Şuşa səsləyir”

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20 ili ilə əlaqədar “Şuşa səsləyir” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd ictimaiyyəti işğaldan əvvəl muzeyin Şuşa filialından fədakarlıqla xilas olunan eksponatlarla tanış etmək və muzey tərəfindən Qarabağ xalça sənətinin inkişafı yönündə aparılan işlər barədə məlumat verməkdir. Tədbirdə əvvəlcə “Şuşanın sənət inciləri” adlı sərginin açılışı olub. Sərgidə XIX –XX əsrlərə aid xovlu xalçalar, xalça məmulatları, tikmələr, geyimlər, zərgərlik nümunələri nümayiş etdirilib. Daha sonra Şuşanın əjdahalı xalçası – “Vərni”nin toxunma prosesini təqdim edən ustad dərsi və “Nənəmin cəhrəsi, babamın dəhnəsi qoruyur bizi” adlı musiqili tamaşanın nümayişi keçirilib. Muzeyin direktoru Röya Tağıyeva bildirib ki, 1992-ci ildə bu əşyaları Şuşadan çıxarmaq üçün heç bir rəsmi göstəriş olmayıb. Muzeyin eksponatları Şuşadan icazəsiz çıxarılıb. Azərbaycanın işğal altındakı ərazilərində 22 muzeyin və 100 minədək eksponatın qaldığını xatırladan R. Tağıyeva deyib ki, Şuşa muzeyləri içərisində öz eksponatlarını tam şəkildə xilas etmək ancaq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialına müəssər olub. Muzey əməkdaşlarının səyi ilə 200-dən çox xalçaxalça məmulatı, 30-a yaxın bədii tikmə və geyim, 40-a yaxın zərgərlik məmulatı xilas edilib.

 

 

525-ci qəzet.- 2012.- 5 may.- S.19.