“Qəzet bolluğu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir”

 

ƏMƏKDAR JURNALİST İLYAS ADIGÖZƏLLİ: “JURNALİSTİKADA JANRLAR BİR ƏLİN BARMAQLARI KİMİDİR, HƏRƏSİNİN ÖZ YERİ, ÖZ ÜSTÜNLÜYÜ VAR”

 

Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biri olan, bu sahədə usta qələm sahibi kimi tanınan İlyas Adıgözəlli 1938-ci ildə Borçalı mahalının Sadaxlı elində dünyaya gəlib. Orta məktəbi Sadaxlıda bitirib. 1957-1962-ci illərdə Azəbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – Z.F) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1962-ci ilin sonlarından bu günədək indiki Azərbaycan Teleradio Verilişləri QSC-də çalışır. Azərbaycanın Əməkdar Jurnalistidir, iki kitabın müəllifidir. Jurnalistikaya sevgisi Sadaxlıda keçən yeniyetməlik illərindən başlayıb.

– ...1950-ci illərin əvvəlləri idi. Ölkə müharibədən qələbə ilə çıxsa da, onun gətirdiyi problemlərdən qurtula bilməmişdi. Bizim kəndə kitab, qəzet çətin gəlirdi. Yeganə məlumat mənbəyimiz radio idi. Kəndin elektrik dirəklərinə xüsusi metaldan hazırlanmış radio bənd edilmişdi. Səhər saat 6-dan gecə saat 12-yədək susmasa da, nədənsə insanları heç bezdirmirdi. Gah SSRİ-nin mərkəzi Moskvanın, gah Gürcüstanın paytaxtı Tibilisinin radio verilişlərini səsləndirirdilər. Ən çoxu da Azərbaycanın paytaxtı Bakıdan verilən konsertləri, tamaşaları, xəbərləri dinləyirdik. O vaxt televiziya yox idi. Dünya miqyasında, SSRİ-də, Gürcüstanda, Azərbaycanda baş verən hadisələri bizə radio çatdırırdı. Ən çox radio tamaşalarına maraqla qulaq asırdıq. Akyorlar Ələsgər Ələkbərovu, Möhsün Sənanini, Ağasadıq Gəraybəylini, müğənnilər Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Xan Şuşinskini, Bülbülü, Rəşid Behbudovu radio bizə tanıtdı. Hamımız ona öyrənmişdik. Radio məndə xüsusilə böyük maraq yaratmışdı. Artıq 6-7-cı siniflərdə oxuyanda jurnalist olmaqda qərarlı idim. Radiojurnalistika barədə təsəvvürüm yox idi. Mən qəzet jurnalistikasını başa düşürdüm. O vaxtlar radioda qəzetlərin xülasəsi verilirdi. Bakıda çıxan qəzetlərin, Moskvada nəşr olunan “Pravda” qəzetinin nədən yazdıqlarını radio vasitəsilə bilirdik.

– O zaman evlərdə radio yox idi?

– Müharibə dövründə buna icazə vermirdilər. Xarici radioların verilişlərinə, SSRİ əleyhinə çıxışlara qulaq asa bilərdilər. Buna görə radioyayımı nəzarətdə saxlanlırdı. Moskvanın, Tbilisinin və Bakının radioverilişlərini dinləyə bilərdik. Sonralar evlərə də məftillərlə radio şəbəkəsi çəkdilər. Bizim evə ilk radionu mən aldım. Balaca radio idi. 1 rubl 70 qəpiyə almışdım. O zaman 14-15 yaşım var idi. Artıq jurnalist olmaq arzum formalaşırdı.

– İlk çap olunmağın sevinci də yəqin unudulmayıb...

– Tbilisidə “Zarya vostoka” adlı qəzet çıxırdı. Gürcüstanın ən nüfuzlu qəzeti idi. 7-ci sinifdə oxuyanda ona Azərbaycan dilində məktub göndərdim. Yazmışdım ki, dərsliklərimiz yoxdur, bizə kömək edin. Redaksiyadan rus dilində cavab verdilər ki, məktubunuzu tədbir görülmək üçün Gürcüstan Maarif Nazirliyinə göndərdik. Maarif Nazirliyindən də yazdılar ki, nə kömək lazımdır göstəriləcək. Rayon Təhsil Şöbəsinə göstəriş verildi. Mənim – yeniyetmə bir məktəblinin məktubuna göstərilən diqqət sevindirici idi.

İlk yazılarım isə rayonumuzun “Stalin yolu” qəzetində çıxırdı. Qəzetə hərdən kiçik yazılar göndərirdim. Bu meyllər məni jurnalistika sahəsinə gətirdi. Kəndimizdən jurnalistika üzrə ali məktəbə qəbul edilən ilk tələbə olmağımla fəxr edirdim. Sadaxlıdan oxumağa gedənlər müəllim, mühəndis, həkim olub geri qayıdırdılar. Kənddə məndən soruşurdular, jurnalistikanı bitirib gəlib harada işləyəcəksən?

– Kənd uşaqlarını oxuduqları bədii kitablar xəyallar aləminə bağlayır, xəyalpərvər edir. Bakıya gəlib universitetə qəbul olundunuz. Gördükləriniz xəyallarınızla səsləşirdi, yoxsa xəyallarınızla müqayisədə bəsit görünürdü?

– Əlbəttə, orta məktəbdən gətirdiyin xəyalların öz gözəlliyi var. Ancaq xəyallardan reallığa keçişimiz bizi peşman etmədi. Əksinə, müəllimlərimizin sayəsində gözlərimizin qarşısında həyatın gözəl bir mənzərəsi açıldı. Biz universitetə qəbul olunanda burada böyük ziyalılar nəsli var idi. Onlara baxanda özümüzdə məsuliyyət hiss edirdik. Cəfər Xəndan, Əli Sultanlı, Həmid Araslı, Şirməmməd Hüseynov, Həsən Şahgəldiyev, Nurəddin Babayev, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Nəriman Zeynalov... Onlar təkcə jurnalistika yox, həyat dərsi öyrədir, bizə güclü təsir göstərir, istiqamət verirdilər.

1962-ci il – biz jurnalistika şöbəsini bitirən ili “Abşeron” qəzeti nəşrə başladı. 8 nəfər gənc jurnalist ora işə qəbul edildi. Onlardan biri də mən idim. “Abşeron”da az işlədim. 1962-ci ilin sonlarında radioya keçdim.

– Çoxumuzda belə bir təsəvvür var ki, Sovet dövrünün mətbuatı tamamilə asılı idi və Mərkəzi Komitənin göstərişi ilə idarə olunurdu. Ümumiyyətlə, o dövrün jurnalistikası necə idi?

– Məhdudiyyətlər var idi. Amma hələ Sovet dövründə – 1970-ci illərdən qadağalar bir qədər yumşaldı. Məsələn, Stalin dövrünün qadağaları ilə Xruşşov, yaxud Brejnov, Qorbaçov dövrünün qadağalarını müqayisə etmək olmaz. Bunların arasında çox böyük fərq var idi.

Amma elə sonrakı illərdə də qadağalar az deyildi. Məsələn, bir quyunun sutkada 5 ton neft verdiyini qəzetdə yazmaq, radioda demək olmazdı. Senzura qadağan edirdi. Guya bir quyunun hasilatını deməklə ümumi neft istehsalı açıqlanar. Körpü salınır, yol çəkilirdi, onların enini, uzununu, yükgötürmə qabiliyyətini demək olmazdı. Belə qadağalar var idi.

Ancaq 1950-1960-cı illərdən bəzi jurnalistlərimiz, dolayısı ilə də olsa, sözlərini deyirdilər. O dövrdə ciddi tənqid var idi. Bir də tənqidlə bağlı ciddi tədbirlər görülürdü.

– Jurnalistikamızın tarixi böyük bir dövrü əhatə etmir. Ancaq bizim üzümüzü ağardan jurnalistlərimiz olub ki, onların publisistikası ilə jurnalistikamız zənginləşib. Mənim fikrimcə, onların zəhməti jurnalistikamızın böyük tarixi əhatə etməməsini kölgədə qoyub.

– Bəli.

– Onlar öz istedadlarını cəsarətli publisistik əsərləri ilə göstərə bildilər. Bəs Sovet dövrünün publisistikası necə idi?

– Sovet dövründə publisistika o qədər də güclü deyildi. O illərdə oçerk janrı dəbdə idi. Felyeton, yol qeydləri, reportaj da o dövrün jurnalistlərinin tez-tez müraciət etdikləri janrlar idi. İndi bunların çoxu yoxdur. Məsələn, mən son vaxtlar oçerkə rast gəlmirəm. Amma ikinci müstəqilliyimiz dövründə bizdə publisistika güclü oldu.

– Sizdən soruşmayacağam ki, jurnalistikamızın tarixini dərsliklərimizdən necə öyrənə bilirdiniz. Kitablarda nə yazıldığı məlumdur. Bəs bizim müəllimlər o qadağan olunmuş jurnalistlərimizdən sizə danışırdılarmı?

– Çox danışırdılar. Şirməmməd Hüseynov Sovet qadağalarını tənqid edirdi. Hətta bəziləri fikirləşirdi ki, onu dərs deməyə qomayacaqlar. Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Təhmasib bizə çox məlumatlar verirdilər. Elə mənim dediyim həyat dərsi odur. Bir var sənə kitablardan dərs deyələr, kənara çıxmayalar, müəllimlərimiz bizi başa salırdılar ki, universitet tələbəsi, xüsusilə tələbə-jurnalist necə olmalıdır.

Nəsir İmanquliyev 1958-ci ilin 1 yanvarında “Bakı” qəzeti açılanda bizə dərs deyirdi. Həmin qəzetə məqalələr yazmağımızı tövsiyə etdi. İkinci kursdan “Bakı” qəzetində fəal iştirak etdik. Kənddən gəlmişdik. Ailədən bizə pul göndərməyə imkan yox idi. Qəzetlərə yazılar yazır, xeyli qonorar alırdıq. Bu tələbə üçün böyük dəstək idi.

Radioda “Son xəbərlər” redaksiyası ilə də əməkdaşlıq edirdim. Gənclər redaksiyasının baş redaktoru Nuhbala Quliyevə və şöbə müdiri Fəridə Babayevaya dedim ki, sizinlə də əməkdaşlıq etmək istəyirəm. Nuhbala müəllim gənclərin həyatından on dəqiqəlik yazı hazırlamağı tapşırdı. Gürcüstana qış tətilinə gedəndə kolxozda çalışan gənclərin həyatından on dəqiqəlik radio yazısı hazırladım. Gətirdim, bəyəndilər. Diktor mətni oxudu. Mənə dedilər ki, axşamtərəfi qulaq asarsan. Yataqxanada tələbə yoldaşlarım başıma yığıldılar. Veriliş yayımlanmadı. Pərt oldum. Səhəri gün radioya getdim. Nuhbala Quliyev dedi ki, belə şeylər olur. Səbəbini izah etdi. Moskva radiosu ilə Xruşşovun 4 saat məruzəsi yayımlanıb. Bakıdan da 4 saat rus, 4 saat da Azərbacan dilində onu veriblər. 8 saat ərzində olan verilişlərin hamısı efirdən çıxarılıb. Nuhbala müəllim söz verdiyi kimi, bir neçə gündən sonra verilişimi səsləndirdilər.

Belə hallarla sonralar tez-tez qarşılaşırdım. SSRİ rəhbərinin məruzələri, qurultaydakı çıxışları səsləndiriləndə verilişlər efirdən çıxarılırdı. O dövrdə Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi diktorlarımızın zəhməti böyük idi. Radiolarda, televiziyalarda indi aparıcılar diktorları əvəz edir. Belə olması əslində pis deyil.

– Amma bu şərtlə ki, aparıcının səs imkanları, savadı, ünsiyyət qurmaq bacarığı tələblərə cavab verə.

– Tələbələrimizə də çalışıb öyrətmək istədiyim budur: radioya, televeziyaya işə gedirsənsə, mütləq düzgün danışmağı öyrənməlisən. Hansısa sözü düzgün tələffüz edə bilməməyin qəzetdə hiss olunmur. Radioda, televiziyada isə vəziyyət başqadır.

– Söhbət təkcə tələffüzdən getmir. Bəzən dil qüsuru olanlar da hazırladıqları materialı özləri öxuyurlar.

– Əgər belələri özləri başa düşmürlərsə, onda hökmən tələblər qoyulmalıdır. Mənim yadıma bir faktı saldınız. 1962-ci ilin axırlarında radioda ştata keçəndən sonra Hacı Hacıyev (sonralar Azərbaycan Jurnalistlər İttifaqının sədri oldu) bir tədbirdən reportaj hazırlamağı tapşırdı. Tapşırığı yerinə yetirdim. Dinlədilər, dedilər, yaxşı reportaj hazırlamısan, amma efirə verməyəcəyik. Səbəbini soruşdum. Bir sözü düzgün oxumadığımı dedilər. Bəzi sözləri Qərb zonasının şivəsinə uyğun işlədirim. Opera əvəzinə o-pera demişdim. Mətni mənə yenidən düzgün tələffüzlə oxutdurdular. O zamandan bunu heç unutmadım: radio jurnalisti bütün sözləri düzgün və aydın tələffüz etməlidir.

Radioda, televiziyada qəzet dili işlətmək də olmaz. Ədəbi dilin danışıq dili formasına əməl olunmalıdır. Çünki dinləyicilərin və tamaşaçıların qəbul etmələri üçün danışıq təbii alınmalıdır. Bir cümləyə nəzər salaq: “Məndən nə istəyirsən?”. Bu cür söyləmək radio, televeziya dilini məhv etməkdir. “Mənnən nə istiyirsən?” demək lazımdır. Bu, ədəbi dilin danışıq formasıdır.

Jurnalist kimi ölkə daxilində və xaricdə çox səfərlərdə oldum. Kür-Abşeron su kəmərinin çəkilişi zamanı orada yaradılan müxbir postuna hər həftə gedib veriliş hazırlayırıdıq. Tikinti meydanında yayda dizə qədər toz, qışda palçıq olurdu. Bakıda Kondisoner zavodu, Şəmkir su elektrik stansiyası tikiləndə də tez-tez oradan reportaj hazırlayırdım.

O zamanlar partiya qurultaylarında iştirak etmək hər kəsə nəsib olmurdu. Moskvadan 1971-ci ildə qurultayda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə əlaqədar reportajları mən hazırladım. Amerika, Türkiyə, İran, Bolqarıstan, Rumıniya və digər ölkələrdən reportajlar verdim. Həyatımın mühüm hadisələrindən biri 1993-cü ilin mayında Azərbaycanın bir qrup jurnalisti ilə Amerikaya səfərimdir. Vaşinqtonda mayın 6-da Azərbaycan səfirliyi açıldı. Fəxr edirəm ki, ilk dəfə Amerikadan Azərbaycan radiosu üçün birbaşa reportajı mən apardım.

– Nə qədər illərin təcrübəsi olsa da, bəzən texnika bizi çətin vəziyyətdə qoyur. Söhbətə başlamazdan öncə mənim də diktafonla bir az problemim oldu. Sizin necə belə çətin vəziyyətə düşdüyünüz məqamlar olub?

– Çox olub. Birini danışım, Finlandiya prezidenti Mauno Koyvisto Bakıya gələndə reportaj hazırlamalı idim. Köhnə aparatımız var idi. Yoxladım işləyirdi. Onu götürüb getdim. Prezident danışanda aparatı qoşdum. İşləmədi. Üstəlik qəribə səs çıxarmağa başladı. Tər məni basdı. Aparatı saxladım, bir də işə saldım. Yenə həmin vəziyyət...

– Bəs vəziyyətdən necə çıxdınız?

– Verilişi hazırladım. Prezidentin danışığını vermək üçün həmkarlarımın yazdıqları lentdən istifadə etdim. Uğur da, uğursuzluqlar da olur. Bunların hamısı jurnalist həyatıdır. Bu elə sahədir ki, hər cür insanla, hər cür vəziyyətlə rastlaşırsan.

“Kommunist” qəzetinə Bakı şəhərinin küçələrini süpürən yaşlı qadın haqda verdim. Süpürgəçi qadının düşüncələri, taleyi barədə olan bu yazını “Kommunist”də yüksək qiymətləndirdilər. Yəni jurnalist sıravi vətəndaşdan ölkə başçısınadək hər kəslə görüşə bilər. O, həmsöhbətinin xarakterini, sənətini öyrənməli, hər kəslə necə, nədən danışacağını bilməlidir.

– İndi bəzi jurnalistlərimiz məlumatsız olmalarına işlərinin çoxluğu ilə haqq qazandırırlar. “Gündəlik qəzetdir”, yaxud “verilişi tez təhvil verməliyəm, belə tələb olunur”, deyirlər. Amma mənə elə gəlir ki, bütün bunlar jurnalistə haqq vermir.

– Bəli, elədir. Jurnalist mütləq yazdığı sahəni bilməlidir. Yoxsa, bir jurnalist kəndə yazı hazırlamağa gedib, baramaçıdan soruşub ki, bu barama qurdlarını gündə neçə dəfə suvarırsınız? Müəyyən şeyləri az-çox bilməlisən ki, getdiyin yerdə bu cür pis vəziyyətdə qalmayasan.

– Sovet dövrü jurnalistikamızda hansı janrlardan daha çox istifadə olunduğunu dediniz. Bu gün mətbuatımızı, radio, televeziya verilişlərini izləyirsiniz. Necə bilirsiz hansı janrlar üstünlük təşkil edir?

– Jurnalistikada janrlar bir əlin barmaqları kimidir. Aralarından divar hörüb, sərhəd çəkmək düzgün deyil. Bunlar bir-birinə qohum, yaxın janrlardır və hərəsinin öz yeri, öz üstünlüyü var.

– Amma eyni zamanda hər birinin öz xüsusiyyətləri var.

– Əlbəttə, öz xüsusiyyətləri var. Radio reportajı hara, analitik janr hara. Bunların arasında müəyyən həddlər, ölçülər var, eyni zamanda qohumdurlar, yaxındırlar.

– Mənə elə gəlir ki, bu gün sədd, sərhəd tamam itməkdədir. Fikrimcə, bu sizin dediyiniz o qohumluqla, yaxınlıqla da bağlı deyil. Daha çox qeyri-peşəkarlıqdan, ya da jurnalist sənətinə etinasızlıqdan irəli gəlir.

– Fikrinizlə şərikəm. Bu qeyri-peşəkarlıqdan irəli gəlir. Kimlərsə irad tuta, bizi köhnəfikirli adlandıra bilər. İndi qəzet bolluğudur. Amma bu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir. Eyni məsələ barədə bir qəzet bir cür yazır, başqası ayrı cür. Televeziyalar, radiolar da elə. Oxucu, tamaşaçı, dinləyici çaşıb qalır, bilmir kimə inansın.

– Hadisəyə yanaşmada deyil, onun məzmununu çatdırmaqda fərqlilik olur.

– Bəli. Bir də həmişə deyirəm ki, həyatda gördüyünüz hadisələrdə işıqlı tərəflər də axtarın. İndi bəzi jurnalistlər hər şeyə bir damğa yapışdırmağa çalışırlar. Tələbələrə tapşırıram ki, hər gün metrodan istifadə edirsiz, gördüyünüz hadisələrdən xəbər yazıb gətirin. Hamısı başdan-ayağa tənqid yazır. Deyirəm, ay bala, metro böyüyür-genişlənir, insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Səhər saat 6-dan gecə saat 12-yədək çalışır. Bəli, metromuzda qüsurlar da var. Həyatda qüsursuz heç nə yoxdur. Qüsurları tənqid elə, amma hardasa bir müsbət cəhəti də görməyə çalış. Tənqidə meyl həqiqəti görməyə, söyləməyə mane olmamalıdır. Jurnalistikada balanslaşdırma məsələsi var. Biri məhkəmə oçerki hazırlayır, məhkumu müdafiə, hakimi ittiham etməyə çalışır, ya da əksinə. Jurnalist iki tərəfin də fikrini verməli, əsaslandırmalıdır ki, oxucu, dinləyici, tamaşaçı həqiqətin harada olduğunu özü seçsin.

– Qadın həbsxanasından hazırlanmış bir yazını oxudum. Müəllifin sözlərindən belə çıxırdı ki, oradakıların hamısı günahsızdır. Jurnalist kimi qadın həbsxanasından yazılar hazırlamışam. Bilirəm ki, taleyin yuvarlayıb ora saldığı insanlar da var, ağır cinayətlər törədib həbsə düşən, əməlindən peşiman olmayanlar da. Jurnalistin hər şeyi tamamilə ağ, ya qara görməsi onun qeyri-peşəkarlığından, ya da xarakterindən irəli gəlir.

– Sizinlə razıyam. Jurnalist həqiqəti söyləməyi bacarmalıdır. Həqiqəti üzə çıxarmaq ağır işdir. Bəzən araşdırmalar istənilən nəticəni vermir, problemlər yaranır. Jurnalist işi çox çətindir. Planetimizdə ən az ömür sürən şaxtaçılar və jurnalistlərdir. Bu da onların işinin ağırlığından irəli gəlir. Amma buna baxmayaraq, jurnalistika fəxr eləməli sənətdir. Bəziləri jurnalistikaya peşə deyir, bunun da əleyhinəyəm. Jurnalistika sənətdir.

– Bu gün şikayətlənirik ki, jurnalist sənəti gözdən salınır. Daha çox kimlər gözdən salır?

– Çox vaxt özümüz gözdən salırıq. Jurnalistikanı gözdən salanlar arasında məlumatı, biliyi az olan və jurnalist kimi tam formalaşmağı bacarmayanlar var. Jurnalist olmaq üçün məktəb keçmək lazımdır. Amma bu sahədə təhsil almayıb, istedadı olanlar da var. Jurnalist sənəti barədə təsəvvürü olmayan biri bu sənətdə gəlirsə, onu hörmətdən salır.

– Mənə elə gəlir ki, ən əsası təəssübkeşlikdir. Təəssübkeşlik olmayan yerdə yaxşı nəticələr əldə etmək mümkün deyil.

– Bir az dəbdəbəli görünəcək, amma düşündüyümü deyirəm: Vətənini sevməyən heç zaman yaxşı vətəndaş ola bilməz. Sənət də belədir, ondan gərək möhkəm yapışasan, ayaq üstə dura biləsən ki, hörmət qazanasan. Mən bu sənətin çətinliklərindən heç zaman usanmadım. Mənim işimin ağır olması oğlum Fikrət Adıgözəllini də jurnalistika sahəsinə gəlməkdən çəkindirmədi. O da artıq 30 ildir ki, Azərbaycan milli televiziyasında çalışır. Əməkdar jurnalistdir.

Bir zamanlar bu sənətə möhkəm bağlı olanlar gəlirdi. 1957-ci ildə universitetdə bizim auditoriyaya dekan Əli Sultanlı ilə hüquq fakültəsinin nümayəndəsi gəldi. Bizə dedilər, hüquq fakültəsində iki boş yer var, kim istəsə, keçə bilər. Uşaqlar etiraz etdilər ki, biz jurnalist olacağıq. İndi tələbələrin çoxu oxuduğu fakültəni hüquq faküləsinə dəyişmək istəyər. Çünki belələri bu fakültəyə təsadüfən, topladıqları bal az olduğu üçün düşdüklərini söyləyirlər.

– Bəli, problem budur. Amma bir zamanlar gənclər arzularından dönməzdilər. 7-8 il eyni fakültəyə imtahan verənlər olurdu.

– İnsan özünə də tənqidi yanaşmalıdır. Hər halda bunun xeyri olar. Bu gün şikayətlənirik ki, tənqidimiz eşidilmir, demirəm ki, tam olaraq biz günahkarıq. Amma hər halda birinci günahı özümüzdə axtarmalıyıq.

– Mənə elə gəlir ki, bu gün jurnalistikamızda mühüm məsələlərdən biri də dil məsələsidir. Bəzi yazıları oxuyanda adama elə gəlir ki, ya redaktor baxışından keçməyib, ya da...

– Qəzetdə bəzən bir abzaslıq cümlə verilir. Radioda, televeziyada isə cümlələr qısa, aydın olmalıdır ki, dinləyici, tamaşaçı məzmunu qavraya bilsin. Dilimizə xarici sözləri doldurulur, onun qarşılığını axtarmırıq. Dilimizin saflığının qorunmasında jurnalistlərin rolu böyük olmalıdır. Bu işdə Azərbaycan radiosunun məxsus yeri var. Bu radioda hər aparıcıya efirə çıxmağa icazə veilmirdi. Dilində qüsur olmamalı, sözü düzgün tələffüz etməli, xaric sözlərdən imkan daxilində az istifadə olunmalı idi.

Hər birimiz bacardığımız işi görməliyik. Fransa burjua inqilabı dövründə biri barikada qurur, biri torbada torpaq, qum daşıyırdı, balacalar əsgərlərə silah, güllə gətirirdilər. Məşhur fransız bəstəkarı Berlioz deyir ki, mən bəstəkaram, bu inqilaba bəstəkar kimi töhfə verməliyəm. Məşhur “Qəhrəmanlıq simfoniyası”nı yazır. Orkestri Yelisey düzünə yığır, dirijor çubuğu əvəzinə, xəncərlə dirijorluq edir Xalqı mübarizəyə, haqqa-ədalətə öz bacardığı kimi səsləyir. Hər kəs xeyirxahlıq mənasında əlindən gələni etsə, cəmiyyət inkişaf edər.

Həmişə tələbələrimizə deyirəm, biz heç birimiz dahi deyilik və hər şeyi bilmirik. Amma bəzi məsələləri mütləq bilməlisən. Respublikada, dünyada baş verən prosesləri izləmək jurnalistin elə-belə işi yox, borcudur. Sabah jurnalist kimi müxtəlif insanlarla görüşərkən pis vəziyyətdə qalmamalıdırlar. Bir sözlə, jurnalistin həmsöhbəti ilə danışmağa sözü və biliyi olmalıdır.

 

 

Zöhrə FƏRƏCOVA

 

525-ci qəzet.- 2012.- 3 may.- S.6.