ADMİU-da VI Beynəlxalq konfrans
keçirilib
Hər
bir ali təhsil ocağının həyatında elmi-praktik
konfransların əhəmiyyəti danılmazdır. Yetər
ki, belə tədbirlər mövcud ehtiyacdan doğsun,
qarşıda duran problemin həllinə yönəlsin, quru,
boğazdan yuxarı sözlər yığınağı
yox, elmin, təhsilin inkişafına xidmət etmiş olsun.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində keçirilən “Mədəniyyət: problemlər
və perspektivlər “ adlı doktorant və gənc tədqiqatçıların
VI Beynəlxalq konfransı ənənəvi olaraq ölkəmizin
ictimai-mədəni həyatında baş vermiş əlamətdar
hadisələrə həsr olunmuşdu. ADMİU- nun 90 illik
yubileyi ərəfəsində təşkil olunan silsilə tədbirlər
sırasında bu tədbirin də öz yeri, öz çəkisi
vardı. Konfransın devizi həm sadə idi, həm də
düşündürücü. Qloballaşan dünyada
milli-mənəvi dəyərlərimizi qoruyaraq mədəni
inteqrasiyanın optimal yollarını müəyyənləşdirmək
baxımından mövcud baxışları konseptual bir şəklə
gətirmək. Məsələyə bu aspektdən
yanaşmaq konfrans iştirakçılarının, istərsə
də xarici ölkələrdən dəvət olunmuş sahə
mütəxəssislərinin ürəyincə idi. Mərasimi
giriş sözü ilə açan, həm də konfransı
təşkil edib onun gündəliyini tərtib edən Elm və
yaradıcılıq işləri üzrə prorektor, professor
Maral Manafova tədbirdə iştirak edənləri
salamladı, iki gün davam edəcək müzakirələrdə
onlara uğurlar dilədi və ADMİU-nun rektoru, professor
Timuçin Əfəndiyevin hər bir problemin həllində
onlara dəstək olduğunu məmnunluqla qeyd etdi.
Sonra “Ədəbi
yaradıcılıq” kafedrasının müdiri, professor
Aqşin Babayev, Tədris və tərbiyə işləri
üzrə prorektor, professor Rafiq Sadıqov, “Tətbiqi
kulturologiya” kafedrasının müdiri, kulturologiya üzrə
elmlər doktoru, professor İlqar Hüseynov, “Musiqi sənəti”
fakültəsinin dekanı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova, Tələbə
Elmi Cəmiyyətinin sədri Yeganə Əliyeva
çıxış edərək hərəsi öz sahəsi
üzrə həlli vacib məsələlərdən
danışdılar. Konfransın plenar iclası da
böyük maraqla ötüşdü. Türkiyə
Respublikasının nümayəndələrindən magistrlər
Maşidə Nemətlə Adəm Altuntaşın “Azərbaycan
və Türkiyə əməkdaşlığı” və
“Qarabağ mövzusunun teatr və kinoda əks etdirilməsində
ədəbi-bədii problemlər” , İran İslam
Respublikasından magistr tələbə Sadiq Barenji Nigar “Fikrət
Əmirov və Elmira Nəzirovanın ərəb
mövzuları əsasında fortepiano konsertinin bəzi
üslub xüsusiyyətləri” mövzusunda məruzələri
böyük maraqla dinlənildi. AMEA-nın dissertantı Jalə
Məhərrəmovanın, ADMİU-nun magistrı Günəş
Cəbrayılovanın mədəniyyət mövzusundakı
çıxışları elmi yeniliyi ilə fərqləndilər.
Plenar
iclasın sonunda “Musiqi sənəti” fakültəsinin müəllim
heyətinin verdiyi kiçik konsert konfrans
iştirakçıları tərəfindən heyranlıqla
dinlənildi.
İNTİQAM
525-ci qəzet.- 2012.- 1 may.- S.7.