Hüseynbala Mirələmov: “Mənəviyyatımızı
işğal etməkdə olan
yabançı meyllərin fəsadları Qarabağ
müharibəsinin vurduğu zərbədən
daha təhlükəli ola
bilər”
Müsahibimiz millət vəkili,
yazıçı Hüseynbala Mirələmovdur
–Hüseynbala
müəllim, bir millət vəkili, bir söz adamı və
bir vətəndaş olaraq, bəşər mədəniyyətinin
yaranmasında, onun tərəqqisində mühüm yerə
malik olan, həmçinin təkrarsız təbiəti,
iqtisadi potensialı ilə seçilən Azərbaycanın
dünya düzənindəki indiki və gələcək
perspektivləri barədə nə
düşünürsünüz?
–
İlk öncə qeyd edim ki, hazırda ölkəmiz
dünyanın ən böyük enerji layihələrinin həyata
keçirildiyi bir ölkə kimi nəinki özünün,
eyni zamanda mənsub olduğu Qafqaz və Xəzər regionunun
dünya birliyinə inteqrasiyasında mühüm rol
oynayır. Bu gün Azərbaycan dünyaya işıq bəxş
edən müqəddəs bir məkandır. Xəzər dənizindən
Avropaya uzanan neft kəmərləri dünyaya işıq, nur
daşıyır.Qlobal siyasətdə dünyanın ən
önəmli geopolitik mərkəzlərindən biri hesab
olunan qədim Odlar Yurdu dünya birliyinə təkcə maddi sərvətləri
ilə deyil, həm də zəngin mənəvi sərvətləri
ilə inteqrasiya olunmaqdadır. Qərblə Şərqin
qovuşuğunda yerləşən Azərbaycan və onun
paytaxtı Bakı bir çox dövrlərdə milli mədəniyyətin
klassik nümunələri ilə dünya mədəni irsinə
layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu
gün Bakı Şərqin bütün gözəlliklərini
özündə əks etdirən Qərb şəhəri
kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən
Şərq paytaxtı kimi qəbul olunur. Təsadüfi deyil
ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan edildi. Həmin ilin martında Bakıda
keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam
Festifalı bu klassik sənətin müasir
ifaçılarını bir araya gətirdi, Şərq və
Qərb mədəniyyətlərinin təmasında
mühüm hadisə oldu. Ötən il Bakıda Mədəniyyətlərarası
dialoqa həsr olunmuş ümumdünya forumunda Azərbaycan
Prezidenti İlham Əliyev 2018-ci ildə Azərbaycanın qədim
şəhəri Naxçıvanın İslam mədəniyyətinin
paytaxtı elan edilməsinin gözlənildiyini qeyd edərək
dedi ki, “müsəlman ölkələri arasında Azərbaycan
bir çox uğurlara imza atıb. Azərbaycan
qadınları müsəlman Şərqində ilk dəfə
səsvermə hüququ qazanıb. Şərqin ilk operası
Azərbaycanda yazılıb. Azərbaycan həmçinin
müəyyən mədəni və siyasi ilklərə imza
atmış ölkədir. Azərbaycan həm də Avropa
Şurasının üzvüdür və bu onu göstərir
ki, Qərblə Şərqi, iki sivilizasiyanı birləşdirə
biləcək ölkələrdən biridir...
–Axı,
bir məsələ də var ki, ölkəmiz 24 ilə
yaxındır , müharibə vəziyyətindədir və
müharibə hələ də həll olunmamış
qalır...
–Doğrudur,
hələ də zəngin torpaqlarımız işğal
altındadır. Ancaq bununla belə, hamımızda bir daxili əminlik
var ki, torpaqlarımızı erməni faşistlərinin
işğalından azad edəcəyik. Bu inamı isə bizə
mənəvi gücümüz, iqtisadi potensialımız diktə
edir. Lakin ən təhlükəli müharibə mənəviyyatda
gedən müharibədir. Biz yad təsirlərin mənəvi
işğalına məruz qalmamalıyıq. Mənəviyyat
dedikdə, ilk növbədə insanın və cəmiyyətin
mənəvi dəyərləri və ənənələri,
dini baxışları, vətənpərvərliyi və
qeyri-maddi mədəniyyətə münasibəti başa
düşülür. Azərbaycan müsəlman ölkəsidir.
Çox təəssüf ki, son vaxtlar bəzi dövlətlərdə
“müsəlman”, “İslam” terminlərini mənfi mənada
işlədirlər. Bu onu göstərir ki, cəmiyyətdə
və beynəlxalq aləmdə mənəvi ekoloji tarazlıq
pozulub. Onu da deyim ki, mənəviyyatın ekologiyası
insanın şəxsiyyət kimi formalaşmasına son dərəcədə
güclü təsir edir. Azərbaycan İpək yolunun
üstündədir. Ümummilli lider Heydər Əliyevin
uzaqgörənliyi və iradəsi sayəsində tarixi İpək
yolunun bərpası ideyası reallığa çevrildi.
2020-ci ilədək Böyük İpək yolu dünyanın
bütün turistlərinin üçdə birini qəbul edə
bilən marşruta çevriləcək. Demək, ölkəmiz
təkcə coğrafiyasına görə deyil, həm də
mədəniyyət və düşüncə
aktuallığına görə Şərqlə Qərb
sivilizasiyalarının ortaq məkanı, vəhdət ərazisidir...
–Burada
bir faktı heç cür danmaq olmaz ki, İpək yolu ilə
Azərbaycan iqtisadiyyatının dirçəlişinə təkan
verəcək imkanlarla yanaşı, elə bu yolla da mənəviyyatımıza
yad təsirlərin, daha qorxulu meyllərin ayaq açması
da qaçılmazdır...
–Bilirsiniz,
sağlam mədəni-mənəvi mühit
formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində
heç də asan məsələ deyil. Azadlıq və
demokratiya adı altında böhtana və şantaja rəvac
verənlər unutmamalıdırlar ki, cəmiyyət gec-tez
ağı qaradan seçə bilir. Mənəviyyatımızı
işğal etməkdə olan yabançı meyllərin fəsadları
Qarabağ müharibəsinin vurduğu zərbədən daha
təhlükəli ola bilər. Ona görə də mənəviyyat
ekologiyasının qorunması müasir dövrün ən
qlobal problemlərindən biridir. Bayağı mədəniyyətlərin
ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi
mühitimizə yabançı olan təsirlərin gücləndiyi
bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini
öyrənmək və lazım gəldikdə həyəcan
təbili çalmaq lazımdır.İstər qədim Azərbaycan
eposlarında, istərsə müasir ədəbiyyat nümunələrində
dərin əxlaqi-mənəvi keyfiyyətlər dönə-dönə
tərənnüm edilir, böyük insani nəsihətlər
verilir. “Kitabi-Dədə Qorqud”, dahi Azərbaycan şairi və
filosofu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”,
“İsgəndərnamə”si, məşhur astronom və filosof
Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, İmadəddin Nəsiminin,
Məhəmməd Füzulinin əsərlərində
söylənilən dərin fikirlər etik təfəkkürün,
əxlaqi-mənəvi dayaqların o dövrlərdə və
sonrakı zamanlarda da cəmiyyətdə möhkəmlənməsinə
xidmət göstərib. Bədii və müdrik sözün
qüdrətiylə təsdiq etmişlər ki, uğurlu gələcəyin
yolu mədəniyyətdən, bilik, elm və yaxşı tərbiyədən
keçir...
–Bu
yerdə onu da qeyd etmək lazımdır ki, bu, həm də bəşəri
problemdir...
–Açıq
şəkildə qeyd etməliyəm ki, azadlıq və
demokratiya adı altında həqiqətin tam inkarına rəvac
verənlər abır-həya etmədən özlərinin
kimliyini unudurlar. Əli ibn Əbu Talibin də dediyi kimi, “həyanın
ən yüksək zirvəsi insanın
özü-özündən həya etməsidir”. Ancaq ən dəhşətlisi
budur ki, belələri xalqlar arasında mənəvi ekologiyaya
ziyan vururlar. Misal üçün götürək elə bir
müddət Fransa Senatı tərəfindən qəbul edilən
və sonradan elə həmin ölkənin Konstitusiya
Şurası tərəfindən rədd edilən qondarma “erməni
soyqırımı”nı inkar edənlərə tətbiq edilən
məlum qanunu. Bu sənədin yalnız Türkiyəyə və
ya türk dünyasına şamil olunduğunu
düşünənlər elə əvvəlcədən
kökündən yanılırlar. Çünki bu
başdansovdu qərar hər şeydən öncə “iradə
azadlığı cinayətdir” fikrinə əsas verir. Məntiqlə
belə çıxır ki, ilk növbədə Fransa
parlamentində bu qanunun əleyhinə olan 70-dən çox
deputat cəzalanmalıdır. Bu düşünülməmiş
və gülünc addım Qərbi Avropada azadlıq və
demokratiya Çarçısı olan bütün dövlətlərin
mənəvi aləmi haqqında formal təsəvvür
yaratmağa əsas verir. Ona görə BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarlığının, ATƏT-in
və Avropa Birliyinin bu məsələ ilə əlaqədər
təşkilatlarının Fransa Senatının qərarı
ilə bağlı vaxtında reaksiya verməməsi və
obyektiv mövqelərini bildirməməsi yolverilməz
haldır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin
ən əsası bizim müqəddəs kitabımız
Qurani-Şərifdə öz əksini tapıb. İslam
etikanı çox yüksəkliklərə qaldırır,
insanların yaşam tərzinin, belə demək
mümkündürsə, mənəviyyat ekologiyasının
bir sıra vacib prinsip və qaydalarını irəli
sürür və təbliğ edir. Bar verən ağacı kəsmək,
insan qanını tökmək ən böyük
günahdır. Babalarımızın bizə
ötürdüyü milli-mənəvi dəyərlərin
çoxu İslamdan götürülüb və İslam da
sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan
İslam dini və Quranla gələnlər dünyanın
sonuna kimi öz müasirliyini itirməyəcəklər. Heydər
Əliyevin milli-mənəvi dəyərlər haqqında
müdrik fikirlərindən birində deyildiyi kimi, “Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Şərifdə
öz əksini tapıb. Ancaq bununla yanaşı, Azərbaycanın
mütəfəkkir insanları, mütərəqqi
insanları, Azərbaycanın böyük şəxsiyyətləri,
Azərbaycanın hörmətli siyasi və dövlət
xadimləri, böyük elm, mədəniyyət xadimləri
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini
yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu,
bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa
mənəvi dəyərlərimizdir”. Milli-mənəvi dəyərlər
adət-ənənələrlə nəsildən-nəslə
ötürülən yazılmamış qayda-qanunlardır,
onların mənfi ünsürlərdən qorunması və
təbliğində yaradıcı insanların rolunu ulu
öndər hələ sovet dönəmində yüksək
qiymətləndirirdi. Heydər Əliyevin fəaliyyətində
də milli tarixə, mədəni irsə qayğı,
xalqın milli ruhunun, qan yaddaşının dirçəldilməsi
mühüm yer tuturdu. Məhz onun himayəsi sayəsində
xalqımızın qəhrəmanlıq tarixini əks etdirən
filmlər kinomuzun əsas mövzusu oldu. “Nəsimi”, “Babək,
“Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində
və sonralar kütləvi surətdə müstəqillik hərəkatına
qoşulmasında böyük rol oynadı. O, milli kökə
bağlı Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd
Araz, İsa Hüseynov, Anar, Elçin kimi istedadlı sənətkarları
daim himayə edirdi. Belə sənətkarlar ədəbiyyatın
milli varlığımızla, dəyərlərimizlə
bağlı mövzularını uğurla işləyib
inkişaf etdirirdilər. O, deyirdi ki, “biz öz milli-mənəvi
dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi
dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında,
yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri
olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”...
–
Yeri gəlmişkən, mənəviyyat ailə, cəmiyyət,
maariflənmə, məfkurəçilik əxlaqi,
ictimai-siyasi və vətənpərvərlik işi vasitəsilə
əldə edilir...
–Bildiyiniz
kimi, vətənpərvərlik insanın öz vətəninə
sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni
dəyərləri üçün qürur hissi keçirməsindən,
doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi
naminə çalışmasından və onun müdafiəsinə
hər an hazır olmasından ibarətdir. Hər bir xalq
milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu
milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz,
dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz,
ədəbiyyat və incəsənətimizdir. Mənsub
olduğu xalqın tarixi keçmişinə, mədəni
irsinə və mənəvi dəyərlər sisteminə
sönməz məhəbbət duyğularıyla yanaşan
ulu öndər vaxtı ilə deyirdi ki, “bizim
hamımızın bir vətəni var – bu, Azərbaycandır.
Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını,
öz dilini, dinini, milli ənənələrini unutmamalıdır.
Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil
ocaqlarında gənclərimizi xalqımızın mənəvi
dəyərləri əsasında tərbiyələndirmək,
mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə
etmək məsələsi mühüm yer tutmalıdır”. Mənəvi
ekoloji problemlər ictimai mühitin əhval-ruhiyyəsinə,
cəmiyyətin maddi-mənəvi sərvətinə, eləcə
də dövlətin və beynəlxalq aləmin müvafiq
qurumlarının fəaliyyətinə maneələr
yaradır. Bəşər həyatı və insanın mədəni
səviyyəsi onun həyat təhlükəsizliyi ilə
ölçülür, siyasi güc, mövqe və sərvət
sahibi olmaq insan zəkasını korşaltmamalıdır. Bəşər
oğlu ağıl və mühakimə
işığıyla hərəkət etməlidir. Mədəniyyətin
dialektikası mənəvi istehsalın xüsusiyyəti ilə
sıx bağlıdır. Yaşadığımız
dövrdə dünyadakı iqdtisadi böhranların səbəbi,
əslində, həm də mənəvi problemlərlə
bağlıdır. Dünyanın bir tərəfində
bazarlar vaxtı keçmiş yeyinti məhsulları ilə
tığ vurulduğu halda, o biri tərəfində milyonlarla
insan açlıqdan və susuzluqdan əziyyət çəkir.
Lokal və qlobal ekoloji tarazlığın pozulması ifrat
istehsal və istehlakın insanın maddi və mənəvi tələbatından
artıq olması və sair dünyanı narahat edir. Mənəviyyatın
ekologiyası ilk növbədə dünya həyatında
harmoniyanın bərpası üçün lazımdır.
21-ci əsr xalqların, sivilizasiyaların, fərqli mədəniyyətlərin
bir-biri ilə qovuşacağı əsr hesab olunur. Qlobal
sivilizasiyaya doğru dünya inkişafı prosesində milli
dövlətlərin rolunun azalması deyil, əksinə,
artması və güclənməsi bu inkişafı
bütün istiqamətlərdə təmin edən
tendensiyadır. Xalqları tanıdaraq məşhurlaşdıran
həm də onların milli mədəniyyəti, milli-mənəvi
dəyərləridir. Qloballaşma tendensiyasının eyni
zamanda xalqların milli-mənəvi dəyərlər sisteminə
yönəlmiş təhdidləri şəraitində bu məsələlərə
əvvəlkindən daha da çox diqqət yetirilməsinin
vacibliyi ortaya çıxır. Azərbaycanda bu reallıq nəzərə
alınmaqla ölkədə uğurla gerçəkləşdirilən
mədəniyyət konsepsiyası təkcə paytaxt Bakıda
deyil, ümumən regionlarda da mənəvi-intellektual yüksəlişi
təmin edir. Nailiyyətlərlə yanaşı, mənəviyyat
sahəsində ölkəmizin qarşısında mühüm
vəzifələr durur.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2012.- 8 may.- S.6.