25 mindən çox POS-terminal qeydiyyata
alınıb
VERGİLƏR
NAZİRLİYİNİN OPERATİV NƏZARƏT İDARƏSİNİN
RƏİSİ İLHAM ƏMİRƏLİYEV: “NAĞDSIZ
ÖDƏNİŞLƏRİN HƏCMİNİN YÜKSƏLDİLMƏSİ
VERGİLƏR NAZİRLİYİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR”
Müsahibimiz Vergilər Nazirliyinin
Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyevdir
– Nağdsız ödənişlərin
stimullaşdırılması sahəsində ölkədə
hansı tədbirlər
həyata keçirilir?
– Ölkə iqtisadiyyatında
nağdsız ödənişlərin
həcminin yüksəldilməsi,
alqı-satqı əməliyyatları
üzrə hesablaşmalarda
plastik kartlardan istifadənin miqyasının
genişləndirilməsi daim
diqqət mərkəzindədir.
Hökumətin bu istiqamətdə
həyata keçirdiyi
siyasət bütövlükdə
vətəndaşların elektron
ödəniş sistemlərinə
çıxış imkanlarının
asanlaşdırılması, elektron ödəniş sistemlərində yaradılmış
potensialdan daha səmərəli istifadənin
təmin olunması, institusional bazanın genişləndirilməsi və
maarifləndirmə tədbirlərinin
həyata keçirilməsidir.
Ölkədə nağdsız
ödənişlərin tətbiqi
sahəsinin genişləndirilməsi
və stimullaşdırılması
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 24 noyabr tarixli fərmanında da nəzərdə tutulmuşdur. Fərmanda aidiyyəti orqanlar qarşısında qoyulmuş
məsələlərin həlli
məqsədilə Vergilər
Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin
iştirakı ilə
xüsusi işçi
komissiya yaradılmış,
komissiya qabaqcıl təcrübəni öyrənməklə
nağdsız ödəmələrin
beynəlxalq standartlar
səviyyəsinə çatdırılması,
bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi,
eyni zamanda plastik kartlar vasitəsilə ticarət
və xidmət obyektlərində ödəniş
səviyyəsinin artırılması
üçün stimullaşdırıcı
tədbirlər barədə
təkliflər paketi hazırlamış və
həyata keçirməkdədir.
Bu məqsədlə Vergilər
Nazirliyi tərəfindən
ilk növbədə Bakı
şəhərində nağdsız
ödəmələrin aparılması
üçün POS-terminallara
olan tələbi müəyyənləşdirmək üçün müvafiq
monitorinqlər keçirilmiş,
POS-terminalların quraşdırılacağı
vergi ödəyicilərinin
siyahısı müəyyən
edilmişdir. Paralel olaraq yeni tipli POS-terminallarda olan proqramların banklarla və prosessinq mərkəzləri
ilə avtorizasiya işləri başa çatdırılmışdır. Prosessinq mərkəzləri tərəfindən
əvvəllər gün
ərzində maksimum
15-20 POS-terminalın qeydiyyatı
mümkün olduğu
halda, aparılmış
işlərin nəticəsi
olaraq hazırda bu rəqəm təxminən 400-ə çatdırılmışdır.
Bundan başqa, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri
arasında elektron məlumat mübadiləsinin
həyata keçirilməsi
üçün lazımi
proqramlar sistemə yüklənmiş və
POS-terminalların vergi
orqanlarında onlayn qeydiyyata alınması təmin olunmuşdur.
– POS-terminalların quraşdırılması
işləri necə gedir?
– Bu sahədə işlər sürətlə davam edir. Görülmüş
tədbirlər nəticəsində
artıq 25 mindən yuxarı POS-terminal qeydiyyata
alınmış və
quraşdırılmışdır ki, bunun da
93 faizə qədəri
Bakı şəhəri
ərazisində fəaliyyət
göstərən obyektlərin
payına düşür.
Bakı şəhərinin mərkəzi
rayonlarında, o cümlədən
Səbail, Nəsimi və Yasamal rayonlarında POS-terminal quraşdırılmalı
obyektlərin 90 faizində
artıq bu proses yekunlaşıb.
Ticarət, ictimai iaşə və xidmət sahələri ilə yanaşı, POS-terminallar
nağd hesablaşmaların
aparıldığı digər
sahələrdə də
tətbiq edilir. Məsələn, əczaçılıq və
avtomobil nəqliyyatı
ilə sərnişindaşıma
sahəsində də
POS-terminalların quraşdırılması
prosesi fəal şəkildə davam edir. Bu günə
Bakı üzrə fəaliyyət göstərən
956 aptekdən 667-də POS-terminal quraşdırılmışdır. Digər obyektlərin də POS-terminallarla təmin olunması üçün
müvafiq tədbirlər
və sənədləşmə
işləri aparılır.
Taksilərdə, eləcə də
London Taksi TX4 avtomobillərində
POS-terminalların quraşdırılması
işləri sürətləndirilmişdir.
Bu günə müvafiq banklarda qeydiyyatdan keçirilmiş
700-dən çox POS-terminal faktiki olaraq taksilərdə quraşdırılmışdır
ki, bunun da 400-dən çoxu
London TX4 avtomobillərinə aiddir.
Nəqliyyat vasitələrində tətbiq
olunan POS-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı
dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici
bank hesabları üzrə
plastik kartlarını
oxumaq imkanına malikdir. POS-terminalda həm
maqnit lent, həm də mikrosxem (çip) əsasında ödəniş kartları
vasitəsilə əməliyyatların
həyata keçirilməsi
üçün müvafiq
qurğular, ödəniş
kartları vasitəsilə
PİN-kodun daxil olunması tələb olunduğu əməliyyatların
aparılması üçün
nəzərdə tutulmuş
PİN-klaviatura (POS-terminalın
daxilində və yaxud ayrı avadanlıq kimi quraşdırılan) və
s. var. POS-terminalların qurulması
prosesində ölkə
bankları da aktivlik nümayiş etdirirlər. “Azərbaycan
Beynəlxalq Bankı”,
“Atabank”, “Texnikabank”, “Dəmirbank” və “Bank
Standard” kommersiya bankları
aktiv POS-terminalları
olan bank ekvayerlərin
siyahısına başçılıq
edirlər.
– POS-terminallardan istifadənin genişləndirilməsi üçün
maarifləndirmə işləri
nə yerdədir?
– Vətəndaşların elektron
ödəniş sistemlərindən
istifadəsi sahəsində
maarifləndirmə siyasəti
də mühüm əhəmiyyət kəsb
edir. Bu məqsədlə
Vergilər Nazirliyi tərəfindən nağdsız
ödənişlərin stimullaşdırılması
və POS-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması
və maarifləndirilməsinə
dair xüsusi Tədbirlər Planı təsdiq edilmişdir.
Vergilər Nazirliyinin Bakı
şəhərində yerləşən
bütün strukturlarının
əməkdaşlarına POS-terminallardan istifadə qaydaları barədə treninqlər keçirilib və həmin əməkdaşlar tərəfindən
paytaxtda yerləşən
təsərrüfat subyektlərində
vergi ödəyicilərinin
məlumatlandırılması və maarifləndirilməsi
sahəsində müvafiq
işlər görülüb.
Bundan başqa, nağdsız hesablaşmaların üstünlükləri,
POS-terminallar və ödəniş kartlarından
istifadə qaydaları
ilə bağlı maarifləndirici buklet hazırlanmış və
onun vergi ödəyicilərinə çatdırılması
təmin edilib.
Bu proses davamlı xarakter daşıyır və yaxın zamanlarda ictimaiyyətin daha geniş təbəqələrinin məlumatlandırılması
üçün POS-terminallardan
və plastik kartlardan istifadə ilə bağlı reklam çarxlarının
hazırlanaraq təqdim
olunması nəzərdə
tutulur.
– Nəzarət-kassa aparatlarının
işinin təkmilləşdirilməsi
sahəsindəki qərarlar
hansı nəticələri
verir?
– Vergitutma bazasının genişləndirilməsində, vergidən yayınma hallarının qarşısının
alınmasında nağd
pul hesablaşmaları
aparan vergi ödəyicilərinin fəaliyyətinə
nəzarətin təkmilləşdirilməsi
və nağdsız hesablaşmaların genişləndirilməsi
vergi nəzarəti mexanizmlərinin səmərəliliyinin
artırılmasında mühüm
əhəmiyyət kəsb
edir. Məhz bu məqsədlə
nəzarət-kassa aparatlarında
elektron ötürücü
qurğuların tətbiq
olunması, respublika ərazisində fəaliyyət
göstərən yanacaqdoldurma
məntəqələrində gəlirlərin vergidən
yayındırılması hallarının qarşısının
alınması üçün
həmin obyektlərdə
xüsusi konstruksiyalı
və texniki göstəricilərə malik
nəzarət-kassa aparatlarının
tətbiqi barədə
bir sıra qərarlar qəbul olunub. Eyni zamanda, nəzarət-kassa
aparatlarının yaddaşındakı
məlumatların GPRS (elektron
məsafədən ötürmə
qurğuları) vasitəsi
ilə vergi orqanlarının məlumat
bazasına ötürülməsinə
başlanılıb.
Ötən ilin sonlarından başlayaraq, Azərbaycanda
nəzarət-kassa aparatlarının
qeydiyyatı prosesi də sadələşdirilmişdir. Elektron qeydiyyatın tətbiqinə
qədər bu proses orta hesabla
2 gün vaxt aparırdı, indi isə bu, cəmi
15-20 dəqiqə təşkil
edir. Nəzarət-kassa aparatlarının elektron qeydiyyatı üçün vergi ödəyicisi xüsusi ərizə formasını
doldurur və sistemə daxil edir, məlumatlar avtomatik yoxlanılır.
Hər hansı uyğunsuzluq olduqda vergi ödəyicisinin
ekranına müvafiq məlumat verilir. Hər şey düzgündürsə,
kassa aparatı qeydiyyata alınır.
Yeni sistemin tətbiqi ilə vergi ödəyicisinin vergi orqanına gəlməsinə
ehtiyac qalmır, bu isə sahibkarlara
vaxta qənaət etmək imkanı verir.
525-ci qəzet.-
2012.- 3 may.- S.3.