Fikrət Qocanın yeni kitabı – “Sönən deyil bu ocaq”

 

Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” adlı şeirlər və poemalar kitabı işıq üzü görüb. Kitaba şairin son illərdə yazdığı və indiyədək çap olunmamış şeirləri, poemaları daxil edilib. Kitaba “Şair fərdiyyəti” başlıqlı ön söz yazmış mərhum akademik Bəkir Nəbiyev Fikrət Qocanın “özünə bənzəyən şair” olduğu fikrini qeyd edib, onun lirik qəhrəmanının yetkinləşməsində sürətlə dəyişib inkişaf edən çox böyük epoxal hadisələrlə zəngin olan ictimai varlıqla, zəmanəmizin ruhu ilə yanaşı şairin tərcümeyi-halındakı bəzi konkret məqamların da rol oynadığını diqqətə çatdırıb. B.Nəbiyev F.Qocanın əsərlərinin, poetik toplularının respublikamızın hüdudlarını aşaraq, başqa ölkələrin də oxucularına çatdığını vurğulayıb. Müəllif həmçinin şairin ayrı-ayrı əsərlərinin taleyi barədə Bakıda, Moskvada və xaricdə dəfələrlə yazılmış, Xalq şairimiz B. Vahabzadənin və B. Azəroğlunun, eləcə də Anarın, S. Rüstəmxanlının və digər tənqidçi və ədəbiyyatşünasların F. Qocaya həsr olunmuş məqalələr dərc etdirdiklərini, şairin özünün də bir sıra görkəmli şəxsiyyətlər haqqında məqalələr yazdığını bildirib. Fikrət Qoca yaradıcılığına nəzər salan B.Nəbiyev şairin şeirlərinin vaxtın, müasirliyin ötəri, keçici təsirinə məruz qalmadığını, yaradıcılığında konyuktura əlamətlərinin olmadığını, həyatın özündən, onun dərin qatlarından, mürəkkəb insan talelərindən bəhs edən əsərlər yaratdığını vurğulayıb.

Kitabda şairin “Yaşamaq asandır, xatırlamaq yox”, “Zaman keçir”, “Yol gəlir”, “Dayanın”, “Görsünlər”, “Azərbaycanlı”, “Səhnə”, “Bərbər deyil qadın, kişi”, “Sonra da deyirlər”, “Meh”, “Çoxmərtəbəli”, “Ömrün hər anı”, “Ağlatmayın”, “Dilənçi”, “Kitab mağazaları seyrəlir”, “Peşmandı”, “Qəbələ”, “Bir söz soruşdum”, “Yerlə göy arasında”, “Hər gecə Xocalıda”, “Əsir düşdü”, “Çox namərd dünyadı”, “Sönən deyil bu ocaq”, “Sənsən”, “Mən olacaqdım”, “Çağırma”, “Məhəbbət”, “Gəlməsə”, “Səndən o yana”, “Məhəbbətsiz” və başqa əsərləri, müxtəlif mövzuları əhatə edən, xüsusilə cəmiyyətimizdəki eybəcərliklərə ayna tutan, haqsızlıqlara qarşı etiraz səsi ucalan, həmçinin ülvi məhəbbətə aid əsərləri var. Bu nəşrdə F.Qocanın “Şəhidlər xiyabanı”, “Bakı-Quba yolu”, “Gərək bu günləri görəydin”, “Qəbələ”, “Dörd addım” və “Cənnətdən qovulanlar” başlıqlı poemaları da yer alıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 23 may.- S.7.