“Mətbuatın sonunun yaxınlaşdığını deyənlər
mətbuat haqqında heç nə bilmirlər”
YUNUS OĞUZ:
“DÜŞÜNÜRƏM Kİ, ÇAP MEDİASININ
YÜKSƏLİŞİ HƏLƏ İRƏLİDƏDİR,ONUN
DAHA SAYALI, UĞURLU VAXTLARI HƏLƏ BUNDAN SONRA OLACAQ”
– Yunus bəy, bu yaxınlarda “Olaylar” informasiya agentliyinin yaranmasından
18 il keçdi.
Agentliyin
yaranması, fəaliyyət
yolu barədə danışmağınızı istərdik.
– Mən “Ordu” qəzetində işləyəndən
sonra o qəzeti bərpa eləmək istədik. “Ordu”
qəzeti 90-cı ildən
çıxırdı. Amma təsisçi qəzeti bizə verməyə razı olmadı, yəni təsisçilikdən
imtina etmədi. Beləliklə, qərara gəldik
ki, yeni bir nəşr hazırlayaq. 1994-cü ildə
qeydiyyatdan keçsək
də, bir il sonra
fəaliyyətə başladıq.
Agentliyin
adını başqa cür fikirləşmişdik,
amma o zaman mətbuat naziri olan Sabir Rüstəmxanlı
bizə “Olaylar” adını məsləhət
gördü. Çox
adam adın
mənasını anlamır,
amma əsl türk sözüdür.
Əvvəl sadəcə informasiya
agentliyi kimi fəaliyyət göstərməyə
başladıq. Amma sonra
o zaman qəzet buraxmaq çətin olduğu üçün
səkkiz səhifədə
həftəlik çap
olunmağa başladıq.
Qəzetin ən tirajlı vaxtı 1998-ci il prezident
seçkiləri zamanı
olub. 40-50 min tirajla
çap olunurdu.
Müxalifət qəzeti kimi
çıxış edirdik.
Sonra qəzetlərin sayı çoxaldıqca və texnologiyalar inkişaf etdikcə təkcə bizim tirajımız deyil, bütün qəzetlərin tirajı düşdü. İndi informasiya
agentliyi və qəzetlə bərabər
veb saytımız da fəaliyyət göstərir.
– “Olaylar”ın indiki
dövrü daha uğurludur, yoxsa əvvəllər sizi daha çox qane edirdi?
– Əslində indi
də, o dövrdə
də fəaliyyətimiz
dövrün şərtlərinə,
tələblərinə uyğun
olub. İndi əvvəlki dövrə
nəzər salanda fikirləşirəm ki, nələri isə daha yaxşı etmək mümkün idi. Bu gün
də daha yaxşı fəaliyyət
göstərmək olar.Təbii
ki, həmişə özümüzdən razı
qalsaq irəli getmək, inkişaf etmək mümkün deyil. O zaman agentlik kimi işə
başlamaq məsuliyyətli
iş idi. Hələ informasiya agentliklərinin sayı az idi. “Turan”, “ASSA İrada”və
“Trend” var idi. Həmin dövrdə informasiyanın
yayılma metodu da fərqliydi. İnformasiyalar kağız şəklində
çaparlar vasitəsi
ilə lazımı ünvanlara paylanırdı.
Faktiki olaraq başqa cür mümkün deyildi. İndi isə jurnalistlər
hətta internet vasitəsi
ilə müsahibə
alırlar.
– Bugün isə çoxlu sayda informasiya agentliyi fəaliyyət göstərir. Onlarla sağlam rəqabət aparmaq mümkündürmü?
– Rəqabət nə qədər güclü olsa da, biz heç vaxt reklam və sensasiya arxasınca düşməmişik. “Olaylar” kifayət qədər güclü informasiya agentliyi olub. İndi də öz nüfuzunu, brendini qorumağa çalışır. İstənilən şəxs bir sayt açıb adını informasiya agentliyi qoyur, ağzına gələnləri də yazırlar. Belə bir şəraitdə, informasiya bolluğu var, agentliklər bir-birinin xəbərlərindən istifadə edirlər. Sadəcə operativlik baxımından fərqlənə bilərlər. Agentliklər heç bir qrant almırlar, onların maliyyələşməsi bir qədər çətindir. Onlara reklam az verilir, bəzilərinə isə ümumiyyətlə reklam verilmir. Əvvəllər reklamvericilərlə və informasiya alıcıları ilə uzunmüddətli müqavilə imzalanırdı, daimi gəlir mənbəyi olurdu, büdcə formalaşırdı. İndi veb-portallar o qədər çoxalıb ki, bu ənənə aktuallığını itirib.
– Bəzi informasiya agentliklərinin istinadsız xəbər vermələri və bir birini qabaqlamaq üçün saytlarında xəbərin zamanını sonradan dəyişmələri və bu kimi hallar, sizcə, nə dərəcədə peşəkarlığa uyğundur?
– İstinad etmədən xəbəri özününküləşdirmək tərbiyəsizlikdir. Bu xəbərdən istifadə edirsənsə mütləq istinad etməlisən. Bu hallarla biz də tez-tez rastlaşırıq. Agentliyimizin saytında təhlil yazısı çıxır, eyni zamanda qəzetdə də çap edirik onu. Sabahısı gün digər qəzetlər informasiyanın mənbəyini göstərmədən yazını eynilə yerləşdirirlər. Ya da sadəcə bizim müəllifin adını verir, amma “Olaylar”ın adını göstərmir. Elə mənzərə yaranır ki, bu muxbir onların işçisidir. Təəssüf ki, Azərbaycan mediasında bu hallarda jurnalist etikasına riayət edilmir və həmkarlar bir-birinə hörmətsizlik etmiş olurlar. Xəbərin zamanının sonradan dəyişdirilərək, guya bir qədər də əvvəl yayımlanmasını göstərmək halı isə, sadəcə, rəqabət texnologiyasıdır. Elə mənzərə yaratmaq istəyirlər ki, bunlar birincidirlər, hamıdan öndədirlər. Əslində isə, hər kəsin qiyməti, peşəkarlığı bəllidir. Mənim özümdə elə xəbərlər olur ki, onları təqdim etsəm sensasiya yarada bilərlər. Azərbaycan o qədər balaca yerdir ki, baş verənlərin çoxundan xəbərimiz olur. Sadəcə, qəzeti və agentliyi çətinliyə, məhkəmə işlərinə salmaq istəmirəm. Elə xəbərlərnən lap birinci yerə çıxmaq da mümkündür, amma peşəkarlığı unutmaq olmaz. Agentliklər arasında biz “yaşlı”lardan sayılırıq. İndi, elə vaxtda ucuz sensasiyalara getmək fikrində deyilik. Biri utandığından, digəri əxlaqından bu informasiyanı yaymaqdan imtina edirsə, digər birisi də operativliyin xatirinə tərbiyəsizlik edərək bunu oxucu auditoriyasına təqdim edir. Bəzən də üç ildir çoxlarının bildiyi informasiyanı yeni kimi təqdim edirlər.
– Yazılı mətbuatın son dövrlərdə texnologiyalara uduzması nəticəsində, ola bilərmi, nə vaxtsa qəzetlərə ehtiyac duyulmasın?
– Mətbuatın sonunun yaxınlaşdığını deyənlər mətbuat haqqında heç nə bilmirlər. İstər elektron qəzet, istərsə də çap qəzetləri öz aktuallığını heç vaxt itirməyəcək. Düşünürəm ki, çap mediasının yüksəlişi hələ irəlidədir, onun daha sayalı, uğurlu vaxtları hələ bundan sonra olacaq. Çünki internetin insanların sağlamlığına mənfi təsiri artıq öz effektini göstərməyə başlayır. Məncə elektron KİV-dən istifadə, onun insan sağlamlığına təsiri haqqında qanun qəbul olunmalıdır. Kompüterin arxasında oturmaq sağlamlıqdan əlavə insanların birbaşa ailə məsələlərinə də təsir göstərmiş olur. Normal düşüncəli, ailəsinin sağlamlığını fikirləşən insanlar hər zaman mətbuata qiymət verəcəklər. Sadəcə, qloballaşan dünyada əsas istiqamətlərdən biri texnologiya olduğu üçün internet aktuallaşıb. Operativlik baxımından, uzaqda olan insanlar arasında ünsiyyət baxımından internetin, təbii ki, əvəzi yoxdur. Amma kağızda oxunan informasiyanın dərk olunması daha effektlidir. Mən böyük əsərlərimin heç birini kompyuterdə yazmıram, hamısı əlyazma şəklindədir.
– Konkret olaraq mətbuatın əsas problemləri kimi hansı halları görürsüz?
– Bugün mətbuatın çoxlu problemləri var. Birincisi tiraj – ən böyük tiraj 8-9 mindir ki, bu da əvvəlki illərlə müqayisədə çox aşağıdır. Dediyim kimi, 1998-ci ildə təkcə bizim qəzet 40-50 min tirajla çap olunub. Birbaşa bununla əlaqədar olaraq ikinci problem kiril əlifbasından latına keçiddir. Məhz bu dövrdə qəzetlərin tirajı xeyli aşağı düşdü. Eyni zamanda reklam bazarı demək olar ki, sıfıra endi. Ondan əvvəl isə elə firmalar vardı ki, bir səhifəlik reklama min dollardan çox pul verirdilər. İndi isə heç yüz manat da vermirlər. Amma problem təkcə tiraj deyil, problemlərin yaranmasında digər səbəblər də oldu. Qəzetlərə bayram təbriklərindən və bəzi elanlardan başqa reklamlar verilmir. Bütün bunlar da qəzetin büdcəsini zəiflətməyə başlatdı, zəncirvari olaraq peşəkar jurnalistləri qəzetlər itirməyə başladı. Beləliklə də, qəzetlərdə, agentliklərdə təsadüfi adamlar artmağa başladı.
– Milli mətbuatda tarixi araşdırmalara, tarixi mətnlərə ayrılan yerə və onların qiymətləndirilməsinə münasibətiniz necədir?
– Mətbuatın rolu həm də tarixi qorumaq və təbliğ etməkdir. Bizim keçmişimizi, tariximizi olduğu kimi çatdırmaq lazımdır. Təbiidir, tarixi araşdırmalarda kifayət qədər subyektiv fikirlərə rast gəkmək mümkündür. Məsələn, deyirdilər ki, Şah İsmayıl türk deyil. Bəs o zaman türkcə niyə yazırdı? Dövlət başçısı idi, istədiyi dildə yaza bilərdi. Türk olmasaydı türkcə yazmazdı. Osmanlı sultanı ona məktubları farsca yazıb, amma bu o demək deyil ki, sultan fars idi. Belə qərəzli məlumatlardan sadəcə gübdəmə gəlmək üçün istifadə olunur. Təbii ki hər millət keçmişində bir qəhrəman axtarır, ona görə özünüküləşdirməyə çalışır. Biz qəhrəmanlarımıza, tariximizə yiyə durmasaq bunu digər xalqlar edəcək. Bunda mətbuatın rolu böyükdür və tarixi yanaşmalara diqqət ayırmaq lazımdır. Və yaxud da, farslar deyir ki, Nizami Gəncəvi bizimdir. Sadə bir məqama baxmaq kifayətdir ki, bunun yanlış olduğu sübuta yetirilsin. İsgəndər fars imperiyasını süquta uğratdıqdan sonra farslar ona nifrət edirlər. Hətta nifrət o qədər böyükdür ki, “Şahnamə”də İsgəndərin adı heç çəkilmir. Amma Nizami “İsgəndərnamə”ni yazıb. O, fars olsaydı heç vaxt bu əsəri elə sevinc içində yazmazdı. Bunların təhrif olunmasında mətbuatın rolu ondan ibarətdir ki, müəyyən maraqlar bu əks-təbliğata çalışır. Əllərində olan qəzetdə istədikləri informasiyanı yazıb yayımlayırlar. Eyni zamanda mətbuatda kimi isə yezidi kürd kimi təqdim etmək dəb halını alıb. Yeri gəldi-gəlmədi, dəqiqləşdirilmədən yanlış informasiyalar oxucuya təqdim edilir.
– Mətbuata göstərilən dövlət qayğısı, sizcə, bəzi problemləri həll edə bilərmi?
– Bu baxımdan KİVDF-nin rolunu müsbət qiymətləndirirəm. Fondun gördüyü işlər mətbuatın dirçəlməsi üçün stimul rolunu oynamış oldu. Bu vəsaitlərin ayrılması son nəticədə lazımlı və ictimaiyyətə vacib olan mətbuatı üzə çıxardı. Reket qəzetlərin mətbuatın imicini bilərəkdən ləkələndirdiyi zamanda bu addım mətbuata böyük dəstəkdir. Biz ehtiyat edərək bölgələrdə bürolarımızı saxlamırıq ki, kimsə adımızdan istifadə etməsin. Yalnız tanıdığımız insanlara, ziyalılara etibar edirik ki, onlar heç vaxt reketlik etməzlər. KİVDF-nin və Mətbuat Şurasının gördüyü işlər nəticəsində qəzetlər ələnərək lazım olmayanlar sıradan çıxacaqlar. İki-üç il sonra peşəkarlığıyla seçilən, ictimai yüklü qəzetlərdən başqa hamısı sıradan çıxacaq.
– Diffamasiya haqqında qanunun qəbul edilməsi mətbuatda keyfiyyət dəyişikliyinə müsbət təsir edə bilərmi?
– Diffamasiya haqqında qanun jurnalisti tamamilə sərbəst vətəndaşa çevirəcək. Amma həbslərin və ya təqiblərin olacağına inanmıram. Çünki Azərbaycanda həbs olunan jurnalistlərin heç biri peşə fəaliyyətinə görə tutulmayıb. Ya dələduzluq, ya şantaj, ya da digər cinayət işindən həbs olunublar. Əgər sözə görə həbs olunsaydılar, o zaman Azərbaycanda bütün jurnalistlər həbs olunardı.
–“Olaylar” qəzeti və agentliyi arasında rəqabət varmı? Sizcə, üstünlük elektron yoxsa çap qəzetindədir?
– Bu mütləq olmalıdır. Amma bəzən hər ikisinə eyni zamanda çatdıra bilmirik. Qəzet irəliləyəndə agentlik geriyə düşür və ya əksinə olur. Əslində bu daxili rəqabətdir, heç bir ziyanı yoxdur. Bunu hər zaman qorumağa çalışırıq ki, inkişafdan və irəliyə getməkdən dayanmayaq. 18 ildən sonra istərdik ki, nəhayət, rəngli çap qəzeti buraxaq, reklamlar çox olsun. Amma istəklərimizi reallaşdırmaq üçün yəqin ki, bir az da zamana ehtiyac var.
Pərviz SADIQOV
525-ci qəzet.- 2012.- 5 may.- S.8.