Məktəblilərin
Heydər Əliyevə həsr olunan inşa yazı müsabiqəsinə yekun vurulub
Dünən
“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cü ildönümü münasibətilə
ümumtəhsil məktəbləri və peşə liseylərinin
şagirdləri arasında təşkil olunan inşa yazı
müsabiqəsinin nəticələrinə dair mərasim
keçirilib.
Tədbirdə
çıxış edən təhsil naziri Misir Mərdanov
bildirib ki, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər
Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə
artıq 6-cı ildir ki, təşkil olunur. Onun sözlərinə
görə, 3 mərhələdə keçirilən
müsabiqəyə peşə liseylərinin və ümumtəhsil
məktəblərinin VII-XI sinif şagirdləri
qatılıb: “İnşa yazı müsabiqəsinin məktəb
və rayon (şəhər) mərhələlərinə 700
minədək məktəbli qatılıb. Yekun mərhələnin
iştirakçılarının inşa yazıları Təhsil
Nazirliyi tərəfindən yaradılan komissiya tərəfindən
qiymətləndirilib. Müsabiqə
iştirakçılarından 5 nəfər I, 8 nəfər
II, 13 nəfər III, 54 nəfər isə həvəsləndirici
yerlərə layiq görülüb. İnşa
yazılarında məktəblilərin ulu öndər
haqqında fikir və düşüncələrini
özünəməxsus səmimi hisslərlə, həm də
bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz
ehtiram duyğuları ilə ifadə etdikləri bildirilib. Təhsil
naziri onu da qeyd edib ki, müsabiqənin respublika mərhələsində
iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli
lider Heydər Əliyevin şərəfli həyat yoluna,
parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə
aid inşa yazılarının “Heydər Əliyev məktəblilərin
gözü ilə” adı altında ayrıca kitab şəklində
nəşr olunub qaliblərə və onların oxuduqları
məktəblərə hədiyyə edilməsi artıq bir ənənəyə
çevrilib. Bu il də ənənəyə sadiq qalaraq
hazırlanan kitab qaliblərə təqdim olunacaq”.
Yeni Azərbaycan Partiyası sədrinin müavini və icra katibi, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. O, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. Ə.Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, bu vaxta kimi müsabiqədə qalib gələn 22 gənc bu təqaüdlərə layiq görülüblər. Bu il də müsabiqədə qalib gələn gənclərə 4 il ərzində hakim partiyanın müəyyənləşdirdiyi təqaüd veriləcək.
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu məsələnin ölkə başçısı cənab İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq onların pulla mükafatlandırılacaqlarını bildirib. Belə ki, müsabiqədə I, II və II yer qazanan hər kəsə 200 manat, həvəsləndirici yer tutanlara isə 100 manat pul mükafatı verilib.
Heydər Əliyev Fondunun təmsilçisi İlqar Mustafayev Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Heydər Əliyev Fondunun prioritetlərindən birinin də təhsil sahəsi olduğunu deyən İ.Mustafayev Fondun təşəbbüsü ilə təhsillə bağlı həyata keçirilən layihələrdən söz açıb. O bu müsabiqənin də əhəmiyyətli layihələrdən biri olduğunu deyərək bildirib ki, Fond rəhbərinin qərarına əsasən bu müsabiqə qaliblərinin hər biri Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə təhsildə tətbiq olunan yeniliklərdən danışıb. O bildirib ki, Təhsil Nazirliyi ilə hər zaman birgə əməkdaşlıq edilir və 84 azərbaycanlı gəncin xaricdə təhsil almasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzarət edir.
Sonra I, II, III yerlərin qalibləri olan 26 nəfər və Fəxri fərmana layiq görülən 54 nəfər səhnəyə dəvət edilib. I, II, III yerlərin qaliblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olunub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 8 may.- S.7.