Qarabağ muzeyləri...
Söz Azadlığını Müdafiə Fondu cari ilin yanvar ayından etibarən Qarabağ muzeyləri ilə bağlı kitabın hazırlanmasına start verib. Məqsəd işğal altında qalan maddi-mədəni irsimizin əsas ana xəttini təşkil edən muzeylər haqqında hərtərəfli şəkildə məlumatları dəqiqləşdirmək və geniş ictimaiyyətə çatdırmaqdır. Bununla yanaşı toplanmış materialların bir neçə dilə tərcümə edilərək yayılması da erməni işğalının miqyasını beynəlxalq auditoriyaya çatdırlmasına imkan verəcəkdir.
Artıq elmi mənbələrin axtarışına başlanılıb, muzey rəhbərlərinə rəsmi fəaliyyət, işğal ərəfəsindəki vəziyyət, fotoşəkillər və işğaldan sonrakı fəaliyyət barəsində məlumatların fonda təqdim edilməsi ilə bağlı müraciətlər göndərilib. Həmçinin görüşlər keçirilib, rəsmi strukturlara müraciətlər ünvanlanmışdır. Görüşlərimiz davam edir. Rəsmi strukturlardan da cavablar gəlməkdədir.
Beləliklə, axtarışlarımız davam edir...
Bir neçə cümlə ilə qısa şəkildə son aylardakı fəaliyyətimizi işıqlandırmağa çalışdıq. Prosesi təhlil etdikdə fondun çox məsuliyyətli bir işin altına girdiyini görmək olar.
Əldə etdiyimiz materiallardan bəzi məqamları oxucuların da diqqətinə çatdırmaq istərdik.
İlk növbədə qeyd etməliyik ki, işğal altında olan maddi-mədəni irsimizin indiyədək siyahılaşdırılmaması təəssüf hissi doğurur. Belə ki, ötən iyirmi il ərzində nə işğal altında qalan maddi-mədəni irsimizin tərkib hissəsi sayılan muzeylərin siyahısının, nə də ki, eksponat fondu haqqında dəqiq bilgilər yoxdur. Bununla bağlı apardığımız araşdırmalardandan məlum olan odur ki, bu gün ortada müxtəlif rəqəmlər səslənməkdədir. Yəni, muzeylərin sayı 16-dan 22-dək dəyişir, eksponat fondunun həcmi isə 40 min-100 min arası göstərilir. İlkin araşdırmalar göstərir ki, əsl rəqəmlər bundan qat-qat artıqdır.
Mədəniyyət və Turizm Nazirliyinin internet resursuna nəzər yetirib bizi maraqlandıran muzeylər bölümünü vərəqlədikcə, gördük ki, hələ görüləsi işlərimiz çoxdur. Yəni nazirliyin hazırladığı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan haqqında qısa Arayış”nda göstərilən rəqəmlərlə saytın muzeylər bölümündə verilən məlumatlar bir – birini tamamlamır.
Ümumilikdə, 22 muzeyin və 40 mindən artıq muzey eksponatının erməni işğalı altında qaldığı qeyd edilir.
Onu da əlavə edək ki, nazirliyin muzeylər bölümündə işğal altında olan muzeylərin yalnız 16-sı haqqında ancaq ünvan məlumatları vardır. Bu sırada Zəngilan rayonunda fəaliyyətdə olmuş Daş Heykəllər və Xalqlar Dostluğu muzeyi, Laçın rayonunda fəaliyyətdə olmuş Sarı Aşığın xatirə muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi, Füzuli tarix-diyarşünaslıq muzeyi və Bünyad Sərdarovun ev-muzeyi, Cəbrayıl tarix-diyarşünaslıq muzeyi və Cəmil Əhmədovun ev-muzeyi, Ağdam rayonunda fəaliyyətdə olmuş tarix-diyarşünaslıq, Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi, Qurban Primovun ev-muzeyi və Çörək muzeyi, habelə Şuşa şəhərinin Tarixi muzeyi və Ü.Hacıbəyovun Şuşadakı ev-muzeyi, o cümlədən Xankəndi tarix-diyarşünaslıq muzeyi və Xocalı (Yaloba kənd) tarix-diyarşünaslıq muzeyi yer alıb.
Zəngilan, Kəlbəcər, Laçın, Ağdərə tarix diyarşünaslıq muzeyləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyi, Xocavənd ərazisində olan Hadrut və Martuni rayon taix diyarşünslıq muzeyi, Şuşada Bülbülün ev muzeyi və Mir Mövsüm Nəvvabın xatirə muzeyi, Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi haqqında hər hansı bir məlumata saytda rast gəlmədik. Bundan əlavə olaraq işğaldan sonra fəaliyyəti rəsmiləşdirilən Bala Bəhmənli kənd Tarix-diyarşünaslıq muzeyi də siyahıya salınmamışdır. Sonuncu qeyd etdiyimiz muzey hələlik diyarşünaslıq muzeyləri arasında yeganə muzeydir ki, muzey rəhbərliyi tərəfindən internet resursu hazırlanıb.
Bundan əlavə saytda Zəngilan Daş heykəllər muzeyinin rəsmi statusu olduğu halda, filial kimi göstərilib. Bu günədək Xankəndi, Ağdərə, Xocavənd (keçmiş Martuni və Hadrut) tarix diyarşünaslıq muzeyləri barədə məlumatlar hesabatda öz əksini tapmır.
Müstəqillik qazandığı gündən özünü tolerant bir dövlət kimi dünyaya tanıdan Azərbaycan ərazilərində fəaliyyət göstərmiş bütün muzeylərin bu siyahıya daxil edilməsi məntiqə uyğun sayılmalıdır. Öncə ona görə ki, hər bir muzey və orada sərgilənən eksponat Azərbaycan dövlətinin tarixi sərvətidir.
İkinci təəssüf doğuran məqam isə bu bölümə salınan muzeylər haqqında ünvan məlumatlarının nə ingilis, nə də ki, rus dilində verilməməsidir.
Düşünmək olar ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları nazirliyin yeni hazırlanacaq internet resursunda bu suallara cavab verəcəklər.
Axtarışlarımız davam edir. İşğal altında olan muzeylərin sayı üç rəsm qalereyası da daxil olmaqla artıq 32-ə çatıb. Hazırda muzey fonduna daxil olan eksponatların sayının dəqiqləşdirilmə prosesi gedir. Paralel olaraq yığılmış materialların redaktəsi işini də həyata keçiririk. İstəyimiz odur ki, kənarda hər hansı bir məlumat qalmasın.
Son olaraq qeyd edək ki, Azərbaycanı tanımaq və tanıtmaq hər birimizin borcudur. Bu işin öhdəsindən gec də olsa indi gəlməsək gələcək nəsillər qarşısında cavab verməli olacağıq.
Vüqar Tofiqli,
Söz Azadlığını
Müdafiə
Fondunun icraçı direktoru
525-ci qəzet.-
2012.- 8 may.- S.2.