5 yaşlı rəssamın sərgisi açılıb

 

Mayın 2-də “LN art centre” incəsənət mərkəzində 5 yaşlı azərbaycanlı rəssam Zəhra Aslanlının sərgisi təşkil olunub. Sərgi üç gün davam edəcək. Balaca rəssamın rəsm əsərləri, qrafika və dekorativ-tətbiqi sənət işləri böyük heyranlıqla qarşılanıb. Qeyd edək ki, Z.Aslanlı bu yaxınlarda, adıçəkilən incəsənət mərkəzində “Xocalı faciəsi” haqqında rəsminə görə diplom alıb.

Zəhranın müəllimi rəssam Humay Axundova deyib ki, onun ən çox sevdiyi fil rəsmidir. “Əsasən, uşaq mövzularına diqqət ayırır. Sərgidə 30-dan çox iş var. Bu ilk fərdi sərgisi olsa da, fikirləşirik ki, Zəhranın tanıtımı üçün sərgiləri ölkədən kənarda da təşkil edək. Bir ildir ki, mən onunla bu barədə məşğul oluram. Valideynləri onun həvəsini dedikdə əvvəlcə tərəddüd etdim. Çünki bu yaşda nadir hallarda elə istedada rast gəlmək olur. Amma onun rəsmlərini və istedadını gördükdən sonra heyran qaldım. Həm karandaşla, həm boya ilə sərbəst işləyə bilir”.

Balaca istedadın anası Leyla Aslanlı bildirib ki, Zəhra bütün uşaqlar kimi rəsmə həvəs göstərirdi. “Evin bütün əşyalarının şəklini çəkdindən sonra, hiss edirdim ki, uşaq mövzular axtarır. İstedadın olduğunu hiss edib, peşəkar müəllimlərə müraciət etdim”. Leyla xanım Zəhranın müəlliminə onda bu həvəsi artırdığına görə təşəkkür edib. “Bütün uşaqlarda olan istedadı və həvəsi valideynləri düzgün istiqamətləndirməyi bacarmalıdırlar”.

 

 

PƏRVİZ

 

525-ci qəzet.- 2012.- 4 may.- S.7.