Əhməd
Ağaoğlu: Malta sürgünü
Ən başlıcası isə hisslərini, həyəcanlarını, bəzən içini saran narahatlıq (şəxsi və ictimai planda) və qorxunu, bəzən müvəqqəti xarakterli ruh düşkünlüyünü də övladlarından gizlətmirdi. Oğul və qızları ailə ocağından uzaq düşmüş atalarının onları nə qədər sevdiyini ehtiraslı, həyəcanlı sözlərin arxasından görə bilirdilər. Məsələn, bir neçə sətrini verdiyim məktubda olduğu kimi: “Gözlərimin nuru, qızlarım və oğullarım! Şiddətlə, ruhumun bütün atəşi ilə intizarında olduğum məktublarınızı aldım. Çoxdan bəri görməkdən məhrum olduğum o sevimli yazılarınızı təkrar-təkrar oxudum. Sevindim, məmnun oldum, təsəlli tapdım. Son bir ay yarımı böyük, çox böyük bir ehtiyac içərisində keçirdiyim üçün sevincim və şadlığım da eyni dərəcədə böyük oldu. Çoxdan bəri görməkdən məhrum olduğum o sevimli yazılarınızı təkrar-təkrar oxudum”.
Bəzən isə o, yuxarıda da qeyd etdiyim kimi, fikirlərini, toxunmaq istədiyi mətləbləri müəyyən obrazların köməyi ilə açıqlamağa üstünlük verirdi. Əhməd bəy sürgün həyatının acılarını azacıq da olsa unutmaq üçün kiçik bir bülbül – kanarya almışdı. Bu barədə ənənəvi ünvanlı “Gözlərimin nuru, qızlarım və oğulların” ünvanlı növbəti məktubunda xəbər verərək yazırdı: “Sizə bir xəbər verim – atanız bir kanarya almışdır. Gültəkin qədər (ailənin son beşiyi, o zaman yaş yarımlıq olan qızı nəzərdə tutulur – V.Q.) oynaq və şeytandır. Gündüzlər qəfəsini pəncərənin önünə qoyuram, axşamlar otağa gətirirəm. Bir görəydiniz necə gözəl və şuxdur. İki barmağımın arasında tutduğum bir tikə qəndi görər-görməz çırpınır, özünü ora-bura vurur, qanadlarını sallayır və şəkər istəyir. Yeyəndən sonra isə elə gözəl oxumağa başlayır ki...”
Sonrakı məktublarda bu sevimli kanarya xəbər daşıyana, poçtalyona, görücüyə çevrilmişdi. O, sehrli tərzdə məhbusa evində baş verən hadisələr – uşaqların dərslərini necə oxumaları, özlərini necə aparmaları, anaları və bir-birləri ilə rəftarları haqda xəbərlər çatdırırdı. Məsələn, Əhməd bəy məktublarından birində oğlu Səmədin dəcəlliklərini kanaryanın vasitəçiliyi ilə aşağıdakı şəkildə dilə gətirirdi:
“Bəzən quşdan soruşuram: bəs indi uşaqlarım nə iş görür? Gülür, əvvəl-əvvəl cavab vermək istəmir. Sonra “Əfəndim, sizin uşaqlarınız çox yaramazdırlar, – deyir. “- Heç bilirsinizmi, Səmədin bağırtıları Şahzadəbaşına (İstanbulun məhəllələrindən biri, Ağaoğlu ailəsinin yaşadığı Molla Gurani məhəlləsinin qonşuluğunda yerləşirdi – V.Q.) qədər gedib çıxır”. Yaxınlarından və doğmalarından uzun müddət xəbər ala bilmədiyi, təşviş və narahatlıq keçirdiyi günlərdə bülbül Əhməd bəyə təsəlli verir, onu əmin-arxayın olmağa, ruhdan düşməməyə çağırır:
“Zatən gözəl quşcuğazım məni məhzun görərək daim təsəlli verir, qızlarımın və oğullarımın həmişə məni düşündükləri, məktub yazdıqlarını söyləyirdi. Lakin buna bir türlü inana bilmirdim. Nəhayət, məktublarınızın gəlib çıxdığını eşidincə və sevincimi görüncə, quşcuğaz elə qəhqəhələr çəkdi, əvvəlki söhbətlərimə o qədər güldü ki, özüm də pərt oldum”. Kanarya bəzən Əhməd bəyin istək və nəsihətlərini övladlarına çatdırır, onları çətinliklər önündə qorxub-çəkilməməyə ruhlandırırdı: “Səbrli və dözümlü olun. Unutmayın ki, ötüb keçən 1919-cu il atanız və məmləkətiniz üçün ən fəlakətli il oldu. Mənim kimi siz də dua edin ki, yeni gələn 1920-ci il daha xoş və məsud olsun. Amma tək dua ilə kifayətlənməyin. Eyni zamanda çoxluca çalışın. Çünki yalnız çalışmaq yolu ilə bu fəlakətlərin nəticələri aradan qaldırıla bilər”.
Bəzən isə öz həyat təcrübəsindən çıxış edərək onlara məsləhətlər verir. Azadlığını itirsə də heç zaman ləyaqətini, mübarizə əzmini qeyb etmədiyini xatırladır. Onları biri-birini sevməyə, zəhmətə alışmağa, hər qaranlığın sonunda mütləq bir işığın olacağına inanmağa çağırır: “ Baxın, mən burada atanızı əyləndirmək üçün nə qədər çalışıram. Siz də mənə oxşamağa səy edin. Xüsusilə də özünüzü həyatın müxtəlif gərdişləri qarşısında səbir və təhəmmül göstərməyə alışdırın. İnsanlar xoş səsim, gözəl rəngim olduğu üçün məni aldılar, əsir etdilər. Məni vətənimdən, ailəmdən, azadlığımdan ayırdılar. Lakin bunlar məni ruhdan salmadı. Həyatımı mümkün qədər yenə tərtib etməyə, nizama salmağa, yaxşılaşdırmağa çalışdım və buna müvəffəq oldum. Siz də elə edin. Atanızın yeganə xahişi hər zaman ananızı, qardaş-bacılarınızı, dostlarınızı, müəllimlərinizi məmnun etmək vəzifəsinin öhdəsindən gəlməyinizdən, əxlaqınızın hər zaman mətin və yerində olmasından ibarətdir”.
Sonralar hər biri yaşadıqları ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutacaq övladları Əhməd Ağaoğlu üçün həqiqi qürur mənbəyi idi. Onların uğurları sürgün həyatının acılarını unutmağa kömək edirdi. Atası sürgünə göndərildiyi gün “Yaşasın ittihadçılar!” – deyə bağıran Əbdürrəhmanın bir məktubundan bəhs edən Əhməd bəy yazırdı: “Hələ Əbdürrəhmanın məktubu “dəhşətdir !” Bütün arkadaşlar birər-birər oxudular. Hamısı alqışladılar, hamısı ayrıca ona və bacı-qardaşlarına bol-bol salam göndərdilər. Uşağın yazısı da özü kimidir. Arkadaşlar bəyəndikcə, təbii ki, mən müftəxir olurdum” (fəxr edirdim – V.Q.)
Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşən qızı Sürəyyanın ilk qazancından Maltaya göndərilən şirinlik də Əhməd bəydə eyni qürur və məmnunluq hissləri doğurmuşdu. “Sürəyyanın ilk qazancından şəkər yemək bilsən mənə nə qədər dadlı gəldi! – deyə sürgündən geri dönmək ərəfəsində Sitarə xanıma yazırdı. – Şəkəri aldığım zaman ömrümün ən bəxtiyar dəqiqəsi idi. Övladımızın belə ciddi, mətin və məsaipərvər (çalışqan – V.Q.) olması əlbəttə ki, səni də məmnun və bəxtiyar etməlidir. Allah cümləsini müvəffəq eləsin !”
Lakin bu sevinc dolu dəqiqələr çox az olurdu. Sürgündə Əhməd bəyin dərdinin üstünə dərd gətirən, yuxusunu ərşə çəkən başsız qalmış ailəsinin üzləşdiyi məhrumiyyətlər idi. Çətinlikləri ondan gizlətməyə çalışsalar da, ən kiçik eyhamdan, işarədən üzülür, günlərlə özünə yer tapa bilmirdi. “Məktublarınızı aldım və elə bil qəlbimdən vuruldum, – deyə 1920-ci ilin dekabrında xanımına yazırdı – Demək ki, siz indi ac, biəlac, kimsəsiz qaldınız! Sizin bu halınız məni gecə-gündüz müztərib edir, qıvrınır, dağlanıram. Amma nə edə bilərəm? Elə bir fəlakətə düşdüm ki, əlacı Allahdan başqa kimsənin əlində deyil. Fəqət zənn etməyin ki, mən özümü düşünürəm. Məni daim düşündürən sizin halınızdır. Və bu məktuba cavab alana, sizin bir əlac bulmuş olduğunuzu öyrənənə qədər məndə can qalmayacaqdır !”
Belə anlarda təbiət etibarı ilə tündməzac olan, hər şeyin yolunda getdiyi xoş, məsud zamanlarda da xanımına iztirablı dəqiqələr yaşatmış Əhməd bəy keçmiş əməlləri üçün xəcalət və peşmançılıq çəkir, “Zavallı Sitarə! Sən nələr çəkdin mənim üzümdən! Allah mənə sənin yanında bu xəcalətimdən çıxmaq üçün imkan verəcəkmi ?” – deyə öz-özünü sorğu-suala tuturdu. Ardınca da hər ikisini birləşdirən başlıca dəyəri – övladlarını yada salaraq nə qədər çətin olsa da, gələcək üçün hər şeyə sinə gərməyə, onların təhsili və normal həyatı üçün heç nəyi satıb-sovmaqdan çəkinməməyə çağırırdı: “Sitarə can! Rica edirəm, heç bir şeyə qızırğılanma. Əlində nə var, nə yox hamısını sat! Şübhəm yoxdur ki, bəzilərini artıq satmısınız. Qalanlarını da satın. Nə sənin, nə də cocuqların möhtac vəziyyətdə qalmlarına əsla təhəmmül edə bilmərəm !”
Lakin istər ailəsinin, istərsə də özünün çəkdiyi bütün zillətlərə baxmayaraq ingilislər Malta adasında saxladıqları əksər məhbuslar kimi Əhməd Ağaoğlunun da iradəsini qıra bilməmişdilər. Onu öz mübarizə və ideallarından çəkindirmək mümkün olmamışdı. Əksinə, üzləşdiyi haqsızlıqlar, müstəmləkəçilərə qarşı sinəsində tüğyan edən qəzəb və nifrət nəyin bahasına olursa olsun onlara qarşı vuruşmaq ehtirasını daha da alovlandırmışdı. Aralıq dənizinin suları arasında qalsa da, qəlbən Anadoluda, istiqlal savaşçılarının sırasında idi. Prosesləri diqqətlə izləyirdi. Türk insanının yenilməzliyinə, türk ruhunun qələbəsinə inanırdı. Hələ Türkiyə Cümhuriyyətinin elan edilmədiyi, Atatürk islahatlarının başlanmadığı bir dövrdə türklərin şərqi və qərbi yeni nəfəslə, yeni ruhla zənginləşdirəcəklərindən əminlik hissi ilə söz açırdı.
Bunu 1921-ci ildə göndərdiyi məktublarından birindəki aşağıdakı sətirlər də sübut edir: “Bura gəlib çıxan Avropa qəzetləri hər gün daha yaxşı və təsəlli verici xəbərlər gətirərək bizə əsarətin iztirablarını unutdurur. Millətimizin hümməti ilə məmləkətimizin xilas olacağı ümidi qəlbimizə yeni sevinclər verir. Anadolunun əzm və səbatı artıq təsirini göstərməyə başladı. Mədəni adlandırılan millətlər zülm və istibdad önündə yuxulu vəziyyətdə qalarkən işıq Şərqdən gəlir. Çürümüş, həya və abırdan məhrum millətlərin ölü qəlblərinə bu dəfə türklər yeni ruh bəxş edəcəklər”.
Həmin qələbənin naminə o hər şeyi – özünə qarşı edilən haqsızlıqları, ailəsinin üzləşdiyi məhrumiyyətləri, seçkin türk insanları ilə birlikdə zindanlarda və ingilis əsirliyində iztirab çəkmələrini unuda bilərdi. Bütün bunlar Əhməd bəyin nəzərində məmləkətin xilası ilə müqayisədə heç bir şey idi. O, ailə üzvlərini də dözümlü olmağa, qələbənin yaxınlığı fikrinə inanmağa çağırırdı. Bütün dualarını məmləkətin və millətin xilasına yönəltməyi məsləhət görürdü: “Mən bu məktubu sizə yazarkən Süleyman Nazif, Əhməd Emin, Vəlid, Cəlal bəylərlə Esat və Mahmud paşalar bağçada gəzişirlər. Vasif bəy ilə (Qara Vasif bəy) Rauf bəy isə yanımda dururlar. Belə olacağı kimi ağlına gələrdi? Lakin bütün bunlar müvəqqəti və keçicidir. Əsl iş məmləkətin və millətin xilası olmalıdır. Siz buna inanın. Bunun üçün dualar edin. Türklər bu cür şeylərə tab gətirirlər. Millətimizin yaşaması isə iradeyi – ilahidir”.
Həyatının məsud anlarında insan bəlkə də tarixi vətəni, doğulduğu, üzərində ilk addımlarını atdığı torpaq haqında o qədər də düşünmür. Güzəranı xoş keçdiyindən yaşadığı yeri özünə vətən sayır. Çətin anlar isə mütləq keçmişlə, tarixi vətənlə bağlı acılı-şirinli xatirələri ortaya qoyur. Əhməd bəy də Maltada bu sindromdan xilas ola bilməmişdi. Adanın hər yeri ona “kiçik vətənini” – Qarabağı xatırladırdı. Özü kimi bu torpaqların yetirməsi olan, onun hər qarışını tanıyan ömür-gün yoldaşı Sitarə xanıma məktublarının birində Maltada yaşanan Qarabağ həsrəti, uzaq illər arxasında qalmış məsud keçmişlə bağlı səmimi və iztirablı hisslər öz əksini tapmışdı. “Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın o gözəl dağlarına, “Başıuca”ya, “Daşaltı”na, “Heydər düzü”nə, “Şahneçin”ə və “Dəlikli daş”a, o yerləri gəzib-dolanmalarıma getdi. Bütün keçmişlər, bütün əqrəbalar, dostlar, evimiz, bağçalarımız birər-birər gözlərimiz önündən gəlib keçdi. Və sonra sizi andım, bu günkü halınızı düşündüm, o qədər mükəddər oldum ki” – deyə Maltadakı növbəti gəzintilərdən birindən aldığı ikili təəssüratı xanımı ilə bölüşən Əhməd bəy yazmışdı.
Azərbaycan onun Maltadan göndərdiyi məktublarda ara-sıra xatırlanırdı. Məlumat almaq imkanlarının bütün məhdudluğuna baxmayaraq Əhməd bəy tarixi vətənində cərəyan edən hadisə və proseslərdən daha geniş xəbər tutmaq istəyirdi. Azərbaycanla bağlı sorğu və xatırlamalarda bəzən sırf maraq, bəzən isə inciklik və nisgil notlarını sezməmək mümkün deyildi.
Ana vətənindəki bolşevik çevrilişindən iyirmi gün sonra – 1920-ci il mayın 17-də yazdığı bir məktubda ailəyə dayaq durmaq üçün qardaşı Hüseynin, qardaşı oğlu Baxışın İstanbula gəlib-gəlmədikləri ilə maraqlanır, “Qafqasyadan varid olan xəbərlər artıq bundan sonra onların da gələcəyi ümidini tamamən qət edir. Əgər indiyə qədər gəlmədilərsə, o halda bundan sonra artıq heç gəlməzlər” – bolşevik hakimiyyətinin təbiətinə dərin bələdliyini ortaya qoyurdu.
1920-ci ilin oktyabrında göndərdiyi məktublarından birində Sitarə xanımın ana tərəfdən qohumu, Xalq Cümhuriyyəti hökumətinin Türkiyədəki diplomatik nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin fəaliyyət və statusu ilə maraqlanaraq soruşurdu: ”Yusif bəy Vəzirov bu gün də Azərbaycan tabeliyində sayılırmı? Oralarla yazışırmı? Rica edirəm, bu xüsuslara dair mənə məlumat göndərin”.
Xanımına yazdığı 28 fevral 1920-ci il tarixli məktubda isə Azərbaycandakı keçmiş əqidə dostları və mübarizə yoldaşları ilə bağlı müəyyən giley və inciklik öz əksini tapmışdı. Buradakı “Topçubaşovun adresini göndərmisiniz. Ona yazmaqdan vaz keçdim. Bihudə yerə minnətdar olmaq istəmirəm. Hər kəsi tanıdıq, öyrəndik. Getsinlər, zövq və səfalarını çəksinlər” – sözləri Əhməd bəyin iki il əvvəl rəhbərliyi altında Parisə, Sülh konfransına getməyə hazırlaşdığı Əlimərdan bəy Topçubaşov haqqında əslində həqiqətlə bir araya sığmayan yanlış fikirlərə düşdüyünü göstərir.
Doğrudur, Əlimərdan bəy ailəsi ilə birlikdə Parisdə yaşayırdı. Lakin hansısa “zövq və səfa” haqqında danışmaq insafdan çox uzaq idi. Əslində onun məhrumiyyət və iztirablarla dolu mühacir güzəranı həmvətənin sürgün həyatından o qədər fərqlənmirdi. Digər tərəfdən, hətta belə çətin şəraitdə də Ə.Topçubaşov şəxsi “zövq və səfası” haqqında deyil, bolşevik işğalına uğramış vətəninin xilas yolları barəsində düşünürdü. Parisdəki Azərbaycan nümayəndə heyətinin Malta saxlanan həmvətənlərinə istər maddi, istərsə də siyasi və hüquqi yardım göstərmək baxımından heç bir imkanı yox idi. Əhməd bəyin bütün bu məqamları bilməməsi, digər tərəfdən isə içərisində olduğu gərgin psixoloji vəziyyət bu əsəbi və haqsız sözlərin yazılmasına təkan vermişdi. Onu inciklik, özünün və ailəsinin məruz qaldığı sıxıntı və iztirablar danışdırırdı. Hər halda iki görkəmli şəxsiyyətimizin münasibətlərindəki bu həssas nöqtənin izahı var.
Səməd Ağaoğlu “Atamın dostları” kitabının “Ən yaxın dostu” adlı bölümündə anası Sitarə xanımın Maltaya göndərdiyi məktublardan ikisini çap etdirmişdir. Sadə Azərbaycan türkcəsində qısa, aydın cümlələrlə yazılmış bu məktublar onun müəllifinin səmimiliyi, ərinə və ailəsinə bağlılığı haqqında dolğun təsəvvür yaradır. Səməd bəyin də qeyd etdiyi kimi, “kiçik, təliq xətti ilə, Azəri ləhcəsi ilə yazılan bu məktublar həmişə “Əhməd can” müraciəti ilə başlar, sonra həmən-həmən eyni kəlmələr, cümlələrlə evin halını, məmləkətin mənzərəsini anlatmağa keçərdi”.
Bu məktublar həm ailə daxili məsələlər, həm də insani münasibətlər baxımından çox diqqətəlayiq sənədlərdir. Sitarə xanımın üzləşdiyi bütün çətinlikləri arxa plana sıxışdıraraq ərinin qəlb rahatlığı haqqında daha çox düşündüyü hər sətirdən sezilir: “Şükür olsun Allaha, sizdən məktub aldım. Biz salamatıq. Bir dərdimiz yoxdur səndən başqa. Allah bu işlərə bir xeyirli sonluq versin. Uşaqlar yaxşıdır. Bu gün poçt günüdür. Çox şadam ki, səndən məktub alacağam. Çünki məktub alan gün səninlə görüşmüş kimi oluruq. Allah tez göndərsin səni bizə. Gecə səni röyamda görürəm və çox şad oluram. Allah səni orada salamat saxlasın. Bizim fikrimizi çəkmə. Məndən Esad Paşaya (göz doktoru – V.Q.), Ziya bəyə (Ziya Göyalp – V.Q.) salam söylə. Xanımları yaxşıdır. Görüşürük. Öpürəm üzündən, gözlərindən. Daha nə yazım?
1920-ci il oktyabrın 9-da göndərilən məktubda Sitarə xanım bir qədər üstüörtülü şəkildə Azərbaycanın, eləcə də doğma Qarabağın bolşevik işğalına uğramasından söz açırdı. “Qala pərişan oldu” – deyə həyat yoldaşının Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin kədərli sonluqla bitməsinə təəssüf və ələmini ifadə edirdi. Parisə gedən adını çəkmədiyi hansısa bir xanıma Əhməd bəyin işi ilə bağlı ətraflı məlumat verdiyini, onun da öz növbəsində lazımi məqamlarla əlaqə saxlayacağını bildirdikdən sonra yazırdı: “Görək nə olacaq? Fəqət bizə Allahdan başqa kömək, yardım yoxdur. Hər kəs öz kefindədir. Biz pərişan olduq. Qala (Şuşa, burada daha geniş mənada Qarabağ anlamında – V.Q.) pərişan oldu. Böyük adamları tamamən tutublar və çox adam qaçıbdır. Hüseyn bəy (Əhməd bəyin kiçik qardaşı – V.Q.) oradadır və sağ-salamatdır. Oranın işləri çox pərişandır. Dünyanın hər yeri od tutub yanır”. Bu sətirlər başçısı ingilis əsirliyində olan, digər üzvləri düşmən tapdağı altındakı İstanbulda çətin günlər keçirən Ağaoğlu ailəsinin vətənə nə dərəcədə bağlı olduğunu, oradakı insanların faciəsini öz faciəsi kimi qəbul etdiyini göstərməkdədir.
Maltada Əhməd bəyin 50 yaşı tamam oldu. Həyatının mühüm bir dövrünə yekun vurması ilə bağlı istər öz məktublarında, istərsə də sürgün yoldaşlarının xatirələrində heç bir qeydə təsadüf edilmir. Əslində həm dövr, həm də şərait belə hadisələrin yada salınması üçün o qədər də müsaid deyildi. Lakin istənilən halda düşüncələri ilə baş-başa qalmağa yetərincə imkanı olan Əhməd bəy yəqin ki, artıq yarım əsrini arxada qoyduğu hadisələrlə zəngin ömür yolunu dəfələrlə gözləri önündən keçirmişdi. Həyatının Şuşa, Tiflis, Peterburq, Paris, Bakı və İstanbulla bağlı səhifələrini dönə-dönə vərəqləmişdi. Gördüyü işlərin miqyası və siqləti həqiqətən də böyük idi. Gərgin, yorulmaz əməyi ilə təkcə öz xalqının deyil, bütünlükdə türk dünyasının tarixinə imzasını atmışdı. Nə qədər qəribə olsa da, hər zaman dostlardan daha çox düşmənləri bunun fərqinə varmışdılar. Uğradığı təqib və təzyiqlər də, Maltaya gəlib düşməsi də qarşısına heç kimin sədd çəkə bilmədiyi hüdudsuz fəaliyyətinin nəticəsi idi.
Bütünlükdə 1918-1921-ci illər həm ictimai-siyasi fəaliyyət və yaradıcılıq sahələrində, həm də fərdi və ailə-məişət sferasında ziddiyyətlərin, sarsıntıların bolluğu baxımından Əhməd Ağaoğlunun həyatının məsul, şərəfli, eyni zamanda da ən ağır dövrü adlandırıla bilər. Bu dövrə yekun vuran qızı Sürəyya xanım ailənin başına gələn müsibətləri sadaladıqdan sonra onların ən ağırının atalarından ayrılmaları olduğunu göstərmişdi: “Xoşbəxt ailə həyatımız gözlənilmədən acı hadisələrlə qaraldı, – deyə o yazırdı: – Əvvəlcə yaş yarımlıq qardaşımız Bəşir öldü. Atam bu hadisədən sonra çox üzüldü, əsəb böhranları keçirdi. Bir müddət sonra onun İstanbulda sevə-sevə tikdirdiyi və içində yaşadığımız ev yandı. Həmin vaxt atam türk ordusu ilə birlikdə Azərbaycanda idi. Geri dönəndən sonra isə Malta sürgününə göndərildi. Azərbaycanda çevriliş oldu, malımız-mülkümüz əlimizdən çıxdı. Atam sürgünə getdikdən sonra yanımıza gələn əmimiz mühacir olaraq qaldı. Ancaq bütün bu hadisələr içərisində uşaqlıq və gəncliyimizin ən acı xatirəsi atamın Maltaya, sürgünə göndərilməsi idi...”
Bu xatirələrin bütün acılığına, cansıxıcılığına baxmayaraq, həm Əhməd bəy özü, həm də ailə üzvləri taleyin qarşılarına çıxardığı çətinlikləri mətanətlə dəf etdilər. Şərəf və ləyaqətlərini qorudular. Heç kimin önündə əyilmədilər, alçalmadılar. Siyasi mübarizələrdə daha da mətinləşən, möhkəmlənən Əhməd Ağaoğlu Maltadan sonra həyatının növbəti mərhələsinə qədəm qoydu – böyük Atatürkün rəhbərliyi altında yeni Türkiyənin, Türkiyə Cümhuriyyətinin qurucuları sırasında yer aldı.
Vilayət
QULİYEV
525-ci qəzet.-
2012.- 5 may.- S.24-25.