Yalanın gerçəkliyi
(povestdən parça)
Onun bütün
həyatını qarışdıran həmin gün yolu
universitetə düşmüşdü, bir nəfər tələbəni
tapşırıb geri dönürdü. Nədənsə
yalnız bir tayı açılmış qapıdan
çıxmaq istərkən yerindəcə mıxlanıb
durdu. Qapının düz ortasında qaragöz, ağbəniz,
ucaboy, incəbel bir qızla üz-üzə
dayanmışdı. Qızın gözəllik aurası onu
necə öz təsir dairəsinə aldısa irəlimi,
yoxsa gerimi getməyi anışdıra bilmədi.
- A kişi,
yoldan çəkilsənə! - deyə kimsə arxadan səsini
ucaltdı.
Mürtəd
diksinib geriyə sıçradı, üstəlik qıza
fransızsayağı bir reverans da elədi, yəni
başını yüngülcə aşağı əyib, əli
ilə yol göstərdi. Qızın sifətindəki təəccüb
və təkəbbürü ilahi bir təbəssüm əvəz
etdi, Mürtədə baxışlarıyla minnətdarlığını
bildirib liftə sarı getdi. Mürtədin bəxtindən
lift işləmədiyi üçün qız artırma ilə
çıxmağa başladı. Özünə gəlmiş
Mürtəd yolunu dəyişdi, "onun hansı fakültədə
oxuduğunu bilməliyəm" deyərək, hiss etdirmədən
qızın arxasınca yuxarı qalxmağa başladı.
Bayaq qızın ancaq boğazdan yuxarısına baxmışdı,
indisə bütün bədənini gördü...
Bircə həftənin
içində Mürtəd qız haqqında gərəkən
məlumatları topladı, ürəyini açmazdan öncə
elə bir fənd işlətdi ki, qız onu oxuduğu
fakültənin hörmətli müəllimləri ilə
birgə gördü. Sonra bir neçə dəfə onunla
"təsadüfən qarşılaşdı", salam
verdi, qızın ilahi baxışlarını tutmaq istədi,
amma mələk heç onun üzünə də baxmadan
başı ilə salamı alıb yan keçirdi.
Mürtəd
yaman aşiq olmuşdu. İlk qarşılaşdıqları
zaman qızın ona zillənmiş baxışlarının
təkrarlanmasını istəyirdi. Qızsa ona heç
qıyqacı da baxmırdı. İndi onun fikir-zikrini pulla
yanaşı qız da məşğul edirdi..."Bəs
birinci dəfə niyə elə baxdı? Gülümsər
baxışlarını düz gözümə zilləyib,
eşq oxuyla ürəyimin başından vurdu? Bəlkə
eşq kəməndinə saldığı ovunun donub
qalmasından zövq alıb gülmüşdü?
Bütün hallarda ruhdan düşmək olmaz, belə gözəl
qızın naz-qəmzəsinə dözmək
lazımdır" deyə axırda özünə təskinlik
verirdi.
Bir gün
qızı universitetin həyətində tək görüb,
qırğı kimi başının üstünü
aldı:
- Salam,
Ayçiçək xanım.
Qız
başını qaldırdı, onu gördükdə
baxışlarını aşağı endirib Allahın
salamını aldı.
- Başa
düşürəm, kimisə gözləyirsiniz. Çox
yox, beşcə dəqiqə məni dinləyə bilərsinizmi?
- Rəfiqəm
indi gəlməlidir.
Yaponların ən
az işlətdikləri "yox" sözüdür.
Müsahibinə "hə" demək istəməyəndə
nəzakət xatirinə sözü elə fırladırlar
ki, "yox" mənasını verir. İndi qızın bu
yaponsayağı cavabı onu karıxdırsa da,
sırtıqlığına saldı:
- Çox
gözəl, çox pakizə. O gələnə qədər
mən sizi darıxmağa qoymaram.
- Sağ olun, mən
darıxmıram.
- Onda sizi əyləndirərəm,
bulud kimi tutulmuş baxışlarınızın
açılıb gülümsəməsi üçün
min oyundan çıxaram, lazım gəlsə, meymun kimi
ortalığa düşüb oynaram da.
Birdən qız
özü də gözləmədən ürəkdən
şaqqıldadı. Onun gülməsindən sevinən
Mürtədsə hırıldadı. Amma heç
ağlına gəlmirdi ki, bu ciddi qızın birdən-birə
belə qəhqəhə çəkməsinin səbəbi nədir...
Bəlkə heç qismət olmayacaqdı da bilsin ki, o, həm
sözü, həm də üzü ilə qızın
yadına sirkdə oynayan meymunu salmışdı.
Ayçiçək onun sifətinin meymunun sifətinə necə
oxşadığını görüb özünü
saxlaya bilməmişdi. Mürtədsə qızı
güldürə bildiyinə bərk sevindi. Adətən əlinə
yaxşı pul gələndə belə sevincək olurdu. O,
qazandığı uğuru möhkəmləndirmək
üçün "ataka"ya keçdi:
- Gerçək
sözümdür. Gülüş sizə çox
yaraşır. Sizi gülərüz görmək
üçün dünyanın naz-nemətini
ayaqlarınız altına tökərəm.
Qızın
baxışları ciddiləşdi:
- Axı nəyə
görə?
- O ahu
baxışların mənə dikilməsi üçün.
- Bəyəm elə
varlısan?
Qızın bu
sözlərindəki istehzanı duymayan Mürtədin
çiçəyi çırtladı, onun qoltuğunun
altını şişirdib, göylərə olmasa da,
universitetin damına qədər qaldırdı.
- Sizi xoşbəxt
eləməyə çatar. Şəhərin yaxşı
yerində evim, bir neçə yerdə torpağım, pulum,
qızılım vardır. Hamısı sizə qurbandır.
- Doğru
deyirsiniz?
Qızın
istehzası yenə Mürtədə çatmadı, əksinə,
bu iki söz onu bir az da yuxarı qaldırdı, əlini
bürüşmüş üzündə
şappıldatdı:
- Bu canım
üçün. Siz maa gəlməyə razı olun,
görün nələr edirəm. Özüm də anadangəlmə
subayam, tək yaşayıram.
Birdən
qızın baxışları sərtləşdi, şəhərin
köhnə məhlələrində çoxdan
daşınmayan iylənmiş zibil qutusunun yanından
keçirmiş kimi üz-gözünü ikrahla turşudub,
incə dodaqlarının arasından çıxan batmandan
ağır zəhərli sözlərini heç adını
da bilmədiyi, arxasınca sürünən bu sırtıq
eybəcərə yönəltdi:
- Siz heç
güzgüyə baxmırsınız? Bu sir-sifətlə
utanmırsınız mənə bu təklifi edirsiniz? Məni
var-dövlətlə almaq istəyirsiniz? Gediniz...
Qəzəbindən
etikanı, ədəb-ərkanı bir tərəfə
tullayan qızdan eşitdiyi bu sözlər Mürtədi sanki
qalxdığı yüksəklikdən - universitetin
damından guppultuyla yerə - qızın ayaqlarının
altına saldı...
lll
Həmin gün
o gözəl qızdan aldığı zərbələrdən
özünü birinci kərə nakauta salınmış
boksçu kimi hiss edən Mürtəd evə gəlib
paltarını dəyişmədən divana uzandı.
Yetkinlik yaşına çatandan bəri birinci dəfə
ürəkdən ağladı, onu belə eybəcər
doğduğu üçün anasına, atasına
söydü, onları "gorbagor olmuşlar"
adlandırdı. Lakin onun dəmir iradəsi vardı, bu iradə
o hələ ana bətnində olandan yaranıb möhkəmlənmişdi.
Odur ki, yatıb dincələndən sonra özünə gəldi,
yenə əfi ilana, bic, kəmfürsət tülküyə
döndü, qızı ələ keçirmək
üçün yollar axtarıb planlar cızmağa
başladı. Neynəsin? Çox baş
sındırmadı, əlüstü çarə tapdı:
qızı qaçırtsın. Amma necə? Onun
qımırını gördüyü üçün bunu
elə belə zorla etmək olmazdı. Elə etmək
lazımdı ki, bu iş könüllü olsun. Yəni bir
gün qız dərsə yox, yanına düşüb onun
evinə gəlsin. Adətən könüllü
qaçırılmağın, yaxud qızın qoşulub
qaçmağının bir neçə səbəbi
vardır: Birincisi, ata-anası qızı başqasına vermək
istəyirlər, qızsa sevgilisinə qoşulub
qaçır. İkincisi, valideynlərin qızın
sevişdiyi oğlanın özündən, yainki ailəsindən
zəhlələri gedir. Üçüncüsü, valideynlərin
toy eləməyə imkanları olmur və qızla oğlan
qovuşmağa çox tələsirlər.
Bu variantlardan
Mürtədin xeyrinə tək bircə fakt vardı:
ata-anası qızı qohumlarına vermək istəyirdilər.
O isə daş atıb başını tuturdu, "hələ
oxuyuram" deyib vaxt qazanırdı. Mürtədə elə
gəlirdi ki, qızın xoşuna gəlib sevdiyi oğlan
olsa, qoşulub qaçar. Bu oğlan o deyildi, artıq
cavabını almışdı. "Arikin ağlı yox,
yaraşığı məndə olsaydı, gör nələr
edərdim" deyə tanışlarından birini
xatırladı. Televizorun düyməsini basıb otaqda vargəl
etməyə başladı. "Arşın mal alan"dan
fraqmentlər göstərilirdi. "Aha tapdım! Arikin gözəlliyi,
mənim ağlım birləşsə qızı almaq olar.
Lap arşınmalçı Əsgər kimi fənd işlədərəm"...
Mürtəd
ağlına gələn bu ideyanın təsirindən yerindən
dik sıçradı. Yüz qram araq vurdu. Stresi özündən
uzaqlaşdırdı.
Məsələni
isti-isti həll etmək üçün zəng vurub Ariki
tapdı, həmişəkitək onu yemək-içməyə
dəvət etdi.
Hamının
Arik çağırdığı Ərtaq onunla
yaşdaş idi, cəlbedici aristokrat sir-sifəti,
görünüşü vardı. Gendən baxan deyirdi bəs
imkanlı, işi-gücü olan adamdır. Əslində
yaxşı manerası olan, özünü məclislərdə
aparmağı bacaran bu oğlan ali təhsilli olsa da, bir yer
tapıb dolana bilmirdi. Atası onu Sovet dövrü
üçün böyütmüşdü: müdafiə
edib elmi dərəcə alsın, alim olsun, sonra yerini ona verib
təqaüdə çıxsın. Bu məqsədlə də
oğlunu öz yanında - Elmlər Akademiyasında işə
düzəltmişdi. Ev uşağı olan, yeyib içməyə,
əli cibində gəzməyə vərdiş etmiş Ərtaq
zəmanənin nəbzini tuta bilmirdi, nə alveri, nə də
dəllallığı bacarırdı. O zamanlar Akademiyadan
ayrıla bilməyən elmi işçilərin məvacibi
yol puluna, onun ucuz yeməkxanasında nahar yeməyinə
çatırdı. Düzünəqulu işləyib
maaşa göz dikməklə keyf çəkmək olmurdu. Ərtaq
dəbdəbəli məclislər, bahalı restoranlar, ən
aşağısı kababxanalarda vurmaq düşkünü
idi. Mürtəd onu dəfələrlə yedirib içirib
öz məqsədləri üçün istifadə
etmişdi.
Ərtaq onu
görən kimi qucaqladı.
- Yallah, qədeş,
bu aydınları niyə yaddan
çıxarırsınız? Gör neçə aydır
görüşmürük.
Ərtaqın
babası da, atası da ziyalı olmuşdular. "Yalnız
üçüncü nəsil əsil intellegent olur" deyə
o, bir az vurandan sonra lovğalanırdı.
- Sən öl demirəm, özüm
ölüm həmişə ürəyimin düz içindəsən.
İşim çox, dərdim ağır, görüşə
bilmirdim. Başım açılan kimi konlümə sənlə
oturmaq düşdü.
Onlar görüşdükləri
kababxanada küncdəki masanı seçib sifarişlərini
verdilər.
İçki məclislərində
Mürtədin bic bir gedişi vardı: özü qurtum-qurtum
gillədir, qarşısındakını isə dibinəcən
içirdirdi. Buna görə də həmişə ayıq
olurdu. Onda anadan gəlmə instinkt bir duyğu vardı: həmişə
tətikdə durmaq, ayıq-sayıq olmaq, yoxsa axırına
çıxarlar. Amma bu dəfə o, Ərtaqdan geri
qalmırdı... İkisi də dəmləşmişdi, Ərtaq
stəkanları doldurub yenə dostluq şərəfinə
sağlıq dedikdə, Mürtəd onu saxladı:
- Bir dayan, de görüm, doğrudanmı
məni özünə daimi dost sayırsan?
- Ba!... Qədeş, o nə sözdür!
Haçan bir sözünü iki eləmişəm?
- Heç vaxt. Amma bu dəfəki iş həyat,
ölüm-qalım məsələsidir. Yeddi milyon
yarımlıq xalqın içində yalnız sən mənə
kömək edə bilərsən.
- Hazıram qədeş, mən bacaran
işdirsə, sən əmr et. Neynəməliyəm?
- Bacarmağına bacararsan. Səndən
başqa bu işi görə bilən tapılmaz.
Tərifdən qoltuğu qarpızlanan Ərtaq
səbirsizliklə soruşdu:
- Elə isə, ürəyimi üzmə,
de gəlsin.
- Eşq mərəzinə tutulmuşam.
- Nə? Eşq mərəzinə? O necə
olur?
- Sevərsən, istədiyin qız səni
rədd edər, onda başa düşərsən.
- Qədeş, bu, qrip kimi bir şeydir. Mən
ildə iki dəfə qripə, iki dəfə də sevgi mərəzinə
tutuluram. Hər ikisi tez keçib gedir.
- Ola bilsin ki, bu xəstəlik sənin
boğazından aşağı enmir, elə
ağız-burnunda ilişib qalır. Məndə isə sevgi
mərəzi ox kimi düz ürəyimin ortasına
sancılıbdır. Onu dartıb oradan çıxarsan, qəlbimi
parça-parça edər.
- Yaxşı, indi nə cür deyirsən,
elə də edək.
- Sən yəqin ki, mənim ağlıma,
bacarığıma şübhə etmirsən...
- Əstəğfirulla, qədeş. Sənin
hördüyün torları, qurduğun qurquları,
toqquşdurduğun səhnələri Hollivudun heç ən
mahir kino rejissorları belə bacara bilməzlər.
- Ay sağ ol. Elə isə qulaq as, plan belədir:
Sən o qızı özünə cəlb edirsən,
tanış olanda öz adını yox, mənim adımı
deyirsən, yəni sən mən olursan, sevgi,
aşıq-maşiq oyunu oynayırsan, onunla gəzirsən,
kinoya, teatra, restorana, bir sözlə istədiyi yerə
aparırsan, istədiyi hədiyyələri alırsan.
- Qədeş hansı pulunan?
- Kəmhövsələlik eləmə. Hər
görüşdən qabaq mənə xəbər verirsən,
cibinə pul basıram. Bayram hədiyyələrini alıb verərsən.
Bir sözlə elə edərsən ki, o gözəl qız sənə
vurulsun, təcrübən çoxdur, neçə
qızı gözüyaşlı qoyubsan. Bilirəm ki, o səni
sevəcək, nə istəsən onu eliyəcək.
Ərtaqın ağzı sulandı, həm
Mürtədin pulları, həm də gözəl qızla
müftə-müsəllah keyf çəkməyi təsəvvürünə
gətirdikdə, uçmağa qanadı olmadı, bu işin
nə qədər uzanacağını bilmək istədi:
- Bəs sonra? Bu teatrın
axırıncı səhnəsi necə qurtaracaq?
- Çox qabağa getmə, əvvəlcə
özünü ona sevdirməlisən, qız səndən
ötrü dəli-divanə olandan sonra növbəti
gedişimizi edəcəyik. Aydındırmı?
- Aydın oldu, bir məsələdən
başqa. Axı bu oyunda mən əsil aşiq rolunu oynamaq
üçün qızla öpüşmək, qucaqlaşmaq zorundayam.
Birdən göz qızdı, ayrı işlər oldu, onda necə?
- Oğlan, göz qızmamalıdır. Sən
əflatuni aşiq rolunu oynamalısan.
- Əşi, mən özümü demirəm,
yaxşı bilirsən ki, mənimçün şəhər
doludur qızınan. Birdən o duyğularını cilovlaya
bilmədi, bütün qapı-pəncərələri
açıb məni içəri dəvət elədi?
- Cilovunu sənin əlinə verəndə,
həddini bil, məscidin qapısı açıq olanda itdə
həya olmalıdır. Sən özünü bilməməzliyə
vur, içəri girmə. Axı sən iş
başındasan.
- Qədeş, sözdə asandır.
Çalışacağam sənin bütün təlimatlarına
əməl edim.
- Bax, yadında saxla, boyun-boğazdan
aşağı düşmək olmaz. Sərhədi keçsən,
cızdığımız plandan çıxsan, səni də,
onu da cəhənnəmə vasil elətdirməyə pulum
çatar...
Bu dəm Mürtədin üzünə
baxan Ərtaq diksinib ayıldı: Sanki qarşısında
qorxu filmlərində gördüyü İblis
dayanmışdı. Nifrət və qəzəb dostunun sifətini
daha da qorxunc etmişdi. Odur ki, dil-dodağı topuq vura-vura
dilləndi:
- Qədeş, gəl növbəti badələri
bu işdə uğurumuzun şərəfinə qaldıraq.
Arxayın ol, hər şey dediyin kimi olacaq.
Onlar stəkanları boşaltdıqdan
sonra Mürtəd cibindən beş yüz dollar, bir paçka
manat çıxarıb Ərtaqa verdi:
- Al, qoy cibinə ki, onunla görüşəndə
ürəkli olasan. Amma əclaf, dollarları ancaq onun
üçün xərcləməlisən. Manatlar isə sənin
cib xərcliyindir, köynək və qalstukunu dəyişdir.
Hər addımının hesabatını mənə verəcəksən.
- Baş üstə, - Pulları səliqə
ilə cüzdanına qoyan Ərtaq dedi: - Elə sabahdan işə
başlayaram. Amma qızı mənə özün göstər,
onun haqqında bildiklərini deginən.
lll
İki gün sonra Ərtaq Mürtədə
ilk "kəşfiyyat" məlumatlarını verdi. "O
fakultədə məni tanıyanlar çoxdur.
Ayçiçəyin rəfiqələrindən biri Sara
adlı qız uzaq qohumumun nişanlısıdır.
Üç gün sonra ad günüdür, məni də dəvət
elədi. Obyekt orada olacaq, tanış olmaq üçün əla
fürsətdir. Onu mənə göstərməyinə ehtiyac
yoxdur. Ad gününə hədiyyə ilə getməliyəm."
Mürtəd ondan ancaq Saragilin
ünvanını soruşdu.
Ad gününə hazırlaşan Ərtaq
Mürtədin hesabına özünə bahalı köynək
və qalstuk, qohumunun nişanlısına "Şanel" ətri
və kremi aldı, Hollandiyadan gətirilmiş qızıl
güllərdən dəmət bağlatdırdı.
Çoxdan əyninə almadığı "Pierre
Cardin" şirkətində sanki məxsusi onun bədəninə
tikilmiş bahalı tünd göy kostyumunu geyindi. Bunu da
Mürtədin həlləm-qəlləm işlərinin
hesabına qazanmışdı.
Bazar günü keçirilən məclisdə
öz yerlərini tutmuş qonaqların nəzər-diqqəti
qəsdən bir az gecikib, içəri girən Ərtaqa
dikildi. Şıq geyimli, boy-buxunlu, uzun saçlı,
üzündə diplomatik gülüş oynayan bu gənc
oğlan sanki Avropanın məşhur moda şirkətindən
qostrola gəlmişdi. O, başını dik tutaraq qəşəng
düzümlə bağlatdırdığı dəməti
və "Şanel"i xüsusi incəliklə, şahzadəyə
bahalı hədiyyə verirmiş kimi, məclisin baş tərəfində
oturmuş Saraya təqdim etdi, onun əlini öpdü.
Bu səhnədən vəcdə gələn
Sara gözləri yaşarmış halda dedi:
- Arik, bizi gözlətdirsəniz də qəlbimizi
riqqətə gətirdiniz.
- Amma mənə yer
saxlamayıbsınız.
- Sizin yeriniz həmişə bizim
yanımızdadır, - deyən Sara solunda oturmuş
Ayçiçəyin yanında ona yer düzəltdirdi. Və
bu zaman adını eşidib üzünü görmədiyi
qızla baxışları toqquşdu. Daha Ərtaqın
üz-gözünə gözəllik qarşısında
hayıl-mayıl olduğunu göstərən yalançı
ifadə verməsinə ehtiyac olmadı. Dodaqları altında
"heyrət, ey büt" deyə pıçıldayan Ərtaqın
ağzı açıla, gözləri bərələ
qaldı. Baxışları içəri girəndən
ürəyinə yatmış oğlanın
baxışları ilə toqquşan Ayçiçək də
gözlərini ondan çəkə bilmədi. Bu
baxışma çoxlarının gözündən
yayınmadı. Həm də ona görə ki, bu iki gənc
bir-birinə çox yaraşırdı, sanki
yaradılışdan bir-biri üçün
doğulmuşdular.
- Hə, gözünüzü bir-birinizdən
çəkin, hamı sizə baxır, - Saranın
pıçıltısı onları ayıltdı. Sonra
ucadan gəncləri bir-birinə, həm də məclisə təqdim
etdikdən sonra Sara Ərtaqa göz vurub səsini
alçaltdı: - Arik, mənim rəfiqəm utancaq
qızdır, ona yaxşı qulluq elə.
Ayçiçək azacıq sarıya
çalan çəhrayı rəngli, topuqlarına düşən
don geymişdi. Ərtaq ayağa durub yüngülcə təzimlə
onu rəqsə dəvət elədi, qız ayağa
qalxdıqda sağ əli ilə onun sol əlindən tutub, rəqs
üçün ayrılmış çox da geniş olmayan
ortalığa apardı. Mahir ovçu gözü ilə bir
andaca ovunu başdan ayağa süzən Ərtaq onun bədən
mütənasibliyini, hər bir əzasının yerli-yerində
olduğunu görüb duydu. Ayçiçək qüsursuz
gözəl idi. "Meşədəki armudun
yaxşısını ayı yemək istəyir" deyə
düşünən Ərtaq sağ əli ilə
qızın incə belindən yapışdı, sol əli ilə
onun sağ əlindən tutub qoşa qanad kimi yana gərdi.
Ayçiçək sol əlini oğlanın sağ
çiyninə qoyanda sanki dövrə qapandı, onların
gözə görünməz enerjiləri bir-birinə
axmağa başladı.
Rəqs bitən kimi hamı əl
çaldı. Əlbəttə, hamıya xoş təsir
bağışlayan bu cütlüyü qalib hesab etdilər,
bir qutu Avstriya konfetini və gül dəstəsindən ibarət
mükafatı onlara verdilər. Ərtaq hər ikisini qıza uzatdı.
"Yox, evə
güllə gedə bilmərəm" deyə
Ayçiçək Saranın qulağına
pıçıldadı. Qulağı darı dələn,
Ayçiçəyin bütün hərəkətlərini
izləyən Ərtaq "məsələ məlumdur" deyə
fikirləşsə də dilindən tamam başqa sözlər
çıxdı:
- Siz gözəlliyinizi
tamamlayan rəqsinizlə də hamını heyran etdiniz.
- Sizidəmi?
- Hamıdan
çox. Xüsusilə "Süleymani" ilə.
- Sağ olun,
indi inandım.
Ayçiçəkdən
çıxmayan iş, Ərtaq onun cib telefonunun nömrəsini
istəyəndə çox naz-qəmzə etmədən
verdi.
Məclis
başa çatmamış Ayçiçək getmək
üçün Saradan icazə istədi:
- Axşam
düşməmiş evə gedim. İki-üç
saatlığa izn almışam.
Sara etiraz etmədi.
Ərtaq onu maşınla evlərinə aparmaq istədi.
Qız kəsinliklə etiraz etdi, ancaq çöl
qapısınadək ötürülməsinə
razılıq verdi. Sağollaşanda Ərtaq onun
uzatdığı yumşaq əlini öpməkdən
özünü saxlaya bilmədi. Qızı yola saldıqdan
sonra sağ əli ilə bir çırtıq çalıb
özündən razı halda məclisə qayıtdı.
"Amma gələcək görüşlərdə hissə
qapılıb özümü unutmamalıyam. Mən iş
başındayam, pul qazanıram" deyə özünü
danladı.
Xalanəvəsi
onu qırağa çəkib başını uca etdiyinə
görə minnətdarlığını bildirdi, sonra
"Yaxşı qızdır, sənə yaraşır, ciddi
fikrin yoxdursa, aldatma onu, yazıqdır." dedi.
Ərtaq
çiyinlərini çəkib başı ilə təsdiqlədi:
- Düz sözə
nə deyəsən, - sonra onu yanında - qızın yerində
oturdub bu mövzudan uzaqlaşdırmaq üçün dedi: -
Çoxdandır səninlə vurmuruq, süz, bir-iki badə
içək.
Doyunca yeyib
içdikdən sonra məclis Ərtaq üçün
maraqsız oldu, o da sonacan qalmayıb sağollaşdı, evə
çatan kimi onu gözləyən Mürtədə hesabat
verdi, gözlədiyindən qat-qat yaxşı nəticə əldə
etdiyini bildirdi:
- Şef, bu
gün bir aylığın işini gördüm.
Düşünürəm ki, qız ovcumuzun içindədir.
Amma kəsin sözümü onunla ikinci görüşdən
sonra deyəcəm.
- Əla, davam elə,
pul xərcləməkdən qorxma. Amma niyə qızı evlərinə
ötürməyib tək buraxdın, bilmirəm.
- Mən
ötürmək istədim, özü razı olmadı.
Onların evində çox ciddi qaydalar hökm sürür.
Ərtaqın
ağlına birdən gəldi: bəs bunu Mürtəd hardan
bilir?... Özü öz sualını cavabladı:
"Saranın ünvanını nahaqdan soruşmurmuş. Deməli,
əclaf küçədə pusquda durubmuş..."
Fazil GÜNEY
525-ci qəzet.- 2012.- 2 may.- S.7.