Qərbdə
“Şərq ab-hava”sı yaradan şərqşünas
QORQUDŞÜNASLIĞIN YARADICISI
HAYNRİX FRİDRİX FON DİTSİN 200 İLLİYİNƏ
“Kitabi-Dədə
Qorqud” eposunun Azərbaycan ədəbi-estetik düşüncəsinin
inkişafında mühüm və əlahiddə yeri var. Bu,
onunla bağlıdır ki, “Qorqud” eposu bir tərəfdən
milli ədəbi-bədii yaradıcılığın konkret
bir mərhələsi, digər tərəfdən isə həm
də milli düşüncənin bütün ilkin arxetiplərini
özündə qoruyan mənbə-qaynaqdır. Bu, elə bir
qaynaqdır ki, Azərbaycan ədəbi-estetik
düşüncəsi, bütövlükdə milli varlığı
bütün hallarda bu qaynağa bağlanır. Bu məsələ
“kitab”ı “milli varlığımızın mötəbər
qaynağı”na çevirmişdir. Oğuzların şah əsəri,
ana kitabı olan “Kitabi-Dədə Qorqud” bütün türk
dünyasının yaradıcı dühasının hələlik
əldə olan ilk ən böyük və ən mükəmməl
bədii ifadəsidir. Zəngin biliklər ensiklopediyası olan
dastanda xalqımızın əxlaq və mənəviyyatı,
davranış mədəniyyəti, gözəllik
anlayışı, humanizm, vətənpərvərlik, şəfqət,
ehtiram duyğuları əks olunmuşdur.
Azərbaycan mədəniyyəti və ədəbi düşüncəsinin ulu qaynağı olan “Kitabi-Dədə Qorqud” təkcə öz yarandığı və yaşadığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də mili mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün mili-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş mili mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir. Özündə Azərbaycan – oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşıyan “Kitabi-Dədə Qorqud” XX əsr tarixinin ən dəhşətli çağlarında ziyalılarımızı sınmağa qoymamış, abidədə daşınan mili birlik, vəhdət və bütövlük ideyaları ədəbiyyat və incəsənətimizə nüfuz edərək xalqın mənəviyyatını dağılıb məhv olmaqdan qorumuşdur.
“Kitabi-Dədə Qorqud” dastanının əlyazması ilk dəfə Almaniyanın Drezden kitabxanasından tapılmışdır. Məşhur alman şərqşünası Y.Reyski XVIII əsrdə dastanın əlyazmasına rast gəlmiş, lakin onun dilini lazımınca bilmədiyinə görə üzərində elmi iş aparmamışdır. Sonralar əlyazması həmin kitabxananın kataloqunu tərtib edən Fleyşerin diqqətini cəlb etmişdir. Nüsxənin üzərində Osman paşanın ölüm tarixi (1585) olduğuna görə Fleyşer onu XVI əsr əlyazmaları kataloquna daxil etmişdir.
1815-ci ildə şərqşünas F.Dits əlyazmasının üzünü çıxararaq Berlin kitabxanasına gətirmiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. F.Dits həmin nəşrə yazdığı müqəddimədə “Təpəgöz” boyunu Hamerin “Odissiya”sı ilə müqayisə etmişdir.
Haynrix Fridrix fon Dits 1751-ci il 2 sentyabrda Bernburqda tacir ailəsində doğulmuşdur. Halle universitetinin hüquq fakültəsini bitirdikdən sonra Maqdeburqda Prussiya ədliyyə işləri üzrə məsləhətçi, sonra isə dəftərxana direktoru, 1784-cü ildən İstanbulda səfir işləyir, sonra isə zadəganlıq rütbəsinə yüksəldilir. 1791-ci ildə geri çağırılaraq səfirliyin məxfi məsləhətçisi kimi fəaliyyət göstərir. Elə həmin il Kolberq kilsəsinin prelatı (katolik kilsəsində yüksək ruhani vəzifələrindən biri) təyin olunur.
H.F. fon Ditsin ictimaiyyətə təqdim etdiyi 1811-15-ci illərdə Berlin və Halledə nəşr edilmiş ikicildlik iri həcmli əsəri “Asiyadan incəsənətə, elmə, adət-ənənələrə, qədimliyə, dinə, hökumət quruluşuna aid xatirələr” adlanır. İlk dəfə “KDQ” dastanlarını elmi cəhətdən tədqiq edən H.F. fon Ditsin 1815-ci ildə nəşr etdirdiyi “Denkwürdigkeiten von Asien” kitabının II hissəsində onu tarixi, coğrafi, mətnşünaslıq baxımından yüksək qiymətləndirərək dünya elminə dəyərli məlumatlar vermişdir. Bununla da H.F. fon Dits qorqudşünaslıq elminin əsasını qoymuşdur. Dədə Qorqudun şəxsiyyəti, dövrü haqqında məlumat verən alim Oğuz xalqının həyat tərzini, inanclarını, adət-ənənələrini, qəhrəmanlıqlarını 1811-1815-ci illərdə yazdığı iki cilddən ibarət olan “Asiyadan xatirələr” əsərində ətraflı şəkildə təhlil etmişdir. Dastanlar haqqında geniş məlumat verən alim tədqiqat kitabının adını “Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerinki ilə müqayisədə” adlandırmışdır. Sonra isə “Təpəgöz, yoxsa Oğuz Siklopu. Türk-tatar dilindən” adlı başlıq gəlir. Əlbəttə ki, “türk-tatar” dili dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Üz səhifəsində “Kitabi-Dədə Qorqud” Oğuz xalqının dilində yazılmışdır cümləsi, sonra Təpəgöz və Homer Siklopunun müqayisəsi verilir. Təpəgöz mifinin oğuzlarda daha qədim, daha bitkin olduğunu söyləyərək yunanların bunu oğuzlardan götürdükləri fikrini 51 dəlillə sübut edir və buna nail olur.
Ona maraq təkcə yazıçı və şairləri yox, tarixçiləri, dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm sahələrini əhatə etdi. Lakin burada “marağı özünə cəlb etmək” ifadəsi “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı XX əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə proseslərini tam şəkildə səciyyələndirmək gücündə deyil. Burada söhbət sözün həqiqi mənasında milli düşüncəmizin düşdüyü “Kitabi-Dədə Qorqud” cazibəsindən gedə bilər. Epos Azərbaycan cəmiyyətini heyrətə saldı: onu öz tarix və mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu “an”dan milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşğun “Dədə Qorqud” dövrü başlandı. Sanki milli ədəbi düşüncədə bir “Dədə Qorqud” yanğısı var imiş və “Kitabi-Dədə Qorqud” eposu əlyazmalarının tapılması və Azərbaycanda çap olunması ilə bu yanğı daha da alovlandı. Məsələnin burada bir qədər obrazlı qoyuluşunun kökləri əslində bununla – Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında mövcud olan “Dədə Qorqud” ruhu ilə bağlıdır. “Kitabi-Dədə Qorqud” dastanının XX əsrdə Azərbaycanda çap olunub yayılması ilə bu ruh oyandı və XX əsrin birinci yarısından bu günə qədər “Dədə Qorqud” mövzusunu yazıçı və şairlərimizin düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur. “Kitabi-Dədə Qorqud” eposu XX əsr Azərbaycan milli düşüncə mühitində göründüyü “an”dan ədəbi düşüncənin bütün sferalarının diqqətini özünə cəlb etdi.
Böyük şərqşünas alim olan H.F. fon Dits Şərq dillərini, Şərq adət-ənənələrini yüksəklərə qaldıraraq “Şərq ab-hava”sı yaratmışdır və buna görə onun adı Şərqdə daim minnətdarlıqla yad ediləcək.
Yeganə İSMAYILOVA,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2012.- 1 may.- S.6.