Qan qohumları arasında evlilik

 

Məşhur Amerikalı antropoloq, professor Robin Foksun apardığı araşdırmaya görə, bəşəriyyət tarixində ailələrin təxminən 80 faizini qan qohumları arasında bağlanan izdivaclar gəlişdirmişdir. İzahı belə verilir ki, planetimizdə bəşər yayılışının əsasında duran insan varlıqlarının ilkin artımı həyatlarını biri o birindən yetərincə seyrəklikdə sürdürən azsaylı icmalarda qaçılmaz bir zərurət kimi qohumlararası izdivaclarla şərtlənməli olmuşdur.

Əmi, dayı, bibi, xala uşaqlarının evlilikləri Amerika Birləşmiş Ştatlarında və Avropa ölkələrində 19-cu əsrdən etibarən xeyli azalmış və həmin dövrdə o ərazilərdə yaşayan ailələrin təxminən 3,63 faizini təşkil etmişdir. Yaxın qan qohumları arasında qurulan ailələrin azalması o zamankı qərb cəmiyyətlərində bu izdivacların əsasən uşaqların sağlamlığı, bəzən də dini baxımdan fəsadlarına dair geniş müzakirələrin aparılması sonucunda gəlişən ictimai rəyin təsirilə səbəblənmişdir. 19-cu əsrin ikinci yarısından başlayaraq Amerikada və Avropada qohumlararası izdivacları əngəlləyən, yaxud da yasaqlayan qanunvericilik təşəbbüsləri də olmuşdur. 1880-ci ildə ABŞ-ın 13 ştatında yaxın qohumlar arasında izdivaclar artıq qanunla yasaqlanmışdı. Hazırda bu yasaqlar 27 ştatda qanunla tənzimlənir. İndi ABŞ-da min ailədən birində ərlə eşi əmi, dayı, bibi, yaxud xala uşaqlarıdır. Yaponiyada isə bu qohumlar min ailədən dördündədir. Müsəlman ölkələrində isə vəziyyət tamamilə fərqlidir. Məsələn, Səudiyyə Ərəbistanında ikinci, üçüncü, yaxud daha uzaq dərəcəli qan qohumları arasındakı izdivaclar bütün ailələrin 50 faizdən çoxunu, İraqda təxminən 33, İran və Əfqanıstanda 30-40, Misirdə və Türkiyədə 20 faizini təşkil edir. Ölkəmizə dair belə bir hesablama olmasa da bəllidir ki, bizdə də qohumlararası evlilik yayğındır və bəlli bir gələnək halındadır.

Əlbəttə, müsəlman ölkələrində belə bir gələnəyin tarixən gəlişməsinin başlıca səbəbi ənənəvi İslam şəriətinin qohumlararası izdivacları məqbul sayması ilə əlaqədardır. Ancaq burası da olduqca aydındır ki, belə izdivacların dini əsaslandırılmasına daha çox Bibliyada rast gəlinir. Qohumlararası evlənmə təlqinlərinin Bibliya nümunələrindən birində görürük ki, İbrahim peyğəmbər öz gələcək gəlinini yad bir qəbilədən deyilöz tayfası içindən olmasını istəyir və ömrünün sonunda bunu vəsiyyət kimi ifadə edir: Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: “Əlini budumun altına qoyub göyyer Tanrısı Rəbbin adına mənə and ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, oğlum İshaq üçün mənim ölkəmə, qohumlarımın yanına gedib arvad alacaqsan” (Yaradılış, 24:2-4).

Bibliyada qohumla evliliyin əsaslandırılmasında bunun bir qayda olaraq maddiyyatla bağlılığı önə çəkilir. Nəzərdə tutulan odur ki, qohumlararası ailə quruculuğunda iştirakçı tərəflərin vərəsəliklə yiyələndikləri sərmayələr ərlə eşin mənsub olduqları tayfadan kənara çıxmasın və s. Xristianların Əski Əhd, yəhudilərin Törə olaraq tapındıqları müqəddəs Kitabda Musa peyğəmbərin əcdadlarına istinadən soydaşlarına belə bir ilahi təlimatı çatdırır: “Yusif nəslinin qəbiləsi doğru söyləyir. Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub oldugu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki, İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə baglı qalsın. İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun. İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə baglı qalsın” (Saylar, 36:5-9).

Qohumlararası izdivacı ənənəvi müsəlmanların nəzərində qanuniləşdirən bir məqam Müqəddəs Oxunun Qadınlar surəsindəki bir ayə ilə bağlıdır. Həmin ayədə evliliyin kimlərlə yasaqlandığı siyahıda əmi, dayı, bibi, xala uşaqları yer almır: “Atalarınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Keçmiş ola keçmişdəkilər. Gerçəkdən də bu bir pozğunluq, nifrətamiz bir şey. Və yamandan yaman bir yol. Sizə haram qılınmış: analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirmiş süd analarınız, süd bacılarınız, qaynanalarınız, qovuşduğunuz qadınlarınızdan olub evlərinizdəki qızlıqlarınız – nə qədər ki, qovuşmamış olsanız, yox günah üstünüzdə – belinizdən gələn oğullarınızın halalları. İki bacını birlikdə almanız da haram. Keçmiş ola keçmişdəkilər. Tanrı, şəksiz, bağışlayan, rəhmli” (Qadınlar surəsi, 22-23).

Yuxarıda qeyd etdiyimiz kimi, xristianlar və yəhudilər içində də yaxın qohumlararası izdivac tərəfdarları varonlar da başlıca olaraq Əski Əhdin müvafiq ayələrinə dayanaraq cinsi əlaqə ilə bağlı haramın və buna görə də evlilik yasağının yalnız bu qohumların arasında məhdudlaşdığını bildirirlər: atayla qızı (Levililər 18:6 və 21:2-3), oğulla anası arasında (Levililər18:7-8; 1 Korinfiyalılar 5:1), ögey uşaqlar (Levililər 18:17), bibi, xala, əmi arvadı (Levililər 18:12-14), bacı, yaxud ögey bacı (Levililər 18:9; Qanunun Təkrarı 27:22), ögey bacı (Levililər 18:11), evin gəlini (Levililər 18:15), qardaş arvadı (Levililər 18:16), qız nəvə (Levililər 18:10), bir qadın və onun qızı ilə, yaxud onun qız nəvələri ilə eyni zamanda (Levililər 18:17). Bundan əlavə, onu da dəlil kimi göstərməyə çalışırlar ki, xristianlar üçün Əski Əhd, yəhudilər üçün Törə olan müqəddəs mətndə İshaq peyğəmbərin Rebekka, Yeşaya peyğəmbərin İsmayıl peyğəmbərin qızı Mahalath, Yaqub peyğəmbərin RachelLeahla bağladığı nigah yaxın qan qohumları arasında izdivacı dini baxımından əsaslandırılmış edir. Onlara görə, çox güman İsa Məsihin dünyəvi atası Yusiflə anası Məryəm də əmi, dayı, bibi, xala uşaqları qəbilindən yaxın qan qohumları olmuşlar.

Məsələ burasındadır ki, müsəlmanlar da peyğəmbər sünnəsinə, Məhəmməd Seçilmişin öz zamanındakı əmrləri, söylədikləri, hədisləri, uğurladığı əməllərin əsasında gəlişən şəriət qaydalarına istinad edirlər. Yazılarımın birində qeyd etmişdim, bir daha vurğulayım ki, müqəddəs Oxuda “peyğəmbər sünnəsi” deyilən bir nəsnə sadəcə yoxdur. Qeyd olunan sünnə “Tanrı sünnəsi”dir, Tanrıcıl qaydalardır ki, bunlarda da, müqəddəs Oxu təbirincə desək, başqalaşma ola bilməz (Firqələr surəsi, 62). Və müqəddəs Oxu ayələrinin birində əqrəba evliliyilə bağlı ifadə olunan Tanrıcıl qaydanın da yalnızca peyğəmbərə aid kontekstdə aşkarlandığı görünür. Rəbbimizin dediyidir: Ey peyğəmbər, biz sənə halal elədik – mehirlərini verdiyin eşlərini, Tanrı sənə qənimət verdiyindən yiyə durduqlarını, səninlə bir köç eyləmiş əmin, bibin, dayın, xalan qızlarını və başqa inananlara deyil də təkcə sənə aid olaraq inanan bir qadını ki, canını peyğəmbərə hədiyyə vermiş ola, peyğəmbər də onunla nigahlanmaq istəyə. Təkcə sənə xas olaraq, inananlar bir yana. Biz bilmişik onlara nələri fərz qılmışıq eşləri və əlləri altında olanlar barəsində. Ki, sənin üstündə bir sıxıntı olmasın. Tanrı bağışlayan, rəhimli” (Firqələr surəsi, 50). Bu ayənin bir sıra tərcümə-izahlarında peyğəmbərə aid ifadə olunan evlənmə istisnası ona pənah gətirmiş və könül vermiş, cehizi-filanı olmayan bir xanımla əlaqəli təqdim edilir.

Bir daha vurğulayım ki, evlənmə yasağının sadalanan qohumlara aid olmadığı fikrinin doğrultusunda yuxarıda sitat gətirdiyim Qadınlar surəsindəki ayələrə də diqqət çəkilir ki, həmin ayələrdə də Bibliyadakı sayaq kimlərlə cütləşmə yasaqlarında əmi, dayı, bibi, xala uşaqları xatırlanmır.

Ancaq yenə də diqqət verilməlidir ki, Firqələr surəsindəki ayə misalında qan qohumları ilə nigahlanma halallığının ifadəsi məhz peyğəmbərə (“ey peyğəmbər”) yönəldilir və şüuraltına təlqin olunan mətləb əslində odur ki, deyilənlər ümumiyyətlə Məhəmməd Seçilmişə aid bir xüsusatdır. Bu xüsusat təkzövcəliliyə üstünlük verən və çoxzövcəliliyin həddini 4 sayda qadına qədər azaldan, başlıcası da müvəqqəti özəl şərtlərə (bax: Nəriman Qasımoğlu, Çoxzövcəlilik, 525-ci qəzet, 21 aprel 2012) bağlayan Quran məntiqində daha aydın dərk edilir. Belə ki, yuxarıda sitat gətirdiyim ayədə sadalanan peyğəmbər halallarının sayı 4-ü xeyli keçmiş kimi nəzərə çarpır. İslamın ağır şərtlərlə müşayiət olunan ilkin yayılışı çağında peyğəmbərin qan qohumları ilə nigahlanmasının icazəli olduğu nədənlərinin, əlbəttə, tarixi hikmətləri də olmamış deyil. Ondan öncəki təktanrılıq elçiləri olan peyğəmbərlərdən bəzilərinin nümunəsində də bunu görürüksə, deməli, yuxarıda qeyd olunan istisna qan qohumlarını da içərir və bunun peyğəmbərə aid bir xüsusat olduğu qənaəti möhkəmlənir.

Mətnin orijinalındakı “xalısətən ləkə dunə-l-muminin” (“təkcə sənə xas olaraq, inananlar bir yana”) ifadəsində qrammatik məntiqin ilk diqtəsi, əlbəttə ki, sözü gedən istisnanın məhz özünü peyğəmbərə fəda etmiş bir xanıma aid olduğu fikrini yaradır, çünki zərf kimi təsirlik halda işlənən “xalısətən” sözü tək qadına aid olaraq müənnəsdə, yəni qrammatik qadın cinsindədir. Məsələ burasındadır ki, cəm halında olaylar, əhvalatlar da ərəbcədə müənnəsin təkində keçir. Bu mənada ayədə evlilik halallıqları ilə bağlı ayrıntıların ümumiləşməsini də müənnəsə aid etmək mümkün görünür. Belədə qan qohumları ilə evliliyin yalnızca peyğəmbərə dair xüsusatına bağlı qənaətimiz daha çox isbatlanmış nəzərə çarpır. Başqa bir dəlilimiz də budur ki, “xalısətun” sözü mətnin orijinalında Sad surəsinin 46-cı ayəsində qrammatik cinsə uyğunlaşma dışında ön qoşması ilə birgə ayrıca olaraq işlənir: “innə axlasnəhum bixalısətin zikra-d-dəri”. İfadə İbrahim, İshaq, Yaqub peyğəmbərlərə aiddir:Biz, şəksiz, yurd yaddaşına xas-xalis qıldıq onları”.

Qayıdıram Qadınlar surəsindəki ayələrə ki, bunlardakı siyahıda əmi, dayı, bibi, xala uşaqları yasaqlanmışlar arasında yoxdur. Bu ayələr sözü gedən nigahlanmanı yasaqlamırsa bunun icazəli olduğu qənaətinə necə, gəlmək olarmı? Qəti bir cavablama öncəsi onu deyim ki, müqəddəs Oxu məntiqi universal məntiqdir. Bir ayədə yalnızca peyğəmbərə aid bilinən başqa birisində açıqca yasaqlanmırsa, deməli, Rəbbimiz zəruri bir istisna üçünyer qoyur. Heç şəksiz, yaxın qan qohumları arasında evliliyin gələcək nəsil artımında bəlli tibbi və sağlamlıq fəsadlarını nəzərə alan Rəbbimiz zəruri məcburiyyət hallarında bəndələrindən mərhəmətini də əsla əsirgəməz. Arada böyük bir sevgi varsa, Rəbbimiz də Sevəndir (mətnin orijinalında “Vadud”) və Onun qeyd olunan istisnanı məhz həmin bu halla şərtləndirdiyi şübhəsizdir.

 

 

Nəriman QASIMOĞLU

 

525-ci qəzet.- 2012.- 5 may.- S.22.