Mövlanadan Mövlanaya Şəms
yolu
ZƏLİMXAN
YAQUBUN “MÖVLANA” POEMASI HAQQINDA DÜŞÜNCƏLƏR
Mövlanaya
doğru
“Duymaq üçün könüllərin
dərdini,
İnildəyən neydə səni gəzirdim.”
Şərqin iki böyük dahisi:
Mövlana və Şəms. Adları bizim üçün nə
qədər tanış və hətta doğma görünsə
də, düşüncələrinə çox az bələd
olduğumuz bu mütəfəkkir şairləri layiqincə təqdim
edə bilmək üçün ən azı onların ruhuna
doğma olan bir dil lazım idi. Yetkin, hikmətli və qüdrətli
bir dil.
Təsəvvüfün də öz dili
var. Azərbaycanda vaxtilə geniş yayılmış olan bu
dil hələ kifayət qədər bərpa olunmayıb.
Şəms Təbrizi kimi qüdrətli bir şəxsiyyətə
yetərincə sahib çıxmamağımızın bir səbəbi
də, görünür, təsəvvüf dilini
doğmalaşdıra bilməməyimizdir.
Türkiyədə Şəmsin bir Azərbaycan
türkü kimi deyil, sadəcə iranlı kimi
tanınmasında bizim də təqsirimiz az deyil. Türkiyə
türklərinin diqqət mərkəzində Mövlana
durduğundan, Şəms Təbrizi uzun müddət arxa planda
qalmışdır. Onun indi-indi “yada düşməsində” Əlif
Şəfəqin “Eşq” romanının böyük rolu
olmuşdur. Amma bizə Şəmsin sadəcə “yada
düşməsi” deyil, bir Azərbaycan türkü kimi ön
planda təqdimatı lazımdır.
Nəhayət, kimsə onun haqq etdiklərini
özünə qaytarmalı idi. Nə yaxşı ki, bu şərəfli
işi öz üzərinə müqtədir şairimiz Zəlimxan
Yaqub götürdü. Çünki təqdimatdan çox
şey asılıdır. Şəms vətənə
qaytarılırsa, bu qayıdış həm də yetərincə
təntənəli olmalıdır.
Mövlana bu dünyada haqqında ən
çox yazılmış şəxsiyyətlərdən
biridir. Xüsusilə Türkiyədə. Hər kitab
dükanına girirsən, bütün dünya ədəbiyyatı,
bütün dünya fəlsəfəsi bir yana, Mövlana bir
yana. Bu ad az qala fetişləşdirilib. Nə qədər
böyük sevgi, nə qədər böyük ilgi var!
Haqqında nəinki şərhlər, tədqiqatlar, traktatlar,
hətta kifayət qədər bədii əsərlər,
poema və romanlar yazılmışdır.
Azərbaycanda isə Mövlana mövzusu
hələ təzə-təzə aktuallaşır. Onun əsərləri
indi-indi tərcümə olunur, haqqında bilgilər də
yetərincə yayılmamışdır.
Şairlər adətən bəlli
mövzuları nəzmə çəkirlər. Yəni tarix,
elm öz işini gördükdən sonra, bir növ artıq
məlum olan həqiqətlərin nəzmə çəkilməsi
və obrazlı surətdə təqdim olunması ənənəsi
vardır. Lakin etiraf etməliyəm ki, biz fəlsəfə tədqiqatçıları,
bu sahədə öz sözümüzü hələ yetərincə
deyə bilməmişik. Görünür, bu səbəbdən
də, Zəlimxan Yaqub öz üzərinə eyni vaxtda həm
tarixçi, həm filosof, həm də şair
funksiyalarını götürür ki, bu da çox
ağır bir yük olmaqla yanaşı, olduqca şərəfli
bir missiyadır.
Təsəvvüf
ucu-bucağı olmayan böyük bir dəryadır. Bu dəryaya
baş vurub inci çıxara bilmək üçün gərək
qəvvas olasan. Sadəcə mütaliə ilə, tədqiqatla
sufi aləminin sakini olmaq mümkün deyil.
Doğmalaşmadan, könüldən könülə
körpü salmadan, fitrən duymadan,
yaşanmışları yenidən yaşamadan böyük təsəvvüf
mütəfəkkirlərinin heç müsafiri də ola bilməzsən.
Yəni Zəlimxan Yaqub bu poemanı yazmaq üçün
öncə özü dəyişməli, saflaşmalı,
ariflik məqamlarına pillə-pillə yüksəlməli
idi. Ruhun təmizlənməsi üçün təzələnməsi,
yenidən doğuluşu lazım idi. Zəlimxan
ömrünün müdriklik çağında məhz bu
yolu seçdi.
Bu yola
qovuşmur hər yoldan ötən,
Bu yolun
seçilmiş elçiləri var.
Girişdən
çıxışa uca dərgahın,
Dəqiq
nizamları, ölçüləri var.
Hətta Zəlimxan
Yaqub kimi söz sərrafı üçün də bu yolun
yolçusu olmaq çətin bir sınaq idi. Taleyin işinə
bax, dərddən yazmaq üçün dərd çəkmək
də sanki özünün sifarişi ilə baş tutdu. Bu
poemanın yazıldığı dövrdə “ölmədən
öncə ölmək istəyirəm”, – deyə bilmək
üçün şair həyatın sınaqlarını
könüllü surətdə qəbul edir.
Görüm
dözə bilərəmmi
ən
ağır dərdə
Görüm
savaş aça bilərəmmi
dərd adlı
namərdə.
On beş il
öncə Zəlimxan Yaqub Həccə gedib Kəbəni və
Peyğəmbərin məzarını ziyarət etdi. Ondan bəri
şairin mənəvi dünyasında yeni təbəddülatlar
başlandı.
Bil deyirdin, bilmək
üçün gəlmişəm,
Gör deyirdin,
görmək üçün gəlmişəm,
Bu dərgahda
canı ruha tapşırıb.
Bu dərgahda
ölmək üçün gəlmişəm.
Hələ əvvəlki
kimi bu dünyanın məziyyətlərini tərənnüm
etməklə bərabər, qəlbində baş qaldıran
yeni sevda onu dini bilgiləri daha dərindən mənimsəməyə
sövq etdi. Bu ikiləşmə, zamanın zəmanə
qatından ayrılıb daha dərin köklərə baş
vurmaq əzmi, nəhayət, “Peyğəmbər” əsərinin
ərsəyə gəlməsi ilə nəticələndi.
Bunları ona
görə xatırladıram ki, Mövlananın həyatında
olduğu kimi, ağıl-sezgi dilemması Zəlimxan Yaqubun
öz şəxsi həyatında da daim mərkəzi yer
tutmuşdur. Bu mühitlə qaynayıb-qarışmaq, öz
zəmanəsinin övladı olmaq bir şeydir, Haqdan vergi, vəcd,
ilham başqa şeydir. Zəlimxan Yaqubda bu iki qütb birləşir,
daha doğrusu, qütblər arasında var-gəl duyulur. Əslində
biz hamımız bu iki qütb arasındayıq. Amma Zəlimxan
Yaqub yaradıcılığında başqalarından fərqli
olaraq üçüncü bir qaynaq da var. Bu, min illərdən
bəri süzülüb gələn dumduru xalq
poeziyasının özündə daşıdığı
ruhani potensialdır. Onu qüdrətli edən də əslində
dilimizin ancaq şeriyyətini deyil, dəruni potensialını
da açmaq əzmidir.
Zəlimxan Yaqub
Mövlananın əvvəlki “mən”indən daha uca məqama
yüksəlişinin dramatizmini təsvir edərkən əslində
müəyyən dərəcədə öz şəxsi
şair taleyini qələmə alır.
Yerə
sığmır, eşqi dönüb yer-göy olur,
Qəlbi, ruhu gah saz olur, gah ney olur.
Zirvədə
görüş
“İki dağ bir eşqə əydi qəddini”
Dastan-poema Şəmsin Təbrizdən yola
çıxıb Mövlananın görüşünə
getməsi ilə başlanır. Amma o zaman Mövlana hələ
o Mövlana deyildi. Onun Mövlana olması üçün
ilahi eşqə ehtiyacı var idi. Və Şəms bu
böyük tarixi doğuluşun, zühurun təməlini
qoymağa tələsirdi. Bu görüşün siqlətini
açmaq üçün Zəlimxan Yaqub öz
ilhamının və sözün bütün qüdrətini
işə salır. Bu görüş kosmik miqyas və
kosmoqonik məna alır. Sanki bəşəriyyətin taleyində
yeni bir mərhələnin başlanğıcı
hazırlanırmış.
Mövlana dünyasında kiçik
heç nə yoxdur. Çünki o, kiçikdə
böyüyü, damlada dəryanı görür.
Yeddi qatda dayanmır,
yetmiş qatdan danışır.
Zərrənin içindəki
kainatdan danışır.
Amma Mövlana ilə görüşə
hazırlanan Şəmsin timsalında, onun keçirdiyi hiss-həyəcanlarda,
bu görüşə hazırlığın mənəvi təkamül
kontekstində biz əslində Zəlimxan Yaqubun öz daxili təbəddülatlarını
və iki böyük türklə görüşə
hazırlaşan üçüncü bir türkün qəlb
çırpıntılarını eşidirik.
Lakin Zəlimxan ötən əsrlərin
nabələd yollarında tək deyil. O, Mövlana ilə
görüşə getməyin siqlətini, məsuliyyətini,
əsrarəngiz ruhani yüksəlişini Şəmsin
simasında, obrazında təqdim etsə də, bu mübarək
mənzilə təkbaşına yox, böyük sələfləri
Vurğunla, Ələsgərlə, Qurbaniylə sözləşib-sazlaşıb
birlikdə gedir. Hər əsrdən, qərinədən bir
pirlə, mürşidlə yoldaş olub köklü-köməcli,
ədəbli-ərkanlı bir karvanla gedir, önündə
Yunus kimi bir sarvanla gedir.
Haqq aşiqləri ölmürlər, onlar
müxtəlif dövrlərdə yeni simalarda zühur edirlər.
Hər dəfə tanrıya
yaxınlaşanda,
Təzədən doğulur Haqq aşiqləri.
Səs kimi yayılır dünya
üzünə.
Nur kimi dağılır Haqq aşiqləri.
Bəli, bu yol neçə-neçə əsrlərin
qaranlığından keçir. Zaman dəyişib, dövran
dəyişib, insan dəyişib, lakin dil dəyişməyib,
söz dəyişməyib; qəlbin sarı simi elə həmin
simdir. Həm də bizim zəmanədə bu simdə ən
gözəl çalan Zəlimxan özüdür. Amma yenə
də o bu yola tək çıxmır. Şəmsin
simasında Təbrizdən başlanan yol öncə Zəlimxan
yurdundan keçir. Borçalının və Göyçənin
söz sənətində də, Haqq aşıqlarının
eşq dastanlarında da üzünü Mövlanaya tutan bir
Şəms var.
Onun gəlişi ilə Anadoluya
Haqqın əfsanəsi, şəmsi gəlirdi.
Yer üstə yeriyən bir xəzinənin,
Nəfəsi, ləhcəsi, ləmsi gəlirdi.
Bu nəfəs, bu ləhcə, bu ləmsin
yeni ünvanı XXI əsrdə Zəlimxan Yaqub şeriyyətidir.
O zamanlar saz var idi, söz var idi, ürəklərdə
köz var idi. Zəlimxan bu sazın, bu sözün, bu
közün yadigarıdır. Və bu közün hərarəti
bizim hamımızın Zəlimxanla, Şəmslə birlikdə
Mövlana dünyasına köç etməyimiz
üçün yetərlidir, – deyə düşünürəm.
Məhz bu doğmalıq, bu mənəvi-genetik rabitə
tarixin kəsilməzliyini təmin edir.
Sazın ney
nisgili
“Yerə sığmır, eşqi
dönüb yer-göy olur,
Qəlbi, ruhu gah saz olur, gah ney olur”
Gah saz, gah ney!
Heç kimə sirr deyil ki, Zəlimxan
Yaqub başdan ayağa saz əhlidir. Lakin bu gün biz onun
yaradıcılığında yeni nida, yeni səda ilə rastlaşırıq.
Ömrü boyu saz deyən Şair ömrünün
müdriklik çağında həm də ney deyir! Sazda
yaşayan və sazla yaşayan Zəlimxan hər şeyin
modernləşdiyi bir dövrdə saza-sözə ikinci nəfəs
verməklə kifayətlənməyərək, bir daha yolunu
qədimlərdən salır və sazı neylə görüşdürür.
Saz ruh və bədənin birgə həyatıdır.
Bu dünyanın sevinci də, qəmi də, bu dünyanın
hayı da, harayı da saz dilində deyilir. Saz o taylı, bu
taylı hər iki dünyanı tərənnüm edir. Amma o
daha çox dərəcədə məhz bu dünyanın
avazıdır. Saz heç də ancaq keçilmişlər
üçün olmayıb, bütün camaatın,
el-obanın, xalqın ruhunu ifadə edir. bu ruh hələ
ayağı yerdən üzülməmiş bir ruhdur. Amma ney
kimi dillənmək, neyin səsi olmaq iddiası yəqin ancaq
xüsusi məqamlarda baş qaldırır.
Səslər dünyasının zili, pəsiyəm,
Sazın fəryadıyam, neyin səsiyəm.
Bu dünyanın fövqünə qalxan,
ruhun dərinliyinə varan insanın halını ifadə etmək
üçün isə ney gərəkdir. Ney könül
dilində danışır; nəfəsdən nəfsə, nəfsdən
könülə yol açır. Amma onu dilləndirmək
üçün hər adamın nəfəsi çatmaz.
Ney səma dilində danışır və
səmalara yol açır. Bizim dilimizdə “səma”
sözü göy mənasındadır. Ərəb dilində
bu sözün iki variasiyası var. Səslənməsindən
asılı olaraq ya səma, ya da “dinləmək” mənasını
verir. Mövləvilikdə əsas ayinlərdən biri olan səma
rəqsi əslində neyin dinlənməsi mərasiminin bir
komponenti olub, duyğularla həmahəng olan hərəkətlərdir;
ruhun halının bədənin halına
transformasiyasıdır. Burada səma sözünün ikinci mənası
birincini tamamlayır və dinləyə bilənlərin səmaya
yüksəlişinə işarədir.
Dinləmə mərasimi mövləvilikdə
çox önəmli məqamdır. Neyi dilləndirənin
halını yaşaya bilmək üçün dinləməyi
bacarmaq lazımdır.
Haqdan başqa nə varsa,
Qəlbindən, ürəyindən
at hər şeyi dedilər,
Qeybdən bir səs gəldi,
dinlə neyi dedilər.
Əslində dinləyən öz qəlbini
dinləyir, ney vəsilə olur. Lakin neyin vasitəçiliyindən
yararlanmaq üçün yar həsrəti, eşq duyğusu
lazımdır. Biz özümüz sanki bir neyik, bu neydə
çalan (neyzən) isə ancaq eşq ola bilər. Mövlana
özü belə deyir:
Eşq kimə bənzər, – dedi.
Eşq bir neyzənə bənzər, –
dedim.
Eşq bir neyzənə bənzərsə,
biz nəyik?
Bəli, – dedim, çox doğru.
Eşq bir neyzənə bənzərsə,
biz neyik!
Səmaya ucalan səslərlə
yanaşı, səmadan gələn səslər də var. Əslində
hər səs adamı ucalda bilməz. Səmadan gələn
Haqq səsini də hər adam eşidə bilməz. Ariflik məqamında
“könül gözü” açıldığı kimi, “can
qulağı” da açılır:
İlahiyə bağlanan
könül bağınla dinlə,
Bütün hissiyyatınla,
can qulağınla dinlə.
Elə ki, dinləməyi öyrəndin, səmadan
gələn səsləri eşitdin, ney sənin qəlbində
çalacaq, elə sən özün də ney kimi
çalmış olacaqsan. Ancaq bu zaman özündə
Haqqı dərk edəcəksən və sənin ruhun dəryadan
qopmuş damla kimi öz vətəninə can atacaqdır.
Ürəkləri yaxan bu ney
kimdən deyir, nədən deyir,
O səs bütün varlığıyla
“Vətən!” – deyir, “Vətən!” –
deyir.
Bu anın şeiriyyətini duymaq
üçün isə gərək Şəms yolu seçəsən.
Düzdür, Zəlimxan Yaqubun dastanında bu yol da sazın
sarı simindən keçir, amma sazın ney nisgili hər
misrada duyulur.
Zahirdən batinə
“Dərində axtardı, batində gəzdi
Ömrün mənasını, şeiriyyətini.”
Bu dastan-poemanın əsasında çox
qısa bir tarixçə durur. Söhbət günlərin
birində böyük bir elm adamının, ağıl
sahibinin sezgi və sevgi qatına yüksəlişindən və
ya başqa sözlə desək, ağılla eşqin
görüşündən, vüsalından gedir.
Əslində poemada iki fərqli rakurs var;
yəni bu dünyadakı hadisələrdən bəhs edən
kiçik bir təhkiyə də vardır. Belə ki, Şəms
Konyaya gəlir, söhbətləri ilə Mövlananın
diqqətini cəlb edir və o özünün əvvəlki
həyat tərzindən imtina edərək, ictimai şüur
baxımından normal sayılan ənənəvi münasibətlərdən
ayrılaraq, məntiqlə izah oluna bilməyən, anormal
görünən yeni bir hala, məqama keçir. Bu vəziyyət
ətrafdakıları, Mövlananın yaxınlarını
narahat edir, bütün bunların günahını Şəmsdə
görürlər və ona qarşı bir düşmənçilik
münasibəti yaranır. Şəms itkin düşür.
Tarixdə bunun bir neçə ehtimalları, versiyaları
mövcuddur.
Zəlimxan Yaqub öz əsərində
Şəmsə qəsd edilməsi versiyasını
seçir. Görünür, bu, şairə eşqin əks
qütbü kimi, nifrətin də poetik təsvirini vermək
imkanı yaradır.
Beləliklə, hadisələrin adi normal
adamların baxış bucağında
görüntüsündən çox bəsit bir təhkiyə
hasil olur. Əsərin əsas xətti isə cismani hadisələr
kontekstində deyil, məhz normal adamlar üçün
anlaşılmaz qalan könül hadisəsi, qəlb aləmindəki
təbəddülatlardır. Bu artıq fəlsəfi bir
problemdir. Burada hadisələr ağıl ilə eşq
arasındakı məkanda baş verir. Bu müstəvidə
hadisələr deyil, ideyalar tərənnüm olunur. Təsadüfi
deyil ki, əsər müəllifin özü tərəfindən
lirik-fəlsəfi düşüncələr poeması
adlandırılır.
Dastanlarda eşq butası heç də
oxumuş, savadlı, alim şəxslərə verilmir. Dünənə
qədər savadsız olan bu gün birdən-birə Haqdan
halı olur. Hətta Peyğəmbərə də vergi veriləndə
alimlik ilahi eşqlə birlikdə verilmişdi. Amma Mövlana
öncədən alim idi. Burada məhz alimliklə aşiqliyin
vüsalından söhbət gedir. Zəlimxan Yaqub bu məqamı
duyduğundandır ki, onu müxtəlif çalarlarda, bir
neçə dəfə vurğulayır.
Bir mələk gəlmişdi dərviş
donunda,
Həqiqət şəklində, ərmiş
donunda.
Peyğəmbərə ilahi dərgahın
vəhy qapısını Cəbrayıl, Mövlanaya isə vəcd
qapısını ərmiş donunda Şəms
açdı. Mövlana vergisi vəhydən bir pillə
aşağı olsa da, Haqq aşiqlərinə buta verilməsindən
bir pillə yüksəkdədir. Çünki burada sezgi ilə
əql bir şəxsdə birləşir. Şair məqamların
bu fərqini həm də “dillərin” fərqi kimi təqdim
edir. Mövlana göy dilində danışa bilməsə də,
ney dilində danışır:
Mələklə danışıq göy
dilindədi,
Könüllə danışıq ney
dilindədi.
Şeyx Sənanı yada salaq. O da
böyük bir üləma, ilahiyyat alimi, mütəkəllim
idi. Ta-a o vaxta qədər ki, ilahi bir eşq qəlbinə
hakim olur. Sezgi ilə, vergi ilə aydınlaşan həqiqət
müqabilində öncə məntiqlə, rasional idrakla əldə
edilmiş biliklər çox solğun görünür.
Ağlın gücü hələ ruhun
gücü deyil. Hansı isə qanunauyğunluqları dərk
etmək, məlum bilikləri mənimsəmək hələ
azdır. Çox bilmək adamı qüdrətli etmir. Bilik
iradə ilə bağlı deyil. Ən incə mətləbləri
insan məntiqlə, təhlillə, mühakimə ilə
deyil, “ürəyə dammaqla”, qəlbin işıqlanması,
ruhun oyanışı ilə dərk edir; sanki həqiqət
öz-özünə işıqlanır. Bax, bu
işıqlanma ilahi eşq sayəsində mümkün olur.
Ya bir gözəl, ya bir dərviş, bəzən
bir söz və ya işarə Şeyxin, Qazinin – din xadiminin
normativ dini ayinlərdən ayrılaraq ilahi sevginin yüksək
mərtəbəsinə qalxması üçün bir vəsilə
olur. Ağıl mərtəbəsindən yuxarı qalxa bilməyən
fəqihlər, qazilər vaxtilə Mənsur Həllacı da,
Nəsimini də, Miyanəcini də başa düşə
bilməmiş, onları dinsizlikdə təqsirləndirmişlər.
Azərbaycan folklorunda isə bir qayda olaraq
aşiqlik alimlikdən üstün tutulmuşdur. Bizim
dastanlarda ilahi sevgi – Haqq aşiqliyi adətən yuxuda buta
verilməsi formasında rəmzləşdirilir. Düzdür,
dastanlar heç də həmişə ilahi eşqin dünyəvi
eşqdən fərqləndirilməsi səviyyəsinə
qalxmır, amma fəlsəfəsini anladıqdan sonra folklor da
tamamilə başqa müstəvidə mənalandırıla
bilər. Məcnunluğun tərənnümü üzərində
qurulan Füzuli ənənəsində də sanki əqlə
qarşı bir etinasızlıq təlqin olunur. Halbuki, əsas
məqsəd əqlin özünün də ikiləşməsi
və eşqə qarşı duran primitiv praktik ağıldan
fərqli, eşqlə birləşmək əzmində olan
daha yüksək bir məqamı – kosmik, ilahi əql məqamı
olduğunu dərk etməkdir. Yəni ya mövləvilik məcnunluqdan
daha yüksək mərtəbə kimi təqdim olunmalı, ya
da məcnunluq konsepsiyasına yenidən baxılmalıdır.
İki Mövlana var: bir – Şəmsə
qədərki, bir də – Şəmsdən sonrakı. Birinci
Mövlana hələ Mövlana deyil; öz dövrünün
böyük üləması Cəlaləddin Rumidir. Onun
üçün bir cismani dünya var, bir də müqəddəs
Kitab. Lakin bu ikisi ayrı-ayrıdır. Dünyanın bu iki
qütbünü birləşdirə biləcək yeganə
qüdrət isə eşqdir. Vəhdət məqamında həyat
özü də cismani dünyadan ayrılaraq müqəddəsliyin
bir parçası olur, insan da bədən məqamından ruh
məqamına yüksəlir. Bu məqama yüksəlmək
üçün alimlik yetərli deyil, bunun üçün
aşiqlik gərəkdir. Cəlaləddin Rumi də məhz
ilahi eşqə tutuşanda ikinci Mövlana oldu.
Gördü alimlərin
dayazlığını,
Gördü aləmlərin ləyaqətini.
Dərində axtardı, batində gəzdi
Ömrün mənasını, şeiriyyətini.
Zəlimxan Yaqub elə lap əvvəldən
ikinci Mövlanadan bəhs edir. Yəni Şəms hələ
Mövlana ilə görüşməmiş də onu bir
ilahiyyat alimi deyil, potensial bir arif, hal əhli kimi görür.
Şair görüşdən əvvəl görüşdən
sonranı bir gerçəklik kimi görürdü. Ona hər
şey ayan idi. Çünki Şəms Mövlanadan öncə
aşiq idi: Haqq aşiqi! O öz missiyasını gözəl
bilir və “alim Mövlananı aşiq etməyə” tələsirdi.
Zəlimxan Yaqubun poeması
bütövlükdə eşq ilə əql arasındakı
bu önəmli fəlsəfi təzadın tərənnümünə
həsr olunmuşdur. Qəlbi duyan, saza hayan, inildəyən,
sızıldayan, yerin naləsini göyə çatdıran
ney həsrəti onun poetik vüsəti ilə birləşərək
bütün əsər boyu hadisələri ipə-sapa
düzür, gah təhkiyə lirikanı, gah lirika təhkiyəni
tamamlamış olur; oxucunun da ürəyindən şairə
qatılaraq Şəmsin bələdçiliyi ilə
Mövlana yolunun yolçusu olmaq keçir.
Səlahəddin
XƏLİLOV
525-ci qəzet.-
2012.- 1 may.- S.6.