Müharibə kabusu və Rasizadələr
Hüseyn Cavid-130
İkinci Dünya müharibəsi illərində
bütün SSRİ xalqlarının nümayəndələri
kimi Azərbaycan oğul və qızları da ölkənin
müdafiəsinə qalxdılar. Ümumiyyətlə,
1941-1945-ci illərdə Azərbaycandan döyüşən
ordu sıralarına 300 mindən çox insan
çağırılmışdı ki, onların da 50 faizdən
artığı geri qayıtmadı. O illərdə qələbənin
təmin edilməsində Azərbaycan oğul və
qızları ilə yanaşı Bakı nefti də
mühüm rol oynadı.
Elə bir azərbaycanlı ailəsi
tapmaq çətindir ki, İkinci Dünya müharibəsinin
ağrı-acısını dadmamış olsun. Elə bir azərbaycanlı
ailəsi tapmaq çətindir ki, onun heç olmasa bir nəfər
nümayəndəsi döyüşlərdə şəhid
olmasın. Belə ailələrdən biri də dünya ədəbiyyatına
Hüseyn Cavid kimi nəhəng bir ədəbi sima bəxş
etmiş Rasizədələr ailəsidir. Əslində dəhşətli
ağrı-acılar bu ailəni İkinci Dünya müharibəsi
başlamazdan xeyli əvvəllər öz caynağına
almışdı. 1937-ci ildə “xalq düşməni”
damğası ilə həbs olunan Cavid əfəndi Rasizadələr
nəslinin müharibəyə qədərki ilk qurbanı idi.
H.Cavid hələ Birinci Dünya
müharibəsi illərində ölkələri viran qoyan,
xalqları qanına qəltan edən hərbi
qarşıdurmalar, zorakılıqlar əleyhinə “Qüruba
qarşı” (1915), “Hərb və fəlakət” (1916), “Hərb
Allahı qarşısında” (1917) adlı şeirlərini və
məşhur “İblis” (1918) mənzum pyesini yazarkən həyatının
İkinci Dünya müharibısi başlayandan çox az
sonra sürgündə sona çatacağını bilmirdi.
Daha sənətkar onu da bilmirdi ki, müharibə kabusu onun
istedadlı oğlu Ərtoğrolu, öz övladı kimi
oxutdurub təhsil verdiyi Tahir Rasizadənin də
üstünü alacaq, onların da həyatına son
qoyacaqdır.
26 oktyabr 2007-ci il tarixində AMEA
Hüseyn Cavidin ev muzeyinin keçirdiyi “Hüseyn Cavid irsi və
müasir dövr” adlı beynəlxalq elmi konfransda “Cavid
yaradıcılığında müharibə mövzusu”nda
çıxış edən türkiyəli alim Ənvər
Uzunun məruzəsindən bir parçanı burada qeyd etmək
məncə yerinə düşər:
“...Cavid ifrat derecede ziddiyyet
anlayışı ya da yaklaşımı ile realist faciadan
farklanır. “İblis”in yazıldığı yıllarda
(1917-18) müharibe mevzusu aktuel bir konu olsa da, Cavid bu mevzuyu diger
yazarlar kibi real kahramanlar ile deyil, insanüstü özellik
taşıyan İblisin simasında vererek dikkati çeker. O,
müharebeye insan için yabançı olan bir bela ya da
felaket olaraq bakar... Çünki savaş və savaşın
yaratdığı yıkım ve trajediler insanın
yatılışı üçün uygun deyildir. Bu, onun
humanist dünya görüşünden kaynaklanmaktadır. Bu
faciaların yaratıcısı çılğın derebeyler,
krallar, hakanlardır...”
1939-cu ildə Sibirə sürgün olunan
Cavid əfəndinin təcridxanalardakı istintaq prosesi nə
az, nə çox, düz iki il bir ay çəkmişdi.
Böyük ədib buradakı sarsıdıcı şəraitə
tab gətirsə də, fiziki cəhətdən xeyli zəifləmişdi.
Hüseyn Cavid həbs edildikdən sonra onun
Naxçıvanda böyük nüfuz sahibi olan
adlı-sanlı müəllim qardaşı, ədibin öz təbirincə
desək “Fəzilətpərvər Şeyx Məhəmməd
ağa” da təqiblərə məruz qalmışdı.
Böyük külfət sahibi olan ana babam Şeyx Məhəmməd
Rasizadə o zaman “xalq düşməni”nin qardaşı kimi dərs
dediyi məktəblərdən uzaqlaşdırıldı.
Naxçıvanda keçirilən ifşaedici tədbirlərə
çağırılaraq qardaşının əleyhinə
danışmağa məcbur ediləndə o, hər dəfə
çıxışında “Qardaşım nə yazıbsa,
düz yazıb” – deyə məğrurcasına cavab verir, lakin
evə qanıqara qayıdırdı. Bu barədə
Şeyxin qızı, anam Rəna Rasizadə xatirələrində
belə yazır: “...O zamanlar uşaq olsam da atamın evə
bikef gəldiyi, bunu bildirməmək üçün nə qədər
şən görünsə də keçirdiyi
sarsıntılar yaxşı yadımdadır.”
1939-cu ildə atam xəstələnib
yatağa düşdü. Onda mənim on altı yaşım
var idi, pedaqoji texnikumda təhsil alırdım.
Yaşayışımız çox ağır olduğundan
4-cü sinifdə oxuyan bacım Nəzifəyə palto ala bilməmişdik.
Naxçıvanın sərt şaxtasında nimdaş paltarda
dərsə gedən kiçik bacım həmişə anama
və atama deyərdi ki, mənə də palto alın. Atam isə
hər dəfə onun saçlarını tumarlayıb
söylərdi: “Qızım, darıxma, işləyəndə
sənə də palto alacağam.
1939-cu il dekabr ayının 5-də
bacım ağır xəstələndi, 8-də skarlatina xəstəliyindən
boğulub öldü. Bacımın xəstə-xəstə
yataqda kəfənini biçən atam isə dekabrın 24-də
dünyasını dəyişdi...
Naxçıvanda “Fəzilətpərvər
Şeyx Məhəmməd ağa” dünyasını dəyişdi,
lakin onun Sibirdə sürgündə olan sevimli qardaşı
Cavid əfəndi bundan xəbər tutmadı.
O zaman müəllimliklə yanaşı
gözəl şeirlər də yazan Şeyx Məhəmməd
Rasizadə Avropanı bürüməkdə olan faşizmin
törədəcəyi ağılagəlməz dəhşətləri
əvvəlcədən bir şair fəhmi ilə duymuş, hələ
İkinci Dünya müharibəsi başlamamışdan xeyli əvvəl
yazmışdı:
Elə bir tufan qopacaq dünyada,
Onu hələ tarix salmayıb yada.
Bərqərar edəcək bu yer
üzünü,
Siləcək lüğətdən
“faşist” sözünü.
Qardaşının ölümündən
altı ay əvvəl 1939-cu il iyunun 4-də “xüsusi
müşavirə”də səkkiz il azadlıqdan məhrum edilən
şair, əvvəl Vladivostoka, oradan isə Kolımaya
göndərilir. Qapalı vaqonda bir il yarım yol gedən
Hüseyn Cavid qatarda vaxtilə Almaniyada tanış olduğu,
orada Tibb Universitetini bitirmiş Mürsəl Şahsuvarovla yol
yoldaşı olur. Sonralar M.Şahsuvarovun Cavid əfəndiyə
çox köməyi dəyir. Bəraət aldıqdan sonra
Bakıya qayıdan həkim Turan xanımla
görüşmüşdü.
Sibirin həbs düşərgələrində
məhbus həyatı yaşayan Cavid əfəndi, alman
faşistlərinin Sovet İttifaqına hücumunu burada
eşidir, ailəsinin vəziyyəti onu daha da narahat edir.
İndi o, sevimli Mişkinazının, iki ciyərparasının
– Ərtoğrolunun və Turanının aqibətinin necə
olacağı barədə düşünür,
sarsıntı keçirirdi. Böyük şair müharibənin
necə dəhşətlər törədəcəyini
çox gözəl anlayırdı. Çünki onun gəncliyi
Birinci Dünya müharibəsi illərinə
düşmüşdü.
Alman faşistlərinin Sovet
İttifaqına hücumundan beş ay sonra, 1941-ci il
dekabrın 5-də İrkutsk Vilayəti Tayşet rayonunun ucqar
Şevçenko kəndindəki əlillər evində
böyük Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidin ürəyi əbədi dayandı. Sağ qalsaydı,
Cavid əfəndi müharibənin qələbə ilə
başa çatmasının şahidi olacaqdı. Sağ
qalsaydı 8 il müddətinə azadlıqdan məhrum
edilmiş böyük ədibin həm də cəza müddəti başa çatacaqdı. Təəssüflər
olsun ki, Hüseyn Cavid bunları görə bilmədi.
İkinci Dünya müharibəsi Rasizadələrin
digər nümayəndələrindən də yan
ötüşmədi. 1942-ci ildə Şeyx Məhəmmədin
oğlu – o zaman Lənkəran Subtropik Bitkilər Texnikumunda
direktor vəzifəsində çalışan Tahir Rasizadəni,
bir az sonra isə Ərtoğrol Cavidi ordu sıralarına səfərbərliyə
aldılar.
Bu zaman Cavid əfəndinin bacısı
Fatmanın oğlu – atam Süleyman Məmmədov artıq
Leninqradın blokadasında olmazın müsibətlər
çəkirdi.
Tahir Rasizadənin 1942-ci ilin fevral
ayının 12-də əmisi oğlu Ərtoğrola
ünvanlanmış məktubunda oxuyuruq: “Qardaşım Ərtoğrol!
Salam. Çoxdandır ki, sizə yazmadım. Məzurəm. Səfər
üzrə bu bir-iki sətri yazdım. Rəhbərin
Krımı nemes işğalçılarından azad etmək
uğrundakı göstərişini yerinə yetirməkdə
iştirak etmək üçün bu gün sabah Novorissiyskə
yola düşürük. Sağlıq olsun
görüşüb danışarıq. Siz Tamara ilə
tez-tez yazışın. Uşaqlardan xəbər tutun.
Krımdan adresimi yazaram”.
Təəssüflər olsun ki, Kerçdən
Tahirin ünvanı əvəzinə “qara kağızı” gəldi.
O, 1942-ci ildə düşmənlə gedən
ölüm-dirim mübarizəsində şəhid oldu.
T.Rasizadə hələ ordu
sıralarına çağırılmamışdan
üç il əvvəl – 1939-cu ildə bəşəriyyəti
məhvə sürükləyən müharibələrə
qəzəb və nifrətini belə ifadə etmişdi:
...Niyə axıdılır sel kimi qanlar,
Niyə saya gəlməz məsum qurbanlar?
Lənət səfalətdən zövq
alanlara,
Lənət anaların mərmər
köksündə
Dördnala at çapan şarlatanlara,
Lənət körpələrin kiçik
başını
Tüfəng qundağıyla partladanlara.
Tahir bir zamanlar Gəncədə
çalışarkən bacısı Şəfiqəni də
yanına gətirmişdi. Anam Rəna Rasizadə bacısı
Şəfiqənin ölümqabağı vəsiyyətini
ütək ağrısı ilə xatırlayırdı:
“Bacım vəsiyyət eləmişdi: mən öləndə
baş daşımın bir üzünə də Tahirin şəklini
vurarsınız ki, ondan da bir nişanə qalsın. Onun vəsiyyətinə
əməl elədilər...”
Yuxarıda qeyd etdiyim kimi Tahir Rasizadə səfərbərliyə
alınandan təxminən bir həftə sonra Ərtoğrolu
da ordu sıralarına çağırdılar. O zaman Pedaqoji
İnstitutun filologiya fakültəsini bitirib Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq
şöbəsində Üzeyir bəyin sinifində təhsil
alan Ərtoğrol cəbhəyə gedərkən sevimli
müəllimi ilə görüşə bilmədiyindən,
həm də anasından və bacısından çox nigaran
qaldığından 1942-ci il mart ayının 15-də
Ü.Hacıbəyova ünvanladığı məktubunda
yazırdı:
“Hörmətli Üzeyir bəy! İlk
duracaq mənzilimiz Abxaziya dağları oldu – hər tərəf
qarlı dağlar, soyuq, ağır iş, Bakıdan
çıxdığım gündən heç kimdən məktub
almamışam, hətta ailəmizdən də...
...Ən çox əzab verən, məni
rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir.
Bəzən o dərəcədə bədbinləşirəm
ki, yenidən görüşmək ümidi sönür,
özümü ən bədbaxt bir fərd zənn edirəm.
Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim
xeyli azalardı.”
Alman fasistlərinin Sovetlər
İttifaqına hücumundan beş gün sonra – 1941-ci il iyun
ayının 27-də Ərtoğrolun qələmə
aldığı “Layla” şeirində oxuyuruq:
Düşmən hücum etsə əgər,
Geniş sinən olsun səngər.
Qabağa get, göstər hünər.
Oğlum böyü, qoç bir nər ol!
Cəbhələrə get, əsgər ol!
Al bayrağın dalğalansın,
Düşmənlərin qəlbi
yansın.
Vətən sənə arxalansın.
Oğlum böyü, qoç bir nər ol!
Cəbhələrə get, əsgər ol!
Ə.Cavid həmin illərdə xalqı qələbəyə
ruhlandıran bir neçə mahnı və marş da bəstələmişdi.
Arxa cəbhədə – fəhlə
batolyonundakı ağır işlər zərif təbiətli
Ərtoğrolun səhhətinə tədricən öz mənfi
təsirini göstərməyə başlayırdı.
Şaxtalı hava və sərt rejim, qələmə,
kağıza alışmış əlləri taqətdən
salan bel, külüng... ta nə bilim nələr Cavid əfəndinin
istedadlı oğlunu nəhayət ki, Gürcüstandakı hərbi
qospitallardan birinin küncünə atdı. Ağır ağ
ciyər xəstəliyinə düçar olmuş gənc,
bir yandan da başsız qalmış anasının,
bacısının taleyini düşünür,
sarsıntıları daha da artırdı. “Dəyanət heykəli”
poemamın bir yerində bu sarsıntıları verməyə
çalışmışam:
“...Salam mehriban anam,
Salam sevimli bacım.
Mən yaxşıyam, amma ki,
Sizə var ehtiyacım.
Dünən həkim rentgenə
Salıb məni yoxlayıb.
Deyir ki, ağciyərin
Yamanca soyuqlayıb.
Xeyli dərman yazıblar
Burda tapılmır çoxu.
Axşamlar ağrım artır,
Gözümə getmir yuxu.
Belə vaxtda həmişə
Sizi yada salıram.
Babamın həsrətilə
Yanıram, odlanıram.
Çalış yazdıqlarımı
Tapıb göndər ay ana!
Çünki çox ehtiyacım
Vardır indi dərmana.
Bir də imkanın olsa,
Çalışıb yanıma gəl.
Bilmək olmaz, gördün ki,
Üstümü aldı əcəl.
Bir məktub da göndərdim
Bu gün Üzeyir bəyə.
Lazım olarsa sizə –
Kömək eləsin deyə...”
Ə.Cavidin qospitaldan anasına göndərdiyi
məktubları ürək ağrısız oxumaq olmur.
1943-cü il iyun ayının 13-də yazdığı bir məktubda
oxuyuruq: “Əzizlərim salamlar! Xeyli müddətdir sizlərdən
xəbərim yoxdur. Ananın gəlməsi üçün
teleqramma vurdurdum (10.VI.da), lakin yenə susmuşsunuz.
Doktorumuz dəyişib, yenidən analizlər
başlamış; olsun ki, gözlənilməz diaqnozlar
versinlər; hətta sağalmış hesab edib hərbi hissəyə
göndərilmək ehtimalı var. Yavaş-yavaş gəzirəm.
Əgər Naxçıvandakılar vaxtında yemək
yardımı göstərsəydi, çoxdan qalxmış və
komissiyadan keçmişdim (qadın doktoru burda ikən), indi
Naxçıvanda idim. Lakin...”
1943-cü ilin sonlarına doğru səhhəti
daha da ağırlaşan Ərtoğrol Cavidi o zamanlar
Gürcüstanda məsul vəzifədə
çalışan, sonralar Moskva Dövlət Universitetinin
kafedra müdiri olmuş, professor Əziz Şərif İrəvan
yolu ilə Naxçıvana gətirir. Artıq o zaman
Leninqradın blokadasından qurtulan, ordu sıralarından tərxis
edilərək Naxçıvana dönən atam Süleyman Məmmədov
öz dayısı Şeyx Məhəmmədin qızı Rəna
Rasizadə ilə ailə həyatı qurmuşdu.
Naxçıvanda yerləşən hərbi hissələrin
bir neçə yüksək rütbəli zabiti ilə
yaxın münasibətdə olan Süleyman Məmmədov
onların vasitəsilə Ərtoğrola lazım olan, çətin
tapılan dərmanları əldə edir, köməyini əsirgəmirdi.
Bibioğlusunun bu xeyirxahlıqlarından Ərtoğrol Naxçıvandan
Bakıya anasına yazdığı məktublarda ona minnətdarlığını
dönə-dönə izhar edirdi: “...Nəhayət
kağız düzəldi. Sağ olsun Süleyman bibioğlum.
Mənim bir əmioğlum (Tahir), bir də bibioğlum
(Süleyman) var.
Süleymana hər an dua eləyin,
Turanın kağızını düzəltdi. Eşq olsun.”
AMEA Hüseyn Cavidin ev muzeyinə ziyarətə
gələnlər bir fotoşəklin qarşısında
dayanır, dərin xəyallara dalır, həyəcan və kədər
hissi keçirirlər. Repressiya dalğalarında
amansızcasına qərq olan dahi filosof şair və
dramaturqun 24 yaşında stalinizmin qurbanına
çevirilmiş yeganə, istedadlı oğlunun o zaman
Naxçıvanın dindar mühitində tabutda, özü də
üzüaçıq şəklini kim və nə
üçün çəkib? Tabutun ətrafındakı iki
kişi və bir neçə çadralı qadın kimdir?
Əvvəlcə Şeyx Məhəmmədin
bacısı oğlu və kürəkəni – atam Süleyman
Məmmədovun dediklərinə diqqət yetirək:
“...Leninqradın blokadası yarılandan
sonra mühasirədə uzun zaman olmazın müsibətlər
çəkmiş bütün əli silah tutanları
döyüşən ordudan azad etmiş,
sağlamlıqlarını bərpa etmək üçün
onlara şərait yaradılmışdı. Mən də
onlardan biri idim. 1943-cü ildə doğma Naxçıvana
qayıtdım. Eşitdim ki, Cavid dayımın oğlu Ərtoğrol
da buradadır. O, məndən doqquz yaş kiçik idi. Dərhal
Ərtoğrolu görməyə tələsdim. İlahi
amansız xəstəlik olduqca yaraşıqlı gənc
dayoğlumu nə hala salmışdı...
Leninqradda ali təhsil aldığımdan,
orada aspiranturanı bitirdiyimdən rus dilini mükəmməl
bilirdim ki, bu da o zaman Naxçıvanda yerləşən sərhəd
qoşunlarının yüksək rütbəli zabitlərindən
bəziləri ilə dostluq əlaqələri yaratmaqda mənim
karıma çatmışdı. Onların vasitəsilə
dayımoğluna lazım olan bəzi dərmanları tapa
bilirdim. Rəhmətlik tez-tez mənə deyirdi: “Biboğlu,
qoy bir sağalım, ayağa qalxım, sənə simfoniya həsr
edəcəyəm.”
Günlər ötdükcə ağır
vərəm xəstəliyi Ərtoğrolu lap əldən
salır. Və çox keçmir ki, o, dünyasını dəyişir.
Bakıya xəbər göndərilsə də Cavid
yadigarının dəfninə anası və bacısı məlum
səbəblərə görə gələ bilmirlər.
Naxçıvan sərhəd zonasında yerləşdiyindən,
həm də müharibənin qızğın bir
çağında kim idi “xalq düşməni”nin ailəsinə
buraxılış vərəqəsi verən?
Atam çox götür-qoy etdikdən
sonra tabut düzəltdirir, onu gül-çiçəklə
bəzəyir və Ərtoğrolu layiqincə dəfn etdiklərinə
dəfndə iştirak edə bilməyən əzizlərini
inandırmaq üçün onun üzüaçıq şəklini
çəkdirir. Həm də atam yaxşı anlayırdı
ki, o, dahi bir insanın oğludur, çəkilən fotoşəkil
nə zamansa öz sözünü deyəcək.
Bəs şəkildə – tabutun ətrafındakılar
kimlərdir? İki kişidən biri bu şəkilin çəkilməsinin
səbəbkarı Ərtoğrolun bibisi Fatmanın oğlu –
atam Süleyman, digəri Mişkinaz xanımın
dayısı Məhəmməddir.
Çadralı qadınlar isə ədibin
böyük qardaşı Şeyx Məhəmmədin
ömür-gün yoldaşı – nənəm Zərri
xanım, Şeyx Məhəmmədin qızı – anam Rəna
xanım, Ərtoğrolun ana nənəsi Şahsənəm
xanım, Mişkinaz xanımın dayısı arvadı Zərnişan
xanım, Cavidin bacısı Ümm Sələmənin
qızı Səltənət xanımdır. (Bu fotoşəklin
bizdə olan nüsxəsini 1983-cü ildə Hüseyn Cavidin
Naxçıvandakı ev muzeyinə
bağışlamışam. Burada nümayiş olunan isə
Turan xanımda olan nüsxədir).
Beləliklə, ağır repressiya illərinin
əzablarını yaşamış Rasizadələr nəslinin
nümayəndələri də sonradan müharibə kabusu ilə
üzləşməli oldu. İkinci Dünya müharibəsi
onlardan iki istedadlı gəncin – Ərtoğrol Cavidin və
Tahir Rasizadənin həyatına son qoydu.
Əbülfəz
NAXÇIVANLI,
AMEA Hüseyn
Cavidin
ev-muzeyinin elmi
işçisi,
şair-publisist
525-ci qəzet.-
2012.- 4 may.- S.7.