Səyyad
Ağbabalı: “Bir ömür yaşadım
ağlı-qaralı”
TALE GƏLİB 60-ın QAPISINDA
DAYANDI
İnsan
ömrü elə bir yaşantıdır ki, o bu ömrün
nə zaman keçdiyini belə hiss etmir. Həyatın hər
cürə keşməkeşi, ömrün
ağrı-acısı insanın tale yoldaşı olur. Və
bu taleyində o nələr görmür, nələr
yaşamır. İnsan var ki, həyatını, taleyini bir məqsədə,
bir amala bağlayır və tutduğu bu yoldan kənara
çıxmır. İnsan da var ki, qədəm qoyduğu ilk
addımdaca büdrəyir, yaxud da bu yol onun xoşuna gəlmir.
Və beləcə həyat yollarında müxtəlif istiqamətlərə
yön alır –bəzən qalib gəlir, bəzən də məğlub
olur.
Mənim
bu yazımın qəhrəmanı birincilərdəndi.
İnsanın
həyatında elə anlar olur ki, bu, bir ömür onun
taleyində önəmli rol oynayır. Və hər bir
insanın da həyatında elə bir gün var ki, o sonralar
xoş xatirəyə dönür, ömrünün şirin
anlarına daha bir dad verir. Bu xatirə sona qədər
insanın yol yoldaşı olur və insanın
acılı-şirinli ömrünə bir başqa məna verən
bu xatirə insanı hər zaman xoş duyğulara kökləyir.
Mənim
bu yazımın qəhrəmanı xatirələrin
yaxını-uzağı ilə, şirini-acısı ilə,
kövrəyi və nisgillisi ilə dolu olan bir ömür
sahibidir. O, jurnalist Səyyad Ağbabalıdır. Səyyad
müəllimin jurnalist adının yanında
“tanınmış”, “məşhur”, “televiziya
tamaşaçılarının və qəzet
oxucularının daim izlədiyi”, “ictimaiyyətin yaxşı
tanıdığı”, “siyasətçilərin önəm
verdiyi”, “dövlət xadimlərinin qiymətləndirdiyi”
sözlərini də yazmaq olardı. Amma ehtiyac duymadım.
Çünki Səyyad müəllim bu əlavə adlara
heç zaman vurğun olmayıb, “mən sadəcə jurnalistəm”
deyib.
Bəli,
jurnalist Səyyad Ağbabalı doğrudan da belə bir
insandır. O çoxlarından fərqli olaraq gördüklərini
və duyduqlarını öz məqamında
çatdırmağı bacaran jurnalistdir. Ölkəmizdə
və dünyada gedən ictimai-siyasi prosesləri daim diqqətlə
izləyən, anındaca onlara münasibət bildirən, fəal
həyat mövqeyi olan jurnalistdir. Olduqca sadə, o qədər
də iddialı, mürəkkəb və ziddiyyətlidir.
Lakin onu çoxlarından fərqləndirən daha bir
xüsusuiyyəti də var. Özünün də tez-tez
işlətdiyi və sevdiyi bir sözlə ifadə etmək
istəyirəm onun bu xarakterini: duyğusal bir insandır Səyyad
müəllim. Bəlkə də onu tanıyanlar, yaxud
tanımayanlardan bu söylədiklərimlə
razılaşmayanlar var.
Əgər
varsa, qoy onlar Səyyad müəllimin yazdığı “Bir
ömür yaşadım ağlı-qaralı” kitabını
oxusunlar və görsünlər ki, heç də
yanılmamışam. Şablon da olsa bir fikri deməliyəm
ki, indi hamı kitab yazır: əli qələm tutan da,
tutmayan da. Az-çox buna ixtiyarı olanlar, bacarığı
çatanlar isə az qala kənarda dayanıblar. Səyyad
müəllim də belə ixtiyar sahiblərindəndir.
Doğrudur, o indiyə kimi bir neçə kitab yazıb,
onlarca kitaba da redaktorluq edib. Amma nədənsə onların
heç birini ictimaiyyətə çatdırmaq istəməyib.
“Bir ömür yaşadım ağlı-qaralı” isə mən
deyərdim ki, Tanrının ona bəxş etdiyi taleyinin
ağrılı-acılı qismidir. Amma bu tale kitabında
xoş duyğular, sevincli anlar da yer tutub.
“Arena” qəzetində
birlikdə işlədiyimiz zamanlarda bir neçə dəfə
demişdi ki, yazmaq istəyir. Ömrünün arxada qalan illərini,
Ermənistanda – doğulduğu ata-baba torpağında
keçən əzablı günlərini, erməni daşnakları
ilə necə savaşdığını, ona qarşı
olan mənəvi-psixoloji hücumlara duruş gətirdiyini,
dözdüyünü yazmaq istəyir. Deyirdi bunları, amma nədənsə
günlər keçirdi, aylar ötürdü Səyyad
müəllim isə ertələyirdi. Səbəbini
soruşanda hələ özündə güc
tapmadığını bidirirdi. Amma yaş gəldi 60-ın
qapısında dayandı. Ömür qapısını
döyən tale Səyyad müəllimi “tərpətdi”.
“Özümdə güc tapıb ömür kitabımı səhifələməyə
başladım. Lakin bu təkcə mənim ömür
kitabım olmadı. O, ömrünün 60 ilinin daha çox
hissəsini acılı-ağrılı keçirən bir
insanın, doğma yurd-yuvası, ocağı erməni
daşnakları tərəfindən tar-mar edilən, həm də
bir qaçqının fəryadı, Dağlıq
Qarabağda oynanılan siyasi oyunları, erməni vəhşiliklərini
qulağı ilə eşidib, gözləri ilə görən
bir yazarın içindən keçənlərin qələmə
süzüləni oldu”.
Deyə
bilərəm ki, bu kitab mənim gözümün
qarşısında yazılıb. Kitabda yazılanları Səyyad
müəllim “Arena”nın kiçik kollektivinə dəfələrlə
söyləyib, başına gələnləri, gözü
ilə gördüklərini, qulağı ilə eşitdiklərini
zaman-zaman danışıb. Özü də ürək
ağrısı ilə, qəlb sızıltısı ilə.
Bəzən də bunların bir qismini kağıza
köçürüb, mətbuatda çap etdirib. “Yuxumda səs
verən olmur. Üz tuturam qəbiristanlığa.
Görürəm elə əvvəlki qəbiristanlıqdı,
böyüyüb eləməyib də. Baş daşları
da elə həmin baş daşlarıdı. Lal-dinməz
dayanıblar. Amma... bu dəfə qəbiristanlığa
bağırıram:
–Eheyyy, ay
camaat, hardasınız? Qəbir daşlarının
arxasında niyə gizlənirsiniz? Çıxın görək
başımıza nə çarə qılırıq”?!
Səyyad
müəllim bu və buna bənzər yuxuları tez-tez
gördüyünü hər dəfə söyləyəndə
biz onun nə qədər ürək ağrısı
keçirdiyini görürdük, hiss edirdik. İyirmi beş
ilə yaxındır ki, qaçqınlıq həyatı,
yurd – yuva həsrəti, torpaq nisgili Azərbaycanın qərbindən
bura pənah gətirmiş hər bir
soydaşımızın alın yazısına dönüb.
Və bu alın yazısı onların tale yolunu cızır.
Hər kəs bu “yolda” bir ömür şələsi
daşıyır. Səyyad müəllim illərdi bu “şələni”
necə daşıdığını qələmə
aldığı “Bir ömür yaşadım
ağlı-qaralı” kitabında bircə-bircə
sadalayır. Onun bu ağlı-qaralı ömrünün
yaşantılarında nələr baş verib, o nələrdən
adlayıb, nələri qazanıb?.. Bütün bunları
kitabda yazıb.
Hələ
lap uşaqkən atasını itirən Səyyad
Ağbabalının anası çiyinlərində həm
ata, həm də ana taleyi daşımalı olur.
Övladlarını yetişdirir, onlara təhsil verir. Mənfur
erməni xislətinin az qala dəfələrlə
qurbanına çevrilmək təhlükəsi ilə
üz-üzə gəlsələr də, ana bu təhlükələrdən
sovuşdurur balalarını. Ən zirək oğlu Hamletin
(ailədə Səyyad müəllimin adı Hamlet olub) təhsil
alıb ali dərəcəyə, uca bir mərtəbəyə
çatması, mənsəb sahibi olması üçün
varlığından belə keçməyə hazır
olur...
Qısa,
həm də çox uzun bir yol keçir Səyyad müəllim.
Üç ali məktəbin məzunu olur. Hər adamın
hünəri deyil bu. Amma kim idi buna qiymət verən? Ermənimi?
O da ki, ola erməninin əlində dəstəvuz etdiyi “xalq
düşməninin nəvəsi” damğası. Həmin
“damğa” hər addımda onun yoluna bir sipər çəkib.
Bu azmış kimi ermənilər ona illərlə “türk”,
“qatı millətçi”, “müsavatist” deyiblər. Bir
türkün öz tarixi torpağında baş
qaldırmasına mane olmağa çalışıblar. Hər
vəchlə onu aradan götürmək istəyiblər. “Ermənilər
mənim başımı kəsəcəklərinə and
içmişdilər”. Amma Səyyad müəllimin əzmini
qırmaqmı olar? O, mübarizə aparır,
döyüşür, haqq etdiyi yerdə olmağa
çalışır. Amasiya rayon partiya komitəsində
işləyir, rayonda çıxan “Məhsul” qəzetinin
redaktoru olur...
Artıq
1988-ci il idi. Ermənilər azərbaycanlılara qarşı
terrora başlamışdılar. Azərbaycanlılar
torpaqlarından, ev-eşiklərindən qaçqın
düşdülər. Bu qaçqın taleyini Səyyad
Ağbabalının ailəsi üçüncü dəfə
yaşadı. Bundan əvvəl 1915-1918-ci il erməni
qırğınından da qaçqın
düşmüş babalarının acı taleyini
yaşadı. Necə deyərlər tarix təkrar olundu. “
1915-1918-ci il qırğınları zamanı Qərbi Azərbaycan
türklərinin bir qismi İrana, bir qismi isə Türkiyəyə
qaçıb canını qurtarır. Belə tale Ağbaba camaatına
da qismət olub. Anam danışırdı ki, kənd
ağsaqqalları camaatı başına yığıb qərar
verirlər ki, müvəqqəti olaraq İrana
köçsünlər. Vəziyyət düzələndən
sonra doğma yurdlarına dönərlər”. Bir müddət
İranda yaşayan Səyyad müəllimin anası,
dayısı sonra Türkiyədə yaşamağa məcbur
olurlar. Onlar Qarsda təsadüfən kor aşıq Nəsiblə
rastlaşırlar və birlikdə yenidən Ağbabaya
dönürlər.
Xəyanət
etdikdə sənin cəsədini qəbul etməyən torpaq
parçasına Vətən deyilir. Səyyad Ağbabalı əsl
vətən oğludur, əsl vətəndaşdır. Bu
sözləri tam məsuliyyətimlə yazıram. “Vətən,
vətən” deyib Vətən üçün heç nə
etməyib, əvəzində isə ondan çox şey tələb
edənləri hamımız tanıyırıq. Səyyad
müəllim isə fərqlidir. O heç vaxt
qışqırmayıb, saxta səslə
bağırmayıb. Onu ağuşuna alan Azərbaycan torpağına
olan sevgisini jurnalist qələmi ilə göstərib. Azərbaycan
radiosunda işləyərkən bir jurnalist olaraq ən qaynar
nöqtədə fəaliyyət göstərib. Tale onu burada
da yeni bir sınağa çəkir. O bu sınaqdan da
üzüağ, başıuca çıxır. Xankəndində
Qarabağ erməniləri ona sui-qəsd təşkil edirlər.
Amma Vahid Əzizin köməyi ilə xilas ola bilib. Oxucular bu
barədə şair Vahid Əzizin kitabda yer alan “Səyyad
Aşbabalının başını Xankəndində kəsəcəkdilər”
sərlövhəli yazısından daha ətraflı öyrənə
bilərlər.
Bəli,
“Bir ömür yaşadım ağlı-qaralı” deməklə
Səyyad Ağbabalı bu kitabda 60 illik həyatının
yaşantılarını göstərir və oxucu ilə
dialoqa girir, onunla üz-üzə dayanır,
gözünün içinə dik baxır. Kitabı oxuyan hər
kəs “Sən kimsən, Səyyad Ağbabalı?”
sualının cavabını tapır. Çünki burada
heç bir yalan, şişirtmə rəqəm, saxta fakt
yoxdur. Bu səbəbdəndir ki, ön sözün müəllifi
Zəlimxan Yaqub yazır: “Tam səmimiyyətlə deyirəm
ki, Səyyad Ağbabalının bu kitabını diqqətlə
oxuyun. Onun əsasında yeni dövrün dəqiq və həssas,
düzgün və obyektiv tarixini yazmaq olar”.
Əvvəldə
də dediyim kimi mən Səyyad Ağbabalını illərdi
tanıyıram. Demək olar ki, jurnalist
yaradıcılığına, yazı üslubuna, deyim tərzinə,
ictimai-siyasi hadisələrə yanaşma metoduna yaxşı
bələdəm. Bununla belə kitabın üzərində
redaktə işi apararkən mən onu bir daha tanıdım. Mənə
elə gəldi ki, kitabın müəllifi sadə bir jurnalist
yox, nəhəng bir şəxsiyyətdir. (Əslində Səyyad
müəllimin yazdılarının heç zaman ciddi bir
redaktəyə ehtiyacı olmayıb. Lakin o, müqəddəs
sözə qiymət verdiyi, ona məsuliyyətlə
yanaşdığı üçün bu işi mənə
etibar etmişdi. Mənim cüzi redaktəmlə
razılaşmağı da Səyyad Ağbabalının
böyüklüyündən xəbər verir).
Mən bu
yazını niyə yazdım? O gün – aprelin 14-də Səyyad
Ağbabalının 60 yaşının tamamında – BMM-də
“Bir ömür yaşadım ağlı-qaralı”
kitabının təqdimatı keçirildi. O gün biz Səyyad
Ağbabalının ömründən keçən
acılı-şirinli xatirələrin toplandığı
“Bir ömür yaşadım ağlı – qaralı”
kitabının təqdimat mərasiminə
yığışmışdıq. Beynəlxalq Mətbuat Mərkəzində
düzənlənən bu tədbirdə Səyyad müəllimin
yaxınları, dostları, jurnalistlər, ictimai xadimlər
iştirak edirdilər. Və hamı Səyyad
Ağbabalının həmin gün 60 illik ömrünün
qapısından daxil olan bu ömür kitabını vərəqləyirdi...
Əslində
Səyyad müəllim “Bir ömür yaşadım
ağlı-qaralı” deməklə çoxlu mətləblərə
işıq salıb, oxucuya çatdırmaq istəyib ki, onun
60 illik ömründə ağla yanaşı qara da olub. Bu
qara hələ də davam edir. Bu, ondan ibarətdir ki, didərgin
salındıqları dədə-baba torpaqları Ağbaba, cənnət
Qarabağ hələ də mənfur ermənilərin
tapdağı altındadır. Torpaqlarımız erməni
murdarlarının tapdağından xilas olduqdan sonra bu qara
silinəcək. İnşaallah!..
P.S. Səyyad
müəllim, əslində mən bu yazdıqlarımı o
gün 60 yaşınızın tamamında BMM-də deməliydim.
Amma deyə bilmədim...
Qoy gec də
olsa bu yazım sizin 60 yaşınıza ərməğanım
olsun.
Züleyxa NADİR
525-ci qəzet.- 2012.- 1 may.- S.4.