Nur saçan
ekran
ONUN ÜNVANI AzTV, "MƏDƏNİYYƏT"
VƏ "İDMAN AZƏRBAYCAN"DIR
Kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın cəmiyyətin həyatında böyük önəm daşıdığı danılmazdır. Bütün dünyanı birləşdirən internetin yaranmasına rəğmən, TV proqramları və verilişləri hələ də insanların diqqətini cəlb edir, onları düşündürür və müzakirələrə səbəb olur.
Ölkəmizdə baş verən Qarabağ münaqişəsi televiziyaların fəaliyyətinə təsirsiz ötüşmədi. Sarsıntılarla dolu dönəmdə "beyin axını", nəsil dəyişməsi ilə bağlı yaranmış kadr çatışmazlığı, ssenari qıtlığı, digər problemlər teleməkanda özünü dərhal göstərdi və teleekspertlərin, eləcə də yüksək vəzifəli dövlət məmurlarının "həyəcan təbili" özünü çox gözlətmədi. Təbii ki, ekspertlərin əksəriyyəti "bəyənmirsinizsə, pultun düyməsini dəyişdirin" kimi eybəcər arqumentlə razılaşa bilməzdilər. Çünki söhbət milli telekadrların yetişdirilməsindən, ölkənin ictimai-siyasi və mədəni həyatının inkişafının göstəricisi, seyrçilərin dünyagörüşünü, zövqünü formalaşdıran müasir TV-dən gedir.
Son günlər ərzində ölkə Prezidenti İlham Əliyevin televiziya mövzusuna dair iki vacib açıqlama ilə çıxış etməsi cəmiyyətdə xüsusi maraq doğurdu. Ağstafada yerli ziyalılarla görüşdə və Nazirlər Kabinetinin ilin birincü rübünün yekunlarına dair müşavirəsində dövlət başçısı doğma dilimizin saflığının və insanların sağlamlığının qorunması ilə bağlı TV-lərə tövsiyələrini verdi.
Qeyd edək ki, məmləkət TV-lərinin fəaliyyətini izləyəndə maraqlı məqamla üzləşirsən. Məlum olur ki, həm doğma dilin saflığının, həm də insanların sağlamlığının qorunması ilə bağlı ölkə prezidentinin tövsiyələrinə əməl edən telekanallardan biri, bəlkə də birincisi AzTV-dir. Xatırladaq ki, təxminən yarım əsrə yaxın bir dövrdə AzTV ölkə əhalisinin diqqət kəsildiyi yeganə telekanal olub. Paradoksal və eyni zamanda qürur doğuran hal isə odur ki, hazırda bütün telekanalların əhatəsində belə AzTV daha sanballı görünür və böyük maraqla izlənilir.
Açıq-aşkar görünür ki, ölkə başçısının 2006-cı ildə bu qurumda həyata keçirdiyi kadr islahatı AzTV-nin fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə gətirib çıxarıb. AzTV-nin indiki yayım siyasəti getdikcə bütün teleməkanda nümunəyə çevrilir. Bu amil artıq cəmiyyətin aparıcı qüvvələri tərəfindən etiraf olunur. Baş nazirin müavini, görkəmli yazıçı Elçin Əfəndiyevin təbirincə desək, bütün teleməkanda yalnız AzTV-nin proqram və verilişlərində bədii-estetik nəzarət hökm sürür. Bu o deməkdir ki, AzTV yalnız elmə, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə uyğun veriliş və proqramlar sərgiləyir, xalqımızın taleyində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətləri, elm, mədəniyyət və incəsənət xadimlərini və sənətkarları təbliğ edir. Telekanal insanlara qəzəb və nifrət hissini deyil, xeyirxahlığı aşılayır, bir sözlə, nurlu ideyalar saçır.
Sovet dövründə milli şüurun inkişafında, Azərbaycan dilinin qorunub saxlanılmasında böyük rol oynayan AzTV bu gün də doğma dilimizin keşiyində durub. Bu gün də məhz Azərbaycan Televiziyası və Radiosu vasitəsilə doğma dilimizin zənginliyi ilə tanış olan xaricdəki soydaşlarımız onun başqa dillərin mənfi təsirlərinə məruz qalmadığının fərqindədirlər.
Digər telekanallardan fərqli olaraq, AzTV rəhbərliyi efiri "sms" asılılığından, bu tendensiyanın doğurduğu biabırçılıqlardan kənarda saxlayıb. Və bu, heç də bəzi üzdəniraq ekspertlərin iddia etdiyi kimi, telekanalın dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı deyil. Sadəcə, AzTV-nin indiki rəhbərliyi şüurlu şəkildə bu cür "qazanc"dan imtina edib. Bu addım TV-nin cəmiyyəti öz ardınca aparması prinsipi ilə izah edilir. Məhz bunun nəticəsidir ki, əsrarəngiz muğam müsabiqəsində paranın deyil, sənətkar sözünün hökmran olmasına şərait yaradılıb. Hazırda AzTV sağlam yaşayış tərzinin, kitabın, idmanın, gözəl musiqinin, düşündürücü filmlərin və tamaşaların təbliğatçısına çevrilib və hər cür şişirdilmiş reytinq kampaniyalarından uzaqda dayanır. AzTV-nin nəzdində olan "Mədəniyyət" və "İdman Azərbaycan" telekanalları da bu cür yayım siyasətini davam etdirir. Sadaladığımız bu fikirlərlə tanınmış ziyalılarımız da razılaşırlar.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov: "AzTV və "Mədəniyyət" telekanalı ölkədə insan kapitalının inkişafı ilə bağlı çox vacib, mühüm və məqsədyönlü fəaliyyət göstərir. Bir kulturoloq kimi bildirirəm ki, kulturologiya elminin təbliğində, onun əsas mahiyyətinin, metodlarının, texnologiyalarının, nailiyyətlərinin geniş tamaşaçı auditoriyasına çatdırılmasında AzTV-nin və "Mədəniyyət" kanalının misilsiz rolu var. Mütəmadi olaraq ünsiyyətdə olduğum, tanıdığım və ya tanımadığım insanların, xüsusilə də ziyalıların müəllifi və aparıcısı olduğum "İdrak" verilişilə bağlı müsbət fikirlər söyləməsi bir daha təsdiq edir ki, "Mədəniyyət" kanalının verilişləri insanlara nə qədər yeni biliklər, düzgün istiqamət verir, tamaşaçı kimi razı salır. Bu baxımdan, heç şübhəsiz, AzTV və "Mədəniyyət" kanalının verilişləri Azərbaycanımızın daha da qüdrətli olmasına xidmət edir".
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist, fəlsəfə doktoru Akif Əli: "TV elə bir sahədir ki, burada çalışan yaradıcı heyətdən təkcə istedad, yaradıcılıq potensialı deyil, əsl vətəndaşlıq, dövlətçiliyə sadiqlik tələb olunur. Yerli teleməkanda belə peşəkarlar daha çox AzTV-də fəaliyyət göstərirlər. Bunu isbat etməyə ehtiyac yoxdur, sadəcə, AzTV-nin və onun nəzdində yaranmış "İdman Azərbaycan" və "Mədəniyyət" telekanallarının hazırladığı verilişləri izləmək yetər. Peşəkar telemütəxəssislərin və sənətkarların, görkəmli mədəniyyət, incəsənət xadimlərinin əksəriyyətinin AzTV-yə bağlılığı diqqəti cəlb edir. Məncə, bu daha çox onunla əlaqədardır ki, orada çalışan ziyalılar öz fəaliyyətlərilə Vətənə və Xalqa xidmət etdiklərinə əmindirlər. Çünki onların yaradıcılığı və zəhməti yüksək dəyərləndirilir. Bundan başqa, peşəkarların əhatəsində olmaq yaradıcı şəxs üçün çox önəmli məsələdir.
Bəzən özəl TV-lər ictimai rəyə məhəl qoymadan, guya yüksək reytinqli olması iddiası ilə hansısa aşağı səviyyəli verilişin nümayişini israrla davam etdirirlər. Hərçənd, həmin veriliş milli-mənəvi dəyərlərimizə ziddir, qeyri-etik və qeyri-estetik standartları təbliğ edir. Belələri anlamaq istəmirlər ki, milli maraqları maddiyyata qurban vermək olmaz, bundan başqa, TV savadsız və zövqsüz insanların səviyyəsinə enə bilməz. Digər tərəfdən, heç bir telekanala haqq verilməyib ki, özünü dolandırmaq xatirinə bayağı verilişlər hazırlamaqla xalqın zövqünü korlasın. Bu baxımdan, AzTV digərlərindən çox fərqlənir.
Fəaliyyət sferamla əlaqədar olaraq ziyalılar arasında tez-tez oluram və bilirəm ki, xüsusilə də "Mədəniyyət" kanalının verilişlərini ictimaiyyət təqdir edir. Bu kanalın verilişləri baxımlıdır, geniş tamaşaçı kütləsini qane edir. Bu bir daha onu göstərir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC mədəniyyətimizin qorunmasına və inkişafına çalışır. Heç kim deyə bilməz ki, Azərbaycan Televiziyasında gəncliyin zövqünü korlayan, cəmiyyəti hansısa yanlış yola aparan, dövlətçiliyə uyğun olmayan veriliş var. Deməli, AzTV qarşısına qoyulan missiyanı vicdanla yerinə yetirir, ölkəmizi dünyada tanıdır, eyni zamanda dünya mədəniyyətinin incilərini xalqımıza təqdim edir. Mən, ilk növbədə, bir tamaşaçı kimi hesab edirəm ki, bugünkü teleməkanda AzTV və "Mədəniyyət" kanalının yeri öndədir. Bunun özü də göstərir ki, kanal çox müdrikcəsinə idarə olunur. Azərbaycan Televiziyası həmişə dövlət tərəfindən maliyyələşib. Və bunun müqabilində biz güclü maddi-texniki bazaya malik "Ana" televiziyamızın efirində milli maraqlarımızın, dilimizin, adət-ənənələrimizin, milli mədəniyyətimizin, incəsənətimizin qorunmasına, inkişafına və yayılmasına xidmət edən rəngarəng teleproqramları izləyə bilirik. Buna görə də biz bir daha dövlətimizə minnətdar olmalıyıq".
Tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasım: "AzTV və "Mədəniyyət" kanalı teleməkanda çox böyük irəliləyişlər edir. Kino sahəsində çox boşluq yaranmışdı. Kino mütəxəssisi kimi mən deyərdim ki, "Mədəniyyət" kanalı həmin boşluğu dərin məzmunla doldurur. Bu, çox yaxşı və lazımlı prosesdir. Milli kinomatoqrafiyamız xalqımız tərəfindən hər zaman sevilib. Bu sevgini onlarda, ilk növbədə, AzTV yaradıb və hazırda "Mədəniyyət" kanalı bu ənənəni uğurla davam etdirir. Kino milli mədəniyyətimizin ayrılmaz qoludur və tamaşaçılarımız milli kinomuzu və kino xadimlərimizi, görkəmli aktyorlarımızı bu telekanal vasitəsilə görür, sevir və unutmurlar. Dünya kino incilərinin uğurla dublyaj olunaraq kinosevərlərə təqdim olunması da bu kanalın üstün cəhətlərindəndir".
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev: "Azərbaycan Respublikası uzun müddət başqa dəyərlər sistemində, yəni sovet mədəniyyətinin təsiri altında fəaliyyət göstərib, xalqımız da o ruhda tərbiyə olunub. Bu da, təbii ki, milli mədəniyyətimizə təsirsiz ötüşməyib. Bununla belə, zaman yetişdi, böyük çətinliklə də olsa Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və son 20 il ərzində yeni nəsil formalaşdırmaq, onlara müstəqil Azərbaycan mədəniyyətini aşılamaq, Azərbaycan vətəndaşı kimi bu təfəkkürün daşıyıcısına çevirmək kimi problemlərin həllinə çalışdı. Bundan başqa, XXI əsrdə informasiya, kommunikasiya texnologiyaları vasitəsilə dünyanın daha da sürətlə qloballaşması, keçmişdən qalma problemlərlə yanaşı yeni problemləri də ortaya çıxardı. Qloballaşma mədəniyyətləri və adət-ənənələri üz-üzə gətirdi. Azərbaycan vətəndaşı qlobal dünyanın gətirdiyi yeni reallıqların təsiri altında mənəvi aşınmaya məruz qala, öz milli simasını itirmək təhlükəsilə üz-üzə gələ bilərdi.
Belə zamanda AzTV-nin müstəqil Azərbaycan dövlətinin, xalqının marağına xidmət edən mədəniyyətin təbliği istiqamətində apardığı, geniş və məqsədyönlü fəaliyyəti bu problemlərin həllində dövlətə yardımçı oldu. Bundan başqa, ötən il ölkə başçısı İlham Əliyevin iradəsilə AzTV QSC-nin nəzdində yaradılan "Mədəniyyət" kanalı da bu prosesi daha da sürətləndirdi. Mənim müşahidəm ondan ibarətdir ki, "Mədəniyyət" kanalı qarşısına qoyulmuş vəzifələri, ona bəslənən ümidləri tez bir zamanda doğrulda bildi. Önəmli cəhət odur ki, "Mədəniyyət" kanalının əsas yaradıcı heyəti, aparıcıları cəmiyyətdə tanınmış ziyalılardır. Məhz onlar gənc nəslə yeni mədəni dəyərləri aşılayırlar, onların təfəkkürünü müstəqil Azərbaycanın inkişafına kökləyirlər. "Mədəniyyət" kanalının olduqca maraqlı, intellektual, elmi-publisistik verilişləri var. Burada xüsusi olaraq "İdrak", "Zaman və məkan" verilişlərini qeyd edə bilərəm. Çox mühüm və yeni bir təcrübə kimi "Mühazirə" verilişinin ortaya çıxması, görkəmli alim və ziyalılarımızın bu veriliş vasitəsilə humanitar, dəqiq elmlər mövzularında mühazirələr oxuması məni bir ziyalı kimi sevindirir. AzTV və "Mədəniyyət" kanalının öz üzərinə belə geniş çeşiddə vəzifə qoyması və onları uğurla həyata keçirməsi göz qabağındadır. Azərbaycan tamaşaçıları bu kanalları sevir".
Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahova: "Son illər Azərbaycan Televiziyası biz tamaşaçıları daha çox sevindirir. Xüsusən də "Mədəniyyət" kanalının, "İdman Azərbaycan" kanallarının açılışı, sözsüz ki, ictimaiyyət arasında çox müsbət rəy yaradıb. Milli mədəniyyətimizin və incəsənətimizin müxtəlif sahələrini əks etdirən maarifləndirici layihələrin ərsəyə gəlməsi, xüsusilə də teatr mədəniyyətinin keçmişinə və bu gününə həsr olunmuş bir-birindən maraqlı yeni verilişlərin açılması, görkəmli teatr xadimlərimizin həyat və yaradıcılığını əks etdirən sənədli filmlərin nümayişi məndə teatr xadimi, pedaqoq və nəhayət, xalqını sevən bir vətəndaş kimi böyük məmnunluq hissi oyadır. Teatr, ilk növbədə, mədəniyyətdir. Onu qorumaq, inkişaf etdirmək üçün mütləq təbliğ etmək və sevdirmək lazımdır. Bu baxımdan, "Mədəniyyət" kanalının fəaliyyəti müqayisəolunmazdır. Sevindiricidir ki, artıq hər iki kanalın tamaşaçıları gəncləşib. Bu gün əminliklə demək olar ki, AzTV və "Mədəniyyət" kanalı hər bir yaş kateqoriyasına aid olan tamaşaçıların maraqla baxdıqları televiziyadır. Mən ölkə xaricində səfərlərdə olanda da orada yaşayan həmyerlilərimizin AzTV-ni necə böyük maraqla izlədiklərinin şahidi oluram. Soydaşlarımız bu kanal vasitəsilə milli mədəniyyətimiz, siyasi-iqtisadi nailiyyətlərimiz, tariximizlə tanış ola bilirlər. AzTV bu insanlar üçün həm də dilimizi daha da sevməyə və unutmamağa kömək edir. Bu mənada, "Ana televiziyamız" doğma Vətənimizin güzgüsü sayıla bilər. Müasir Azərbaycan olduğu kimi məhz bu televiziyada öz əksini tapır".
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, professor Çingiz Hüseynzadə: "Əlbəttə, son illərdə Azərbaycan ictimaiyyəti üçün "İdman Azərbaycan" və "Mədəniyyət" telekanallarının açılması böyük hadisədir. Müasir idman televiziya ilə sıx bağlıdır və onun inkişafında AzTV-nin və "İdman Azərbaycan"ın rolu çox böyükdür. Biz bu gün ölkəmizdə və dünyada baş verən idman yarışlarının bu kanallar vasitəsilə çevik və keyfiyyətli yayımlanmasının şahidi oluruq. Bu, ölkəmizdə xüsusilə də gənclər arasında idman mədəniyyətinin təbliği baxımından çox önəmlidir. "İdman Azərbaycan" milli idmanın və idmançılarımızın, "Mədəniyyət" kanalı isə Azərbaycan tarixinin, elmin və mədəniyyətinin təbliği ilə məşğuldur. Bu mənada, bu telekanallar özəl telekanallardan fərqlənir".
Millət vəkili Aydın Mirzəzadə: "AzTV kifayət qədər ciddi, mənəvi prinsipləri gözləyən, güclü informasiya bazasına malik və bu informasiyanı çatdırmaq üçün geniş imkanları olan bir televiziyadır. Gündəlik verilişlərində, həmçinin istehsal etdiyi sənədli filmlərdə Azərbaycanın siyasi-iqtisadi uğurlarını, tarixi həqiqətlərini, qədim mədəniyyətə malik ölkəmizin tarix boyu öz mənəvi dəyərlərini, dilini, dinini, adət-ənənələrini, folklorunu qoruyub saxlaya bildiyini, əsrarəngiz təbiətini, əsrlərin yaddaşı olan maddi-mədəniyyət abidələri ilə zəngin olduğunu dünyaya nümayiş etdirir. Əlbəttə, bütün bunlar həm Azərbaycan tamaşaçısının maariflənməsi, öz doğma yurdunu daha da yaxından tanıması, sevməsi baxımından, həm də ölkəmizin beynəlxalq imicinin formalaşması kontekstində olduqca vacib bir missiyadır. AzTV və "Mədəniyyət" kanalı bu vacib missiyanın öhdəsindən uğurla gəlir".
Milli Kulinariya Mərkəzinin direktoru, professor Tahir Əmiraslanov: "Bu yaxınlarda ölkə prezidenti İlham Əliyevin bəzi kanalların verilişlərində mətbəx mədəniyyətilə bağlı kobud səhvlərə yol verməsi haqqında vurğuladığı iradlar mənim də ürəyimdən xəbər verdi. Bəzi özəl telekanallar o qədər məsuliyyətsizliyə yol verirlər ki, hətta cənab prezident onlara öz iradlarını bildirməli oldu. Təbii ki, vətəndaşların düzgün informasiya almaq hüququ var və heç bir televiziya kanalı bu hüququ poza bilməz. Xüsusilə də əgər söhbət insanların sağlamlığından gedirsə. AzTV və "Mədəniyyət" kanalı milli mədəniyyətimizin doğru və düzgün təbliğ olunmasına çalışır. Bu kanallarda biz heç vaxt bayağı verilişlər görmürük. Məncə, "Mədəniyyət" kanalında mətbəxlə bağlı veriliş yoxdur. Gərək ki, həftəsonu AzTV-də "Dadlı dünya" adlı veriliş yayımlanır. Bu verilişdə hər dəfə bir ölkənin mətbəxindən söz açılır, tamaşaçılar ekzotik təamlarla tanış olurlar. Həmin verilişdə həmin ölkələrin və xalqların milli mədəniyyəti, ənənələri, musiqisi, incəsənəti, təbiəti haqda da söhbət açılır. Bu, sanki bir dünya mətbəxinin xəbərləridir. Bu, mədəniyyətin normal təbliğidir və əhaliyə xidmət etməkdir. "Mədəniyyət" kanalının əməkdaşları kulinariya və sağlam yaşayış tərzinə dair məsələlərlə bağlı mənimlə tez-tez məsləhətləşir, bu sahədəki peşəkarlarla əməkdaşlıq edirlər. Çünki yanlış məlumat vermənin məsuliyyətini bilirlər. Bu, peşəkarlığın göstəricisidir".
Şəmsiyyə
ƏLİQIZI
525-ci qəzet.-
2012.- 2 may.- S.3.