Rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında filmləri
Təhsil Nazirliyində nümayiş etdirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı dünən Təhsil Nazirliyində rejissor Vaqif Mustafayevin mərhum prezident haqqında çəkdiyi filmlərin nümayişi keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, filmdə Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib: “Gənclərimizə, gələcək nəslə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənməklə bağlı materiallar lazımdırsa, bu filmlərə baxmağı tövsiyə edirik”. Təhsil naziri bildirib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı yaşayır: “Bu gün ölkənin hüdudlarında dillər əzbəri olan “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsi dövrün reallığını əks etdirən danılmaz həyat həqiqətidir. Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz xidmətləri ulu öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı ümummilli liderimizin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olub”. M.Mərdanov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin irsi elm sahəsi kimi öyrənilməlidir: “Bu irs zəngin, tarixi mənbədir. Fikrimcə, Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi gələcək nəsillər üçün olduqca vacibdir. Bu irs bir elm sahəsi kimi öyrənilməlidir. Əliyevşünaslıq elmi tariximizə böyük töhfələr verəcək”. Təhsil naziri qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmət göstərib. İstər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ümummilli liderimiz Azərbaycanın tərəqqisi və inkişafı üçün əvəzolunmaz işlər görüb: “Təbii ki, bütün bunlar xalqımızın gözü qarşısında baş verib və bu səbəbdəndir ki, ulu öndərimiz hər bir vətəndaşın dərin hörmət və ehtiramını qazanıb. Bu gün Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq inkişaf edir və böyük nailiyyətlər qazanır. Böyük siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin öyrənilməsi gələcəyimiz üçün böyük önəm daşıyır”. M.Mərdanov qeyd edib ki, müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Onun şah əsəri olan Azərbaycan yaşayır və yaşayacaq: “Mən xalqımızın Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramının bir nümunəsi kimi onun ideyalarına, müəyyənləşdirdiyi siyasətə inamını qeyd etmək istərdim. Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan xalqına, dövlətinə xidmət edir. Hər birimiz bu gün də Heydər Əliyev ideyalarından bəhrələnirik. Bugünkü Azərbaycanın iqtisadi uğurlarının təməli kimi Heydər Əliyevin həyata keçirdiyi islahatları göz önünə gətiririk və bunu qiymətləndiririk. Heydər Əliyev hər zaman xalqımızın qəlbində yaşayacaq”.
Nazirin sözlərinə əsasən, Azərbaycan cəmiyyəti bütövlükdə H.Əliyevin ideyaları ilə yaşayır, dövlət onun seçdiyi yolla irəliləyir: “Zaman keçdikcə xalqın ona sevgisi daha da güclənir. Bu dastan da Heydər Əliyev sevgisinin tarixə, yaddaşlara hopması deməkdir. Ümummilli liderin məzarı yerləşən Fəxri Xiyaban artıq neçə ildir xalqımızın müqəddəs ziyarətgahına çevrilib. H.Əliyevin qoyduğu yolun bugünkü uğurları onun hələ də xalqın arasında olmasının ən böyük göstəricisidir. Azərbaycan dövlətinin əldə etdiyi hazırkı uğurlar da məhz onun yaratdığı bünövrə üzərində qərar tapıb”.
M.Mərdanov vurğulayıb ki, hər bir şəxsiyyət 3 amil əsasında tarixiləşir: “Bunlar onun yaratdıqları, ideyaları və onun barəsində yaradılanlardır. Heydər Əliyevin yaratdığı ən möhtəşəm abidə isə müstəqil Azərbaycan dövlətidir. Onun ideyaları ilə Azərbaycanın mütləq əksəriyyəti irəliləyir. Ümummilli lider barəsində isə neçə-neçə möhtəşəm abidə yaradılıb”.
M.Mərdanov həmçinin bildirib ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində dərsdən kənar prosesdə ümummilli liderin həyat və fəaliyyəti ilə məktəblilərin tanış olmaları üçün yayılması nəzərdə tutulur: “Biz düşünürük ki, belə filmlərin tirajı daha da çoxalsın, məktəblərə, universitetlərə və kitabxanalara daha çox yayılsın. Bütün bunlar isə məktəblilərin, tələbələrin Heydər Əliyev irsini daha çox öyrənilməsində böyük rol oynayacaq”.
Daha sonra çıxış edən Xalq artisti Vaqif Mustafayev Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Sonda V.Mustafayevin müəllifi olduğu filmlər nümayiş etdirilib.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 3 may.- S.7.