“Tərcüman”
qəzeti: türk dünyasının mətbuat
və ictimai fikir
tarixində yeni mərhələ
Tarixin
və taleyin hökmü ilə pərən-pərən
düşmüş türk xalqları XIX əsrdə
çar Rusiyasının ruslaşdırma, “parçala,
hökm sür” kimi mənfur siyasəti nəticəsində tənəzzül
edir, ətalət və cəhalət bataqlığında
boğulurdu. Dar düşüncəli
mövhumatçıların, fanatiklərin islamı
özünəməxsus şəkildə şərh, təsvir,
təbliğ etməsi, digər tərəfdən missionerlərin
qərəzli, məkrli münasibəti dini dəyərlərə
kölgə salır, Rusiya müsəlmanlarını Avropanın
qabaqcıl elmi, mədəni, ədəbi, mətbu həyatından,
tərəqqidən təcrid olunmuş vəziyyətdə
saxlayırdı.
XIX əsrin
II yarısı XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının
lideri İsmayıl Qaspiralı (1851-1914) yeni üsullu məktəb
yaratmaqla, ortaq ədəbi dili formalaşdırmağa
çalışmaqla və Rusiya müsəlmanlarını
“dildə, fikirdə, işdə birlik” ideyası ətrafında
birləşdirmək missiyası ilə “Tərcüman” qəzetini
buraxmaqla türk xalqlarının dünyagörüşlərində
ciddi dəyişikliklərə nail oldu, onların həyat və
təfəkkür tərzində dönüş yaratdı.
Heç şübhəsiz ki, “Müsəlmanların yolunu
nurlandıran çırağın” (Əli Mərdan bəy
Topçubaşov) – İsmayıl bəyin tarixi xidmətlərinin
ən önəmlisi naşiri, redaktoru, ən məhsuldar
yazarı olduğu “Tərcüman” qəzetidir və təsadüfi
deyil ki, bəzən mətnlərdə “Qaspiralı” və “Tərcüman”
sinonim sözlər kimi bir-birini uğurla əvəzləyir.
Azərbaycan ədəbiyyatşünaslıq elminin
patriarxı Firudin bəy Köçərli Rusiya müsəlmanları,
o cümlədən azərbaycanlılar adından
İ.Qaspiralının, onun “Tərcüman”ının tarixi
xidmətlərini dəqiq və sərrast ifadə
etmişdir: “...dünyadan bixəbər idik. İsmayıl
Qaspiralı “Tərcüman”ı ilə bizi ayıltdı”.
Hələ
ilk qələm məhsullarından olan “Baxçasaray məktublarında”
“Xalqın çoxu Allahın kitabından başqa bir
kitabın varlığından xəbərsizdir”, yaxud “Rusiya müsəlmanları”
əsərində “müsəlman Allah kitabından başqa
kitab, ilahiyyatdan başqa elm tanımaz” yazan “Rusiya müsəlmanlarının
milli intibahında mühüm amil olan” (professor Fuad
Köprülüzadə) İ.Qaspiralı durğunluq, ətalət,
cəhalət içində mürgüləyən, geriləyən
milləti ayıltmaq, ona insanlıq haqqını anlatmaq,
şüurunu inkişaf etdirmək, onu tərəqqi yoluna
çıxarmaq üçün haqlı olaraq qüdrətli
vasitə kimi mətbuatı seçmişdi.
Avropa
mədəniyyətini, ədəbi-mətbu həyatını
dərindən mənimsəyən, müntəzəm izləyən
“türkçülük hərəkatının mərkəzi
siması, yaxşı bir müəllim, mahir bir qəzetçi,
mümtaz bir redaktor, ictimai və siyasi mütəfəkkir, fəal
xalq xadimi” (Yusif Akçuraoğlu) İ.Qaspiralının qənaətincə,
millətin varlığı üçün onun mətbuatının
olması şərtdir: “Bir insana nitq və dil nə qədər
gərəkdirsə, çox insanlara, yəni bir millətə,
bir qövmə mətbuat və nəşriyyat o dərəcədə
gərəkdir: çünki mətbuat xalqın, millətin
dilidir. Mətbuat millətin bir dilidir ki, səsi
dünyanın bir tərəfindən o biri tərəfinə
qədər gedər. Bir dildir ki, sədası min il sonra da
eşidilər. Mətbuat bir qüvvədir ki, dənizlərin,
çöllərin bir tərəfindən o biri tərəfinə
keçər, zamanları bir-birinə qovuşdurar.
Dövrümüzdə bu nəhəng qüvvəyə malik
olan kiçik və böyük millətlər olduğu
halda, bizdə mətbuat əsərinin yox deyiləcək dərəcədə
olması neçə vaxtlardan bəri könlümüzə
bir qayğı, bir ağrı verməkdə idi”
(İ.Qaspiralı. Halın ifadəsi. “Tərcüman” qəzeti,
¹ 24, 1883).
Həsən
bəy Zərdabinin “Əkinçi”si (1875-1877) ilə
başlayan Rusiya müsəlmanlarının mətbu həyatı
İ.Qaspiralının “Tərcüman”ı ilə (1883-1918)
yeni inkişaf mərhələsinə qədəm qoydu.
Obrazlı yazsaq, H.Zərdabi “Əkinçi”sini vilayətin
aynasına, İ.Qaspiralı öz qəzetini bütün
türklərin tərcümanına çevirməyə nail
oldu. Yusif Akçuraoğlunun təbirincə, “bütün
türk millətinin müəllimi” İsmayıl Qaspiralı
çar hökumətinə qəzet, yaxud məcmuə
buraxmağa razılıq verilməsi üçün dəfələrlə
müraciət etmiş, hər dəfə rədd cavabı
almışdır. Böyük gücə və sarsılmaz
iradəyə sahib olan İ.Qaspiralı qəzet buraxmaq
üçün inadla, israrla çalışmaqla yanaşı,
“Gənc Molla” imzası ilə Ağməsciddə (Simferopol)
rus dilində çıxan “Tavrida” qəzetinə Rusiya müsəlmanlarının
həyatından bəhs edən məqalələr yazır,
broşuralar, kitabçalar nəşr etdirir. 1881-ci ildə
Ağməsciddə “Rusiyada müsəlmanlıq: bir müsəlmanın
müşahidələri, fikir və qeydləri”
kitabçasından sonra İ.Qaspiralı “Tonğuç”
adlı 4 səhifəlik məcmuə buraxır. Nəşrin
2-ci nömrəsi eyni adda qəzet kimi Tiflisdə Ünsizadə
qardaşlarının “Ziya” mətbəəsində 1881-ci ildə
işıq üzü görür.
Ümumiyyətlə,
“Tərcüman”a qədər İ.Qaspiralı
“Tonğuç” və “Şəfəq”dən sonra “Kəmər”,
“Ay”, “Ulduz”, “Günəş”, “Həqiqət” və “Lətail”
kimi məcmuə və qəzet adı ilə nəşrlər,
eyni zamanda “Salnameyi-türki” və “Miratı-cədid” adlı
almanaxlar buraxmışdır. Nəhayət, dəfələrlə
rəsmi müraciətdən, təkrar-təkrar Peterburqa təpik
döydükdən, nazirlərin qəbuluna düşdükdən
sonra İ.Qaspiralı 1882-ci ilin avqust ayının 5-də “Tərcüman”ın
nəşrinə icazə almağa müvəffəq olur.
Lakin problem bununla bitmir. Qəzet çapdan əvvəl
senzuranın razılığı üçün
Baxçasaraydan Peterburqa göndərilir, senzuradan keçdikdən
sonra geri – Krıma qaytarılır və nəşr edilirdi.
Çox ciddi problemlərə baxmayaraq, qısa müddət ərzində
Rusiya müsəlmanlarının məskunlaşdığı
bütün ərazilərdə, eləcə də Türkiyədə,
İranda, Misirdə, Əlcəzairdə, Hindistanda, Rumıniyada,
Bolqarıstanda, Çinin Şərqi Türkistanında
yayılan, böyük əks-səda doğuran, ilk vaxtlar cəmi
320 nüsxə çıxan “Tərcüman”ın tirajı
sürətlə artır və 20 mini keçir. Rusiya müsəlmanlarının
tribunasına çevrilən “Tərcüman” illər sonra –
1912-ci ildə bu vaxta kimi daşıdığı və
bundan sonra da daşıyacağı missiyasını, məramını
qəzetin daimi şüarı kimi birinci səhifəyə
çıxardığı 4 sözlə ifadə etdi: “Dildə,
fikirdə, işdə birlik”. İ.Qaspiralı ilk
yaradıcılığa “cəsəd kimi olan Rusiya müsəlmanlarının
bədəninə yeni həyat, yeni fikir, yeni bir həvəs
vermək, onu canlandırmaq” arzusu ilə
başlamışdı, qəti əminliklə söyləmək
olar ki, bu dahi insan gözlərini əbədi yumarkən
artıq məqsədinə çatmışdı...
İ.Qaspiralı
irsində H.Zərdabinin mətbu fəaliyyətinin, onun “Əkinçi”sinin,
digər Azərbaycan mətbuat nümunələrinin, Azərbaycan
mətbəələrinin tarixi əhəmiyyətinin dəfələrlə
şükranlıqla, qədirbilənliklə
vurğulandığına rast gəlinir. “Baxçasaray məktubları”nda
və “Rusiya müsəlmanları” adlı əsərlərində
“böyük idealist” (Ceyhun Hacıbəyli) İ.Qaspiralı
Tiflisdə tatarca (Azərbaycan dilində) “Ziyayi-Qafqaziyyə”
adlı qəzetin nəşrini məmnunluqla qeyd edir.
1884-cü ildə qələmə aldığı “Rusiyada mətbuat
və islam nəşriyyatları” məqaləsində (“Tərcüman”,
¹ 1, 1884) həmin dövrdə Rusiyada nəşr olunan mətbu
orqanlar və kitablar haqqında məlumat verir: O illərdə
Rusiyada türk dilində vur-tut 4 qəzetin – Tiflisdə Azərbaycan
dilində “Ziya”, “Kəşkül” və Daşkənddə
özbək dilində “Türkistan qəzeti”, Baxçasarayda
tatarca-rusca “Tərcüman”ın
çıxdığını qeyd edir. Rusiyada nəşr
olunan kitabların siyahısından isə məlum olur ki, bir
neçəsi istisna olmaqla, nəşr edilən kitabların
böyük əksəriyyəti dini mövzuludur. Aleksey
Çernyayevski ilə Səfərəlibəy Vəlibəyovun
“Vətən dili” (1883-cü il, Tiflis), Mirzə Fətəli
Axundovun komediyalarının (1859-cu ildə “Təmsilat” adı
ilə, Tiflis) nəşrini məmnunluqla yazan müəllif
H.Zərdabinin buraxdığı “Əkinçi” qəzetini
“az zaman davam etmiş isə də, donmuş və
buzlamış fikirlərə şimşək kimi ziya
vermiş idi” – yazaraq dəyərləndirir.
“Rusiya
müsəlmanlarının mədəniləşməsinin
başlanğıcı” adlı məqalədə o dövr
Rusiya imperiyasında fəaliyyət göstərən 8 mətbəə,
o cümlədən azərbaycanlılara məxsus Tiflisdə
“Ünsizadələr mətbəəsi”, Bakıda “Doktor
Axundov və Əli Mərdan bəy mətbəəsi”, eləcə
də dərs vəsaitləri, ədəbi-elmi, dini
kitabların adı, nəşr olunduğu şəhər,
naşiri, nəşr tarixi, redaktorları haqqında müfəssəl
məlumat verir.
Türk-islam
dünyasının parlaq zəka sahiblərindən Əhməd
bəy Ağaoğlu “bir mürşid, bir ustad və bir dost”
deyə təqdim etdiyi İ.Qaspiralının millətin
şüuruna təsir etməyin ən təsirli üsulu kimi
mətbuatı və məktəbi seçməsini təqdir
edirdi. Ə.Ağaoğlunun fikrincə,
İ.Qaspiralının təqib etdiyi qayə türklərə
özlərini tanıtdırmaq, milli şüuru inkişaf
etdirərək, onlara bir olduqlarını təlqin etməkdən
ibarətdir. Fikir, dil və duyğu birliyini duymuş bir
qövm əslində milli şüuru və mənəvi vəhdəti
duymuş olur: “Və bu qayəyə çatmaq
üçün ən əvvəl türkləri hər yerdə
boğan, birliyindən ayıran, milli şüurdan məhrum
edən cəhalətlə mübarizəyə girişir və
bunun üçün də ən müəssir (ən təsirli
– T.A.) amil olaraq mətbuatla məktəbə müraciət
etdi. Məktəb və mətbuat: türklüyü xilas edəcək
o iki silah! Və mərhum bütün həyatını
türkləri silahla təchiz etməyə xərclədi. O
zaman Rusiya türkləri içində nə korrektor, nə
müxbir, nə də qəzet tərtibçisi vardı.
İsmayıl bəy ailəsi ilə həm mühərrir, həm
mürəttib və həm də müvəzilik
(poçtalyon – T.A.) vəzifələrini icra edirdi. Qəzeti
oxutdurmaq üçün İsmayıl bəy dəfələrlə
Krımdan Qafqaza, Türkistan, Buxara, Kazan və Orenburqa qədər
səfər edərək qapı-qapı dolaşmaq məcburiyyətində
idi!” Əhməd bəy Ağaoğlu İ.Qaspiralının
vəfatı münasibəti ilə qələmə
aldığı həmin yazıda (“Türk yurdu”, 1914, ¹ 12)
onun bu səfərlər zamanı üzləşdiyi cahil,
qafil, milli hisslərdən məhrum, mücahidlərini təqdir
etməyən mühit tərəfindən nə qədər
mənəvi təzyiqlərə, maddi sıxıntılara məruz
qaldığını ürək ağrısı ilə
yazır, eyni zamanda göstərirdi ki, bütün bunlara
baxmayaraq, “Tərcüman” damla-damla axır, hər damlası hər
yerdə yavaş-yavaş təzə, gözəl
çiçəklər yetişdirirdi”.
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2012.- 23 may.- S.6.