Musa Yaqub –
tanıdığım kimi...
Şair
olsa da, fəaliyyətinə müəllimliklə
başlayıb, yaradıcı mühitdə bəzi sahələrə
rəhbərlik etdiyi vaxtlar da olub. Partiya-sovet dövründə
plenum üzvü və rayon qəzetinin baş redaktoru kimi həmişə
rəyasət heyətində oturub. Hətta orada da şeir
yazmağı unutmayıb. Ancaq harada olmasından və
oturmasından, hansı vəzifə aparmasından
asılı olmayaraq hər zaman vətəndaş olub, vətəninə,
dövlətinə və qələminə sədaqətlə
xidmət edib... Söhbət bu günlərdə 75 illiyini
qeyd edəcəyimiz görkəmli şair, Söz
Azadlığını Müdafiə Fondunun (SAMF) sədri
Musa Yaqubdan getdiyini, yəqin ki, hiss etdiniz... Mənim Musa müəllimin
şair kimi yaradıcılığına nə qiymət verməyə
gücüm, nə sözüm, nə də qüdrətim
çatar. Odur ki, belə məsuliyyətin altına girmək
fikrim yoxdur. Mən yalnız şəxsiyyət kimi
görünməyən tərəflərini və ya mənim
üçün nəzərə çarpan maraqlı məqamlara
toxunmaq istərdim bu yazıyla. Şairin al qırmızı
çöhrəsində bu yazının heç olmasa təbəssüm
yarada biləcəyimə inanıram. On ilə yaxın bir
müddətdə tanısam da, üç ildir
çiyin-çiyinə çalışırıq Musa
müəllimlə. Həmişə mülayimliyilə
seçilsə də, heç nəyin və heç bir
fikrin belə gözündən yayınmadığını
hiss etmişəm. Yaddaş sarıdan maşallah olsun
yaxşıdır.
İllər
əvvəl baş vermiş hadisəni nöqtəsinə,
vergülünə kimi danışa bilər... Xarakterlərindəki
, bəzən bizə çatmayan, qəribəliklər
bütün yaradıcı adamlara xasdır. Bu məqam Musa
müəllimdən də yan keçməyb... 2005-ci ilin
yanvarında SAMF-la AVCİYA birlikdə BMM-in köhnə
binasında 20 Yanvar hadisələrinə hüquqi qiymət
verilməsinə həsr olunmuş tədbir keçirir. Məclisi
də mərhum jurnalist Məmməd Nazimoğlu aparır. O da
bir dərya idi, aramızdan çox tez getdi (Allah ona rəhmət
eləsin)... Məclis başlayıb. Amma şair ləngiyib. Tədbiri
məcbur olub şairsiz başlamalı olurlar. 10 dəqiqə
keçir, səs-soraq yoxdu şairdən. Nəhayət 20-ci dəqiqə
tamam olmamış Musa müəllim özünü yetirir. Elə
pilləkənlərdəcə “ay bala, burda söhbət nədən
gedir, bu camaatı niyə yığmısınız?” deyə
üzünü mənə tutub soruşur. Mən də
özüməməxsus şəkildə dayanmadan şairə
məsələni qısa şəkildə anlatdım və
qapını açıb məclisin baş tərəfində
ona yerinin saxlandığını dedim. Məclisə elə
bil yeni bir nəfəs gəldi... Şair yerində
toxtamamış məclisdə söz alan AVCİYA-nın
vitse-prezidenti Vəli Əlibəyov sözü SAMF-ın sədrinə
verdi. Bir anlıq şair susdu. Altmış nəfərlik zal
gözünü şairə dikib, kameralar da şairə
tuşlanıb. Belə məqamda özünü itirməyən
şairə elə bil ikinci nəfəs verildi. Düz iyirmi
beş dəqiqə Qara Yanvar faciəsindən, onun törətdiyi
fəsadlardan, hüquqi müstəvidə baxılmasından,
hətta ədəbi mühitdə bu mövzu ilə əlaqəli
əsərlərin azlığından gileyləndi. Axırda
özünün çox möhtəşəm bir şeirindən
bir parça da səsləndirdi. Məclis yekunlaşır və
mən də səki xoş ovqat yaratmaq üçün
yaxınlaşıram şairə deyim ki, həqiqətən
möhtəşəm çıxış alındı.
Ancaq şair nə deyəcəyimi hiss etdiyindən astaca:
“Vüqar, sən orda oturan Musaya təşəkkür et, mən
indi o deyiləm...” Belə oxşar hadisələr çox
olub. Hamımız fikirləşmişik ki, saat
yarımlıq tədbiri aparmağa şairin gücü
çatacaqmı, səhhəti imkan verəcəkmi... Amma
düşündüyümüzün əksinə olub. Səhnəyə
çıxanda və ya əlində badə sağlıq deyəndə
belə demək olar ki, dediyi sözlər bədahətən
gəlib... Musa müəllim mülayimliyi ilə seçilsə
də, demək olar, ədəbi mühitdə intriqalardan uzaq
olsa da, onun xarakterinə xas bir neçə cəhət həmişə
şairi digərlərindən fərqləndirib. Birincisi, sifarişli şeir yaza bilmir.
Deyim
ki, bu faktın dəfələrlə şahidi olmuşam. Özünün
dediyi kimi “yazı prosesi ürəyimdə gedir.” “Ürəyimin
qəbul etmədiyini yazıya köçürə bilmirəm,
– deyir şair, – lap belə milyon manat versələr də”.
İkincisi, əyilməz adamdı Musa müəllim. Öz mənliyini
nəyəsə satan deyil. Üçüncüsü,
dostları az olsa da, amma sədaqətlidir onlara qarşı.
İndiyə kimi hər hansı dostunu itirmədiyini deyir Musa
müəllim. .. Dördüncüsü,
Musa müəllimin əvəzsiz yol yoldaşlığı var.
Onunla beş saat yol gedərsən, hiss etməzsən. O qədər duzlu-məzəli
əhvalatlar danışacaq ki, məcbursan
maşını saxlayıb ancaq güləsən.
Bu əhvalatlardan həqiqətən bir kitab yazmaq
olar. Xurşudbanu Natəvanla Seyid Əzim Şirvaninin deyişmələri, Qubernatorun Şamaxıya səfəri, şair Qabilin motosikletdə
Buynuza gəlişi, şairin
o vaxt
İsmayıllıda prokuror işləyən
mərhum İsmət Qayıbovla yazışmaları, Qəşəm
Aslanovla olan söhbətlər
isə ayrı bir aləmdir...
Şamaxıya səfərlərin birində böyük bir qəbahət
edib özünə deməmiş Musa müəllimlə söhbətləri diktafona yazası oldum.
Artıq üstündən üç il keçib, indi etiraf edirəm ki, həqiqətən qəbahət etmişəm.
Bəlkə də etməməliydim. Yəqin zaman
özü məqamında bu
addımımın düz olması barədə
qərar verəcək... Bu günlərdə
altı saatlıq səs yazısını bir
də dinləməli oldum. Bir kitablıq material var yazılarda. Allah mənə
möhlət versə, dinlədiklərimi, növbəti ad gününə kimi yəqin
maraqlı kitab halına salacağam.
SAMF kollektinin əməyi və
AVCİYA-nın prezidenti,
Şamaxının millət vəkili Elxan
Süleymanovun maddi və
mənəvi dəstəyi ilə şairin
75 illik yubileyilə əlaqədar “Dövrün dəyirmanı” kitabı
işıq üzü gördü.
Vətəndaş cəmiyyətinin xalqın şairinə verdiyi kiçik bir töhfədir bu.
Şair isə qiymətini zamanında
alır. Musa Yaqub da bu qiyməti xalqından
artıq alıb... Baxmayaraq ki, Musa müəllim rəhmətlik
anasına istinadən “Düyü
döyülən vaxtı” dünyaya gəldiyini
israrla deyir, amma rəsmən 10 may tarixi onun şəxsiyyət
vəsiqəsində qeyd olunub.
Demək elə rəsmən də şairin
yubileyi düyü
döyülən vaxtı yox, məhz indi, may günlərində
– qanın-qaynayan vaxtında, gülün-
çiçəyin daha təravətli olduğu bir vaxtda qeyd edilməlidir.
Odur
ki, biz də Sizi indi təbrik edirik, Musa müəllim!
Dərin hörmət və ehtiram
hissilə
Vüqar TOFİQLİ,
Söz Azadlığını
Müdafiə
Fondunun icraçı direktoru
525-ci qəzet.- 2012.- 9 may.- S.7.