Ziyafət Əsgərov:
“Heç kim razı ola bilməz ki, kimsə onun ölkəsinə şərtlə gəlsin”
Müsahibimiz Milli Məclis sədrinin
birinci müavini Ziyafət Əsgərovdur
–
Ziyafət müəllim, Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi
Kristofer Ştrasserin “Eurovision”nu boykot
çağırışını necə dəyərləndirirsiniz?
Nəzərə alaq ki, bu çağırışı
Avropanın nüfuzlu dövlətinin və qurumlarından
birinin təmsilçisi edib...
– Hər
bir vətəndaş kimi mən də bu
çağırışa mənfi yanaşıram. Başqa cür ola da bilməz. Avropa Şurası Parlament
Assambleyası kimi bir qurumun təmsilçisinin
belə bir çağırışla çıxış
etməsi həm təəssüfləndirici, həm
də heç bir ədalətə sığmayan bir haldır. Bu gün söhbət mahnı müsabiqəsindən
gedirsə, onun ətrafında siyasi diskussiya açmağın
özü doğru deyil.
– Ştrasser dəfələrlə
Azərbaycana gəlmək
istəsə də, onu buraxmayıblar. Bəlkə o, bu çağırışla
ona olan münasibətə bu cür adekvat cavab vermək istəyir?
– Azərbaycan tərəfi dəfələrlə bəyan
edib ki, onun ölkəyə gəlməsi ilə bağlı heç bir qadağa, heç bir problem yoxdur. O məruzəçidir
və istənilən
vaxtı gələ bilər. Ancaq bildiyim qədər
onun bəzi şərtləri olub.
Heç
kəs razı olmaz ki, kimsə
onun ölkəsinə
şərtlə gəlsin.
Bu həm də
diplomatik qaydalara sığmır.
– Ştrasserin
Almaniya kimi nüfuzlu dövlətin təmsilçisi olması
onun bu çağırışına
başqa dövlətlərin
dəstəyinə gətirib
çıxara bilərmi?
– Ştrasser nə
Almaniya dövləti,
nə də alman xalqının iradəsinin ifadəçisidir. Mən inanmıram
ki, hansısa ölkələrin təmsilçiləri
onun bu çağırışına
əməl edəcəklər.
– Yeri gəlmişkən,
son zamanlar Almaniyadan Azərbaycan hakimiyyətinin
ünvanına sərt
tənqidlər gəlir.
Azərbaycan Avropa İttifaqının
əsas dövlətlərindən
birinin tənqidlərinə
necə yanaşır?
– Bilirsiniz, Almaniyada sadəcə, bəzi qruplar Azərbaycana qarşı qərəzli
yol tutublar. Mən bu proseslə bağlı bəzi məsələləri araşdırmışam.
Almaniyada
müəyyən qüvvələr
Azərbaycana qarşı
qərəzli yol tuturlar. Onların öz maraqları
var.
– Almaniya, konkret qeyd etdiyiniz həmin dairələr Azərbaycandan nə istəyirlər?
– Açıq deyirəm ki, Azərbaycanın inkişafı bəzi qrupları qane etmir. Azərbaycan BMT kimi bir qurumun Təhlükəsizlik
Şurasının üzvü
seçilib. Azərbaycanda böyük mədəniyyət
hadisəsi – “Eurovision- 2012” olacaq. Sentyabr ayında qızlar
arasında dünya çempionatı olacaq.
Son iki iki
ildə dünya səviyyəli tədbirlərin
keçirilməsi Avropada
bəzi dairələri
narahat edir. Tarix nöqteyi- nəzərindən
yanaşanda görürlər
ki, Azərbaycan qısa zamanda böyük uğurlara imza atıb. Ona görə də Azərbaycana təzyiq etmək üçün bəhanələr tapırlar.
– O zaman yaxşı olmazdımı ki, bu kimi dairələrə
belə bəhanələr
verilməsin...
– Min dənə bəhanə tapacaqlar. Söhbət nə siyasi
məhbus, nə də insan haqları
söhbətidir. Burada ölkəni
gözdən salmaq məqsədi var. Əgər
doğrudan da siyasi məhbus məsələsi onları
narahat edirdisə, bunu danışıqlar masasına çıxara bilərdilər. Hüquq-mühafizə, məhkəmə orqanları
ilə danışmaq
olardı. Amma məsələ
bu, deyil. İndi biz neyləyək, inkişafdan
qalaq? İldən-ilə iqtisadi inkişafımız
güclənir.
– Amma bir məsələ
də var ki, beynəlxalq qurumların hesabatlarında
Azərbaycanda korrupsiya
və rüşvətxorluğun
səviyyəsinin də
ildən-ilə artdığı
yazılır...
– Bu da ölkəmizə qarşı qərəzli
mövqedən irəli
gəlir. Azərbaycanda korrupsiya ilə
mübarizədə dövlətin
başçısı siyasi
iradə ortaya qoyub. Milli Məclis tərəfindən
qanunverici baza formalaşdırılıb. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
fəaliyyət göstərir.
– Cəmiyyətin müəyyən
kəsimində belə
bir də fikir var ki,
korrupsiya və rüşvətxorluqla mübarizə
daha effektli aparılsaydı, bu gün ən azı 3-4 yüksək ranqlı şəxs, nazir həbsxanada olardı...
– Bunlar da həmin
təşkilatların dediklərinin
təkrarıdır. Konkret nazirlərdən
yapışırlar. Onlar da bu xalqın övladlarıdır. Xalq düşməni
deyillər.
Siz deyə
bilərsinizmi ki, hansı nazir korrupsiya ilə məşğul olur? Ümumi
danışmayın, konkret
faktla danışın...
– Hesablama Palatası “Azərenerji”də korrupsiya
faktı aşkarlamışdı...
– Nazirliklərin gördükləri
işləri də dəyərləndirmək lazımdır. Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə müraciət
etsəniz, sizə məlumatlar verilər.
Korrupsiya
ilə mübarizədə
dövlət əməli
addımlar atır.
Mən hesab edirəm ki, Azərbaycan hökuməti və bu hökumətin tərkibinə daxil olan nazirliklər gözəl işləyirlər.
Hansısa qüsuru nazirin
ayağına yazmaq da doğru deyil.
– Ölkədə vətəndaşların
sərbəst toplaşmaq
azadlığının təmin
olunması da bu gün əsas
müzakirə mövzularından
biridir...
– Azərbaycanda sərbəst
toplaşmaq azadlığı
qanunla tənzimlənir.
“Sərbəst toplaşmaq azadlığı
haqqında” qanunda da göstərilir ki, icra hakimiyyəti
Bakının müxtəlif
yerlərində müvafiq
yerlər ayırır.
Müxalifət də bu hüququndan istifadə edə bilər. Səbail rayonunda ayrılıb, gedib iki dəfə
mitinqlərini keçirdilər.
Ancaq müxalifət indi yenidən mərkəzi istəyir. 2-3 yer var, oranı
istəyirlər. Həmin yerlərdə
mitinq keçirmək
mümkün deyil.
Bakı şəhərinin mərkəzində
nə qədər tikinti işləri gedir. Mitinqin mərkəzdə keçirilməsi şəhərin
təsərrüfat həyatının
pozulması deməkdir.
– Eyni zamanda, vətəndaşların
mülkiyyət hüquqlarının
pozulması da narahatlıq doğuran hallardandır. Qanunverici hakimiyyətin təmsilçisi
kimi bu narahatçılığı
bölüşürsünüzmü?
– Azərbaycanda bu qədər işlər görülür, tikintilər
gedir, abadlıq işləri aparılır.
Niyə,axı, bəziləri bu işləri görmürlər,
ancaq problem axtarırlar?
Mülkiyyət hüquqları ilə
bağlı kifayət
qədər aydınlıq
gətirilib. Kimin mülkiyyət
hüququ ilə bağlı kimin narazılığı varsa,
məhkəməyə üz
tutsun. Nəhayət, qanunla yaşamağı
öyrənməliyik.
– Vətəndaş əlində
evinin sökülməməsi
ilə bağlı məhkəmə qərarını
ortaya çıxarır,
amma evi sökülür...
– Mən belə hallara inanmıram...
– Sizin də təmsilçisi
olduğunuz parlamentin mülki qanunvericiliyə etdiyi dəyişiklikdə
park tikintisi dövlət
ehtiyacı kateqoriyasına
daxil deyil. Elə isə nədən dövlət ehtiyacı adı ilə vətəndaş mülkiyyətindən
məhrum edilir?
– Mən hüquq-mühafizə
orqanının nə
də məhkəmə
orqanının nümayəndəsi
deyiləm. Bu proses barədə də detallı məlumatım yoxdur. “Qış
Bulvarı” ilə bağlı bircə onu bilirəm ki, vətəndaşlar onlara verilən kompensasiyadan razı qalıblar. Mən narazılıq barədə
eşitməmişəm...
Mən eyni zamanda evi başına
uçurulan vətəndaşı
da görürəm. Bu vətəndaşa
deyirlər ki, ay vətəndaş bu ev sənin
başına uçur
pulunu, yaxud yeni evinin açarını
al get. Əksəriyyət buna qane olur. Bəzi adamlar var ki, çox istəyir. Bu da olmaz axı.
Nə qədər çox versən, tələb edəcək ki, artır. Qiymətləndirmə var və bu qiymətləndirmə bazar qiymətinə uyğun da qiymətləndirilir.
İndi kimsə 10 kvadratlıq evinə 80 min istəyirsə,
bu, mümkün deyil axı?!
KAMİL
525-ci qəzet.- 2012.- 4 may.- S.5.