Cənnət çiçəyi

 

(roman-fantaziyadan bir hissə)

 

Firuz Mustafanın “Cənnət çiçəyi” adlı çoxqatlı və gərgin süjetə malik yenı əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, gərgin psixi sarsıntılar keçirir və nəticədə üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual bir aləmə çəkilməyi qərara alır. Amma öz fantaziya və təsəvvüründə yaratdığı irreal dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir. “Cənnət çiçəyi”nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır.

 

İlk dəfə Cavad Əmirxanlı gözləmədiyi qonağı soyuq bir qış gecəsi özünün şəhərdəki mənzilində “qarşılamışdı”. Yaxşı xatırlayır, həmin gün mətbəxdə çay-çörək hazırlayırdı. Arvadı xəstəxanada olduğu üçün o, özü-özünə qulluq etmək məcburiyyətində qalmışdı. Göydə Ay doğsa da pəncərənin o üzünə qışın insan könlünə sirli bir qüssə gətirən tutqun rəngi çökmüşdü. Bayırda yüngül külək qalxmışdı. Təbiətın özü kimi qüssə notları üstündə köklənmiş Cavad Əmirxanlı, fincana qəhvə süzdü, soyuducudan yağ-pendir çıxartdı. Elə bismillah eləyib tikəni təzəcə ağzına yaxınlaşdırmaq istəyirdi ki, eyvandan kiminsə asta səslə onu çağırdığını eşıtdi: “Cavad bəy, Cavad bəy...”

Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən səslədilər: ”Cavad bəy...” Çaşıb qaldı. Səs həqiqətən eyvandan gəlirdi. Axı bu, kim ola bilərdi? Bəlkə qonşu mənzillərdən birinin sakinidir. Olsun ki, kiminsə pal-paltarı onların eyvanına düşüb. Yox, bu, qonşu məsələsinə oxşamırdı... Lap tutaq ki, doğrudan da eyvana paltar düşmüşdü. Hətta, bu cür olan halda belə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb eyvana çıxmaq xülyasna düşməsi ağlabatan iş deyildi; məsələ həm də burasında idi ki, onun mənzili binanın sonuncu mərtəbəsində yerləşdiyindən, eyvana yalnız binanın damına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-soyuqda kiminsə belə bir sevdaya düşməsi isə... Yox, çox güman ki, bu, ya qarabasma idi, ya da ola bilsin ki, onun qulağı səsə düşmüşdü.

Adının bir də çəkildiyini eşidəndə Cavad Əmirxanlının tikəsi əlindən düşdü. Ayağa durub çəkinə-çəkinə pəncərədən eyvana sarı boylandı. Gözünə bir ins-cins dəymədi. Geri qayıdıb yan-yörəsini, dördbiryanını gözdən keçirdi. Xoflandı. Bu, hansısa xəstəliyin ilk əlamətləri də ola bilərdi. Hansı xəstəliyin? Cavad Əmirxanlı uşaq-zad deyildi ki, bu cür halların hansı xəstəliklə nəticələnə biləcəyini hiss etməyəydi.

–Cavad bəy...

O, əsəbi halda eyvana açılan qapının dəstəyindən yapışıb özünə sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə elə gəldi ki, açıq eyvanın ortasındakı nəhəng dibçəyin içindəki boy-buxunlu, gümüşü gövdəli iri kol (əslində bu bitki, koldan daha çox, ağaca bənzəyirdi) indi nədənsə çəkinərək küncə sarı qısılmışdı.

Bu ağacın toxumu bir necə il əvvəl hansı yollasa uzaq qohumlarından birinin eyvanındakı dibçəyə düşübmüş. Həmin dibçəkdə böyüyən ləki həmin uzaq qohum Cavad Əmirxanlının ad günündə onların evinə gətirmişdi. Sonralar həmin qohumun başına hava gəlmiş, bədbəxt kişi şəhərdəki psixatriya xəstəxanalarından birində keçinmişdi. Bu qəribə hədiyyə o vaxtdan bu eyvanda böyüyüb qol-budaq atmışdı. İri, gümüşü yarpaqlar ətrafa xoş bir ətir yayırdı. O yarpaqlara baxanda yayın isti havasında belə Cavad Əmirxanlını nədənsə daxili bir üşütmə tuturdu. O, qohumunun başına gələn müsibəti eşidəndə körpə bitkini eyvandan götürüb zibilliyə atmaq istəmişdi. Amma arvadı o zaman israrla ərinin istəyinin əksinə çıxmışdı: “Kiminsə başına hava gəlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtarmaq lazımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz yerində. Sən evdə olmayanda mən onunla dərdləşir, söhbətləşirəm”. Son cümləni deyərkən qadının çox ciddi bir görkəm alması Cavad Əmirxanlını o vaxt bir qədər təəccübləndirmişdi də. Yay-payız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, soyuqlar düşəndə gözgörəti cana gəlirdi; qışda isə gümüşü yarpaqlar par-par yanan güzgüyə dönürdü. Cavad Əmirxanlı indiyəcən heç yerdə bu ağacın bənzərini görməmişdi.

Arvadı xəstəxanaya gedərkən ərinə bu bitkiyə qulluq etməyi, onu vaxtlı-vaxtında sulamağı tapşırmışdı. O, yalnız indi xatırladı ki, adını belə bilmədiyi, “gümüşü ağac” adlandırdığı bu qəribə bitkiyə son günlərdə heç düz-əməlli bir qulluq göstərə bilməyib.

Mənzilin işığı eyvana düşmüşdü. Ağacın budağından asılmış və eləcə də bir neçəsi daş döşəməyə səpələnmış gümüşü-sarımtıl yarpaqları sazaq qarışıq yüngül külək astaca tərpədirdi.

Cavad Əmirxanlı eyməndi, eyvandan otağa dönmək istədi.

– Salam, Cavad bəy.

Cavad Əmirxanlı diksinsə də özünü ələ aldı.

O, qeyri-ixtiyari:

– Salam, –deyə, dodaqaltı mızıldanıb çəkinə-çəkinə ətrafa göz gəzdirdi.

Sanki dibçəyin arxasında nəsə tərpəndi. Onun bədənini soyuq-titrək ilğım dalayıb keçdi. Üşürgələndi. Çiyinlərini çəkdi.

O, diqqət edib gördü ki, ağacın gövdəsinə ilan kimi bir cüt qol dolanıb və bu qollar da elə o ağacın özü kimi gümüşü- bəyaz rəngdədir.

Cavad Əmirxanlının dizləri əsdi, qolları heydən düşdü.

Aman allah, bu soyuq qış axşamında bu həngaməni görəsən kim idi onun başına açan? Məsələ burasında idi ki, qollarını ağaca dolayan adam cavanca bir qadındı! Heyrətdən ağzı açıla qalan Cavad Əmirxanlı az qaldı qışqırsın. Amma özünü ələ alıb bu anlarda hər necə olursa-olsun susmağı üstün tutdu. Hələ bu harası imiş? O, gözucu baxıb gördü ki, qız öz mərmər kimi ağappaq sinəsini bu gümüşü ağacın gövdəsinə söykəyib və onun buz sırsırası içində par-par yanan uzun hörükləri də arxasında gizləndiyi ağacın gövdəsi kimi bəmbəyazdır. Sanki Ayın bir parçası qopub göydən birbaşa eyvana düşmüşdü. Qız Həvva geyimində, yəni lüt-üryan idi və görünür elə bu səbəbdən də Cavad Əmirxanlı qeyri- ixtiyari gözlərini yumdu. Axı o, heç ömründə öz halalca arvadının belə, çılpaq bədənini indiyəcən bir düz-əməlli görməmişdi, o ki olaydı kimliyi-nəçiliyi bilinməyən, haradansa zühur edib göyərçin kimi eyvana qonan təsadüfi bir qadının kol arxasından görünən “gümüşü” əndamı.

O, nə edəcəyini, nə deyəcəyini belə kəsdirə bilmirdi. Elə bil kişinin dilinə-ağzına kilid vurulmuşdu.

Qayıdıb içəri keçməyə isə onun heyi qalmamışdı.

– Cavad bəy...

– Eşidirəm...

Öz səsi özünə də yad və soyuq gəldi. Elə bil qışın sazağı onun səsini də üşütmüşdü.

Cavad Əmirxanlı gözlərini açıb istər-istəməz qıza ötəri nəzər saldı. İstədi elə-belə, etika xatirinə qızdan üşüyüb-üşümədiyini soruşsun. Amma tezcə sual vermək arzusundan daşındı; birdən bunun düşər-düşməzi ola bilərdi.

Allah bilir, bu, nə oyundu belə... Bəlkə paraşütlə göydən atıblar bu zalım qızını bu eyvana? İndiki zəmanədə nə desən ola bilər. Lap elə təyyarə göydə qəzaya düşə bilər, bu qız isə göydən yerə... Cavad Əmirxanlı bir yerə, bir də göyə baxdı. Göyün üzü tutqun idi. Ayın rəngi bozarmışdı. Yox, heç bu gözəlçə göydən tullanana oxşamırdı. Yaxınlıqda, eyvanın həndəvərində də paraşüt-filan gözə dəymirdi. Az sonra o, başına gələn bu sadəlövh düşüncəyə görə özü-özünü qınadı; bu, paraşüt-təyyarə məsələsi haradan gəlmişdi onun ağlına?

Üzbəüz dayandığı qıza diqqət yetirmək, onun kimliyini müəyyən etmək nədənsə indi kişiyə əlçatmaz bir iş kimi görünürdü. Əslində, bu anlarda onun heç belə bir arzusu da yox idi. Cavad Əmirxanlı sadəcə olaraq, bütün bu baş verənləri özlüyündə götür-qoy edib vəziyyətdən necə çıxmaq barədə qəti bir qərar vermək istəyində idi. Bəlkə təcili polisə zəng etsin? Bəlkə elə buradan, bu eyvandanca qışqır-bağır qoparıb qonum-qonşunu haraylasın? Amma hansısa bir hiss onu daxilən buxovlayır, artıq-əskik hərəkətlərə yol verməməyə, təmkinli olmağa təhrik edirdi.

– Qorxma, Cavad bəy... Mən adamyeyən-zad deyiləm. Mən də sənin kimi adicə birisiyəm.

“Hmm... Adamyeyən deyil, adicə birisidir. Amma gecənin gird yarısı hoppanıb başqasının eyvanına düşüb...”

– Həyəcanlanmaq da lazım deyil.

Bu sözləri də qız dedi.

Cavad Əmirxanlı azacıq da olsa toxtadı.

“Həyəcanlanmaq lazım deyil...Üstəlik mənə ürək-dirək də verir. Gəl indi sən bunun həngaməsindən baş çıxart...”

Nədənsə ona elə gəldi ki, qız onunla yad, əcnəbi bir dildə danışır, amma ən qəribəsi bu idi ki, o, qızın özgə dildə dediklərini aydın başa düşürdü. Deyəsən, elə qız da onun dediklərini olduğu kimi anlayırdı.

– Sən... Siz burada nə axtarırsınız?

Qız onun sözlərinə, yəqin ki, həm də mənasız sözlərinə, yumşaq-yumşaq gülməklə cavab verdi və sonra bir qədər duruxub:

– Mən heç nə axtarmıram,-dedi və əlavə etdi:- Mən sənin yanına gəlmişəm. Deyəsən, qonaq gözləmirdin, hə, Cavad bəy?

– Doğrusu, bu, mənim üçün gözlənilməzdir bir az...

Cavad Əmirxanlı hiss edirdi ki, get-gedə daxilən sakitləşir. İndi onu bayaqdan cənginə alan qorxu-hürkü hissi də get-gedə uzaqlaşmaqda idi.

Cavad Əmirxanlı yalnız indi gördü ki, qızın əlində bir ağac parçası da var və həmin ağac parçası eyzən iri dibçəyin içindəki “gümüşü ağaca” bənzəyir, daha doğrusu, elə bil həmin ağacın bir parçasıdır .

– Mən buraya Buzlaqdan gəlmişəm, Cavad bəy.

– Buzlaq? O, haradır elə? Nəsə xatırlamıram...

– Sənin doğulduğun kəndin yaxınlığında belə bir yer var. Dağın zirvəsindəki qayalıqların arası ilə uzanan yarğanın içində, yerin dərinliyində bir mağara var. Sizdə o yerə “Buzlaq” deyirlər. Bilmirəm xatırladın, ya yox...

Qonaq danışdıqca Cavad Əmirxanlının düşüncələrinin üstünü zərif duman layı kimi örtmüş pərdə yavaş-yavaş çəkilməyə başladı; o, öz uşaqlıq illərini xatırladı; gözlərinin önündə doğulduğu kənd, o kəndin başı üzərində keşik çəkən uca dağ silsiləsi, ən nəhayət, əlçatmaz zirvə canlandı. Onu da xatırladı ki, iri-qorxunc qayalarla əhatə olunmuş həmin zirvədə, həqiqətən, yerli əhalinin “Buzlaq” dediyi bir mağara da var. O, özü həmin mağaranı görməmişdi. Amma oranın il boyu buz layları ilə örtülü olduğunu dəqiq bilirdi. Çünki yayın ortasında, Günəş göydən od ələyəndə belə, həmin mağaradan buz gətirən adamlar haqqında uşaqlıqda çox eşitmişdi. O mağaraya kəndirlə endirilən adamların özləri içəridə buz pillələrin üstü ilə necə hərəkət etdikləri barədə danışırdılar. Deyilənə görə, mağara daha uzaq dərinliklərə doğru baş alıb gedirdi, amma o dərinliklərə baş vurmağa heç kəsin cürəti çatmırdı; kimsə öz ağrımayan başına duz bağlamaq fikrində deyildi. Kiməsə gərək olan bir parça buzdan ötrü bu qorxunc, vahiməli mağarada ta başqa bir şey axtarmaq eşqinə düşməyin özü axmaqlıqdan savayı bir şey ola bilməzdi. İndi, Cavad Əmirxanlı, hətta, onu da xatırladı ki, kənd əhli bir zamanlar mağara tərəfdən qəribə, qarmaqarışıq səslərin gəldiyini söyləyirdi.

Qız nəsə deyirdi, amma Cavad Əmirxanlının fikir lövbəri tez-tez artıq keçmışə dönən xatirələr ümmanının dərinliklərinə baş vururdu.

– Cavad bəy, yadına düşdü o yer?

O, fikir-xəyal aləmindən ayrıldı. Sanki harada olduğunun fərqinə indicə vardı; özünü ələ alıb candərdi gülümsədi.

– Hə, xatırladım...

– Bax mən oradan, həmin Buzlaqdan gəlmişəm bura.

Cavad Əmirxanlı uşaq-muşaq deyildi ki, bu cür nağıllara inansın. Lap özü inansaydı belə, başqa birisinə bu barədə bir kəlmə söz deyə bilməzdi. Eşidib-bilən gülüb ələ salardı onu.

Qış gecəsinin soyuğu artıq onun canına işləsə də, qızı içəri dəvət etməyə cürət etmirdi. Şəffaf buz parçasına bənzəyən bu qəribə varlığın evə keçəcəyinə əslində heç inamı da yoxdu. Hələ olsun ki, içəri keçsəydi bu “buz parçası” tezliklə əriyib buxara çevrilərdi.

Kim bilir, bəlkə də hansısa xüsusi kəşfiyyat idarəsinin növbəti sınağı idi bu hoqqalar. Cavad Əmirxanlıya məlum idi ki, bir çox elmi-tədqiqat idarələrində, hətta onların öz laboratoriyalarında aparılan təcrübələrdən hərbi strukturların, o cümlədən məxfi idarənin kifayət qədər məlumatı var. Lakin indi indi eyvana dırmaşmış bu “buz xanımın” hansısa idarənin tapşırığı ilə zühur etməsinin nə elmə, nə əxlaqa, nə də Cavad Əmirxanlıya heç bir dəxli ola bilməzdi. Bu, əslində, nə sifarişlə icra olunan bir məsələyə, nə də yersiz zarafata oxşayırdı.

 

 

Firuz MUSTAFA

 

525-ci qəzet.- 2012.- 5 may.- S.30.