“Soyuq röya”nın verdiyi hərarət

 

Bu yazını fikrimdən bilgisayara keçirməyə hazırlaşırdım ki, Bakıdan Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu və “Kardeş kalemler” dərgisinin genel yayın yönətməni Əli Ağbaşla birlikdə İmdad Avşarın Azərbaycan Yazıçılar Birliyinin B.Vahabzadə adına uluslararası mükafatına layiq görülməsi ilə bağlı xoş bir xəbər aldım. Başqa bir sevindirici xəbər də İmdadın Bakıda Azərbaycan türkcəsində ilk kitabının çıxması idi...

İmdad Avşarı Azərbaycan yazıçıları arasında ilk tanıyanlardan olduğumdan, doğrusunu deyim ki, bu xəbərlər az qala İmdadın özü qədər məni də sevindirdi. Aramızda xeyli yaş fərqi olsa da, telefonla başlayan ilk tanışlığımız sonralar dostluğa çevriləcəkdi. Maarif müfəttişi görəvində bulunduğu İğdırda uzun illər Türkiyənin azərbaycanlı mühiti ilə yaxından təmasda olduğunu elə ilk tanışlıq söhbətlərimizdən öyrənəcəkdim. Sonra əlaqələrimiz bu söhbətlərlə də bitməyəcəkdi, mənə göndərmiş olduğu bir-birindən gözəl bir neçə hekayəsini də birnəfəsə oxuyacaqdım. Bu hekayələrdə əsasən Türkiyədəki Azərbaycan mühitinin əlvan panoramını görəcəkdim. İmdadın Azərbaycanla bağlı görəcəyi işlər bununla da bitməyəcək, ədəbi əlaqələrimizin on illər boyu yığılıb qalan məsələlərinin həllinə çalışacaqdı. Yazımın məqsədi İmdadın Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərini sadalamaq olmadığından əsas məqsədə keçirəm.

İmdadın Kayseridən mənə göndərmiş olduğu “Soyuq röya” kitabını oxuduqca yadıma XX yüzilin önəmli Amerika yazıçısı Qarlendin “Bütlərin çöküşü” məqaləsini saldı. (Müəllif bu məqaləsi ilə “məhəlli rənglər”, “bölgə romanı” nəzəriyyəsini hazırlamışdı.) Onun fikrincə, hazırladığı nəzəriyyə həyata keçirilmiş olsa bu, bəlli bir bölgənin yaşamından yola çıxan, yeni milli Amerikan ədəbiyatının yaranmasına səbəb olacaqdı.(Nobel mükafatı laueratı Folkner və onun bir bölgənin həyatına işıq tutan əsərlərini xatırlasanız Qarlend nəzəriyyəsinin nə qədər yerində olduğunu düşünəcəksiniz.) Adı keçən məqalədə Qarlend, sənətdə tekrarçılığa cəbhə açaraq, sənəti ədəbi və digər bütlərdən deyil, həyatın özündən öyrənməyi önə çıxarır. Onun düşüncəsinə görə yazıçı, var olan hayat gerçəkliyini deyil, eyni zamanda həm də işıqlı gələcəyin (Bu, kommunizm işıqlı gələcəyi deyil əlbəttə. – M.İ.) bəlirtilərini də əsərlərinə yansıtmağı bacarmalıdır. Hər həqiqi sənətkar bu işıqlı gələcək uğruna əsərlər yazmalı, hər şeydən öncə qarşısına oxucusuna ümid verməyi və xəyal qurmağı öyrətməyi əsas məqsəd kimi qoymalıdır. Oxucu, belə sənətkarların əsərlərini oxuduqca həyatın yalnızca necə göründüyünü deyil, eyni zamanda həm də necə ola biləcəyini də xəyal etməlidir.Bu deyilənləri eyni ilə İmdad Avşarın kitabında toplanan hekayələrin arayış istiqamətlərinə də aid etmək olar.

Professor Nurulla Çətin “Soyuq röya” kitabına yazdığı ön sözdə də eyni qənaətə gəlmişdir: “...Ədəbiyyat piyasasını... müsəlman türk millətinin ruh kökünə yabançı söz yığınları istila etmiş vəziyyətdədir. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda İmdad Avşar hekayəsi, bir iç aydınlığıdır... Günümüz Türk hekayəsində gerçəkçi Anadolu yaşantısınını onun qədər canlı bir şəkildə çizən başqa bir hekayəçi yoxdur...” Nurulla Çətin bəyin bu təsbitlərinə yüzdə yüz şərik olmamaq mümkün deyil.

Türk hekayəçiliyində türk yazarlarından bizlərin dərd və sızılarını heç kim İmdat Avşar kimi dilə gətirməmiş, gətirə bilməmişdir. Əvvəlki kitablarında olduğu kimi yazarın bu kitabına toplanmış hekayələrdə də Azərbaycan, daha çox da Qarabağ türklərinin həyatı tükürpərdici bir həssaslıqla anladılmışdır. Bunun səbəbini harada armaq gərəkməkdədir? İmdadın soyadının millətimizin soy kökünü oluşduran boylardan birinin adını daşımasında – “Avşar” olmasındamı, yoxsa İ.Avşarın uzun illər bir müəllim vəya maarif müfətdişi kimi Anadoluda yaşayan Azərbaycan türklərinin həyatını dərindən dərinə öyrənməsindəmi? Fikrimizcə, hər ikisində də... İstər Anadolu, istərsə də Azərbaycan şivələrinə hakim olması onun hekayələrinə ayrıca bir dad gətirir. Bu yerdə ölümsüz rus yazıçısı Qoqolu xatırlamaq yerinə düşərdi. Qoqolun, Rus ədəbiyyatındakı bənzərsizliyi heç şübhəsiz iki şivənin, Ukrayna və Rus şivələrinin gözəlliklərini möcüzəvi bir şəkildə bir ədəbi axara salmasında və yeni şeirsəl bir yazı dili yaratmasında idi. İmdat Avşarın hekayələrində də Anadolu şivəsi ilə Azərbaycan şivəsi elə incə və canlı bir şəkildə qovuşub bir vəhdət təşkil edir ki, oxucu bu sirli dilin sehrinə düşməyə bilmir.

İmdad Avşar ədəbiyyata şeirlə gəlmişdi, elə buradaca vurğulamaq yerinə düşər ki, həm də Türk şeirinin gözüqıpıq şairlərindən də deyildi. Onun ilham genişliyinin yansıtmaq istədyi “mənzərələr” şerin məhdud ölçülərinə sığmadı, axıcı və məhsuldar qələmini əkininə, geninə-boluna toxum səpən səpinçi misalı nəsirdə də sınamağa başladı. Bəzi hekayələrində şairliyi nasirliyini, bəzi hekayələrində isə nasirliyi şairliyni üstələdi. Və beləcə nə vaxtdır İmdadın şair qələmi ilə nasir qələmi “kim-kimi” deyən bir gizli yarış içindədir. Bu, şairliyi yazarlığına, yazarlığı şairliyinə dəstək olan yarış görünür birincinin də “dadını-duzunu” gözünə qataraq ikincinin üstünlüyü ilə sonuclanacaq.: “...Kişnəyən yağız atlar; şaklayan kırbaç; kıvrılan, bükülen, uzayan yollar, o yolların vardığı viran bir han ve o hanın duvarları, rüzgarın önündə kuru yapraklar gibi savrulan bir adam... Ulu ağaclar, dəli sular, kör kuyular, görkəm saraylar və kanatları göğü kaplayan Anka”... (“Soyuq röya”)

İmdadın sənətkar arayışları xəyalla gerçəkliyin, qeyri-adi olaylarla həyat reallıqlarının çaprazlaşması, iç-içə girməsindədir... Kitabın adından ad aldığı “Soyuq röya” sözün tam anlamıyla klassik hekayədir. Yalnızca Anadolu ədəbiyyatının deyil, dünya ədəbiyyatının hekayə janrında yazılmış ən önəmli əsərlərindən biridir, desək yanlış olmaz. Bəlkə hekayə yarışmalarında aldığı birinciliklər də son olmayacaqdır. Oxumaq üçün uzaq dağ kəndindən qəsəbə internat məktəbinə gətirilən və burada hey o qoyub gəlməyə məcbur olduğu dağ kəndini özləyən, gecələr yataqxana otaqları küncündə qışın dondurucu soyuğunda səhərə qədər oyaq qalan uşaq-Mir Seyid! Uzaq dağ kəndinin minbir çiçəkli yaylaqlarını minbir rəgə boyayan günəş şəfəqlərindən içinə bir ilıq istilik də axır, bəlkə?

Günlərin birində məktəbdən qaçıb xəyal dünyasının çərçivəsini çizən kəndlərinə, anasına qovuşmaq üçün yola qoyulan Mir Seyidin qışın şaxtasında faciəli ölümü də yandırıcı bir dillə təsvir olunub. Oxuduqca istər-istəməz altmışıncı illər Azərbaycan kəndinin oxşar talellərini (Daha çox da qan-irin içində keçən öz ümidsiz uşaqlığımızı xatırlamalı oluruq):“Alışacaksın Mir Seyit! Öncə soğuq yataqlara girəcək, anasız uykulara dalacak və korkulu düşlər görəcəksin. Bazən altını isladacaksın, vücudunun sıcaklığı ilə kurudacaksın çamaşırlarını... Yakın köylərdən gələn köpək səsləri karışıyor rüzgarın səsinə. Cincavat çayı, bütün səsləri köpüklü sularına katıyor, tüm səsləri sürükləyərək uzaklara doğru götürüyor...” (“Soyuq röya”)

Əsərin qəhramanın adı da bizim uşaqlığımızdan birinin adıdır: Mirseyid! Bir qələm sahibi kimi ki, dilinin zənginliyinə görə bu hekayələrin hər vərəqi üstündə söz-söz, kəlimə-kəlimə bəlkə aylarla iş getdiyini söyləyə bilərəm. Bu, bir tarixi təcrübədir: Fransız yazıçısı Flober dostu Luiz Kola göndərdiyi məktubda belə yazırdı:”...Bir səhifəni tamamlamaq üçün mənə bir həftə oturmaq lazım gəldi. Hər sətir üzərində çabalıyıram, amma yazdıqlarım istediyim kimi alınmır. Madam Bovarinin zəhərləndiyi anı qələmə alanda arsenik zəhər dadını dodaqlarımda hiss edirdim...” Nəsrin atkeçməz yollarını Floberdən öyrənən başqa bir Fransız yazıçısı Mopassan bəzən üzərində on dəfə işlədiyi bölümləri büküb zibil qabına atmaqdan da çəkinmirdi.Bəlkə buna görədir ki, Mopassana dünya şöhrəti qazandıran “Gözəl dost” romanın arxivdə qalan ikimin səhifəyə yaxın əlyazmasından sadəcə dörtyüz yetmiş səhifəsi əsərin çap varyantında yer ala bilmişdi. Əsərin yazı aşamasındakı yazar həyəcanıları və çiləlləri əsərdə hiss olunmamalıdır. O yazarlar bəxtiyardır ki, əsərlərinə hardasa təbiət mükəmməlliyini yansıda bilirlər...Buffonun dediyi kimi istidad, uzun süreli səbr demektir. Böyük bir səbr və həssaslıqla yazıldığından İmdad Avşarın hekayələrində təbiət mükəmməlliyinə yaxın bir mükəmməllik var. Bir-iki hekayəni çıxmaq şərtiylə hadisələri nəql edən birinci şəxsdir, hardasa İmdadın özüdür. İmdadın yazıçı böyüklüyü ordadır ki, bu hekayələrin uslubu, ritmi əsla bir-birini təkrarlamır. Amma hamısının da arxasında bir qələmin dayandığı bəsbəlli: “Akşam, siyah bir fırça gibi geçti ufuktan və qurubun kızıllığını birkaç dakika içində kəndi rənginə boyayıverdi. Bağbaşı mahəlləsi hızla inən akşama boyun əğib karanlığa təslim olurkən, Ağbayırın yamacına birər dərviş gibi kurulan kərpiç evlərin yüzü də yavaş yavaş gölgələndi, soldu, kararmaya başladı...” (“Ayvaz usta”) L.N.Tolstoy yazırdı ki, çocuklarınızın gələcəkdə təbiətpərəst və duyğusal olmasını istəyirsinizsə onları yeddi, on yaş arasında təbiətlə iç- içə böyüdün. Çünki ömrün sonrakı uzun yaşam əlvanlığı yeddi on yaş arasındaki yaddaşların qayımlığından asılı olacaqdır. İmdad Avşarın uşaqlığı Anadolu bozqırlarında Ahilər arasında keçdiyindən, təbiətdən nəsibini yetərincə aldığından üslubu bir bu qədər qeyri-adi və əlvan rənglərlə süslənmişdir. Təsvirlərində xəyalla gerçəkliyin, yuxu ilə aşikarlığın arasında bir yerdə izahının dilə gətiriliməsi zor olan bir şeylər vardır və hərdən adama elə gəlir ki, İmdat nə təsvir etdiyinin, necə təsvir etdiyinin heç özü də fərqində deyil.Otağın vacibliyi dörd divarından yox, içindəki boşluqdan ibarətdir, bu boşluq yoxsa o otaq kimsəyə gərək olmaz.İnsan, o boşluqları doldura- doldura dünyanın işinə yarayır. Yaddaşına qoşulan elə gözəgörünməz naqil vardır ki, o naqillər, İmdadın beyninə bizi heyrətlərə salacaq təsvirlər axını göndərir.Bu axın, əsla yaşlı bir adamın yaddaşının məhsulu ola bilməzdi, bu axın, uşaqlıq deyilən əsrarəngiz dünyanın harasındansa yaddaşlara hopan görüntülərin kağıza köçməyə macal tapmış uzaq xatirələridir. İmdadın “bir sərçə”sinin uçuşuyla oxucusunu geriyə döndərəbiləcəyi zaman var, yaşanmış, insan şuuruna qazınmış və yeri gəldikcə dalğıclar kimi dənizlərdən boy göstərən zaman!:“Bir koğuşda, ikinci kat ranzadaki yatağından iyicə sarkmış bir çocuk...Adım gibi biliyorum. O an koşuyor, yemyeşil, mor çiçəkli yaylada bir çocuk.Hər yanı çayır, çimən, çiçək...Yanağında tatlı bir gülümsəyiş var. Ara sıra arkasına bakarak koşuyor. Onu kovalayan çocuklar yetişəmiyorlar, bəlli...”(“Soğuk rüya”)

İmdadın bütün hekayələrində mütləq bir uşaq xarakteri var. Və sanki o uşaq xarakteri hekayədən hekayəyəy keçib “böyüyür”, “ətə-qana” dolur. O uşaqların hamısında hardasa bir az İmdad Avşarlıq var. Yaşımın bələni çoxdan aşdığı bir vaxtda “Qarabağ qaçqınları” hekayəsini göz yaşlarıma boğularaq oxuyuram.Bir müharibə yetimi kimi Qarabağ uşaqları- müharibə yetimləri haqqındakı bu hekayə məni keçmişimə qaytarır və gizləmirəm, hekayəni oxuya-oxuya hətta bir az utanıram da.Qürbət sızılarımı yazmaqdansa bir savaş çocuğu kimi Qarabağ savaş yetimlərinin həyatını mən yazmalıydım axı?! “Qarabağ qaçqınları” daşdan belə göz yaşını çıxaracaq novellaqarışıq bir hekayədir, “Muğamat üstündə ağlayan”,doğma torpaqlarından ayrılıb bir parça çörək arxasınca qardaş qürbətə sığınmaq zorunda qalan (Ali Akbaş demiş, “Bəylər utansın!”) təkqollu, əlacsız musiqiçi atanın, ailəsinin keçimini sağlamaq üçün uşaq deyiləcək yaşada özündən neçə yaş böyüyə ərə getməyə məcburi razı olan bir qızın, qəriblik ehtiyacı ucbatından bacarmadığı işdən yapışan, elektrik çarpan və bu səbəblə də faciəvi şəkildə dünyasını dəyişən bir dəliqanlının hekayəsi!: “...Ayaqqabılarının biri siyah, bir kahvərəngindəydi, xəstəxanada fərq etdim. Boynunda siyah iplə bağlanmış bir muska vardı. Əlləri, yüzü, üstü başı, kömür karası...”( “Qarabağ qaçqınları”)

İmdadın bir çox hekayəsində kino, tiatro qurğulanması hadisəsi baş verir. Röya mötifləri, ən çox müraciət etdiyi bu hekayələrə hopturulmuş xəyal gücü insanı bir andaca əllə tutulub gözlə görülə bilməyən hamımızın ana vətəni uşaqlığın əlçatmaz, ünyetməz sahillərinə çəkib aparır. Gizləmirəm, yaşın yetmişüçündə, İmdadı oxuduqca hekayələrinin haralarındasa özümü görür, özümü bulur və varlığıma hopan həyatımın unudulub yaddan çıxan və unudulması əsla mümkün olmayan anlarını yenidən yaşayırdım.Geriyə dönüş, keçmişin bir də fiziksəl anlamda təkrarlanmayacaq, təkrarı mümkün olmayacaq acılarının şirincə yaşantısıdır ədəbiyyat bəlkə, bilmirəm. Onu bilirəm ki İmdadın bu təsvirləri, təhkiyələri mükəmməlliyə yaxın bir biçimdə olan hikayələri sanki mənim adıma yazılmışdır.Həm də bu hekayələr yalnızca bir Anadolu türkünün yox, eyni zamanda gərək bu kitaba toplanmış hekayələri, gərəksə də mənə çox-çox öncədən tanış olan hekayələri hardasa tamı-tamına Azərbaycan ləhcəsinin, Azərbaycan ruhunun hekayələridir:”...Bu sözlərdən sonra zurnanın səsi kəsildi birdən, bulutlar göktəki dolunayın yüzünə pərdə çəkdi, əsən yel durdu bir an. Dar sokaklara sızan bütün işıklar söndü, kərpiç evlər zifri bir karanlığa gömüldü...” (“Ayvaz usta”)

Bu hekayələri oxuduqca gözlərimizdə əsrarəngiz dünyaların təsvirini içində barındıran rənglər dünyası canlanır, ağrıları, acıları, sevincləri, təəssüfləri, sevgiləri, sevincləri üstlərinə yüklənmiş olan missiyaları ilə bizi zamandan zamana, məkandan məkana sürəkləyir. Məktəbdə jurnal pulunu verə bilməyən Şərifin, ya da Mir Seyidin və onlarca digər hekayə qəhramanlarının həyatını yenidən yaşamalı olursan:

“Gecələri aç kurtlar gibi uluyan vadinin ürpərdən çığlıkları uykularımı bölüyor; bu korkunç uğultular düşlərimi bilə talan ediyordu. Akşamlarım, odayı zar zor aydınlatan qaz lambasının titrek alevleri ışığında ürpərtən bir yalnızlık və içimdə korkular büyütən bu uğultulardan; gündüzlərim isə, karlara bata çıka okula gələn pərişan öğrəncilər...(”Ölümün ən güzəli”)

Uşaq dünyaya adıyla bərabər doğulmur, ad ona dünyaya gəldikdən sonra verilir. “İzm”lər, Cəmil Məriç demişkən, hamısı boy göstərdiyi məmləkətlərə bənzəyir, yəni Avropaya, bic və hiyləgər! Bəlkə bütün bunları bildiyindən İmdadın hekayələrini oxudugca onun hansı ədəbi cəryana aid olduğunu öyrənmək elə də zor deyil. Yox, o postmodern azarında düşüb xaosdan mədəd uman yazıçılardan deyil, onun realist qələmi təsvirlərinə yer-yer xəyal zənginliklərini də qataraq realist nəsrin elə önəmli örnəklərini yaradır. Onun üslubunda “Biri vardı, biri yoxdu” başlanğıcı olsa da, amma hekayələri toxumalarına qədər realist ədəbiyyatın ən önəmli örnəkləri kimi qarşımıza çıxır: “Uşaqlıqda inanardım nağıla, getdim gördüm nağıl deyən qocalıb”...

Yazı dilinin obrazlılığı, şirəliliyi təbiəti kavramak istəyən nəhayətsiz çocuk ilgisi, böyük təcrübəyə ulaşsa da hələ uşaqlıq hissini qeyb etməyən usta bir qələm. Onun hekayələrində Nazim Hikmətin “Memleketimden İnsan Manzaraları”ında olduğu kimi dərdləri, ələmləri, sevinc və sevgiləri ilə bütöv Anadolu var: Ahilərin ahlı həyatı, verimsiz şoran bozqırlar, “sınıq pəncərələri günəşə baxan evlər, hisli lampalarından yoxsulluq yağan evlər, kənd qəhvəxanələri və orada baş verən hadisələr, kəsilmiş söyüd ağacının öz dilindən söylənən ağrılı xatirələri, daha nələr, nələr...

Uzaq dağ kənd məktəbinin müəllimini yanlışlıqla qəsəbəyə məhkəməyə çağırırlar və o da məktəbin tək müəllimi olduğundan məktəbin qapısına kilid vurub bu qarlı dağ kəndindən çox-çox uzaqlara arana qəsəbəyə getmək zorunda qalır.Tüpürsən göydə donub buz olan hava, sınıq salxaq bir maşınla uzun, əzablı bir yol və o yolun nəhayətində sığına biləcəyin son ümid yeri-bir zamanlar çayçıda çayçı köməkçisi olduğu bir çayçı və o çayçının önündəki söyüd ağacı...Amma “bir çaydan bir dəfə keçilir”. Keçmişə zaman içi yolçuluqda aradığını bulmaya da bilirsən. Hanı o kənd çayçısı, hanı o çayçının önündəki qocaman söyüd ağacı? Və hekayə bu səfərin doğurduğu ruhi halları geriyə dönüşlərlə qarşımıza gətirir.Əsər çox təsirli bir sonluqla tamamalanır: “Yollar qapanmışdı. O dağ köyünün yolu, bəlki bir ay sonra açılacaqdı.Öyrətmən evinin pəncərəsindən dağlara doğru baktım. Bəni bəkləyən çocukların umutlarına kar yağıyordu...” (“Ölümün ən gözəli”)

Taledən qaçışın mümkün olmadığını çox incə detallarla gözlər önünə sərən “Yağmur”,“Anamın saatləri” və digər əsərləri oxuduqca öyrənirsən Anadolu insanının belə həzin və hüzünlü olmasının nədənini, həm də qəhramanlıq, vətənsevərlik duyğularının şəxsi kədərlərdən nədə üstün olduğunu. Vətən, dövlət sevgisi dünyanın heç bir bölgəsində yəqin Türkiyədə olduğu kimi güclü deyil. Bəlkə buna görədir ki, Anadolu türkülərində şəxsi kədərlərdən daha çox qəhramanlıq motifləri üstünlük təşkil edir. Az qala bu hekayələrin hamısında ata, ana, oğul üçbucağı hər dəfə başqa bir biçimdə qarşımıza çıxar. Bu isə Anadolu insanın son 40-50 ildə yaşadığı sosyal dəyişimlərin hekaydəki silinməz izlərinin əks edişidir. Ata hayanasa adına “qürbət” deyilən ya Türkiyənin gəlişən şəhərlərinə, ya da Avropanın hansısa ölkəsinə çörək dalınca üz tutur, sılada(vətəndə-arxada) isə çoluq-çocuğu ilə kimsəsiz, kömeksiz cafakeş analar qalır, saçının birini ağ, birini qara hörüm ümidlə ər yolu gözləyən ana-qadınlar!:(“Su sərpərlər ya Gidənlərin ardından dün askərə Hində, Yəmənə bu gün əkməğə Yaban ellərə Dönməzlər də ondan,.Yoksa niyə sərpsinlər Sirkəcidən tren gidər Onu binən vərəm gidər... (Ali Akbaş) Və bir də yeridoldurulmaz atasızlığını yaşayan uşaqların, oğulların çiləsi.Bu uşaqların gözündə qürbət neçə çeşit canlanır Allah?!:Babam, sisli-yağmurlu bir gündə getmişdi qürbət dedikləri yerə. Bəlki incə bir bahar yağmuruydu qürbət, babamın ardından yağan. Şehir, bizim köyün az ötəsindəki asfalt yoldan geçən mavi otobüslərdi o zamanlar; qürbət, mavi bir otobüslə şəhrə gidən və bir daha geri dönməyən babam olmalıydı.(“Dolu vurğunu”) Və bir köylü çocuğuna görə şəhər nədir, sizcə də nə ola bilər? O da adamına görədir əlbəttə:Kim hansı baxış bucağından baxır, kənd çocuqlarının xəyalını süsləyən, fikrini çəkən şəhərə...”Keçi qılığında bir cindi şəhir”.Kəndin payızından, qışından baxanda “dəli bir yağmurdu...”Və bir qorxulu nağıllı-nəğmənin nəqaratı kimi təkrar olunur hekayə boyu şəhərin çeşitli obrazları:”Bir bıldırçının ürkək kanat səsiydi şəhir...”Şəhir, kadınların söylədiği ağıttı...” Dünən XX yüz ilin bu gün isə XXI yüz ilin kənd gəncliyinin şəhər sevdası daha yaxşı yaşam sevdasıyla keçmirmi? Kaptalizmin kənd önündə qalibiyyətdi şəhər, bunu da mən deyirəm. Kəndlər şəhərləşməyə doğru yön almış artıq!”Şəhir, əli silahlı devlət...”Parçalanmışlığın, bölünümüdür şəhər, onda gah “Kahrolsun faşizm”, gah da “Kahrolsun kommunizm” şuarları eşideceksen:”Kaldırımda acı içində kıvrılan bir gəncti şəhir, kandı, kavğaydı, ölümdü, uğultuydu...” Və... “Küçükkən, mavi bir otobüsdü şəhir, kana bulandı, kıpkızıl bir dəniz oldu, bən o akşam büyüdüm...” (“Dolu vurğunu”). Şəhərin atdığı tora düşənlər şəhərlə kənd arasında çabalamağa məhkum. Dünya şəhərləşməyə doğru gedirsə neyləsin kənd çocuğu, İmdad Avşarın hekayə içində gizlədilmiş kiçik qəhrəmanı və bəlkə də elə İmdad Avşarın özü?! Bu əsərlərin hamısı yazıçı “məninin” hekayələridir və bu hekayə qəhramanlarının hamısı İmdaddır ya da onu kimisinin biridir, onun adından, onun diliylə danışır...

“Dondurmacı” hekayəsi hardasa bir kino senarisi kimi oxunur. Burada insan mənzərələri tünd və bəlirgindir.Onda tamam bir başqa baxış bucağı var. Adım kimi mənə tanış olan məhrumiyyətin fəlsəfəsi, uşaq qəlbinin saflığı və inadkarlığı, bir şeyi lap çox istəyib ala bilməməyin faciəsi, kənardan baxanların ürəyinə gizli canatımları və yalvarışları ilə rəhmə gətirə biləcəyinə inanma və sonra da xəyal qırıqlığı.Axı, saf uşağın təmənni umduğu, yardım dilədiyi uşaqlığı çoxdan il dağlarının arxasında qalmışdır, o uşaqlığın saflığını ömrün sonrakı illərinə daşıyamamışdır, daşıya da bilməzdi, içindən keçib gəldiyi həyat çox hisslər kimi rəhm hissini də silib yox etmişdir.Uşaqlığını ömrün qürubuna qədər qoruyub saxlamaq hər baba igidin işi deyil ki? Belə bir adam bu qurğunu quran yaradıcı insanın özündən başqa birisi deyildir...Fransız yazarı Stendal roman (ya da hekayə) yol boyunca gəzdirilən ayna bənzədirdi.Bu fikri başqa bir Fransız yazarı Emil Zola “Ekran” adlı məqaləsində belə davam etdirmişdir: “...Hər hansı bir əcəri dünyaya açılan pəncərəyə bənzətmək olar.Pəncərəyə salınmış şüşə şəffaf ekrana bənzəyir və ekran həyat həqiqətlərini bu və ya digər ölçüdə təhrif edərək əks etdirir...Amma ekranın şüşələri də çeşit-çeşitdir. Dahinin ekranı, klasik ekran, romantik ekran, realist ekran...”Buradaca deyə bilərik ki, İmdadın ekranı romantik ekranla realizmin qarışımından yaranıb..

Kitabın son hekayəsi “Şah qartal”dır. Və mənə elə gəlir ki, İmdad Avşar kitabını tərtib edərkən bilərəkdən kitabının sonluğuna bu hekayəni qoymuşdur. Toyda aşığın yaxşısını məclisin sonuna saxlamırlarmı? “Bir kaçaktım, bədəni tabuttan evlərə sığmayan şəhir kaçağı...”Ovçunun ova dönüşü bu hekayədə elə silinməz boyalarla təsvir olunmuş ki? “...Ardımda ahenkli kar sesleri ve dağların alışık olmadığı iri izler bırakarak yürümeye başladım. Kıvrıla kıvarıla, dağın yüksek yamaçlarına kadar uzanan derin bir vadiye saldım kendimi. Ufuklar güneşin şarkısıyla şenlenince, sesler çoğaldı, ritmik kar sesi o sesler arasında kayboldu. Her şey kendi dilinden...”(“Şah qartal”) Hikayə başdan-başa ilhamın ekstaz anlarının çırpıntıları kimi kağıza tökülmüşdür. Sözlərin ahəngadar, qafiyəli ritmli düzülüşünə görə hər cümlə bir müqəyyad şer misrası kimi oxunur.Amma söhbət sadəcə hekayənin dilin gözəlliyindən getmir ki? Çayda axan sadəcə su deyil, sadəcə su olsaydı o axına çay deyilməzdi bəlkə. “Soğuq rüya” kitabına daxil olunan hekayələrin gözəgörünən tərəfində deyil, alt qatlarında o çay misalı yazıçı məhrəti ilə saxlanmış elə incə mətləblər var ki?!“...Bən artık ovcı değildim, bir av gibi girdim şehrə...”Qar səsi, belə səs olurmu qarda? Yox, enində sonunda insan olduğunu dərk edən ov qarşısında ova dönən “ovçunun”- İmdadın səsidir bu! Buradaca Səməd Vurğunun ölümsüz misraları müşaiyət edir bu səsi: “Ovçu, insaf elə keçmə bu düzdən!..Və oxucu bu səsə qoşulub vucudunun haralarındasa bir yerlərində sirli qalan, dünyanın nasiranə qayğıları ilə yuxuya dalan insafının, vicdanının oyanan səsinə qulaq asmağa başlayır, insan olduğunu dərk edib, gözəgörünməz dünya düzəninə boyun əyməli olur. Deməli, yazar istədiyinə yetərincə nail olmuşdur. Amerikan yazıçısı Qarlend də elə bunu demirdimi?:”İşıqlı gələcək uğruna əsərlər yazan, hər şeydən öncə oxucusuna ümid verən və xəyal qurmağı öyrədənlərə həqiqi sənətkar deyilmirmi?”

Və son olaraq burada yenidən Fransız yazarı Mopassanın bir fikrini xatılamalı oluram.Görüşünə on-on beş dəqiqə gecikəndə səni gözləmədən çıxıb gedən “dostlardan” fərqli olar Mopassan,- kitab ən etibarlı dostdur,-deyirdi,-on illərlə dönüb gəlməsən buraxıb getdiyin masanın üstündə yolunu gözləməkdə davam edəcək, kitab ən etibarlı dostdur!”

Etibarlı dostdan “Soyuq röya”dan, röyadan ayrılan kimi ayrılmağıma üzülürəm, amma onu bilirəm ki, o “elə etibarlı dost”dur ki, mən ona dönə-dönə qayıdacağam. Bir kitabın və özəlliklə onun müəllifinin bundan böyük xoşbəxtliyi yoxdur ki!

 

Aprel-May- 2012

Çanaqqala, Türkiyə

 

 

Məmməd İSMAYIL

 

525-ci qəzet.- 2012.- 23 may.- S.7.