzə
üzrxahlıq etmək və anlaşılmazlıqları
aradan qaldırmaqdan ötrü yeddi oğlu ilə birlikdə
şahın görüşünə gəlmişdi. Akademik
Çingiz Qacarın qənaətinə görə onlar
M.F.Axundovun evində qalmışdılar. Mirzə Fətəlinin
də həmin görüşdə iştirakını təxmin
etmək olar. Nəhayət, Qafqaz canişininin əmri ilə
şahın Poti limanına qədər müşaiyət
olunması da müsəlmanlar arasında tanınmış
şəxs və Qacarların qohumu kimi Mirzə Fətəliyə
tapşırılmışdı.
Həmin dövrdə Bəhmən Mirzənin
bir neçə oğlu Qafqaz ordusunda xidmət edirdi. Xanbaba
xanın böyük qardaşı polkovnik Rzaqulu xan Qacar
(1883-cü ildən general) 1876-cı ilin yanvarında Mariya
Polan adlı tanışına məktubunda Mirzə Fətəlidən
fəxrlə söz açaraq yazırdı: “Mənim Tiflisdə
bir qohumum var. O, sevimli qardaşım poruçik Xanbaba
xanın qayınatası polkovnik Mirzə Fətəli
Axundovdur. Mən onu gözəl sifətlərinə görə
səmimi-qəlbdən sevirəm və Sizin diqqətinizə
təqdim etməkdən böyük şərəf duyuram”.
Xanbaba xan və qardaşlarının Mirzə
Fətəlini Tiflisdə layiq olduğu ehtiramla dəfn etməmələri,
onun nəşinin ortalıqda qalmasına imkan vermələri
və hansısa cahil mollalardan qorxub-çəkinərək
bu işi gürcülərə buraxmaları
inandırıcı görünmür.
Çar ordusunda xidmət edən və həmin
dövrdə Tiflisdə məskunlaşan yüksək rütbəli
azərbaycanlı hərbçilər arasında M.F.Axundovun
yaxın dostları vardı. Onların sırasında ilk
növbədə general-leytenantlar Həsən bəy
Ağalarovu (1812-1883) və İsrafil bəy Yadigarovu (1815-1885)
qeyd etmək lazımdır.
Mahmənzər Qacarın anası Nisə
xanıma istinadən yazdığına görə ailənin
yaxın dostu general Yadigarov ağsaqqallıq missiyasını
öz üzərinə götürərək həyatının
son saatlarını yaşayan Mirzə Fətəlinin dəfni
ilə bağlı hər hansı vəsiyyətinin
olub-olmadığı ilə maraqlanmışdı: “
Ölümündən bir neçə gün əvvəl xəstəliyinin
get-gedə ağırlaşdığını və
artıq tezliklə öləcəyini başa düşən
qohum-əqrəbası, yaxın dostları hər gün ona
baş çəkməyə gəlirdilər. Nəhayət
axırıncı gün, həyatının son saatları, bəlkə
də son dəqiqələri idi ki, yanına gələnlərdən
İsrafil bəy Yadigarov ondan soruşdu: “Mirzə, siz nə
sayaq dəfn olunmağınızı istərdiniz?” Birbaşa
verilən bu sualın qarşısında Axundov son qüvvəsini
topladı, onun kinayəli şöhrəsində zəif, titrək
bir gülüş duyuldu, sonra isə qəti bir cavab
eşidildi: “Siz bilirsiniz ki, mən heç bir dinə
inanmıram. Ölülərin əziyyətindən dirilərin
nə cür xilas olmalarının mənim üçün
heç bir əhəmiyyəti yoxdur. İstyədiyiniz kimi dəfn
edərsiniz”.
Şübhə yoxdur ki, M.F.Axundov hətta
qatı bir ateist olsaydı da, yaxınları onu bir müsəlman
kimi dəfn edəcəkdilər. Və Tiflisin nüfuzlu,
sözü keçən, sayılıb-seçilən nəsillərindən
birinin başçısı olan general Yadigarovun dostunun
ölümünün ertəsi günü meydandan çəkilməsi,
dünən son vəsiyyəti ilə maraqlandığı
insanın nəşinin bihörmət edilməsinə göz
yumması qətiyyən inandırıcı
görünmür.
Belə misalların sayını yenə də
artırmaq olar. Oğlu Rəşid Axundovun Brüsseldən
göndərdiyi məktublarda adları sadalanan şəxslər
ailənin dostlarının və əhatə dairəsinin nə
qədər geniş olduğunu bir daha ortalığa qoyur.
Lakin gətirdiyim nümunələr də Mirzə Fətəlinin
dəfni ilə bağlı versiyada uydurmaların həqiqəti
üstələdiyini göstərir. Məntiq böyük ədibin
həqiqi müsəlmana layiq izzət və ehtiramla dəfn
olunduğunu sübut edir. O, Tiflisdəki müsəlman qəbiristanlığının
fəxri yerində, kiçik yaşda dünyadan
köçmüş övladlarının əhatəsində,
müəllimi və dostu Mirzə Şəfi Vazehlə
yanaşı ailəvi məzarlıqda torpağa
tapşırılmışdı. Sovet dövründə qəbirüstü
abidəsi ucaldılana qədər məzarı üzərində
Vaso Çaçanidzenin iddia etdiyi kimi, “fanatik müsəlmanların
yazıçının son mənzilini tanıyıb ona
hörmətsizlik etməmələri üçün
altı pəhləvanın sürüyüb gətirdiyi qaya
parçası” deyil, bu məzarda “mərhum və məğfur,
yüksək şanlı, Şərq və rus dillərinin
alimi, islam və rus ölkələrində bir çox əsərləri
ilə məşhur olan polkovnik Mirzə Fətəli Ağa Məhəmmədtağı
oğlunun” uyuduğunu bildirən əski üslublu
başdaşı dururdu.
Bütün bunlar öz yerində. Amma istənilən
halda belə bir fikirlə də razılaşmaq
lazımdır ki, Mirzə Fətəlinin dəfni onun
adına və doğma mədəniyyət
qarşısındakı misilsiz xidmətlərinə layiq sayıla
bilməzdi. Çünki xalq necə bir şəxsiyyət
itirdiyinin fərqində deyildi. “Mən dərviş məslək
və bəşəriyyəti sevən bir insanam. Hər kəs
insanları sevib mədəniyyətin tərəqqisinə
kömək edərsə, mən onun dostu və tərəfdarıyam.
Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin
inkişafına əngəl törədənlərdən kənarda
və uzaqdayam” – deyən ədibin Azərbaycan tarixindəki
mühüm yerini dərk etməsi üçün
xalqımızın həmin mədəniyyətə yiyələnməsi,
ümumbəşəri dəyərlərə sahib
çıxması zəruri idi. Mirzə Fətəli bu
prosesi sürətləndirdi.
Bu il yeni Azərbaycan ədəbiyyatının
banisi Mirzə Fətəli Axundovun anadan olmasının 200
illiyi geniş miqyasda qeyd edilir. Mirzə Fətəli
haqqında indiyə qədər az yazılmasa da böyük
sənətkarın xatirəsi qarşısındakı
borcumuz çoxdur. Təəssüf ki, hələ də onun əsərlərinin
akademik nəşri ortada yoxdur. Şəxsi həyatının,
yaradıcılıq yolunun, dövrünün görkəmli
şəxsiyyətləri ilə əlaqələrinin bir
sıra vacib məqamları ilə bağlı yetərincə
cavabsız suallar mövcuddur. “Axundov ensiklopediyasının”
hazırlanmasına və nəşrinə ciddi ehtiyac
duyulmaqdadır.
Budapeşt. Aprel, 2012-ci il.
Vilayət
QULİYEV
525-ci qəzet.-
2012.- 19 may.- S.14-15.