Nizami Gəncəvinin 870 illiyi BDU-nun filologiya fakültəsində qeyd olunub

 

Ötən gün Bakı Dövlət Universitetinin Filologiya fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri fakültənin dekanı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məhərrəm Vəliyev açaraq, Nizami Gəncəvinin dünya ədəbiyyatının ölməz sənətkarlarından biri olduğunu və Azərbaycan xalqının hər zaman Nizami yaradıcılığına məhəbbətlə yanaşdığını, onun əsərlərini mənimsəyib, Nizami ideyalarına sadiqlik nümayiş etdirdiyini vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bizim mənəvi borcumuz ondan ibarətdir ki, Nizami Gəncəvinin yubileyini əlimizdən gələn, gücümüz çatan səviyyədə, layiqincə qeyd edək. Nizami Gəncəvi yaradıcılığına daima diqqət yetirilib. 1939-cu ildə Sovetlər dönəmində Nizaminin yubileyinin keçirilməsi haqqında sərəncam verilməsinə baxmayaraq, bu yubiley yalnız müharibədən sonra – 1947- ci ildə təntənə ilə keçirildi. Bundan sonra Nizami Gəncəvi yaradıcılığının öyrənilməsinə diqqət daha da artdı, xüsusən 1970-ci illərdən etibarən xeyli gücləndi. 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd olunması isə onun yaradıcılığının öyrənilməsində bir dönüş nöqtəsi oldu”. M.Vəliyev Nizami Gəncəvinin yaradıcılığının humanizmi, yüksək sənətkarlığı ilə Şərq və dünya ədəbiyyatına güclü təsir göstərdiyini, bəşəriyyətin mədəni xəzinəsinə daxil olduğunu deyib.

Professor Qara Namazov öz çıxışında Nizami ilə bağlı bir neçə məsələyə, o cümlədən dahi şairin “İsgəndərnamə” əsərinə dair fikirlərini bölüşüb, bu barədə dəyərli məlumatları diqqətə çatdırıb.

Professor Tofiq Hacıyev Nizami Gəncəvinin bədii söz ustası olması ilə yanaşı onun həm də dövrünün çox müdrik bir şəxsiyyəti, böyük alim olduğunu deyib: “Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərdə ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir”. Nizami Gəncəvinin eyni zamanda vətənpərvər bir şair olduğunu bildirən Tofiq Hacıyev şairin yaradıcılığında vətən məhəbbətinin doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşdiyini qeyd edib.

Dosent Mətanət Abdullayeva Nizami yaratdıcılığında təsəvvüf anlayışından danışıb və qeyd edib ki, Nizami yaradıcılığında təsəvvüfün olub-olmamasını araşdırmazdan əvvəl təsəvvüf anlayışının məna tutumuna baxmaq lazımdır: “Təsəvvüf anlayışı özündə hansı mənəvi yükü daşıyır” məsələsini müəyyənləşdirdikdən sonra bu və digər şairlərin təsəvvüf şairləri olduğunu irəli sürə bilərik. Təsəvvüf insanın Allah eşqinə Allah sevgisinə can atmaq, özündə ilahi mənşəyi dərk etmək arzusudurbu arzudan sonra keçilən həyat yolu, yaşanan hissiyyatların hamısı birlikdə təsəvvüfün bazasını təşkil edir”.

Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıclığını əks etdirən qısametrajlı bədii film nümayiş olunub. Filologiya fakültəsinin tələbələrinin ifasında dahi şairin əsərləri əsasında səhnəciklər təqdim edilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 4 may.- S.7.