“Klassik Azərbaycan
jurnalistikasından imtina etmək olmaz, əksinə, ona daha
sıx bağlanmalıyıq”
PROFESSOR ŞAMİL VƏLİYEV:
“HƏQİQƏTƏN JURNALİST OLMAQ İSTƏYƏN,
ÖZÜNÜ JURNALİSTİKADA GÖRƏN, JURNALİST
KİMİ YAŞAMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİN
SEÇİMİ BİZƏ UĞUR GƏTİRƏ BİLƏR”
Filologiya
elmləri doktoru, professor Şamil Vəliyev 1960-cı ildə
anadan olub. 1977-1981-ci illərdə ADPU-nun Filologiya fakültəsində
ali təhsil alıb. 1989-cu ildə namizədlik, 2003-cü ildə
doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildən
Mətbuat tarixi kafedrasının professorudur. 1985-2008-ci illərdə
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş
elmi işçi, 2005-ci ildən isə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində Mətbuat tarixi
kafedrasının müdiri vəzifələrində
çalışıb. Bu ilin aprel ayının 21-də
BDU-nun Jurnalistika fakültəsinin dekanı seçilib. Bu
münasibətlə Şamil müəllimi təbrik etdik, həm
də ondan müsahibə aldıq.
–
Şamil müəllim, hər şeydən öncə,
Jurnalistika fakültəsinə dekan seçilməniz
münasibətilə Sizi ürəkdən təbrik edirik. Dekan
kimi fəaliyyət göstərəcəyiniz müddətdə
bu fakültədə hansı yeniliklər etməyi
planlaşdırırsınız?
– Təşəkkür
edirəm təbrikə görə. Fakültənin
qarşısında duran bir sıra vəzifələr var ki,
onlar mütləq həyata keçirilməlidir. Ənənəvi
vəzifələrimiz ondan ibarətdir ki, tədris və tədris
intizamı yüksək olsun, bununla bağlı elmi-nəzəri
materialların hazırlanması, onların tələbələrə
çatdırılması, jurnalistikaya dair elmi mənbələrin
əldə olunması və tələbə auditoriyasına
çatdırılması məsələsi daha intensiv
xarakter alsın. İndi dünyanın bir sıra dövlətlərində,
xüsusən də bizim daimi ənənəvi əlaqədə
olduğumuz ölkələrdə yeniləşmələr
çoxdur. Biz dünyanın bu ölkələri ilə
ardıcıl əlaqədə olmalıyıq. Avropanın
elmi-nəzəri mənbələrini, yeni, müasir media ilə
bağlı nəzəri ədəbiyyatı öyrənməliyik.
Yeniləşmədən nə isə həyata keçirmək
mümkün deyil. Xüsusilə, informasiya-kommunikasiya
texnologiyaları ilə bağlı, yeni media ilə
bağlı nəzəri ədəbiyyat əldə edilməli,
tədris olunmalıdır.
–Bu o deməkdirmi
ki, yeniliyə doğru gedilən yolda artıq klassik
jurnalistikaya ehtiyac duyulmur?
– Xeyr.
Klassik Azərbaycan jurnalistikasından imtina etmək olmaz. Əksinə,
klassik Azərbaycan jurnalistikası ənənələrinə
varislik baxımından daha çox, daha sıx
bağlanmalıyıq. Çünki milli mətbuat tarixində,
milli jurnalistika tarixi təcrübəsində beynəlxalq
standartlar daha mükəmməl şəkildə oturuşub.
Düzdür, bizə arada sovet totalitar rejiminin,
marksist-leninçi metodologiyanın təsiri oldu. Bir sıra məsələlərdə
Azərbaycan jurnalistikası vahid partiyalı rejimdə, kommunist
partiyası tələbləri ilə fəaliyyət göstərdi.
Bu dövrün əyintiləri, qüsurları,
sapıntıları da var. Amma hər halda keçilən yol
təcrübə əhəmiyyəti daşıyır. Tarixi
bilmədən yeni bir iş həyata keçirmək
mümkün deyil. Yəni, gərək baza, özül olsun
ki, onun üstündə yeni kərpiclər
düzülsün. Bizim rektorumuz akademik Abel Məhərrəmov
sözün həqiqi mənasında yenilikçiliyə
meylli adamdır. Bunu dekan seçilməyimə görə
demirəm. O biri fakültələrdə də həmin
addımlar atılıb. Kadr korpusunun yeniləşməsi, gəncləşməsi
məsələsini çox ciddi, prinsipial şəkildə
ortaya qoyub. O biri fakültələrdə də müasir,
yenilikçi meyllərə qapı açılır. Bax bu,
məni çox fərəhləndirir və mən bir az da
işimizin uğurunu onda görürəm ki, bizə bu mənada
çox böyük dəstək olacaq. Bir az da rektorumuza
güvənirəm. Çünki biz yeni, effektiv bir fikir
söyləyəndə ona dəstək verir. Fikrimcə, ciddi
elmi araşdırmalara xüsusi əhəmiyyət verməliyik.
Məsələn, arzu edərdim ki, elmi jurnalımız olsun.
Ola bilməz ki, jurnalistika fakültəsində jurnal
çıxarılmasın. Əvvəllər olubdu.
Jurnalistika araşdırmaları ilə bağlı
“Jurnalistika” jurnalı çıxıb. İndi isə imkan
var, müxtəlif istiqamətlərdə işlər
görürük, amma jurnal yoxdur. Elmi-nəzəri
jurnalımızın olması vacibdir. Bizim indi bir sıra məqamlarda
jurnalistikaya bağlı düşüncələrimizdə
yanlışlıqlar var. Məhz o elmi-nəzəri mənbələrə
istinadən öyrənmək olar onu. “Student tayms” qəzeti
çıxır və pis də çıxmır. Amma
davamlı, xüsusən də jurnalistika fakültəsi
üçün informasiya ehtiyacını ödəyən və
tələbə həyatını təqdim edən, tələbə
problemləri ilə bağlı ardıcıl bir qəzet
çıxsa daha yaxşı olar.
– Mətbuata
açıqlamanızda jurnalistika fakültəsinin tədris
proqramında da bir sıra yeniliklər ediləcəyini
bildirmisiniz. Bilmək olarmı bu yeniliklər nədən ibarət
olacaq?
–
Dünya durmadan dəyişir və yeni elm, fəaliyyət sahələri
əmələ gəlir. Jurnalistika da ensiklopedik bir təfəkkür
tipidir. Harada informasiya varsa ora bağlı olan bir sənətdir,
peşədir. Ona görə də bizim tələbələrimizin
müasir informasiya aləmi ilə tanış olması
üçün bu yeniliklərə hər zaman operativ
münasibət bildirməliyik. Bütün sahələrdə
dəyişmələr olur, amma bizim jurnalistikanın dəyişməsinin
tenpi daha sürətlidir. Dünyanın ən məşhur
informasiya portalları 2-3 dəqiqədən bir dəyişir.
Portallar belə sürətli dəyişirsə, bizim sahənin
kadrları görün nə qədər yüksək
hazırlıqlı olmalıdırlar? Bax bu mənada
görüləsi işlərimiz çoxdur.
– Siz dekan
seçildikdən sonra universitet rəhbərliyi
qarşınıza nə kimi tələblər qoyub?
– Təbii
ki, məsləhət-məşvərət xarakterli
görüşlər olur və bizə öz tövsiyələrini
çatdırır. Bu normaldır. Universitet rəhbəri
kimi o, çox böyük məsuliyyət tələb edən
adamdır. Ciddi rejimdə işləyən birisi kimi onun tempinə
uyğunlaşmaq, qoyduğu tələblərə cavab vermək
ciddi məsələdir. Biz də
çalışacağıq ki, həmin tələbləri
ödəyək. Onun ən yaxşı xarakterlərindən
biri də hər zaman işini sevən və işləyən
adamların yanında olmasıdır. Kimlərki zəhmətə
qatlaşıb işləyir, sui-istifadəyə yol vermir, təşəbbüskar
birisi kimi fəallıq göstərir Abel müəllim onu dəstəkləyir.
Özünü ifadə etmək istəyən adamlara dəstək
verir. Yetər ki, təhsilə, elmə, millətə, millətçiliyə,
xalqa xidmət etmək istəsin, yeni nəslin
qayğılarına biganə yanaşmasın. Güman edirəm
ki, mən də bu tip adamlardan biri olacam.
–
Şamil müəllim, Jurnalistika fakültəsində təhsil
alan tələbələrin hazırkı durumu sizi qane edirmi?
–
Çox yaralı yerimizə toxundunuz. Təbii ki, bizim
çox yaxşı göstəriciləri olan tələbələrimiz
var. Buranı sevib, birbaşa bura gələn uğurlu tələbələrimiz
var. Bugünkü dövlət strukturlarında, rəsmi qəzetlərdə,
mətbuat orqanlarında, media kanallarında çox
istedadlı tələbələrimiz işləyirlər və
klassik Azərbaycan jurnalistikası ənənələrə
də əməl edirlər. Bu mənada sevinməli işlərimiz
çoxdur. Amma əlbəttə ki, hər kəs
özünütənqidi də bacarıb, hadisələrə
təhlilçi münasibət göstərməyi də
bacarmalıdır. Bizim
fakültədə problem kimi gördüyümüz
iş, jurnalistika fakültəsində təhsil alacaq tələbələrin
seçimində iştirak edə bilməməyimizdir. Yəni
bizim yaradıcılıq müsabiqələrindən
keçən, sonra qəbul olunan tələbələrimiz
yoxdur. Yaradıcılıq müsabiqəsi baxımından qəbulda
biz iştirak etmədiyimizə görə test yolu ilə bizə
3-cü qrupun müxtəlif ixtisaslarını yazan tələbələr
gəlirlər. Belələrinin bəzisi sonradan oxumaq istəmirlər.
Elə Sizin qabağınızca bir tələbə gəlmişdi
yanıma. Xarici dillərə qəbul olmaq istəyib, amma 7
balı çatmayıb deyə jurnalistika ixtisasına
düşüb. Bu adam indi valideyni ilə gəlib deyir ki, mən
oxumaq istəmirəm. Nə qədər başa salmaq istədim
alınmadı. Tutaq ki, bu başa düşmədi, ərizə
verdi və çıxıb getdi. Ancaq sıxılıb
qalanlar da var. Elə tələbə var ki, hüquqa yazıb,
balı çatmayıb deyə jurnalistikaya qəbul olunub. Yəni
formal olaraq gəlib-gedən tələbələrimiz də
var. Təbii ki, belə tələbələrin mövqeyi, təhsilə
yanaşması bizi qane etmir. Çünki əsgərliyə
görə, yaxud da başqa səbəblər ucbatından, o
cümlədən ailənin təzyiqindən qaçmaq
üçün jurnalistika ixtisası üzrə təhsil
alan tələbələr sonradan jurnalist olmurlar. Bu mənada,
bizdən də asılı olmayan obyektiv səbəblərdən
bir az narahatlıq doğuran məqamlarımız var.
– Belə
başa düşdüm ki, Siz jurnalistika fakültəsinə
qəbul olunan tələbələrin qabiliyyət imtahanı
verməsinin də tərəfdarısınız...
–
Jurnalistika ilə bağlı müxtəlif fikirlər var. Əgər
jurnalistika tədris olunursa və bunun xüsusi tarixi təcrübəsi,
nəzəri əlamətləri varsa, dördüncü
hakimiyyət rolunda çıxış edirsə, demək bu,
elmi nəzəri prinsipləri olan xüsusi elm sahəsidir.
Amma bizdə nəzəri fikirlə məşğul
olanların çoxu qeyd edirlər ki, jurnalistika peşədir,
sənətdir. Təbii ki, bu tərəfin də əsaslandığı
məqamlar var. Ancaq tarix bizə diqtə edir ki, jurnalistika həm
də ictimai, sosial yaşam tərzidir. Buna görə də təkcə
yaradıcılıq müsabiqəsindən keçən tələbələr
yox, həm də sözün həqiqi mənasında jurnalist
olmaq istəyən adamlar, özünü jurnalistikada görən,
jurnalist kimi yaşamaq istəyən adamların seçimi bizə
uğur gətirə bilər. Peşəkar jurnalist olan adam
sözün məsuliyyətini bilir, informasiyanın təqdimat
üsullarını bilib də səhv etmək istəmir.
Çünki onun məsuliyyətini və qanun
qarşısında cavabdehliyini də bilir. Ona görə də
peşəkar jurnalist məsələsində çox ciddi
olmalıyıq. Jurnalistika çox incə sahədir, çox
məsuliyyətli sahədir və həm də insana
şöhrət, şərəf gətirən və
insanı tez populyarlaşdıran bir sahədir.
– Bəzən
jurnalistikaya bu sənətin şöhrətinə,
populyarlığına vurulub gələnlər də olur. Belələri
sonrakı müddətdə bu peşəni özlərinin
yaşam tərzinə çevirə bilirlərmi?
– Belələri
çox azdır. Adətən bu cür tələbələr
fakültəyə gələndən sonra mühitə
adaptasiya olunurlar. Kaş ki, digər ixtisasları yazıb da
jurnalistikaya qəbul olunan tələbələrin
hamısı jurnalist peşəsinin cazibəsinə vurulanlar
olsun. Belələri sonradan özlərini təkmilləşdirirlər.
Mən demirəm ki, başqa sahədəki insanlar jurnalist
olmasınlar və yaxud ola bilmirlər. Başqa ixtisas üzrə
ali təhsil alan tələbələr də jurnalist kimi
işləyə və uğur qazana bilirlər. Amma belələri
istisnadır. Çox yaxşı olar ki, məsələn,
müəllimləri təkmilləşdirmə və
ixtisasartırma kursları olduğu kimi, jurnalistlərin də,
lap elə universitet nəzdində, yaxud başqa qurumlarda,
ixtisasartırma və ixtisasdəyişmə kursları fəaliyyət
göstərsin. İnsanlar da bu kursdan keçib sertifikat
alsın və informasiya işi ilə məşğul olsun.
Çünki informasiya işi çox ciddi məsələdir.
Ölkə başçısı İlham Əliyev də
Nazirlər Kabinetindəki iclasında informasiya təhlükəsizliyinin
vacibliyini vurğulayıb. Deməli ölkənin təhlükəsizlik
məsələlərinin içərisində informasiya təhlükəsizliyi
olduqca mühüm yer tutur. Belə olan halda bizim bu sahədə
çalışan insanların intellektuallığı,
peşəkarlığı, təcrübəsi çox
önəmlidir. Çox adam yazı-yaza bilər. Amma onlar
yazını jurnalist kimi yaza bilməzlər. Söhbət
bundan gedir. Yazsınlar, azad ölkənin vətəndaşları
kimi öz fikirlərini söyləsinlər. Amma peşəkar
jurnalist ilə sıravi adamın işi tamam başqa-başqa
məsələlərdir.
– Bu ildən
etibarən Dillər, Mədəniyyət və İncəsənət
universitetlərində də jurnalist kadrların
hazırlığına başlanılacaq. Sizcə, bu nəyi
dəyişəcək?
–Adları
çəkilən iki universitet də daxil olmaqla ümumilikdə
Azərbaycanda 13 ali təhsil ocağında jurnalist kadrlar
hazırlanır. Amma bütün hallarda flaqman Bakı Dövlət
Universitetidir. Çünki bu ali təhsil ocağının
çox böyük ənənəsi, təcrübəsi,
kadr potensialı var. O biri təhsil ocaqlarında da bizim təcrübədən
istifadə olunur. Mənim fikrimcə, yaxın on ildə də
Azərbaycanın jurnalistika mühitində bizim fakültə
keyfiyyət tutumuna görə yenə də öndə olacaq.
Çünki ənənə var. Amma hadisəyə başqa
aspektən yanaşsaq görərik ki, jurnalistika elminin,
peşəsinin, sənətinin tədrisinin bu cür
genişlənməsi informasiya işinə
bağlılığın, düşüncə tərzinin
genişlənməsinin göstəricidir. Yəni jurnalistika
ilə ancaq jurnalistlər məşğul olmayacaq ki. Ola bilər
ki, kimsə jurnalist təhsili alıb başqa sahənin
mütəxəssisi olsun, o sahədə təkmilləşsin.
Hesab edirəm ki, jurnalistikanın ümumi ictimai marağa
uyğunlaşmasını, jurnalistikanın nə olduğunu
cəmiyyətimizin bilməsi lazımdır. O zaman bilinəcək
ki, xalis, saf informasiya nədir, çirkli informasiya nədir.
Çirkli su olduğu kimi çirkli informasiya da var. Bu mənada
jurnalistlərin işi çox ciddidir. Çox istərdik ki,
sahə jurnalistikası gücləndirilsin. İdman, tibb, elm,
iqtisadiyyat, siyasət, kriminalistika sahəsindən yazan
jurnalistlər formalaşsın. Yəni peşəyönümlü
jurnalistika da güclü olsun. Bu gün dünyada məşhur
idman icmalçıları, siyasi icmalçılar var.
Keçmişlərinə nəzər salsaq görərik ki,
onlar vaxtıilə jurnalist işləyiblər. Elələri
var ki, hazırda da bu peşənin
daşıyıcısıdırlar. Bizdə də butipli
jurnalistlər mütləq olmalıdır. Azərbaycanda siyasətçilər
populyar olduğuna görə, hələlik bizdə o
işartıya camaat daha çox gedir. Belələri hətta
özünü siyasətçi kimi də aparır. Halbuki
böyük əksəriyyətinin siyasətlə
bağlı elmi-nəzəri təhsili, yaxud da
hazırlığı yoxdur. Bu baxımdan biz fənlərarası
inteqrasiyaya ciddi fikir verməliyik. Ona görə də digər
ali təhsil ocaqlarında da jurnalistikanın tədrisini
müsbət qarşılayıram. Bütün hallarda yaddan
çıxarmaq olmaz ki, jurnalistika ictimai faydalı iş deməkdir.
– Bu
ictimai faydalı işin mahiyyətini anlayıb da öz
uğurları ilə Sizləri sevindirən tələbələriniz
çoxdurmu?
– Bizim elə
tələbələrimiz var ki, onların sorağı xarici
media qurumlarından gəlir. Yaxud da hazırda ali təhsil
almaqla yanaşı, müxtəlif qəzet, jurnal, televiziya və
radio redaksiyaları ilə əməkdaşlıq edən, həm
özünün, həm də BDU-nun Jurnalistika fakültəsinin
adını uca edən tələbələrimiz var. Əslində
mən bunu adi hal hesab edirəm. Çünki burada Şirməmməd
Hüseynov kimi məşhur mətbuat magikanı var. Onun
araşdırmaları, özünün canlı şahidliyi,
həm təcrübəsi, həm iş üslubu Azərbaycanda
media ordusunun yaranmasında xüsusi rol oynayıb.
Ş.Hüseynov bir çox hallarda öz fikirni açıq
şəkildə, çox aydın tərzdə deyir. Onun sadəcə
fakültəyə gəlib-getməsi, jurnalistikada bir rəmz
olması bizim üçün çox əhəmiyyətlidir.
Jurnalistika həm də ictimai həyat tərzidir. Tarixə nəzər
salsaq görərik ki, Azərbaycanda jurnalistikanı yaradan
adamların böyük əksəriyyəti jurnalistika
fakültəsinin tələbəsi olmayıblar. Həsən
bəy Zərdabi fizika-riyaziyyat fakültəsini, Cəlil Məmmədquluzadə
Qori seminariyanı, Əli bəy Hüseynzadə Peterburqda təbiət
elmlərini, İstanbulda hərbi-tibb fakültəsini, Əhməd
Ağaoğlu Sarbonda, Əlimərdan bəy Topçubaşov
isə Leninqradda hüquq fakültəsini qurtarıb. Amma bu
adamlar jurnalistikanı ictimai-sosial yaşam tərzinə
çeviriblər özləri üçün. Bununla da
jurnalistikanı Azərbaycanda ictimai fikir institutuna çevirib
dördüncü hakimiyyət səviyyəsinə
qaldırıblar. İlk növbədə jurnalist kimi
yaşamaq, özünü cəmiyyətinə həsr etmək,
ölkənin rifahına, dövlətin qorunmasına, millətinin
mədəniyyətinin yüksəlməsinə,
bütünlükdə milli yaşamındakı reformlara
özünü həsr etmək, əslində ictimai xadim kimi
yaşamaq deməkdir. Jurnalistikanı seçənlərin bir
yolu da ictimai xadim olmaqdır. İnanıram ki, bu yol ilə irəliləyən
tələbələrimiz də çox olacaqdır.
– Bəzən
media kapitanları müxtəlif mətbuat orqanlarına təcrübəyə
göndərilən tələbələrin işə can
yandırmadığını, peşələrinə
maraqsız yanaşdığlarını əsas gətirib
gileylənirlər. Bildirirlər ki, praktik cəhətdən
çox zəif olan belə tələbələrin, yaxud da məzunların
əlindən yalnız nəzəriyyə əzbərləmək
gəlir. Siz onların bu fikirlərini
bölüşürsünüzmü?
– Bu mənada bölüşürəm ki, biz tələbələrimizi təcrübəyə göndərəndə onlar bəzi tərəddüdlərlə qarşılaşırlar. Amma təcrübədə özünü doğruldan çoxlu sayda tələbələrimiz də var. Təbii ki, elmi-nəzəri tədris auditoriyasından çıxıb praktikaya gedən gənc tələbə bir sıra tərəddüdlərlə qarşılaşır, özünüifadə çətinlikləri ilə üzləşirlər. Nəzərə alınmalıdır ki, onların xarakteri hələlik istehsalata uyğunlaşmayıb. Elə məhz buna görə də təcrübəyə gedirlər ki, uyğunlaşıb nəsə qazansınlar. Amma məzunlara ümumilikdə bu fikirləri şamil etmək olmaz. Düzdür, onlar arasında da elə tələbələr var ki, bayaq qeyd etdiyim kimi jurnalist olmaq istəməyib sadəcə ali məktəbə qəbul olmaq xatirinə fakültədə təhsil alıblar. Belələrindən eləsi olur ki, hər hansı iş tapa bilməyəndə məcburiyyətdən gedib jurnalist işləyirlər. Belə olan halda da həmin məzundan-kadrdan yaxşı məhsul əldə etmək olmur. Amma ümumi götürəndə hazırda Azərbaycan mətbuatında peşəkar jurnalistika ilə məşğul olanların əksəriyyəti vaxtıilə bizim tələbələrimiz olub. Elə bu günkü bəzi məzunlarımızdan narazı olan media kapitanlarının da bir çoxu zamanında BDU-nun jurnalistika fakültəsinin tələbələri olublar. Onların narazılığı sadəcə təəssübkeşlikdən irəli gəlir. Media kapitanları özlərinin və Jurnalistika fakültəsinin reytinqinin aşağı düşməsini istəmirlər. Bu mənada onlarla həmrəyəm. Bu vəziyyəti aradan qaldırmaq üçün isə əl-ələ verib müştərək şəkildə işləməliyik.
– Müştərək iş deyərkən nəyi nəzərdə tutursunuz?
–
Hazırda Azərbaycanda media qurumları çoxalıb. Onlar
arasında yeni qəzetlər, jurnallar, həmçinin
müxtəlif adla fəaliyyət göstərən populyar,
ictimai rəyə təsir göstərəcək xəbər
portalları fəaliyyət göstərir. İlk növbədə
bu cür media qurumları ilə əlaqələr
yaradılacaq. Ənənəvi əməkdaşlıq
etdiyimiz qurumlarla da işlərimizi genişləndirəcəyik.
Tələbələrin bu orqanlarda təcrübə
keçməsi və sair bu kimi əməkdaşlıq
növlərinin də adını çəkmək olar. Amma
bunlarla yanaşı, universitetin ayrıca studiyası var. Qərara
gəlmişik ki, gələcəkdə bundan da böyük
studiya yaradaq. Radio-televiziya ilə əlaqələrimizi
inkişaf etdirək və sair. Bunlardan əlavə, əski əlifbanı
bilən, ümumiyyətlə xarici dilləri bilən tələbələrə
çox ehtiyacımız var. Bu istiqamətdə də
mühüm layihələr həyata keçirməyi
planlaşdırırıq. Universitet rəhbərinin də
diqqətində olan bir məsələdir bu. Yəni rus,
ingilis dili ilə yanaşı, digər dillərdə də
qruplar yaratmalıyıq jurnalistika fakültəsində.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2012.- 4 may.- S.6.