Səlahəddin
Xəlilovun hikmət dünyası
Yazı masamın üstündə təxminən eyni zaman kəsiyində çap olunmuş, eyni müəllifin eyni mövzuda iki kitabı var. Hər ikisi Səlahəddin Xəlilovundur. Kitablardan birincisi bu yaxınlarda Moskvada nəşr olunub. “Aforizmlər kitabı.Seçilmişlərdən seçmələr” adlanır. İkincisi Bakıda nəşr olunub. “Əbu Turxanın hikmət dünyası” adlanır. Hər iki kitabda mükəmməl aforizm dünyası öz əksini tapıb. Mən birinci kitabı təzəcə oxuyub başa çatdırdığım elə o axşam telekanallardan birində həmin kitabın Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçirilən təqdimat mərasimindən maraqlı bir reportaja baxdım. Rusiyanın ən müasir və böyük titullu filosofları həmin kitabdakı aforizmləri, kitabı tərtib edən Azərbaycan filosofunun böyük zəhmətini yüksək qiymətləndirdilər. Məlum oldu ki, bir zamanlar Qərbi heyran qoyan Şərqin bu gün keçirdiyi elmi-fəlsəfi fikir “böhranını” aradan qaldırmağın yollarından biri onun klassik və müasir müdriklərinin təfəkkür dünyasını yenidən xatırlatmaq, yeni təqdimatda ictimai marağa çatdırmaqdan ibarətdir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov təmənnasızlıq iddiası ilə hazırladığı bu kitabı düşünülmüş, məqsədli şəkildə məhz Moskvada çap etdirmişdir. “Aforizmlər kitabı. Seçilmişlərdən seçmələr” kimi böyük bir fikir dünyası vəd edən bu kitaba müasir rus fəlsəfə elminin görkəmli nümayəndəsi, professor A.N.Çumakov giriş sözü yazmışdır. O, yuxarıda xatırlatdığım telereportajda da, giriş sözündə də aforizm barəsində elmi-nəzəri fikirlərini qeyd edir və belə bir nigarançılığını da dilə gətirir ki, son vaxtlar bir çox aforizm tərtibçiləri bəzən səviyyəsiz, hətta mənasız (trivial) fikirləri cəmləşdirib təqdim edir və belədə oxucunun heç olmasa, bircə dəyərli fikir tapmaq cəhdi saman tayası arasında iynə axtarmaq kimi bir şey olur. Giriş məqaləsinin müəllifi öz sözünü “Azərbaycanın görkəmli filosofu Səlahəddin Xəlilovun böyük zəhmətlə tərtib etdiyi bu kitabın dəyərli olacağına inam hissi” ilə bitirir.
Kitaba toplanmış aforizmlər təkcə fəlsəfə klassiklərinə deyil, həm də özünəməxsus düşüncə tərzinə malik olan elm və sənət adamlarına, dövlət xadimlərinə məxsusdur. Tərtibçi kitabda Şərq və Qərb fəlsəfi fikir dünyasında tərəzinin Şərq gözünü məqsədyönlü şəkildə daha ağır çəkiyə gətirsə də, bütövlükdə dünya təcrübəsində sınanmış fikirlərə səxavətlə yer vermişdir. Burada Məhəmməd Peyğəmbərdən tutmuş Senekaya, Mövlanadan tutmuş Hegelə, Nizamidən tutmuş Şekspirə, Mark Avrelidən tutmuş Napoleonadək .... hər kəsin aforizm payı var. Tərtibçi kitabdakı aforizmləri həyatın müxtəlif sahələrinə ayırmış və bu elmi məntiqlə hər kəsin öz fəaliyyət dairəsindəki fəlsəfi düşüncələrini oxucuya təqdim etmişdir. Bu prinsiplə, məsələn, “Dövlət, millət, vətən” bölməsində böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin onlarca müdrik fikrini kitaba salmışdır: “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür”; “Xalq öz ziyalısı, öz mədəniyyəti, öz elmi ilə şöhrətlənir”; “Cəsarətli danışıqlar aparmaq üçün güclü orduya sahib olmaq lazımdır”; “Vətənpərvərlik insanın xislətindədir. Ondan məhrum olan insan ləyaqətsizdir”; “Dövləti iki şey laxladar: günahkar cəzasız qalanda və günahsız mühakimə ediləndə”... Bu böyük dövlət xadiminin idarəçilik və siyasi fəaliyyətindən doğan müdrik fikirlər dünən üçün də, bu gün və sabah üçün də aktualdır.
Aforizmlərin Moskva nəşrində dominantlıq Əbu Turxana məxsusdur. İctimai həyatın elə bir sahəsi yoxdur ki, Əbu Turxan fəlsəfəsi öz müdrik fikirləri ilə orada görünməsin. Əbu Turxan Moskva nəşrinin aparıcı və məhsuldar filosofudur.
Səlahəddin Xəlilovun Moskvada nəşr olunan kitabının Rusiyanın Fəlsəfə İnstitutundakı təqdimatı onun Bakıda çap etdirdiyi “Əbu Turxanın hikmət dünyası” kitabına mənim marağımı birə-beş artırdı və mən işimin-gücümün çoxluğu gileyi ilə hələlik yazı masamın sağ küncünə qoyduğum o kitabı dərhal oxumaq qərarına gəldim. Mən “Əbu Turxanın hikmət dünyası” adı altında təqdim olunan min illərin sınağından çıxmış və bu gün də həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlərin toplandığı təxminən otuz çap vərəqi həcmində bu kitabı çox sürətlə, böyük heyrət və maraqla başa çatdırdım. Heyrətlə ona görə ki, bu kitabdakı aforizmlər və onların mahiyyətini açmağa kömək edən fəlsəfi publisistikanın dərinliyindən, həyatiliyindən, ölçülüb biçilmiş hər bir sətrin doğurduğu məna yükünün dəqiqliyindən heyrətlənməmək mümkün deyil. Maraqla ona görə ki, kitabın annotasiyasında onun geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu vəd edən sətrin həqiqəti doğrudan da onu hər kəs üçün maraqlı edir.
Səlahəddin müəllimə görə həyatın bütün sahələrinin öz fəlsəfəsi, fəlsəfi anlamı var. Problemə bu prizmadan yanaşan müəllif kitabı bir-birini tamamlayan iyirmi dörd bölməyə ayırır. Lakin bu bölmələrdə də bir-birinə yaxın olan mövzuların birləşdirilməsi, bir neçə mövzunun eyni kontekstdə fəlsəfi təhlili həmin bölmələrin sayını birə-beş artırır. Bir az da aydın olsun deyə misal gətirmək istərdim. Məsələn, bölmə var ki, həyatın yalnız bir sahəsini götürür: “İnsan”, “Mənəviyyat”, “Gözəllik”, “Məhəbbət” və s. Bölmə var ki, yaxın sahələri birləşdirir və eyni kontekstdə bir neçə sahənin fəlsəfi dünyasını ehtiva edir: “Din, inam, iman”, “Yer-göy, zaman, məkan”, “Tale, həyat və ölüm”, “Tarix, cəmiyyət, şəxsiyyət”, “Ziyalılıq, müdriklik, dahilik”, “Azadlıq, haqq, ədalət” və s. Diqqət etdikdə hiss olunur ki, Əbu Turxan həyatın çox mühüm və həm də fəlsəfi məzmuna, fəlsəfi təhlilə ehtiyacı olan sahələri haqqında təhlillər aparmış, bu təhlillər sistemində tarixin və cəmiyyətin yaddaşına həkk olunacağına şübhə yeri qalmayan aforizmlərini yaratmışdır. Burada mən qəsdən “söyləmişdir”, “demişdir” sözlərini deyil, məhz “yaratmışdır” ifadəsini işlədirəm. Çünki bu aforizmlər bədahətən gələn, təsadüfən söylənən fikirlər deyil. Həmin aforizmlərin hər birinin arxasında dünyanın fəlsəfi mənasını dərk edən, fəlsəfənin mahiyyətini, həyatın gedişatını, bəşəriyyətin ümumi inkişaf qanunauyğunluqlarını bilən bir alimin yaradıcılıq kredosu dayanır. Əlbəttə, yaradıcılığın bu səviyyədə özünü göstərməsində yaradıcıya Tanrı vergisi də var, ancaq bu verginin sağı və solu dünyanı dərk etməyi öyrədən klassik və müasir elmi dünyagörüşü ilə zəngindir. Əks halda “səndən hərəkət, məndən bərəkət” kimi xalqın Tanrı adına yazdığı müdrik fikir də özünü doğrultmazdı.
“Əbu Turxanın hikmət dünyası” müəllifin “Ön söz”ündə şairdən gətirdiyi “Yox millətimin imzası imzalar içində” sətrindən gələn bir təəssüf, bir vətəndaşlıq ağrısı ilə başlayır. Ancaq müəllif əslində bu sətrin tarixi acısını, tarixi ağrısını nəzərdə tutur. Çünki elə bu kitabın özü millətin imzalar içində imzasının təsdiqidir. Təsdiqidir ona görə ki, “Əbu Turxanın hikmət dünyası” konkret bir millətin, konkret bir cəmiyyətin, konkret bir zamanın deyil, bütövlükdə bəşəriyyətin və bütün zamanların fəlsəfi məzmununu özündə daşıyır.
Müəllif-tərtibçi (kitabın strukturunu müəyyənləşdirən bu sözlərin müəmmalı hikməti haçansa açılacaq ümidindəyəm) kitaba ön sözü şairin bir zaman təəssüf hissilə dediyi “Yox millətimin imzası imzalar içində” sətri ilə heç də nahaqdan başlamır. Müəllif – tərtibatçı (bu “tərtibatçı” sözünü işlətdikcə hər dəfə qəribə bir narahatlıq keçirirəm) “fəlsəfə dünyasına girdikcə, onu vərəq-vərəq açdıqca bu dünyanın yeni-yeni hikmətlərini mənimsəməklə bərabər... gizli bir doğmalıq nisgili ilə “millətinin imzasını” da axtarır. Və “nəhayət, günlərin bir günü fikir ənginliyinin səmasında bir səs” ona doğma gəlir. Bu səs onun doğma dilində danışır, onun kimi düşünür. Omu onun qəlbinin bir parçasıdır, müəllifmi (tərtibatçısız) onun – fərqi yoxmuş. Bu tapıntı, bu kəşf müəllifi riqqətə gətirir: “Sanki o mən idim. – Budur doğmalıq duyğusu! Bu, Əbu Turxan fəlsəfəsi idi.” Və “fəlsəfənin doğmalığı hikmətdən keçdiyi üçün” müəllif Əbu Turxan dünyasına səyahəti onun aforizmlərindən başlayır. Bu yerdə aforizmin fəlsəfi mahiyyətini belə izah edir: “Aforizmlərdə fikir rüşeym halında, yığcam və lakonik ifadə olunur. Fikrin cücərməsi və qol-qanad atması – nəzəri fəlsəfə, bar verməsi və həyata tətbiqi isə – praktik fəlsəfə mərhələsi ilə bağlıdır ... Aforizmlərin bir spesifikası da ondan ibarətdir ki, onlar məhz yığcam olduğuna görə, daha geniş əhali təbəqəsinin yaddaşında saxlanır, kütləviləşir və şifahi nitqdə də istifadə olunur”. Müəllifə görə “aforizm kimi yalnız o fikirlər məşhurlaşa bilmiş və dillərdə əzbər olmuşdur ki, onlar fikir zəncirindən, mətndən ayrılıqda, müstəqil surətdə təkbaşına “yaşamaq” əzmində olduğunu sübuta yetiriblər”.
Müəllif bu aforizmlərin məzmun tutumu ilə fəlsəfədən hikmətə, hikmətdən fəlsəfəyə keçid yollarının açıq olduğunu bəyan edir, bu iki təfəkkür səviyyəsinin əlaqə və vəhdətinin elmi təhlilini aparır. Kitabın giriş hissəsi bizi “fəlsəfə və hikmətin görüş məqamı” ilə tanış edir. Daha dəqiq desək, əsərin bu “giriş” qapısı bizi Əbu Turxanın fəlsəfi təlimi ilə tanış edir. Bu təlim çox orijinal, geniş təfəkkür diapazonuna malik bir alimin yaradıcılığını – filosofun ideyalarını əsrlərin təcrübəsinə söykənən yeni məktəb səviyyəsinə yüksəlir.
Müəllif Əbu Turxan fəlsəfəsini dərk etmək üçün onun “qısa qapanma” təlimi ilə tanış olmağı məsləhət görür. Müəllifin təhsil bazası etibarı ilə bir fizik olduğunu bilənlər dərhal “qısa qapanma”nın məhz bu sahədəki təcrübəsinə köklənə bilərdilər. Lakin müəllif illüstrativ materialı oxucunun dərk etməsi naminə daha populyar elmi sahəyə bağlayır: “-Qısa qapanma” zamanı dünyanın axırı elə onun başlanğıcında olur. Milyonlara sığmayan dünya bir sıfıra sığa bilər; sıfır da dairə şəklindədir və hər bir dairə bitkin bir mənanın ifadəsidir”. Və daha bir heyrətamiz filoloji illüstrasiya: “Cümlələr də ona görə cümlə olur ki, yəni o zaman bitkin bir fikri ifadə edir ki, fikrin sonu başlanğıc ilə əlaqələnmiş olsun”. Böyük həqiqətin aydın ifadəsi, yəqin ki, elə bu şəkildə olur.
Müəllifin fəlsəfəyə baxışlarının və fəlsəfi baxışlarının bəzi məqamlarının kitabda şeirlə ifadəsi də təəccüb doğurmur. “Ürək yaman şeydir” hekayəsində Ə.Əylisli demişkən, bu dünyada elə şeylər var ki, onu ancaq şeirlə demək mümkündür... İnsan və dünya kontekstində fəlsəfi düşüncələrdə bədii-estetik məqamlardan yan keçmək də olmur.
Əbu Turxanın hikmət dünyası sivilizasiyanın Şərq və Qərb modellərini araşdırır. Şərqin min illərlə fəaliyyətdə olmuş sivilizasiya modellərinin Qərbə transformasiyası və bunun müasir nəticəsi bu hikmətin qısaca təhlilində belə səslənir: “... Bütün tərəqqipərvər bəşəriyyət insanlar arasında irqi, dini və milli ayrıseçkiliyin əleyhinə çıxış etməklə belə bir mövqeyi dəstəkləmiş olurlar ki, coğrafi fərqlər və ondan irəli gələn bioloji, fizioloji özəlliklər əql və mənəviyyat sferasına transfer edilməməlidir. Yəni bu fərqlər, əslində bədənlə bağlı olub, insani mahiyyətə şamil olunmamalıdır, çünki insani mahiyyət bədənlə yox, ruhla bağlıdır. Əql də ruhun əlamətidir, lakin insan öz ruhani başlanğıcını unudanda, neçə min illər ərzində əldə edilmiş ictimai tərəqqi, sivilizasiya üçün təhlükə yaranır. Biz elə bir dövrdə yaşayırıq ki, Şərqdə Günəş artıq yoxdur; o indi Qərbdədir. Yox, Hegelin düşündüyü kimi, Günəş indi Qərbdən çıxmır. Günəş indi ona görə Qərbdədir ki, o artıq batmaq üzrədir”. Və bu yerdə müəllif indi hamını düşündürməli olan bir sual qoyur: Sivilizasiyanı, “bəşəriyyəti qürubdan xilas etmək mümkündürmü?” Əbu Turxanın hikmət dünyası bu xilasın yolunu aşağıdakı kimi görür: “Bunun üçün ictimai mühit mənəvi-ruhani simasını bərpa etməlidir. İnsan üçün mühit təkcə onun öz el-obası, xalqı deyil. Bütövlükdə bəşəriyyəti, insanlığı qorumaq naminə hər bir insan bütün qüvvələrini səfərbər etməlidir. Nəhayət, insan üçün mühit bütün bəşəriyyəti təmsil edən insani mahiyyət, yəni insanın özü də ola bilər. Bu nöqtədə dövrə qapanır, “öz”dən başlanan yol “öz”ə qayıdır. Daha böyük çevrə yenidən mərkəzi nöqtədə cəmləşir, konsentrasiya olunur.
Dəyərlər insandan başlanıb bütün dünyanı seyr edərək insana qayıdır. Fikirlər də ilkin başlanğıca (insana) qayıdanda dövrə qapanır. Böyük, uzun yollar fəlsəfənin yoludur. Qısa yolla qayıdışda isə aforizmlər yaranır”. Müəllif fəlsəfənin böyük, uzun yollarından doğan aforizmlər dünyasını bu dünyanı izah edən fəlsəfi düşüncələrin müşayiəti ilə təqdim edir. Beləcə, insan, mənəviyyat, zaman, tale, həyat, ölüm, gözəllik, ailə, tarix, cəmiyyət, millət, ideya, ziyalılıq, söz, ədəbiyyat, azadlıq, həqiqət, kitab, əməl, ruh kimi fəlsəfi mahiyyətə, düşüncəyə predmet olan onlarca sahənin elmi-publisistik portretini cızır və bu portret fonunda hər mövzu üzrə Əbu Turxan hikmətinin lakonik ifadəsi olan heyrətamiz aforizmləri bizə təqdim edir. Məsələn, insan və onun fəlsəfi mahiyyətinin təhlilindən sonra məhz bu mövzunu əhatə edən aforizmlər birbaşa, izahsız, çılpaq mətndə verilir. Əbu Turxana görə:
Hər bir insan öz sevgisi qədərdir...
İnsan var ki, dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; İnsan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; İnsan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; İnsan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır...
İnsanın işığı artdıqca, bu fani dünya ona daha qaranlıq görünür...
Bu hikmət sətirləri təkcə elmi qavramadan, təkcə nəzəri bilgilərdən deyil, həm də insan həyatnın, insan taleyinin min illərinin təcrübəsini əks etdirən təfəkkürdən, “anlamaq dərdindən” doğur.
Kitabın “Mənəviyyat” bölməsində müəllif bu anlayışın dəqiq formulasını verir: “Mənəviyyat – mənalandırılmış dünyadır. Mənasını bilmədiyimiz şeylərin mənəvi dünyaya aidiyyatı yoxdur. İnsan bu dünyadakı hadisələrin, şeylərin mənasını anladıqca, özü üçün məqsədi, amalı bəlli olan, duyulmuş, sevilmiş, dərk olunmuş bir dünya qurur ki, bu da onun mənəvi dünyasıdır”. Bu mənəvi dünyanın geniş panoramını çəkən müəllif sonda mövzunun aforizmlərini verir:
Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi, və çölü, əlçatmaz göyləri vardır.
Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə pisliyi unutmurlar. Riyakarlıq zəiflərin silahıdır.
Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar təkəbbürlü olurlar...
Səlahəddin Xəlilovla şəxsi tanışlığımızdan sonra onun dinə, inama, islam dəyərlərinə dərin və səmimi münasibətinin, elmi yanaşma tərzindən gələn həqiqətlərinin çox şahidi olmuşam. Kitabın “Din, inam, iman” bölməsindən aşağıda gətirdiyim iki cümlənin verdiyi həqiqət məzmunu insanı dinə, imana çağırır; “Din həyatın mənasını bilavasitə təyin edir, dini dəyərlərin isbata ehtiyacı yoxdur. Burada həqiqət hissi təcrübə, məntiqi təfəkkür və ya bədii obraz vasitəsilə deyil, qəlbin nuru, mənəvi işıqlanma ilə açılır”. Bu problemin geniş izahı və mövzunu birbaşa əhatə edən onlarca aforizm:
Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.
Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır.
Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik.
Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
Beləcə, kitabda özünü göstərən mövzuların hamısı Əbu Turxanın aforizmləri, hikmət dünyası ilə işıqlandırılır. İşıqlandırılır – ona görə deyirəm ki, Səlahəddin Xəlilovun özü işıqlı adamdır. Dinə, imana, inama bu qədər səmimi inamı onu öz yazılarında, təfəkkür aləmində təmiz, iradəli, haqqa talib bir alim kimi ortaya qoyur. “Əbu Turxanın hikmət dünyası” onun insana, mənəviyyata, milli dəyərlərə, elmə, nəzəri konsepsiyalara, bir sözlə, bizi əhatə edən real və ruhi dünyaya konseptual, məktəb səviyyəsinə çoxdan yüksəlmiş baxışlarının əks etdirilmiş güzgüsüdür. Müxtəlif mövzuları, müxtəlif sahələri əhatə edən bu fəlsəfi düşüncələrin xeyli hissəsi mənim çox-çox sevdiyim və sədaqətli oxucusu olduğum “525-ci qəzet”in səhifələrində də işıq üzü görmüşdür. Azərbaycan klassik mətbuatının maarifçilik məktəbini yeni media kontekstində, yeni formatda yaradıcılıqla davam etdirən bu qəzetin səhifələrində Səlahəddin müəllimin imzasını hər dəfə gördükcə bir vaxtlar imzalar içində imzası olmayan xalqımın müasir inkişaf çağında bu sürətli inkişafa təkan verən böyük maarifçi filosofla böyük maarifçi qəzetin tandemini dualarla alqışlamalı oluram.
“Əbu Turxanın hikmət dünyası” kitabının titul vərəqində Səlahəddin Xəlilovun özünü “müəllif – tərtibçi” kimi qeyd etməsinin müəmmalı bir məsələ olduğunu vurğulamışdım. Mənə elə gəlir ki, əsəri diqqətlə oxuduqdan sonra bu “müəmmanı” aydınlaşdırmaq olur. Kitabdakı bütün məqalələr (ayrı-ayrı mövzuları əhatə edən bu yazıları məqalə janrına aid etmək olar) Səlahəddin Xəlilovun öz fəlsəfi dünyasının aynasıdır. Bu aynada görünən fikirlərin ayrı-ayrı abzaslarda aforizmləşmə məqamları vardır. Müəllif nə qədər cəhd etsə də bu aforizmlərin ona məxsus olduğunu gizlədə bilməmişdir. Ayıq oxucu əsərin sonunda kitabın adını dəqiqliklə improvizə edir: “Səlahəddin Xəlilovun hikmət dünyası”. Bəs niyə müəllif bütöv bir əsəri, hər bir hərfinə yalnız özünün haqqı çatan bu əsəri Əbu Turxanın adı ilə bağlamışdır? Bu sual yeni bir müəmma yaradır. Cavabı hələlik heç kimə məlum deyil.
Cahangir Məmmədli
525-ci qəzet.- 2012.- 5 may.- S.18.