Sözümüzün
Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”
zirvəsi
Bəşər
tarixində xüsusi mərhələ təşkil edən XX
əsr yalnız inqilabi çevrilişləri,
insanlığın iki dünya müharibəsi ilə
qarşılaşması, bəşər övladının
yer orbitindən kənara çıxması, super güclər
tərəfindən yer kürəsinin siyasi xəritəsinin
bir neçə dəfə yenidən çəkilməsi,
xalqlara və ölkələrə yeni xarakterli qorxu və fəlakət
gətirən atom enerjisinin əldə edilməsi ilə səciyyələnmir,
eyni zamanda insana və həyata son dərəcə doğma
olan bir ədəbiyyata rəvac verməsi, Tanrı bəndələri
ilə C.London, E.Heminquey, N.Hikmət, R.Taqor kimi dahi
yazarların dilində danışması, söz sənətinin
məcrasının dini və irqi ayrıseçkilik qoymadan
birbaşa bütün ali yaradılışların mənəvi
dünyasına yönəldilməsi ilə yaddaşlarda yer tutur.
XX əsrin Azərbaycan xalqına, həmçinin bəşəriyyətə
bəxş etdiyi ədəbi şəxsiyyətlər
sırasında isə böyük demokrat Cəlil Məmmədquluzadənin
öz məqamı vardır. Əlbəttə, Cəlil Məmmədquluzadənin
təqdim etdiyi ədəbiyyat və jurnalistika özünəqədərki
bədii-estetik fikirlə müqayisədə qeyri-adiliyi ilə
seçilir. Bununla belə, həmin qeyri-adiliyin nüvəsində
ilahi bir adilik, sadəlik dayanır.
Bir əsrdən artıq zamandır ki, Azərbaycan elmi-ədəbi təfəkkürü böyük Mirzə Cəlil Məmmədquluzadə sənətinə, “Molla Nəsrəddin” ədəbi məktəbinə məxsus möhtəşəmliyin, monumentallığın, ucalığın, əbədiliyin sirrini öyrənməyə çalışmaqdadır. Və bəllidir ki, zaman-zaman Mirzə Cəlil, yaxud “Molla Nəsrəddin” sənətinin aliliyi dini fanatizmə, mənəvi aşılanmaya, qadın hüquqsuzluğuna, cəhalətə, elmsizliyə, mütləqiyyətə, ruslaşdırma siyasətinə, beynəlxalq imperializmə qarşı mübarizə ilə əlaqələndirilmiş və bu cəhətlərin hər biri çoxsaylı faktik materiallarla təsdiqlənmişdir. Bununla belə, fikrimizcə, Mirzə Cəlil, yaxud “Molla Nəsrəddin” sənətinin ölməzliyi həqiqətə və eyni cəhətdən Tanrıya daha yaxın olması ilə bağlıdır. “Qədim yunan fəlsəfəsinin Makedoniyalı Aleksandrı” adlandırılan Aristotel həqiqətə vurğunluğunu müəllimi Platon faktoru ilə müqayisədə belə ifadə etmişdir: “Platon mənim üçün əzizdir, ancaq həqiqət daha əzizdir.” Bəli, Azərbaycan ədəbiyyatı və jurnalistikası tarixində Cəlil Məmmədquluzadənin adı ilə bağlı ədəbi mərhələnin, ədəbi cəbhənin, ədəbi cərəyanın əsas səciyyəvi keyfiyyəti həyati gerçəklikləri örtüksüz və bəzəksiz, yəni olduğu kimi, həm də söz sənətinin bəşəri prinsiplərinə sadiqliklə əks etdirməsindədir. Başqa sözlə, Cəlil Məmmədquluzadə Şeyx Nizaminin gerçək görmək istədiyi utopiyasına, Nəsimi, Xətai, Füzulilərin ilahi eşqinə, Sədilərin təsəvvüf fəlsəfəsini bütün insanların həyat dərsinə çevirmək arzusuna, Vaqiflərin real sevgisinə hörmət və ehtiramını bildirsə də, utopik xəyalpərəstliyə aşiq olmadı, həqiqətə çatmaq üçün şəriət, təriqət, mərifət yolunu tutmadı, yalnız gözəlləmələr yazmaqla kifayətlənmədi, Novruzəliləri, Məhəmmədhəsən əmiləri, Usta Zeynalları real mühit və ictimai təfəkkür şəraitində heç zaman qovuşa bilməyəcəkləri İlahi Həqiqətə çatmaq xülyasından ayırıb, onları gerçək Həqiqətlə üz-üzə gətirdi. Həm də qüdrətli yazıçı insanları həqiqətə qovuşdurmaq işində vaxtilə qədim yunan filosofu Sokratın sığındığı “Özün özünü dərk et” prinsipindən qaynaqlandı. Cəlil Məmmədquluzadə qüdrətli qələmi və “Molla Nəsrəddin” jurnalı vasitəsilə məhz Tanrı tərəfindən verilən dahilik nəticəsində reallaşdırılması mümkün olacaq böyük missiyalar həyata keçirdi ki, Azərbaycan elmi fikri də elə zaman-zaman həmin missiyaları mənalandırmaqdadır. Budur, akademik İsa Həbibbəyli birbaşa Cəlil Məmmədquluzadə dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalının məqamını məhz dünya ədəbiyyatı və jurnalistikası müstəvisində dəyərləndirməyin zəruriliyini nəzər nöqtəsinə çəkərək yazır: “Özünün dərin ideya-məzmununa və yüksək mübariz keyfiyyətlərinə, bənzərsiz forma və üslubuna görə “Molla Nəsrəddin” jurnalı Qərbin də ən şöhrətli, adlı-sanlı mətbuat orqanları ilə yanaşı dayanmaq, bərabər səviyyədə təmsil olunmaq imkanlarına malikdir. Belə demək mümkündür ki,“Molla Nəsrəddin” Azərbaycanda Qərb standartları ilə nəşr olunan mükəmməl Şərq jurnalı, yaxud hər iki qütbün sintezindən yoğrulmuş ilk Avrasiya dərgisidir. Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikri Qərb müstəvisi səviyyəsinə “Molla Nəsrəddin” jurnalı vasitəsilə çıxarılmışdır”.
Şübhəsiz ki, Cəlil Məmmədquluzadənin ali bir təvazökarlıqla söylədiyi “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” müddəasını metafizika, materializm, darvinizm və bütün “izm”lərə yekun vuran idealizm prinsipləri ilə mənalandırmaq mümkündür. Lakin inkaredilməz faktdır ki, ədəbiyyatımızda tənqidi realizm öz hegemonluğu, “Molla Nəsrəddin” ədəbi cəbhəsi və məktəbi mövcudluğu, eyni zamanda təkrarolunmaz uğurları baxımından qeyd-şərtsiz Mirzə Cəlil dühasına borcludur. Razılaşmaq lazımdır ki, Azərbaycan ədəbiyyatının son minillik tarixində Cəlil Məmmədquluzadə kimi ilk qələm təcrübəsi ilə bir neçə yeniliyə imza atan müəllif çox deyil. Söhbət 1889-cu ildə 20 yaşlı kənd müəlliminin yazdığı “Çay dəsgahı” əsərindən gedir. Mirzə Cəlilin bu ilk əsərini bütün Azərbaycan ədəbiyyatı müstəvisi fonunda dəyərləndirən akademik İsa Həbibbəyli yazır:
“1. “Çay dəsgahı” Azərbaycan ədəbiyyatında birinci alleqorik dramdır.
2. İlk mənzum dram əsəridir.
3. Uşaq pyeslərinin ilk nümunəsidir.
4. Əsərdə sosial ədalət və mənəvi təmizlik ideyası ifadə olunmuşdur.
Padnosun ilk monoloqu müəllifin humanist mövqeyini aşkar nəzərə çarpdırır... İlk əsərində “kimdir günahkar” kimi ciddi bir suala cavab axtarması C.Məmmədquluzadənin yaradıcılıq nailiyyəti hesab oluna bilər.”
Tamamilə haqlı olaraq “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasında yeni bir mərhələnin başlanması iddia edilməkdədir. Bununla belə, “Molla Nəsrəddin” jurnalına qədər də böyük Mirzə Cəlil öz sözünü demiş, öz mövqeyini bildirmişdir. Əlbəttə, “Çay dəsgahı” əsərində müəllifin cəmiyyətdaxili ictimai proseslərə realist münasibəti göz önündədir. Lakin yaşadığı cəmiyyətdə insanların dünyabaxışlarını, həyat tərzlərini, inanclarını bütün tərəfləri ilə nəzərə alan Cəlil Məmmədquluzadə artıq söz sənətində alleqoriyaya belə lüzumsuz vasitə kimi baxmış, “Kişmiş oyunu” pyesi (1892), “Danabaş kəndinin əhvalatları” povesti (1894), “Poçt qutusu” (1903), “Usta Zeynal” (1905) hekayələri ilə yeni realist ədəbiyatın şedevr örnəklərini təqdim etmişdir. Təsadüfi deyil ki, bu əsərlərin hər biri özlüyündə Azərbaycan ədəbiyyatının ciddi uğuru sayılmaqdadır. Başqa sözlə, elmi ictimaiyyət “Poçt qutusu”nun yeni çağa və yeni insana çağırışın ilk mükəmməl hekayəsi, ...Azərbaycanda kiçik hekayə janrının ilk böyük proqramı“ (akademik İsa Həbibbəyli), “Danabaş kəndinin əhvalatları”nın həm ideya, məzmun, həm də bədii idrak və inikas xüsusiyyətlərinə görə ədəbiyyatımızda nadir hadisə” (professor Xalid Əlimirzəyev) olması fikirləri ilə birmənalı şəkildə razılaşmaqdadır.
Xatirələrdə böyük ədibin məqam
tapdığı vaxtlarda əsasən “Səfillər”i (Viktor
Hüqo) mütaliə etməsi faktı ilə
qarşılaşırıq. Və dahi yazar öz
yaradıcılığı ilə sanki dünya ədəbiyyatına
“Səfillər”in Şərq modelini təqdim etmişdir. Lakin məşhur əsərində Viktor Hüqonu əsasən
Fransanın dünəni, bu günü və sabahı
düşündürmüşsə, Azərbaycan
xalqının böyük oğlu olaraq Mirzə Cəlil
bütün bəşəriyyətin taleyinə
narahatlığını qələmə
almışdır. Məhz bu baxımdan Cəlil Məmmədquluzadə
sənəti Azərbaycan bədii fikrini təmsil etməklə
yanaşı, dünya ədəbiyyatının ən mütərəqqi
hadisələrindən biridir. Böyük ədibin
yaradıcılığını məhz bu cəhətdən
dəyərləndirən Çingiz Aytmatov yazır: ”Cəlil
Məmmədquluzadə türkdilli xalqların ədəbiyyatlarının
yaratdığı nəsrdə çox mühüm bir
simadır. O, müasir
realist yazı üslubunun, müasir nəsr formalarının
banilərindən biridir. Heyrətli
yığcamlıq, sadəlik və qüvvət onun nəsrinin
əsas xüsusiyyətlərindəndir. Bunu biz
“Danabaş kəndinin əhvalatları” povestində, bir silsilə
hekayələrində, xüsusən kamil formaya malik olan
“Poçt qutusu”, “Kişmiş oyunu” kimi hekayələrində
duyuruq. Bax, hekayəni bu cür yazarlar! Komediya,
faciə və dram ünsürlərini üzvü şəkildə
birləşdirən “Ölülər” pyesi nə qədər
gözəl və cazibədardır. İndiki
halda Azərbaycan xalqı görkəmli sənətkarı və
maarifçisi Cəlil Məmmədquluzadənin vasitəsilə
elə bil ki, dünya bədii ədəbiyyatında
qazandığı nailiyyətləri yenidən bəşəriyyətə
açıb göstərir.”
Cəlil
Məmmədquluzadə irsinin estetik dərkində
“Ölülər” tragikomediyası, “Anamın kitabı”
dramı, “Kamança” pyesi, həmçinin ədibin “Usta
Zeynal”, “Qurbanəli bəy”, “Quzu”, “İranda hürriyyət”
kimi hekayələri xüsusi dəyərə malikdir.
Cəlil Məmmədquluzadənin Azərbaycan
dramaturgiyasına bəxş etdiyi ən dəyərli töhfələrdən
biri “Anamın kitabı” pyesidir. Şübhəsiz ki,
“Anamın kitabı” Mirzə Cəlil
yaradıcılığında, eləcə də söz sənətimizdə
azərbaycançılıq ideyasının daha dolğun
ifadəsi olmaq baxımından örnək sayılacaq ədəbi
nümunələr sırasındadır.
“Anamın kitabı” pyesinə birbaşa müəllif
mövqeyindən yanaşan Məmməd Cəfər elmi fikrin
diqqətini əsərdə xalq və ziyalı, Vətən
və vətəndaş probleminin qoyuluşu və həllinə
yönəltmişdir.
Milli ədəbiyyat və jurnalistikamızın “Molla Nəsrəddin”lə
başlayan yeni tarixi mərhələsi tənqidi realizmin
vüsəti, mətbuatımıza karikaturanın gəlişi,
cəmiyyəti tənəzzülə aparan hər cür
ictimai nöqsanların tənqidi ilə səciyyələnməkdədir. Bəli, “Molla
Nəsrəddin” ədəbiyyatımızda yeni bir məktəb
yaratdı və o məktəb özündən sonrakı
söz sənətinin inkişaf istiqamətlərini müəyyənləşdirdi.
XX əsr boyu Azərbaycan yazarları hansı ədəbi
cəbhəni təmsil etmələrinə baxmayaraq məhz
mollanəsrəddinçiləri böyük ustad olaraq dəyərləndirdilər.
Bütün bu məqamları nəzərə alan
görkəmli ədəbiyyatşünas Mir Cəlal
jurnalın Azərbaycan ədəbiyyatı tarixindəki
mövqeyini belə mənalandırmışdır:”Haqlı
olaraq yeni dövrün Azərbaycan ədəbiyyatını
böyük ədibin adı ilə “Molla Nəsrəddin
dövrü” ədəbiyyatı adlandırırlar. Molla Nəsrəddin
(Cəlil Məmmədquluzadə) – bu adın özü
maarifçi demokrat ədəbiyyatımıza sima və sifət
verən bir simvol olmuşdur. Bu ad çəkildimi,
ədəbiyyatda siyasi ideyaların çarpışması
dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının
güclü və cəsarətli bir axınla hücuma
keçməsi dövrü təsəvvürdə
canlanmış olur”.
Şübhəsiz ki, Azərbaycan ədəbiyyatı və
jurnalistikası tarixində “Molla Nəsrəddin”in məqamı
dəyərləndirilərkən məcmuənin milli
yaddaş və təfəkkürümüzə gətirdiyi
müqəddəs ideyalar məxsusi nəzərə
alınmalıdır. Bu sırada Vətən sevgisinin tərənnümü,
həmvətənlərin qəflət yuxusundan
oyanışı mollanəsrəddinçiləri daim məşğul
edən ideyalardan olmuşdur.
Ümumiyyətlə,
Vətənin istiqlaliyyətini, Vətən
qardaşlarının hürriyyətini,
azadlığını, tərəqqisini özlərinin həyat
amalına çevirən mollanəsrəddinçilər
insanın mənəvi dünyasında Vətən sevgisindən
müqəddəs hiss olmadığını elan edir, eyni
sevgi səbəbindən saysız-hesabsız təqiblərə
məruz qalır, bununla belə, Vətən
qardaşlarının qəlbini müqəddəs məmləkətə
məhəbbətlə alovlandırırdılar. Təbii ki, bu sırada ilk vəzifə olaraq “müqəddəs
Vətən” məfhumu milli təfəkkürdə gündəmə
gətirilirdi.
Əlbəttə, dünyəvi, yaxud dini elmlərin
yerinə düşünülmüş şəkildə
mövhumatın, cəhalətin, avamlığın,
xürafatın gətirildiyi mövcud cəmiyyətdə
mollanəsrəddinçilərin Vətən sevgisinin təbliğində
öz məqsədlərinə asanlıqla nail
olduqlarını söyləmək həqiqətdən
uzaqdır. Mənəvi saflıqları ilə
öyünüləsi Məmmədhəsən əmilər,
Novruzəlilər, Usta Zeynallar pislikdən, paxıllıqdan, xəbislikdən
uzaq olduqları qədər də müqəddəs Vətən
sevgisindən uzaq salınmışdılar. Bu isə qədim Azərbaycan torpaqlarında Ermənistan
adlı uydurma bir dövlətin yaradıldığı bir
zamanda daha dəhşətli faciə idi. Bir
tərəfdən Vətən sevgisinin nə olduğunu bilməyən
azərbaycanlılar ətalət bataqlığına məhkum
edilir, digər tərəfdən Vətən torpaqları hissə-hissə
mənfur qonşulara bağışlanırdı.
Erməni qədər qəddar düşməni nəzərə
almayan müsəlman din nümayəndələri isə azərbaycanlı
qardaşlarını yenə də mövhumata, cəhalətə
səsləmək peşəsindən əl çəkməmişdilər. Başqa sözlə, Vətən
məsələsi ilə bağlı problemin həllində nə
qədər böyük çətinliklərin olduğunu
“Molla Nəsrəddin” jurnalının 7 iyul 1906-cı il tarixli
14-cü sayında çap edilmiş “Axund ilə
keşişin vəzi” felyetonunda Cəlil Məmmədquluzadə
ürək ağrısı ilə qələmə
alırdı: “Həyətin birində böyük tut
ağacının kölgəsində bir neçə erməni
oturub çörək yeyirdilər. Keşiş
ayaq üstə durub sağ əlini yuxarı qovzayıb
danışırdı. İstəyirdim
keçib gedəm, həmin keşişdən bir söz
eşidib atı saxladım. Keşiş uca səslə
üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” –
erməni dilində “vətən” deməkdir).
... Bu heyndə küçənin bir tərəfindən
müsəlman danışığı eşitdim.
... Molla
Qurbanqulu kəndlilərə deyirdi:
–
Ağacın altında, suyun qırağına bövl etmək
yaxşı deyil; çünki həmzad, əcinnə, şəyatin
insana zərər yetirər. Çaharşənbə,
şənbə və tək günü qəbristana və
hamama getmək olmaz; çünki bu günlərdə əcinnə
və divlər qəbristana və hamama cəm olub qonaqlıq
edərlər və həmin günlər bunların
bayramıdır. İnsanı görsələr,
zərər yetirərlər. Əgər
bir kəsin belə bir qəza başına gəlsə,
durmayıb, gəlsin mənim yanıma, vaxt ikən ona “həft
həsar” duası yazım.”
Mollanəsrəddinçilərin estetik fəlsəfəsində
hürriyyət məsələsinə xüsusi önəm
verilir, insan həyatının mənası sadəcə
yaşamaqda deyil, hürriyyətlə azad yaşamaqda
görülürdü. Bu səbəbdən sözün geniş mənasında
hürriyyət ideyası “Molla Nəsrəddin”də xalqın
müqəddəs amalı səviyyəsində təbliğ
olunmuş, həmçinin zaman, məkan və ictimai
şüur səviyyəsi düzgün qiymətləndirilərək
hürriyyətin milli təfəkkürdə qərarlaşması
sahəsində hələ çox işlərin
görülməli olduğu diqqətə çəkilmişdir.
Maraqlıdır ki, “Molla Nəsrəddin”in tənqid
güzgüsündə fərq qoyulmadan hürriyyətə
düşmən kəsilmiş hər bir təbəqə
nümayəndəsinin satira obyektinə çevrildiyini
görürük. Prinsipcə, bütün cəmiyyət hürriyyətin
düşmənidir: Çerivanski duma seçkilərində
hürriyyətpərvərlərin üstünlük əldə
edərək müsəlman hüquqlarının müdafiəsində
dayanacaqlarından ehtiyatlanır ( “Çerivanski ilə
yoldaşının söhbəti”), Səlyan qazısı
hökumətə təqdim etdiyi layihədə müsəlman
şəriətində hürriyyətin haram olduğunu
bildirir ( “Molla Nəsrəddinin teleqramları”, 1906,¹ 3),
Axıska və Axalkələk bəyləri mitinqdə elmə,
maarifə, azadlığa düşmən olmaq qərarına
gəlirlər (“Molla Nəsrəddinin teleqramları”, 1906, ¹
12). Ən dəhşətlisi isə hürriyyət
adı ilə cəmiyyətin tərəqqisini istəməyən
qüvvələrin bütün mənfur əməllərinə
yüksək səviyyədə sərbəstliklər
verilmişdir (“İranda hürriyyət”, 1906, ¹ 7, 12).
Satirada klassik şeir şəkillərinin özünəməxsus
yer tutması baxımından da Azərbaycan ədəbiyyatı
mollanəsrəddinçilərə minnətdardır. Mollanəsrəddinçilərin
bu xidməti əski Şərq şeiri formalarının məzmunca
yeniləşməsi, hətta bəzi məqamlarda Avropa ədəbiyyatı
və mətbuatına inteqrasiyası ilə nəticələnmişdir.
Məsələn, Azərbaycan ədəbiyyatında
qəzəl formasında parodiya, yaxud müsahibə, eləcə
də satirik təxmis məhz “Molla Nəsrəddin”in nailiyyətidir.
İman CƏFƏROV,
Naxçıvan Dövlət
Universitetinin
Dosenti
525-ci qəzet.- 2012.-
8 may.- S.7.