Əyyub Quliyevin dirijorluğu ilə “İspan simfonik obrazları” uğurlu alınıb

 

Mayın 4-də və 5-də Yessentuki şəhərinin F.Şalyapin adına Konsert zalında və A.Skryabin adına “Qafqaz Mineral Suları” Dövlət Filarmoniyasının Böyük zalında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konsertləri keçirilib. Konsertlər Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Qafqaz Mineral Suları”nın Federal Dövlət Filarmoniyası tərəfindən təşkil olunub. Konsertlərin proqramı müxtəlif məktəb və yaradıcılıq istiqamətlərinə mənsub bəstəkarların ispan mövzusuna həsr olunan əsərləri əsasında tərtib edilib. “İspan simfonik obrazları” adını almış konsert proqramında dünya musiqi mədəniyyətinin şedevrləri hesab edilən nümunələr – rus bəstəkarı Mixail Qlinkanın “Madriddə gecə” adlı 2 saylı simfonik uvertürası, fransız bəstəkarı Jorj Bizenin “Karmen süitası”, habelə rus bəstəkarı Nikolay Rimski-Korsakovun “İspan kapriççiosu” yer alıb. Konsertin əsas hadisələrindən biri isə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin ifası olub. Əyyub Quliyevin dirijorluğu ilə Rusiya Akademik Filarmonik Orkestri tərəfindən Q.Qarayevin “Don Kixotunun” təqdimatı Yesentuki və Kislovodsk musiqisevərləri üçün unudulmaz bir bayrama çevrilib. Qravürlər silsiləsinin son nömrəsinin (“Don Kixotun ölümü”) ifasından sonra zaldakılar Azərbaycan bəstəkarının musiqisini ayaq üstə alqışlayıblar. Konsertdə tamaşaçı qismində “Qafqaz Mineral Suları” Filarmoniyasının direktoru, professor Svetlana Berejnaya, Voloqda Dövlət Filarmoniyasının direktoru Vladimir Qonçarov, Vaşinqton Simfonik Orkestrinin baş dirijoru Leonid Şulman və Yaroslavl Filarmonik Orkestrinin direktoru Larisa Ryabseva iştirak ediblər.

 

 

GÜNEL

 

5250ci qəzet.-2012.- 11 may.-S.7.