“Bizim elə
gücümüz var ki, Xocalı soyqırımını
Knessetdə nəinki müzakirəyə çıxara, hətta
tanıda da bilərik”
AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ
ASSOSİASİYASININ (AZİZ) BAŞ DİREKTORU LEV SPIVAKIN
APA-nın YAXIN ŞƏRQƏ EZAM OLUNMUŞ XÜSUSİ
MÜXBİRİNƏ MÜSAHİBƏSİ
–
İsrail-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini
necə qiymətləndirirsiniz?
– Bu
gün iki ölkə arasında münasibətlər ən
yüksək səviyyədədir. Bu günlərdə
İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana
səfəri zamanı bunun bir daha şahidi olduq. Aviqdor
Libermanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qəbul olunması iki ölkə arasında olan münasibətlərin
nə qədər yüksək dərəcədə
olduğunun göstəricisidir. Bir neçə il öncə
İsrail prezidenti Şimon Peres də Azərbaycana səfər
etmişdi. Azərbaycanla İsrail arasında yüksək səviyyəli
siyasi əlaqələr mövcuddur. İki ölkə
arasında iqtisadi əlaqələr də inkişaf etdirilir.
İsrail neftə olan tələbatının 70 faizini Azərbaycan
nefti hesabına ödəyir. Bu yaxınlarda Azərbaycan
İsraildən 1,6 milyard dollarlıq silah sursat alıb. Bu,
İsrailin tarixində ən böyük silah
satışıdır. Hələ indiyə kimi İsrail bu həcmdə,
bu dəyərdə silahı heç bir ölkəyə
satmayıb. Bildiyimə görə, İsrail yenidən Azərbaycana
silah satıb, iki ölkə arasında silah
alqı-satışına dair müqavilə imzalanıb. Bu
onu göstərir ki, Azərbaycan İsrailin Cənubi Qafqazda ən
əsas tərəfdaşıdır.
–
İsraildə Azərbaycana köçmüş yəhudilərin
sayı nə qədərdir və onlar İsrialin ictimai-siyasi
həyatında hansı rolu oynayırlar?
–
İsraildə Azərbaycandan köç etmiş yəhudilərin
sayı 70 mindən çoxdur. Bunlar əsasən sovet
dövründə, bir qismi isə sovetlər dağılandan
sonra gələnlərdir. İsrailin həyatının
bütün sahələrində Azərbaycan yəhudilərinə
rast gəlmək mümkündür. Bildiyiniz kimi, İsrail səhiyyəsi
dünyanın ən qabaqcıl səhiyyəsidir. Bu gün
İsrail səhiyyəsində çalışan 180 həkim
Azərbaycan Tibb Universitetinin məzunudur. Ölkənin ən
güclü, ən çox tirajlı qəzetlərində Azərbaycandan
gələn yəhudilər çalışır.
Üç reytinqli qəzetin baş redaktoru Bakı yəhudisidir.
Demək olar ki, bütün qabaqcıl sahələrdə Azərbaycandan
gələn yəhudilər aktiv fəaliyyət göstərirlər.
İsrail Knessetində
Azərbaycan yəhudisi olan deputatlarımız olub, indi də
var. Üç rayonun meri də Azərbaycan yəhudisidir.
– Azərbaycandan
gələn yəhudilər Azərbaycanla bağlı həqiqətlərin
İsrail ictimaiyyətinə çatdırılmasında nə
kimi rol oynayırlar?
– Azərbaycan
yəhudiləri Azərbaycanla bağlı həqiqətlərin
İsrail ictimaiyyətinə çatdırılmasında
mühüm fəaliyyət göstərirlər. Bildiyiniz
kimi, burada ermənilər də yaşayır. Onların da
böyük icması var. Onlar da öz fəaliyyətləri
ilə bağlı İsrail cəmiyyətində təbliğat
aparırlar. Mənə bu gün İsraildəki Türkiyə
səfirliyindən zəng etmişdilər. Bildirdilər ki,
İsraildəki ermənilər Knessetdə “erməni
soyqırımı” ilə bağlı tədbir keçirməyə
hazırlaşırlar. Aprelin 24-də İsraildə dövlət
tədbirləri olduğuna və İsrailin milli bayramı
olduğuna görə Knesset tətildədir. Ona görə də,
ermənilər həmin tədbiri mayın əvvəlində
keçirməyi planlaşdırırlar. Bu məsələ
bizim, Azərbaycandan gələn yəhudilərin nəzarətindədir.
İsrail
Knessetində “erməni soyqırımı”nın müzakirələrə
çıxarılmasının qarşısını alan
adam bizim təşkilatın, Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyasının rəhbəri, İsrail Knessetinin
deputatı Aleks Miller olacaq. O, Knessetin təhsil
komissiyasının rəhbəridir. Bu adam imkan vermir ki, “erməni
soyqırımı” İsrail Knesseti tərəfindən
tanınsın. Şəxsən o, son iki ildə “erməni
soyqırımı”nın Knessetdə müzakirəyə
çıxarılmasına imkan vermir. Bu işdə bizə
deputat Lia Şemtov da köməklik edir. Bizim elə bir
gücümüz var ki burada, nəinki, Xocalı
soyqırımını müzakirəyə çıxara, hətta
Knesset tərəfindən tanıtdıra da bilərik.
İsrail bu gün təkcə Hitler tərəfindən
qaraçılara qarşı törədilmiş
soyqırımı tanıyır. Amma bu o demək deyil ki,
Xocalı soyqırımı mövzusu müzakirə olunmamalıdır.
Xocalı faciəsi dünyanın ən dəhşətli
faciələrindən biridir.
–
“AZİZ” təşkilat olaraq Xocalı soyqırımın
israillilərə tanıdılmasında hansı işlər
görür?
– Biz təşkilat
olaraq hər il Xocalı soyqırımına həsr olunan tədbirlər
keçiririk. Bu tədbirlər çox yüksək səviyyədə
keçir. Builki tədbir də çox yüksək səviyyədə
keçdi. Knessetin deputatlarının, İsrailin məşhur
politoloqları və elm adamlarının iştirak etdiyi tədbirə
Azərbaycandan da nümayəndə heyəti
qatılmışdı. Tədbir zamanı Xocalı
soyqırımına həsr olunan sərgi təşkil
edilmişdi. Buradakı ermənilər tədbiri
dağıtmaq üçün təxribata da əl
atdılar. Lakin buna nail ola bilmədilər. Tədbir barədə
İsrail mətbuatı yazdı. Nəinki İsraildə, hətta
ABŞ-da məşhur olan “Jeruselim Post” qəzeti bu tədbirə
geniş yer ayırmışdı.
Xocalı
ilə bağlı tədbirlərin keçirilməsində,
ümumiyyətlə Azərbaycanla bağlı tədbirlərin
keçirilməsində Moskvada yaşayan yəhudi əsilli
iş adamı German Zaxaryayev bizə köməklik edir. O, Quba
yəhudisidir. Biz tədbirlərimizi onun vəsaiti hesabına
keçiririk. Bundan başqa bizə Azərbaycanın Diasporla
İş üzrə Dövlət Komitəsi də köməklik
edir.
525-ci qəzet.-
2012.- 1 may.- S.1.