Jurnalistika IV hakimiyyət rolunda

 

II YAZI

 

Həsən bəy Zərdabi elmin, təhsilin, elmi-texniki tərəqqinin Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətini başa düşərək, “Əkinçi”nin səhifələrində bu problemlərin işıqlandırılmasına xüsusi diqqət yetirirdi. O, Azərbaycan ziyalılarının gənc nəslinə müraciət edərək yazırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir...Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız...Öz qardaşlarınızı əməli-xeyrə vadar edin, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun...Siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.

H.Zərdabi qəzetin mühüm vəzifələrindən birini də oğlan və qızları öz Vətəninin həqiqi vətəndaşları, öz xalqını sədaqətlə sevən alovlu vətənpərvər kimi yetişdirməkdə görürdü. Qəzet gənc oxuculara dəfələrlə xatırladırdı ki, əcdadlarımız sizə gözəl, bərəkətli, zəngin bir dövlət-Vətən torpağı qoyub, “Yer və göydə olan şeyləri sizin ixtiyarınıza verib”, lakin bu misilsiz xəzinədən indi başqaları istifadə edirlər. Bu vəziyyətdən çıxmaq, öz yurdunun əsl sahibi olmaq üçün yalnız elmin nailiyyətlərinə əsaslanmaq, kütlələri maarifləndirmək lazımdır.

Həsən bəy Zərdabi Azərbaycan xalqının başına gələn bir çox bəlaların səbəblərini maarifin, elmin yoxluğunda, təhsilin məhdudluğunda görürdü. O, “Əkinçi”də dərc olunmuş məqalələrinin birində yazırdı ki, bəlalarımızdan və çətinliklərimizdən danışarkən ümumi savadsızlığın heç adını çəkmirik, halbuki bu başlıca səbəbdir.

Bizim mətbuat dilimiz-üslubumuz “Əkinçi” ilə yaranmışdır. İndi həmin qəzetin nömrələrini oxuyarkən H. Zərdabinin və onun məsləkdaşlarının dilinə heyran olmaya bilmirsən: onlar xalqın geniş təbəqələrinin başa düşdüyü sadə, aydın, təmiz ana dilində yazıb-yaradıblar. Açığını deyim ki, indiki qələm əhlinin bir çoxu Həsən bəyin ana dilinə qayğıkeş münasibətindən, onun saflığını və zənginliyini qorumaq uğrunda əzmlə və ardıcıl mübarizə aparmasından çox şey öyrənə bilər.

Bir daha qeyd etmək istəyirəm ki, “Əkinçi” qəzetinin ənənələrini təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.

Burada görkəmli tədqiqatçı Ş. Hüseynov H. Zərdabinin bir jurnalist kimi sosial məsuliyyətini ustalıqla izah etmişdir.

“Görkəmli jurnalist, alim, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin adı xalqımızın maariflənməsi, mənəvi dirçəliş və fikir təkamülü ilə sıx bağlıdır... Xalqımızın maariflənməsi, onun cəhalət və mövhumat yuxusundan oyanması və mədəni inkişaf yoluna düşməsində Zərdabi son dərəcə böyük zehni zəhmət çəkmişdir” (Rüstəmov İ. Həsən bəy Zərdabi. Bakı, 1969). H.Zərdabinin maarifçilik yolunda çəkdiyi zəhmətin sayı-hesabı yoxdur. Hələ Moskva universitetində oxuyarkən onun qarşısında açılan geniş perspektivdən, rahat və dinc həyatdan bilə-bilə imtina edərək Azərbaycan kəndlisinin savadının artmasına az da olsa kömək etmək məqsədilə kənd müəllimi olmaqdan çəkinmədi. Azərbaycanda ilk kitabxananın, xeyriyyə cəmiyyətinin, yeni məktəblər açılmasının təşəbbüskarı və təşkilatçısı oldu. Amma bütün bunlarla belə onun maarifçilik işinin və bütövlükdə yaradıcılığının “şah əsəri – “Əkinçi” qəzeti oldu. Bəs “Əkinçi” hansı ideyalardan doğdu? Bu suala H. Zərdabi tədqiqatçılarından biri belə cavab verir: “...Həsən bəy Zərdabi maarifçiliyi real həyat müstəvisinə qaldırmışdı, onu real ictimai proseslərlə bağlayırdı. Bunun üçün də, o, daha təsirli ideya vasitələri, mütərəqqi ideyalar tribunası axtarırdı. Bu işdə o, məktəbi güclü vasitələrdən hesab edirdi. Artıq özü də müəllimlik fəaliyyəti ilə məşğul idi. Daha sonra H.Zərdabi “Xeyriyyə” cəmiyyətini yaratdı. Bu da ilk cücərti olaraq faydalı idi. Lakin bu da kifayət deyildi. O, mühüm bir vasitə kimi teatra əl atdı... Etiraf etməliyik ki, göstərdiyimiz bu vasitələr H.Zərdabinin aşıb-daşmaqda olan maarfçilik ideyalarının, onun mövhumat və cəhalətə qarşı apardığı və aparmalı olacağı mübarizənin ağır yükünü öz üzərində daşıya bilmirdi... Belə bir şəraitdə H.Zərdabi öz ümidini çox güclü vasitə olan mətbuata, qəzetə bağladı” (Rüstəmov İ. Zərdabi irsinin şah əsəri: – “Əkinçi”. “Əkinçi”dən “Həyat”a məqalələr toplusu. Bakı, 2000). H. Zərdabi özü sonralar həmin dövrü və “Əkinçi”ni ortaya qoyan zərurəti xatırlayaraq yazırdı: “Bizim sabiq cəmiyyət – xeyriyyə bina tutmadığından (baş tutmadığından – C.M.) teatr oynanan otaq boş qaldığından (teatra tamaşaçı gəlmədiyindən – C.M.) aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib zəmanəyə müvafiq məktəbxanələr açdırıb küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq... Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil... Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoyasan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə mən onları necə görüm və görmək mümkündürmü?.. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstündə yazılmış o doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilməsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri ilbəil artar, axırda o bənd ki, suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar” (Zərdabi H. Rusiyada əvvəlimci türk qəzetəsi. “Həyat” qəzeti, 1905, ¹129). Bizcə, H.Zərdabinin maarifçilik işində qəzetin roluna verdiyi bu qiymətin artıq şərhə ehtiyacı yoxdur.

“Əkinçi” özündən sonrakı Azərbaycan mətbuatı üçün məktəb rolunu oynamışdır. Professor Şirməmməd Hüseynov hələ 1990-cı illərin əvvəllərində yazırdı: “Respublikanın jurnalist ordusu, hər bir redaksiya kollektivi, hər bir qələm sahibi jurnalistikamızın “Əkinçi” ilə başlayan tarixi keçmişinə, qüdrətli jurnalist və publisistlərimizin yaradıcılığına, bir sözlə, keçdiyimiz yola varislik hissi ilə nəzər salmalı, bu günün və gələcəyin yolunu, vəzifələrini müəyyənləşdirməlidir. Əlbəttə, tarixə nəzər salmaq ondan kül deyil, od götürməyi bacarmaq deməkdir.

“Əkinçi” qəzeti öz təcrübəsi ilə tarixdən “od götürməyə” çoxlu fakt verir. Azərbaycan mətbuatı bu mənada “Əkinçi” dayaqları üzərində durmuşdur. Bu dayaqların banisi özü elə o vaxt “Əkinçi”ni dünyanın önəmli qəzetləri ilə müqayisə edərək yazırdı: “Dünyada hər bir qəzeti beş, ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsirini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur”.

H.Zərdabi bütün bu əzabları, əziyyətləri məhz jurnalist məsuliyyəti, cəmiyyət qarşısında jurnalistin öhdəliyi kimi qəbul edirdi.

“Əkinçi”dən sonra yaranan mətbuat və bu mətbuatın yaradıcıları jurnalistikanı həmişə məktəblə, kafedra ilə müqayisə etmişlər. C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə və digər bir çox ictimai xadim və ziyalı mətbuatın maarifçilik rolunu yüksək qiymətləndirmişlər. M.Ə.Rəsulzadə yazırdı: “Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur” (Rəsulzadə M. Ə.. Əsərləri, II cild, Bakı, 2001).

Bəs mətbuat bu böyük missiyanı necə yerinə yetirir. Bu yerdə yenə də jurnalistin sosial məsuliyyəti öz işini görür: cəmiyyətin informasiyalaşdırılmasında daşıdığı məsuliyyət.

Qeyd edək ki, jurnalistin sosial məsuliyyəti sahəyə məxsus peşə etikasının və sahənin hüquqi əsaslarının da tərkib hissəsidir.

M. Ə. Rəsulzadə göstərirdi ki, “mətbuat millət fərdilərinin, jurnalistlərin fikirlərini cəmiyyətə çatdırandır...O, dövrünün mədəniyyət carçısıdır...O, müxtəlif fikirləri yaymaqla milləti bütün siyasi və iqtisadi sahələrdə məlumatlandırmalıdır...Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyanın altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir”. Bu vəzifələri yerinə yetirmək üçün mətbuata azadlıq, hüquq verilməlidir. Demokratik dəyərlərə hörmət etməyən hakimiyyət dövründə azad mətbuat olmur. Jurnalistlər mətbuatın inkişaf tarixi boyu özünü azad ifadə uğrunda mübarizəyə girişmişlər. Bu mübarizənin nəticələri göz qabağındadır.

Təsadüfi deyil ki, bütün dünyada jurnalistikanın inkişafı bir sıra mərhələlərdən – avtoritar, totalitar etaplardan keçərək mətbuatın sosial mətbuat modelinə can atmış və buna nail olmuşdur. Mətbuatın libertarian, yaxud, azad iradə nəzəriyyəsi sosial məsuliyyətin başlanğıc nöqtəsidir.

Məlumdur ki, insan cəmiyyətinin inkişafı və dünyada maariflənmə prosesinin sürətlənməsi (yenə də mətbuatın təsiri ilə) avtoritar rejimin dayaqlarını sarsıtmağa başladı.

Belə şəraitdə, əlbəttə, jurnalist həm də özünün sosial məsuliyyətini daha dərindən dərk edir və cəmiyyət qarşısında öhdəliklərini bir daha xatırlamağa məcbur olur.

Tirajlanan söz çox böyük məsuliyyət tələb edir. Cəmiyyət üçün ictimaiyyət üçün nəzərdə tutulan sözə məhdud dairədə deyilən sözdən dəfələrlə artıq məsuliyyətlə yanaşılmışdır. Bu məsuliyyət kateqoriyasına həqiqət və obyektivlik, vicdanlılıq və alicənablılıq, bəşəri dəyərlərə sədaqət, peşə həmrəyliyi, şəxsi həyata hörmət, qərəzsizlik, təmizlik kimi keyfiyyətlər daxildir.

XXI əsrdə jurnalistikanın böyük bir hissəsi biznes maraqlarına daxil olduğu halda bütün bunlara əməl etmək o qədər də asan deyil. Əlbəttə, bu keyfiyyətlərə məsuliyyətsiz yanaşan biznes jurnalistikasını çox ciddi iflas prosesi gözləyir. Lakin bununla belə KİV-in özəl sektorunun biznes marağı jurnalistin sosial məsuliyyətilə bağlı klassik baxışlara yeni dövrdə bəzən etinasız münasibətdən də imtina etmir.

Çünki başqa sahələrdə olduğu kimi, informasiya biznesi də iqtisadi inkişafın qanunauyğunluqlarına məruz qalır. Uzun müddət jurnalistin sosial məsuliyyətini, onun cəmiyyətə təmənnasız xidmət institunun əməkdaşı kimi fəaliyyətini daha çox təqdir edən KİV-in sosial məsuliyyət nəzəriyyəsinin tərəfdarları da artıq 1980-ci illərdən qəzetin iqtisadi müstəqilliyinin yeganə yolunu onun özünün kommersiya qazanclarında axtardılar. Azərbaycan mediası da 1990-cı illərdən başlayaraq KİV-in özəl sektoruna, biznes üsuluna üstünlük verdi. Beləliklə, jurnalistin sosial məsuliyyəti problemi yeni təkanla ortaya çıxdı. İndi demokratik ölkələrdə, xüsusilə söz və mətbuat azadlığının xeyli təmin olunduğu Qərb ölkələrində də KİV-in özəl sektorunda jurnalistin sosial məsuliyyət hissini qoruyub saxlaya bilməsi birmənalı olaraq müsbət cavablanmır.

Ona görə də, məsələn, təsadüfi deyil ki, çox ciddi demokratiya institutu hesab edilən Avropa Şurası bu quruma daxil olan ölkələrdə ictimai televiziya kimi heç bir hakimiyyətin, heç bir siyasi qüvvənin, heç bir qrupun ayrıca, korporativ maraqlarına tabe olmayan, yalnız cəmiyyətin maraqlarını nəzərdə tutan ictimai televiziya kimi bir KİV nümunəsinin yaradılmasını bu quruma üzv olan ölkələr qarşısında ciddi öhdəlik qoymuşdur.

Lakin hansı sektorda fəaliyyətindən asılı olmayaraq jurnalistin sosial məsuliyyəti bizim çağda da özünü göstərməkdə və inkişaf etməkdədir.

 

 

Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 8 may.- S.6.