İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

 

İstanbuldakı Beyoğlu bələdiyyəsinin sənət qalereyasında azərbaycanlı rəssam Timur Taştekinin yağlı boya rəsmlərindən ibarət sərgisi açılıb.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, sərgidə Belçikada yaşayan türk rəssamı Sevim Ünalın da yağlı boya tabloları nümayiş etdirilir. Timur Taştekin bu sərgisini anasının 100 illik yubileyinə həsr edib. Sərginin açılışında rəssamın anası da iştirak edib.

Sərgi münasibətiylə APA-ya açıqlama verən Timur Taştekin deyib: "Mən Çıldırda anadan olmuşam. Ata-babalarımız rus-Türk savaşında Azərbaycandan Çıldıra gəliblər. Bu, mənim 27-ci fərdi sərgimdir. Avropada 6 fərdi sərgi açmışam. Bütün əsərlərimdə bölgəmin tarixini, etnoqrafiyasını, təbiətini əks etdirməyə çalışmışam. Kəndimizə bağlılığımı heç vaxt itirməmişəm. Ən böyük arzum ana yurdum Azərbaycana gedib orda rəsmlər çəkmək və dünyada nümayiş etdirməkdir. Bu arzumu reallaşdıracağıma inanıram".

Rəssam Sevim Ünal isə indiyə qədər keçirilən sərgilərdə qadın azadlığı və köçə məcbur edilmiş insanların taleyi ilə bağlı tablolar nümayiş etdirdiyini deyib. APA-nın "Azərbaycan torpaqlarının 20%-i erməni işğal altındadır, 1 milyon insanımız yurd-yuvasından didərgin salınıb. Azərbaycan qaçqınlarının taleyini də əsərlərinizin mövzusuna çevirmək istərdinizmi? - sualına rəssam belə cavab verib: "Niyə olmasın? Bu, mənim əsas mövzularımdan biridir. Bir vaxtlar İran və Hələb qaçqınlarının durumunu kətana köçürmüşəm. İndi isə azərbaycanlı qaçqınların taleyini öz əsərlərimin mövzusuna çevirmək istərdim. Bununla bağlı Azərbaycanda müəyyən müddət işləyə bilər, çəkdiyim tabloları dünya qalereyalarında nümayiş etdirərəm".

 

 

525-ci qəzet.- 2012.- 2 may.- S.7.