Görkəmli ədəbiyyatşünas
Bəxtiyar Məmmədzadənin 65 illiyi qeyd olunub
YAZIÇILAR BİRLİYİNDƏ
TƏŞKİL EDİLƏN TƏDBİRDƏ UNUDULMAZ
ALİMƏ HƏSR OLUNMUŞ “XATİRƏLƏRDƏ
YAŞAYAN BƏXTİYAR” KİTABININ TƏQDİMATI
KEÇİRİLİB
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”
klubunda mərhum alim, görkəmli ədəbiyyatşünas
Bəxtiyar Məmmədzadənin 65 illik yubileyilə
bağlı tədbir təşkil olunub. Qeyd edək ki,
unudulmaz insan və dəyərli alim, klassik ədəbiyyatımızın
misilsiz bilicisi Bəxtiyar Məmmədzadə 2010-cu ilin
fevralında 63 yaşında dünyadan köçüb.
Yubiley
tədbirində filoloq, şairə Sona Xəyalın tərtib
etdiyi, B.Məmmədzadə ilə bağlı “Xatirələrdə
yaşayan Bəxtiyar” adlı kitab tədbir
iştirakçılarına təqdim olunub. Kitabda Bəxtiyar
Məmmədzadənin iş yoldaşları, tələbələri
dostları və ailə üzvlərinin onun haqqında qələmə
aldıqları xatirələr toplanıb.
Tədbiri
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu
açaraq, Bəxtiyar Məmmədzadə ilə bağlı
xatirələrini bölüşüb: “Bəxtiyar Məmmədzadə
mənim həm hər zaman hörmət etdiyim, şəxsiyyətinə,
insanlığına böyük rəğbət bəslədiyim
bir insan idi, həm də çox sevdiyim müəllimlərimdən
biri idi. O baxımdan bu tədbir mənim üçün
qeyri-adi bir tədbirdir. Bəxtiyar müəllim haqqında mənim
yaddaşımda ancaq xoş xatirələr qalıb. O, pak,
halal şəxsiyyət olmaqla bərabər, həm də
umacaqsız bir insan idi. Bəxtiyar Məmmədzadə öz
peşəsinə vurğun bir pedaqoq, ədəbiyyatı dərindən
bilən, xüsusilə də klassik ədəbiyyatı
mükəmməl bilən bir ədəbiyyatşünas idi .
Bəxtiyar Məmmədzadə mənim yaddaşımda öz
daxili aləminə sədaqətini qoruyub saxlayan bir insan kimi
qalıb. Dərd Bəxtiyar axtarıb tapmırdı, onun
özü dərdə sarı gedirdi. Çünki dərdsiz
olmaq üçün başqa adam olmaq lazım idi. Bəxtiyar
müəllim isə başqa adam olmağı
bacarmırdı və istəmirdi”.
Tədbiri
idarə etmək üçün söz verilən Sona Xəyal
Bəxtiyar Məmmədzadənin bütün tələbələri
üçün sevimli müəllim, dərin biliyi,
intellektual düşüncəsi, dolğun nitqi və
bütün insani dəyərləri ilə parlaq şəxsiyyət
olduğunu vurğulayıb, onu Azərbaycan elminin, ədəbiyyatının
fədakar tədqiqatçısı adlandırıb.
Professor
Cəlil Nağıyev mərhum həmkarı barədə
düşüncələrini paylaşıb: “Bəxtiyar
qeyri-adi bir insan idi. O ilk növbədə öz fitri
istedadı, dərin biliyi, gözəl alimliyi, böyük
müəllimliyi və ən nəhayət,
insanlığı ilə seçilirdi. Bütün bu keyfiyyətlər
də, mənə elə gəlir ki, Bəxtiyarın
işıqlı, nurlu portreti qarşısında çox
sönükdür. Onun əsl portretini görmək
üçün qızılı rəngə çalan
qıvrım saçları, əlindən düşməyən
siqareti, ifadəli sifəti və mənalı gözlərini
görməklə yanaşı, çoxlarına, hətta
yaxın dostlarına belə tam məlum olmayan daxili-mənəvi
dünyasına baş vurmaq lazım idi”. C. Nağıyev
çıxışının sonuda Bəxtiyar Məmmədzadə
haqqında belə nəfis bir kitab tərtib etdiyi
üçün Sona Xəyala öz minnətdarlığını
bildirib, qeyd edib ki, bu kitab alimin xatirəsinə layiqli bir
töhfədir. Tədbirdə çıxış edən
dosent Elxan Əziz unudulmaz dostu Bəxtiyar Məmmədzadə
ilə bağlı xatirələrini dilə gətirib, onun
dostcanlı, dostluqda sədaqətli insan olduğunu deyib.
Güclü yaddaşa malik Bəxtiyar Məmmədzadənin
eyni zamanda böyük zəkası, elmi təfəkkürü
və geniş dünyagörüşü ilə fərqləndiyini
vurğulayıb: “Bəxtiyar elmi əsərlərini
özünəməxsus bir şəkildə yazırdı.
Onun Nəcəf bəy Vəzirovun komediyaları və Seyid Əzim
Şirvaninin sənətkarlığı ilə bağlı
tədqiqat işləri Azərbaycan ədəbiyyatşünaslığında
yeni söz sayıla bilər”. Şeirimizdə əruz vəzninə
B.Məmədzadənin xüsusi marağı olduğunu deyən
E. Əzizov onun Azərbaycanda bu sahə üzrə Əkrəm
Cəfərin və Əli Fəhminin ən layiqli
davamçısı sayıldığını bildirib.
Şərqşünas Tofiq Cahangirov Bəxtiyar Məmmədzadə
ilə ilk dəfə ötən əsrin 80-ci illərində
tanış olduğunu, onun Azərbaycan dili və ədəbiyyatını,
əruz vəznini yaxşı bilən bir mütəxəssis
kimi seçildiyini deyib.
Tədbirdə
Bəxtiyar Məmmədzadənin tələbələri və
müəllim yoldaşları unudulmaz alim haqqında xatirələrini
paylaşıb, onun yüksək insani keyfiyyətlərindən
bəhs ediblər.
GÜNEL
525-ci qəzet.- 2012.- 5 may.- S.15.