Məhəmməd Əmin Rəsulzadə
Nəşrin redaktorları:prof.
Şamil Vəliyev və elmi
işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
Zemstvo
II
(Asan müsahibələr)
Zemstvo nədir?
Zemstvo sözü yer sözündən
gəlir və yer idarəsi deməkdir. Yerlilərin öz idarəsi,
özləri tərəfindən idarə olunmaları mənasına
işarədir.
Biz bir istilah olmaq üçün ona
idareyi-məhəlliyə – deyə biləriz. Şəhər
idarəsinə idareyi-bələdiyyə, yainki, ixtisarla “bələdiyə”
– deyə bildigimiz kibi, zemstvoya da idareyi-məhəlliyə deyəriz.
Çox işlətməklə “bələdiyyə” kibi,
sonra da “məhəlliyə” təbirini işlətmək də
qeyri-təbii olmaz?
Bu yer idarəsi haradan gəlmiş və
buna neçün ehtiyac görülmüşdür?
İnsanlar əvam olduqca özlərindən daha qüvvətli
və daha bacarıqlılar tərəfindən idarə
olunmuşlardır. Bir vəqt var idi ki, kəndlilər yer
sahiblərinin, kənd ağalarının qolubağlı qulu
idilər. Yalnız yerləri – yurdları degil, özləri də
mülkədarların malı idi. İmdiki halda ağalıq
yerdə əkib-biçən kəndçi heç olmasa bir
dərəcəyə qədər özü-özünə
malikdir. Yeri, toprağı ağanın isə, canı, nəfəsi
özününküdür. İstər kənddə qalar,
çalışar, istəməzsə, başqa bir kəndə
köçər, yaxud şəhərə gəlib əmələlik
edər. Fəqət əvvəlləri böylə degildi.
Rusiyada “krepostnoye pravo” degilən bir həqq var idi. Bu həqq
mülkədarların, ağaların idi. O həqqə
görə yalnız kəndlər və kənd yerləri
degil, kəndlilər də ağaların malı idi. Ağa kəndlini
işlədər, kəndlini idarə edər, kəndlini
tutar, basar, həbsə salar, hətta edama da məhkum edərdi.
“Krepostnoye pravo” tarixini oxuyanlar bilərlər ki, zavallı kəndçi
satlıq mal kibi satılır, qara qul kibi işlədilir, o
bir ov itinə əvəz oluyor, nişançılıq etmək
istəyən məğrur xanzadanın havayi gülləsinə
nişanə oluyor, evlənəndə, ərə gedəndə
ağadan icazə alıyor, daha nələr, nələr...
Sonra bu əsarət qalxdı. Kəndlilər
azad edildilər, “Krepostnoye pravo” ləğv olundu. Əlbəttə,
bu kəndlilərdən ötrü böyük bir nemət
idi.
Bu nemət 1861-ci ildə fevralın 19-da
ikinci Aleksandr tərəfindən çıxarılan fərman
ilə bütün Rusiyaya elan olundu. Fərman xəbəri
yetişdigi yerlərdə bayram saxlandı. Bütün kəndistan
xəlqi azad edildigini xəbər aldı. Hətta fevralın
19-u imdi də Rusiyada hər il “Kəndlilərin
azadlığı” – deyə bayram tutulmaqdadır.
Bəli, kəndlilər mülkədarların
“ağa” zülmündən, keyflərinin istədiklərindən
qurtarmış oldular. Ancaq bununla tamamilə azad oldular demək
də dürüst degildir. Xəlq mülkədarların
zülmündən qurtarmış kibi idi. Ancaq əhvalı
necə ki lazım idi, yoluna qoyulmamışdı. Doğrudur
ki, mülkədarlar artıq onları qul kibi alıb-sata
bilmiyorlardı. Fəqət fəqirlik yenə o fəqirlik, cəhalət
yenə o cəhalət idi.
1861 fərmanı mövcibilə kəndli
başqasına heyvan kibi mal olmaqdan qurtarmışdı. Ancaq
özünü özü idarə edən insan kibi daha azad
olmamışdı. Cilovu mülkədardan alınıb
mülkədarların nüfuz və ixtiyarında olan məmurlara,
çinovniklərə verilmişdi.
1861-ci il azadlıq fərmanını
vücudə gətirişdirən qüvvət 1863-cü ildə
kəndistan həqqində tazə bir nizam dəxi
çıxartdırdı. Bu nizam boyunca Daxili Rusiyanın 34
quberniyasına zemstvo həqqi veriliyordu.
Demək ki, Rusiyanın bu 34
quberniyasına həqq verilirdi ki, əhalisi
özü-özünü idarə eləsin. İdareyi-məhəlliyə
qursun.
İdareyi-məhəlliyə
nə deməkdir?
Məlumdur ki, bir dövlətdə olan
adamların iki növ ehtiyacları vardır. Biri bu ki,
hökumət onları başqalarının hücumundan,
çapavülündən saxlasın, qoymasın ki, özgələr
gəlib onun rahətini pozsun. Bu qulluq böyük hökumət
idarələrilə adamlarının öhdəsindədir.
Həmçinin dəmir yolları,
postalar, teleqraf və bu kibi ümumi şeylər var ki, onlar
dövlətin borcudur. Çünki faidəsi bütün məmləkətə,
dövlətə aiddir. Ancaq bir neçə xırda işlər
var ki, onlar əsl məhəllə aiddir. Məsələn,
bir kənddə məktəb açılacaq. Kəndistan
füqərasına əl tutulacaq, kənd xəlqi arasında
tövci paylanacaq, kənd öhdəsinə düşən
bikari aparacaq, kəndin yanından bir köprü çəkiləcək,
kəndin azarlıyanlarına baxılacaq, yollar çəkiləcək,
quraqlıq illəri nəzərə alınıb ehtiyat
üçün buğda saxlanacaq, bağların
bostanların zavalına çarə görüləcək,
məsələn, Sibrə, səyyalə üçün
çarə axtarılacaq, meyvələri qurtdan, cücüdən
saxlamaq çarəsi görüləcək, tazə cür əkin
maşınaları gətiriləcək. Xülasə bu kibi
bir çox saysız-hesabsz işlər var ki, bunların
hamısı kəndin, uyezdin, quberniyanın özünə
aid işlərdir və bu işləri çinovniklər
degil, xəlqdən seçilən adamlar daha yaxşı
vücudə gətirə bilərlər.
Kəndistan halını bilənlər
bilərlər ki, bizim kəndlərdə adını
yazıb oxuya bilən adamlar nadirətlə tapılan bir
şeydir. Çünki məktəb yoxdur, oxudan yoxdur, avam,
cahil xəlq şarlatanların, ilan oynadanların, hiyləgər
dərvişlərin, bisavad mollaların əlində bir
oyuncaqdır. Azarlasa, dərman bilməz. Həkim anlamaz. Dərman
əvəzinə dua içər. Həkim əvəzinə
falçıya gedər. Tas qurdurar, cinlərini tutdurar. Buna
görə də təmizligini, yiməsini, dolanmasını
bilməyən zavallı kəndli cürbəcür
naxoşluqlara düçar olar. İçlərində
keçəllik kibi cürbəcür yoluxma naxoşluqlar
töriyər. Xəlq bəzən olur çəkirgə kibi
qırılar. İki il əvvəl Bakıya taun küyü
düşdügü zaman, bələdiyyə və quberniya tərəfindən
Bakı quberniyasına məxsus adamlar göndərilmişdiki,
taunlu siçanları axtarıb – qırsınlar. O zamanda Lənkəran
uyezdini gəzmiş olan bir müsəlman tibbiyyəlisi (həkimlik
dərsi oxuyan şagird) aşağıdakı əhvalatı
söyliyordu: “Bir kənddən keçirdim, gördüm ki,
orta yaşlı birisini həyətin içində uzadıblar,
kəndistan əhli dövrəsinə
yığılmış, kimisi ağlıyor, kimisini böht
aparmışdır. Nə var, bunu niyə
uzatmışsınız? – dedim. Bu adam ölür – dedilər.
Necə ölür? Bəli, ölür. Bax qarnı
şişmişdir. Baxdım. Doğrudan da köpü
vardı. Qarnı işliyormu? Yox, üç gündür
işləmiyor. Demək qəbzdir. Yanımda soldat paraşoku
vardı. Bir istəkan istədim. Suya paraşoku
qarışdırıb həmkəndliləri tərəfindən
diriləcəgindən ümid üzülmüş
“ölüyə” içirtdim. Heç fikir eləməyin,
ölməz – dedim. Yolumu tutub getdim. İki gün sonra geri
qayıdarkən yolum yenə o kənddən idi. Nə
gördüm ki, qoçağım “ölü” bütün
qüvvəti ilə bostan belləyir. Xəlq başıma
yığıldı. Ağa, sən buna nə elədin? Bu
doğrudan da dirildi – deyə az qalıyordu ki, ayağımdan
öpələr. Əgər o dəmdə kəşf və
kərəmət iddiasına düşsəydim, inanız ki,
inanardılar. Siz azarliyanda həkimə, çarəyə
getməzmisiniz? Yox, hər kəs azarladı, ya ölür, ya
da ki, sağalar. Başqa şey bilməyiriz? Bəzən olur
ki, obaya falçıdan, molladan gəlir. Onlardan bir çarə,
duadan-zaddan alırıq”.
Bu sizə Qafqasiya kəndlərinin
avamlıq və həkimsizlik üzündən çəkdikləri
məşəqqətə bir nümunə. Zemstvo
olmadığı zamanlarda bütün Rusiyanın halı
böylə idi. Burada ələlümum cahil kəndistanın
vücudinə kibi bəlalara giriftar olduqlarını göstərmək
üçün zemstvoda qulluq edən həkimlərdən
birisinin yazdığını buraya köçürəlim:
“Üç il tamam oldu ki, bən bir kənddə həkimlik
ediyoram. cəmaət ilə artıq dərəcədə
yavuq olduğumdan onun məaş və zindəganlığı
ilə lazımınca tanış olmuşam. Yazıq cəmaətə
yaxınlaşdıqca tutulduğu dərdlərlə azarlara dəxi
o qədər tanış olur idim. Bunlar arasındaki cürbəcür
yoluxma azarlar bəni pərişan ediyordu. Bir kəndə varid
olduqda haman “həkim gəlmiş” xəbəri kəndə
yayılıb, az bir zamanda 30-40-a qədər azarlı dövrəmə
doluşub, kömək istiyorlardı. Dünyada nə
qədər pis, murdar azar bilirsiniz, hamısı burada
tapılar. Yatalaq, bəvasir, sarılıq, sinə
ağrısı, cüzam, kift, qızdırma və sair bir
çox yoluxma azarlar. Bu azarların səbəblərini
ögrəndim. Məsəla, kəndistan xəlqi
üçün bir növ ümumi olan yatalaq, bəvasir və
qarayaranı alalım: bu azarların başlıca səbəbləri
nədir? Natəmiz hava, bivəqt və az yemək, çirkli
paltar geyinmək. Bu azarların hamısı haman qaranlıq,
alçaq, rütubətli komalarda, çirkin və natəmiz
evlərdə ürüyüb-artıyor. Bu kibi evlərdə
yaşamaqdansa, dam üstündə, açıq havada
yaşamaq min dəfə məsləhətdir”.
Belukonskinin zemstvo həqqində
yazdığı risalədə nəql olunan bu fəqərə
kəndistan məişətinin şübhəsiz ki, yüzdə
birini təsvir etmiyor, zemstvoda qulluq edən bu doktorun
yazdıqlarını yalnız rus kəndləri degil,
Qafqasiyadaki müsəlman kəndlərindən hankısı
həqqində götürsəniz, doğru çıxar.
Fəqət yalnız bumudur? Kəndxudaların
həqsizliyi, pristav ağaların rəftarı, kənd
qolçomaqlarının həyasızlığı,
mülkədar bəylərin artıq təəmligi
üzündən kəndlilərimizin çəkdigi məşəqqətlər
qarayaradan çəkdiklərindən azmıdır? Hələ
insafsız sələmçilərin, riba yiyən
hacıların ən azi ayda mnata bir abbası ilə verdikləri
“qərzül-hüsn” zavallı kəndli üçün
yoluxma bir azardan daha bədtər degilmidir!
Bir hökumət yalnız onun
üçün degildir ki, xəlqdən tövci
yığıb getsin işinə. Artıq o yanı ilə
işi olmasın. Yox, daha qədim oxumuşlar, o cümlədən
də məşhur Sədi xəlqi qoyuna, hökuməti də
çobana bənzətmişlərdir. Çoban
qoyunlarından çoxlu süd almaq üçün
onları yaxşı da otarmalıdır. Ancaq hər zaman və
hər yanında görülmüşdür ki, xəlqə
qədim filosofların təsəvvür elədikləri kibi
bir qoyun sürüsü kibi baxan hökumətlər
onları sağmaya baxmışlarsa da, otarmaya əhəmiyyət
verməmişlərdir. Bunun nəticəsində dəxi o
olmuşdur ki, cəmaət özünün qoyun
sürüsü olmadığını isbat eləmişdir,
üzə durmuşdur. Süd vermək istəməmişdir.
Həqiqətən də xəlqə qoyun sürüsünə
baxan kibi baxmaq olmaz. Xəlq nə qədər əvam olsa da,
öz mənfəəti ilə zərərini anlamaqdan tamamilə
məhrum olamaz. Yetişər ki, onu bu yolda tərbiyə etməgə
başlıyasan. Bu tərbiyəni, əlbəttə,
çinovniklər verə bilməzlər. Bu tərbiyə
ancaq xəlqin özünəməxsus olan idarələrin,
idareyi-məhəlliyələrin, yəni zemstvoların
işidir.
M.Ə.
“Açıq söz”, 12 aprel 1916, ¹157
Sib – alma
Səyyalə – axan, axıcı
Böht – heyrət, təəccüb
Risalə – kitabca
Riba – faiz, müamilə
Qərz – borc
Büro
qurulmaqdadır
Oxucularımız daxili xəbərlər
qismindəki milli diriligimizə aid dərc etdiyimiz fəqərələri
oxumuşlarsa, görmüşlərdir ki, fraksiyamız
yanında təşkili müqərrər olan “büro” haman
qurulmaqdadır.
“Açıq söz”ün “Bizim mətbuat”
qismi ilə “fraksiya” həqqində vaqe olan nəşriyyatını
görənlər biliyorlar ki, fraksiyaya yardım
üçün yanında qurulacaq büro Rusiyanın
mühüm müsəlman şəhərlərindən
göndəriləcək məxsusi köməkçilər
tərəfindən idarə olunacaq ki, bunların məaşı
da göndərildikləri şəhər əhalisi tərəfindən
təmin olunacaq.
Bu xüsusda Ufa hamısından əvvəl
tərpənmiş, məşvərət məclisinə
göndərdiyi nümayəndələri cüzində
hüquqşünaslardan Şakir Məhəmməd Yarfi məaşını
təmin edərək həmişəlik büroda qalmaq
üçün göndərmişdi. Bir az sonra moskvalılar
da mühərrirlərdən “Söz” qəzetəsi
sahibi-imtiyazı Əhməd bəy Salehov cənablarının
intixab və məaşını təmin etdilər.
“Vəqt” qəzetəsi dəxi Orenburqdan
büroya göndərilmək üzrə cavan
hüquqşünaslardan Nəcib əfəndi Qurbanəliyevin
təmin olunduğu ilə Petroqrada əzimətini xəbər
verdi. Bu üç kişidən əlavə Səlim Gəray
Mirzə canturin cənabları dəxi əvvəldən duma
fraksiyası yanında işləməkdə idi. Bu surətlə
“büro”da duma əzalarından başqa hal-hazırda dörd
kişi var deməkdir.
Bir az daha diqqət olunmuşsa,
görülmüşdür ki, Tatarstanın kiçik
nöqtələri də haman büroya ianə göndərməgə
başlamışlardır. Çiləbi kibi yerdən 800
rublə yığılıb teleqrafla göndərilmişdir.
Fəqət
Qafqasiya harada, Bakı nə işdədir?
Məşvərətə adam göndərmədik.
Əcəba, “büro”ya köməkçi də göndərmiyəcəkmiyiz?
Bakının halına, ətvarına baxıldıqda
göndərmiyəcəgiz kibi nəzərə gəliyor. Bu
xüsusda nə danışan var, nə dinən. Fəqət
biz bakılıların bu sükut içində cingildiyən
qulağına baxınız, Moskvadan nə kibi əks-sədalar
gəliyor. “Söz” qəzetəsi yazdığı bir fəqərəsində
Qafqaz, Krım və Qırğızstandan da nümayəndələr
gələcəgi bildirildi – diyor.
Allah eləsin ki, bu xəbər doğru
çıxsın. Fəqət Allah eləsin ki, bu Bakıya məxsus
olan hər zamanki doğrulardan olmasın.
Hər zamanki Bakı doğrusu
hankısıdır – deyə nabələdlər maraq edə
bilərlər.
cəmaətsiz cəmaət işi
görmək – maraq edənlərə cavab verə biləriz.
Məşvərət məclisinə adam
göndərmək məsələsini və vaxtı ilə
biz hərbzədələrə müavinət işinə
mübaşir olalıdan bəri “Altaydan Tunaya qədər” əmrlər
verən cəmiyyəti-xeyriyyə işləyənlərinin
bir iclasına təklif etdik. Fəqət nədənsə bu
təklifi verdikləri vədlərə rəğmən kəmali-məharətlə
basdırdılar. Fəqət istəmədiklərini
basdırmaq məharətində olan “məhfillər”imizin
bunun əksini görməgə dəxi müqtədir
olduqlarını bilməz degiliz. Ehtimal ki, hər zaman
olduğu kibi bu məsələ də dəxi (Bakı həyati-ictimaiyyəsinin
israrına vaqif olanlarca bəlli olan) “Heyəti-mumtaz”ının
“Söz”ün fəqərəsinə həqqaniyyət verəcək
bir qərar və vədi də var. Fəqət bununla bərabər
etiraf etməliyiz – bu günə qədər Bakı məhfillərində
bu xüsusa aid bir qərarın mövcud olduğundan məəttəəssüf
xəbərimiz yoxdur.
Bizim bildigimiz bir şey var ki, o da bu məsələdə
hamıdan artıq müavinət və əlaqədarlığı
gözlənməkdə olan Bakının əlaqəsizlik
göstərdigidir.
İqtidari-fəzl, kəmal, bilik və
bacarıqla degil, mövqei-para və nüfuzla ölçən,
mazuta bulaşmış tühəf vicdanlı Qafqasiya
Bakısı ilə bu xüsusda Bolqaboyu müsəlmanlarının
Bakısı da iştirak etməkdədir. Kazan da bu vəqtə
qədər büroya göndərəcəgi adamını təyin
edə bilməmişdir.
Moskvadakı “Söz” qəzetəsi vəqtilə
milli işlərdə birincilik şərəfini qazanan, imdi
isə üçünciligi də itirən Kazanın bu ətalətini
aşağıdakı sətirlərlə izah ediyor:
“Onun hər küçəsində bir
“böyük” çıxıb öz həlqəsinə
münasib olan xəlqi məşğul etməgə girişdi.
İşlə, xəlqə faidə etməklə degil, xəlqə
faidə etməklə oynamaqla, millətə xidmətlə
degil, “millətə xidmət ediyoram” sözü ilə xəlqi
başdan çıxardı. Bu məqsədinə yetişmək
üçün heç bir vasitədən çəkinmədi.
Qara qüvvət, pul qüvvəti, qeybət, intriqa, şəayət,
hamısına yol verildi. Buna görə hər hanki bir məsələ
olsa – milli olsunmu, dini olsunmu, bir neçə dairənin
intriqasına silah olmaqdan qurtara bilmədi. “Büro” məsələsi
də böylə oldu”.
Görüyorum ki, təsvirdə şəhərimizi
görüyorsunuz. “Həme ca asiman, haman rənkəst” – demək
istiyorsunuz?
Doğrudur, Bakıdaki cəmaət və
millət işlərini qeyri-təbii, məyub və fəci
bir halə salan həmin yuxarıda təsvir olunan halın eyni
olmasa da, mislidir.
Kazanın hər küçəsində
bir “böyük” varsa bizim Bakının hər cəhətinə
hakim bir “böyüklük” vardır. Bu “böyüklük” vəqtilə
məhdud fərdlərin həqq və səlahiyyətlərini
təşkil ediyordu. İmdi bu səlahiyyət bir az genişlənmiş,
fəqət yenə də yaxasını məhdud və mədud
pəncələrdən qurtara bilməmişdir.
Bakı məarifpərvərləri səmimi
düşünür millət xadimləri, heç
şübhəsiz ki, bu təsatdan qurtara bilərdi. Fəqət
bunu istəmək, buna sərfi-əzəm etmək lazım.
Bu istək yox degildir, fəqət bununla bərabər arada yenə
o həyula hökmfərmadır. O həyula ki, dəmir
çəngalini atmadığı bir boyun buraxmamış.
Ürəfamızın bu müvəffəqiyyətsizlik
səbəbi bəlkə də ayrılığında,
“müşkülpəsənd”ligində “Söz”ün təbiri
ilə hər küçədə bir “böyük” olmaq
amalındadır.
Fəqət hər nə isə “büro”
lazımdır. Öylə məsələlər və
öylə vəqtlər vardır ki, o zaman bən, sən
gözədilməz, ümumi iş üçün köhnə
adətlər, mənasız inadlar, faidəsiz
ağalıqlar, mütləqa atılmalı, bütün
qüvvətlər birləşməlidir.
Bizim üçün də öylə bir
zaman gəlmiş. Yuxarıdaki təhlilatımıza rəğmən
biz yenə ümid etmək istiyoruz ki, “büro” məsələsi
cəmaətimizin ağıllı və idraklı qismi tərəfindən
lüzumunca təqdir olunar və bu xüsusda cəmaət
işləri ilə az-çox əlaqəsi
olanlarımızın iştirakı ilə müəyyən
bir qərara gəlinər.
Tarixin ən mühüm bir dövründə,
rusiyanın ən ciddi bir tarixində, həyatımızın
ən xətərli bir cağındayız. Millətlər kəndi
siyasiləri, vəkilləri, işliyənləri ilə birgələşib
təqdirlərinin islahına çalışıyorlar. Biz də
çalışmalıyız. Bunun rəsmi və siyasi yolu
isə müsəlman fraksiyası vasitəsilə dumadan
keçiyor. Fraksiya zəifdir. Onu qüvvətləndirmək
üçün büro təşkilinə lüzum
görülüyor. Bu lüzumi bütün Şimali Rusiya dərk
etdi. Müavinətə tələsdi. Fəqət
bütün Rusiyaya guruldamaqda olan Qafqasiya, bilxassə Bakı
bu vəqtə qədər susdu, susuyor.
Fraksiya tərəfindən bu xüsusda
Bakıya tazəliklə bir təklif olunub –
olunmadığı bizə məlum degildir.
Fəqət təklif
olunmadığını təsəvvür edə bilmiyoruz.
Bu xüsusda məşvərət məclisi və ya fraksiya tərəfindən
müxatib olan heyət və ya şəxslər varsa,
borclarıdır ki, bu məsələni ümumiləşdirib
onu cəmaət müəssisələri və xəlq xadimlərimizin
məsləhət və məşvərətilə həll
etdirsinlər, tainki, biz də öz vəzifəmizi görə
bilək.
Çox gecikdik, eybdir!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 13 aprel 1916, ¹158
Məhfil – məclis, heyət
Məyub – nöqsanlı, eyblənmiş
Fəzl – ləyaqət, məziyyət, dəyər
Mədud – sayılmış, məhdud
Tühəf – töhfələr,
gülünc
Həyula – vahimə, xəyal
Qurama
Bura müsəlman “Kaspi”sidir? – deyə
birisi idarəmizə daxil olmuşdu.
– Bəli, nə işin var?
Qazet yazdıracağam!
– Neçə aylıq, illikmi?
Yox a... belə yazım var verəcəgəm
ki, yazasınız. O it oğlunu bir söyəsiniz. Tari, gəl
borcunu apar.
– A də, necə it oğlu, necə
sögüş?
– Hə, o mənə çox pislik eləyib,
gərək onu “biabır” edəm, qəzetdə sögəm.
– Qəzetdə sögüş olmaz, belə
şeylər qəzetəyə yazılmaz – deyə mərami
anlatmaq istədik.
– Olmaz, nə deməkdir? Pul verəcəgəm,
müftə istəmiyoram ki...
– Olmaz.
– Pul da versəm!
– Olmaz, olmaz...
“Küçə” mühərriri bizi qane
etməgə başladı ki:
– Olar!
Əlbəttə, biz qısa kəsdik:
– Olmaz, dedik. Bittəb “bu olmaz”da.
– Rədd ol başımızdan,
açıl mənası da var idi.
Zavallı adam, düşmənini sögə
bilməyib getdi.
Arzusu ürəgində qaldı.
O gedəndən sonra bu vaqeə bəni
götürdü. Fikirləşdim. Qəzetə həqqində
böylə bir fikir haradan gəlir: – deyə
düşündüm.
Qələm arkadaşlarımdan birisi,
burada düşünüləcək nə şey var. Onu bu cəsarətə
gətirən mətbuata onu bu gözlə baxmağa vadar edən
yenə mətbuat özü, yenə ədəbiyyat
özüdür – dedi.
– Nə deyirsən, yoxsa sən də
öylə bir fikirdəsən, – dedim.
– Toxta, – dedi. Ona danışmaq fürsəti
vermədik? Barı bəni olsa, dinlə.
– Çox əcəb, söylə.
– Əgər o adam, öz nəzəriyyəsini
müdafiəyə başlasa, məsəla Qafqasiya məşahiri
– üdəbasının həcviyələrini, məsəla
ən ustad tanıdığımız Seyid Əzim
Şirvaninin qəzəliyyatını, Ləlinin həcviyyatını
bilməm kimin nəsini şahid gətirsə, ədəbiyyatda
sögüşmək caiz olduğunu iddia eləsə idi, nə
deyərdik?...
– Ədəbiyyatın o dövrəsi
keçdi. İmdi zaman dəgişdi, – deyərdim.
– O halda o bir az da məlumat sahibi
olduğunu biruzə versə, əsrimizdə nəşr olunan
mövqut mətbuati nişan versə, cavabın nə
olardı?
– Bu kibi şeylər əksərən
qeyri-ciddi olan gülgü qəzetlərində oluyor.
Şübhəsiz ki, bunlarda da olmamalıdır. Onlar da
işi məzəlilikdən məsxərəliyə
salmamalı idilər. Fəqət nə isə ciddi qəzetələri
o ayaqdan tutmaq olmaz.
– Yaxşı, o sizə ciddi qəzetələrdən
də sögüş nümunələri göstərə
bilərdi. Ehtimal ki, ən əsaslı məsələlərə
bədyələrlə, hərzələrlə müqabilə
edən bir qəzetə nömrəsini cibindən
çıxardıb nişan da verə bilərdi.
– Bəli, verə bilərdi.
– O haqda para verib də qəzetəyə
sögüş yazdırtmaq həvəsi səbəbsizmidir?
– ??!...
Niş
“Açıq söz”, 13 aprel 1916, ¹158
Zemstvo
III
Zemstvo kəndistan üçün nə
kibi işlər görür? Kəndistanın nə kibi
ehtiyaclarını nə surətlə rəf edir?
Kəndistanın başına nə gəlirsə,
haman cəhalətdən gəlir. Buna görə də zemstvo
hər şeydən əvvəl kəndlərdə məktəb
açır. Bu məktəblərdə xəlq okumaq, yazmaq
ögrənir. Dinindən, tarixindən əz cümlə məlumat
alır.
Məktəbin xəlqə lazım
olduğunu əlbəttə inkar etməyəcəksiniz. Necə
inkar edə bilərsiniz ki, molla olsun, mirzə olsun, məktəb
görmüş, dərs oxumuş adamlara həmişə
möhtac olduğunuzu görürsünüz. Əlbəttə,
zemstvo olmadan da kənddə İrandan gəlmə bir
“mollacıq” tapılır. Başına beş-on uşaq
yığıb dərs oxutduruyor. Bu da hər yerdə, hər
kənddə yoxdur. Sonra onun ögrətdiyi olmazın bir
haldadır. Zavallı kəndli balası illərlə bu məktəbə
davam edir.
Zirək çıxsa babasına yasin
okumaq qədər bir şey hasil edər. Ondan oyanasını
bənə bağışla. Halbuki zaman o zaman degil. Aləmdən
xəbər tutmaq gərək. Qəzetələr
çıxır, kitablar yazılır, bunları oxumaq
lazım. Rus idarəsindəyik. Kəndimizə zakonlar, əmrlər,
buyuruşlar rusca gəlir, poçtaya bir yazı vermək istəsək
üstünü rusca yazmalıyıq. Kəndə pristavdan,
stracnikdən gələndə özümüzdən
keçirik. Bir adam tanımıyoruq ki, onun dilini bizə tərcümə
eləsin. Əlbəttə lazım idi ki, stracnik bizim dilimizi
bileydi. Ancaq biz də onun dilini bilmək məcburiyyətindəyik.
Bilmək faidəsiz də degildir, lazımdır. Bu bilməməzlik
üzündən nə qədər zərərlər çəkirik.
Zemstvo bizə öylə məktəblər
açar ki, orada kənd cəmaəti dinini də, dilini də,
ruscanı da ögrənər, işıqlanar, əqli, fəhmi,
fikri açılar. O zaman artıq kolay-kolay aldanmaz. Bu, o – onu
sarımaz.
Rusiyada zemstvo qoyulduğu zaman əvvəlinci
iş ki, gördü haman kəndlərə məktəb
qoymaqdı. Zemstvo bunu yaxşı bilmişdi ki, cahil xəlqlə,
əvam cəmaətlə heç bir iş görmək
olmaz. Bundan aşağıda sayacağımız bütün
işləri bacarıqla və mətləbə yetişməklə
görmək, görə bilmək üçün
şübhəsiz ki, xəlqin bir az hazırlığı
olmalıdır. Çünki cəmaət işini, kəndistan
məişətini, əkinəcəgini,
baxçılığını, maldarlığını
düzəltmək üçün ağızdan söz deyiləcək,
kiçik kitabçalar dağıdılacaq, bunları anlaya
bilmək, onlardan faidə görmək üçün, əlbəttə
ki, az olsa da oxumaq, yazmaq bilməlidir.
Rusiyanın 34 quberniyasında 40 ilin ərzində
zemstvonun açdığı məktəblərin sayı
1903-cü ildə 18.815-ə çatarmış. Bu məktəblərdə
bir milyon igirmi beş min üç yüz otuz (1.025.330)
oğlan və üç yüz dörd min səkkiz yüz
qırx yeddi (3040847) qız oxuyurmuş ki, cümlətən
(1.330.177) uşaq deməkdir. Halbuki zemstvodan qabaq 2-ci
Yekaterinadan 2-ci Aleksandrın padşahlıqları müddətində
zikr etdigimiz 34 quberniyada degil, tamam Rusiyada var-yox 2986 məktəb
varmış ki, bu məktəblərdə 146.798 uşaq
oxuyur, onlar da nə cür oxuyurmuş və nə oxuyurmuş
o da məlum. Bizim “mollaxanə”lərin “fələqqə”si əvəzinə
onlarda da kərpic xırdası və noxud işləniyordu.
Polun üstə kərpic xırdası və ya noxud
töküb dərsini ögrənməyən və yainki
nadinclik edən uşağı dizi üstə onların
üstünə oturtdururlardı.
1903-cü ilin hesabından
görülmüş ki, məzkur 34 quberniyada 26.566 müəllim
və 16.898 müəllimə (arvad müəllim) var imiş.
1963-cü ildə bu 34 quberniyada olan
zemstvolar xəlqi oxutmaq üçün 15.594.252 manat xərcləmişlərdir.
Uyezd zemstvolarından əlavə məarif işinə
quberniya zemstvoları da sərf etmişlərdir. Gəmən
o ili quberniya zemstvoları məktəb və məarif
üçün 1.106.547 manat xərcləmişlərdir (rəqəmlər
Belukonskidən alınmışdır...M. Ə.).
Zemstvolar xəlqin balalarını degil,
üzlərini də ağartmağa
çalışırlar. Xırdalarını məktəblərdə
oxutduqları kibi böyüklərini də qiraətxanələrdə,
kitabxanələrdə və xəlq evlərində tərbiyə
edirlər.
Cəmaətə lazım olan işlər
həqqində bilgili adamlar gətirdib onlara moizələr
etdirirlər. Məsəla, necə etməli ki, mala azar
düşməsin, necə eləməli ki, bağa, bostana
zaval gəlməsin, necə eləməli ki, inək
südlü olsun, toyuqların cinsi yaxşılaşsın,
necə eləməli ki, meyvələr peyvənd olunub
yaxşı cins hasil olsun. Bunların hamısının elmi
var, yolu var, təcrübəsi var. Əksərən kənd
balalarına əlifba ögrədən zemstvo müəllimləri
bu kibi və sair bu kibi kəndlinin məişətinə,
diriliginə aid olan şeyləri də ehsan məclisində,
toy yığınında, məhəllə qabağında,
məscid həyətində deyib ögrədirlər.
Yalnız deməklə degil, təcrübə ilə göstərməklə
ögrədirlər (bu xüsusda sonra).
Əlbəttə, kəndistanın ehtiyaci
çoxdur. Onun ruhu da, bədəni də azarlıdı. Ruh
azarlığını salağtmaq üçün zemstvolar
məktəb açıyorlar. Fəqət bədən
azarlarını gözdən qoymayırlar. Çünki bir
millətin, bir cəmaətin əsl kökü kənddədir.
Kənd azarlı olursa, kəndistanda lazım olduğu qədər
həkim, dava-dərman və azarxanə olmazsa, vücudda
sağlam fikir də olmaz. Bizim kəndlərin təbib və həkim
köməgindən nə qədər məhrum
olduqlarını ikinci məqaləmizdə bir münasibətlə
bəyan eləmişdik. Ona görə də burada onu təkrar
etmiyəcəyiz. Ancaq bu qədər deyəcəgiz ki, kəndistanımızda
azarlıyarkən həkimə getmək istəyənləri
belə xərab yollar, narahat arabalarla saətlərlə, bəlkə
də günlərlə yol getməlidirlər ki, şəhərə
və yainki, həkimi olan böyük bir kənd və ya qəsəbəyə
çatsınlar. Məlumdur ki, bu hal ilə azarlı
sağala bilməz və məlumdur ki, bu surətlə hər
kəs həkimə gələ bilməz. Biz kəndlilərimizi
məzəmmətliyoruk ki, onlar azarlıyarkən həkim əvəzinə
falçıya gedirlər. Ancaq nə eləsinlər, həkim
yoxdur. Falçı isə əl altındadır. Əlbəttə,
biçarə azarlı çəkdiyi ağrıları,
düçar olduğu sızıları bir şeylə
yüngüllətmək istər. Həkim olmadığı
yerdə bir falçının tilsimi, bir mollanın inək
boyun bağısı onun üçün bir təsəlli,
bir şəfadır.
Zemstvolar ikinci dərəcədə də
xəlq üçün davaxanə açmaq, həkim gətirtmək,
azarxanələr tikməgə əhəmiyyət verirlər.
Rusiyada da öylə etmişlərdir. Məsəla, zemstvosu
olan 34 İçəri Rusiya quberniyalarında zemstvo qurulduqdan
8 il sonra ancaq azarlı xanələr, tikilməktə həkimlərə
8 milyon manat xərc olunmuşdu. 7 ildən sonra (1890) bu məxaric
13 milyona çatmış idi. O il hesabına görə 1818
zemstvo həkimi və 1197 zemstvo azarlıxanəsi vardı.
İndi isə bundan qat-qat artıqdır.
Məlumdur ki, sağlam bədən,
sağlam ruh tərbiyə edə bilmək üçün
insanın məaşı, qazanc yolu, kəsbü ticarət
işi, əkinçinin əkinəcəgi,
maldarlığı da gərək yolunda olsun. Zemstvolar bu
xüsusda da cəmaətə artıq kömək ediyorlar. Bu
köməklərin nədən ibarət olduğu həqqində
də sonra.
M.Ə.
“Açıq söz”, 14 aprel 1916, ¹159
Movizə – moizə, nəsihət
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2012.- 5 may.- S.26-27.